Bir neçə dildə sərbəst danışmağı və yazmağı bacarsa da, universitet təhsili olsa da, o, müharibədən sonra iş tapmaqda çətinlik çəkib. Tatyana Sputnikovanın hər hansı bir işlə təmin olunmasında ona atasının 1937-ci “xalq düşməni” adı qazanması problem yaradıb. Nəhayət, 1945-cı ilin sonlarında Xarici İşlər Komissarlığının (nazirliyinin) tərcümə bürosunda işləyən rəfiqələrindən biri ona bildirib ki, Nürnberq prosesi üçün tərcüməçilər axtarılır və seçim “NKVD”də aparılır. Tatyana Sputnikova ümidsiz olsa da, işlə bağlı “NKVD”yə müraciət edib.
Yenixeber.org: Nürnberq məhkəməsinə tərcüməçi götürülməsi üçün Tatyana Sputnikova düz 12 dəfə “NKVD”yə söhbətə çağırılıb, 8 kabinet keçdikdən sonra onun dil bilgiləri rəsmiləri qane edib. Beləliklə, “xalq düşməni”nin qızı Nürnberqə göndərilib.
Tarixə “əsrin məhkəməsi” kimi düşən Nürnberq prosesi Sputnikovanın da həyatında silinməz izlər buraxıb. O, proses dövründə gələcək həyat yoldaşını tapıb, dünyanın ən amansız cəlladı sayılan amerikalı serjant Con Vudsun dondurmasına qonaq olub, bir neçə saatlıq amerikalı hərbçilərin əsirliyinə düşüb və nəhayət, Sputnikova Üçüncü Reyxin ən tanınmış simalarından biri olan German Herinqin sonuncu dəfə qucaqladığı qadın olub.
Sputnikova 1990-cı illərdən sonra yazdığı “Həqiqətən başqa heç nə” kitabında Nürnberq günlərini belə xatırlayıb:
“Nürnberq prosesində tərcüməçi kimi çalışmaq mənim üçün gözlənilməz idi. Həm də bu iş mənə bir az qorxulu gəlirdi. Düşünürdüm ki, hər gün döyülmüş, əzilmiş, işgəncə verilmiş əli qandallı nasistlərlə üz-üzə duracağam. Çünki mən SSRİ-də belə görmüşdüm. Atamı 1937-ci ildə həbs etmişdilər. Mənim onda 12-13 yaşım var idi. Bizə atamla yalnız bir dəfə görüşməyə icazə vermişdilər. Anam bu görüşə məni də aparmışdı. Atamı görüşə əli qandallı gətirmişdilər. Üzündə, bədənində salamat bir yer yox idi. Bu görüşdən sonra onu “xalq düşməni” kimi güllələdilər. Nürnberqdə isə fərqli bir mənzərə idi. Nasist rəhbərlərinə hətta məhkəmə keçirilən “Ədalət sarayı”nda da fasilələr zamanı xüsusi dəhlizə əli açıq gəzintiyə icazə verirdilər. Həmin dəhlizdən məhkəmə zalına keçmək üçün biz də istifadə edirdik. Proses keçirilən günlərin birində mən həmin dəhlizdə tələsik addımlarla zala gedirdim. Qəfil ayağım sürüşdü, müvazinətimi itirdim. Məni yıxılmaq təhlükəsindən yaraşıqlı bir kişi xilas etdi. O, saniyələr ərzində məni qucağına götürmüşdü. Onun kimliyini bilirdim, həmin yaraşıqlı kişi German Herinq idi. Bu hadisə haqqında bütün proses iştirakçıları bilirdi. Proses zamanı fransalı jurnalistlərdən biri mənə yaxınlaşıb dedi ki, sən dünyanın ən zəngin qadınısan, çünki sən Herinq kimi bir nəhəngin sonuncu dəfə qucaqladığı qadınsan. Bu hadisə məni sonralar çox narahat etdi. Ona görə yox ki, mənim bədənimə bir nasitin əlləri dəymişdi, mən onun qucağına sığınmışdım. Səbəb başqa idi. Belə ki, həmin hadisədən iki gün sonra Herinqə asılmaqla edam hökmü oxunmuşdu. Herinq isə edamdan təxminən 2-3 saat əvvəl zəhərli maddə qəbul edərək intihar etmişdi. Məhz bu intihardan sonra Herinqə zəhərli maddənin kim tərəfindən ötürüldüyü araşdırılırdı. Mən də diqqət mərkəzindəydim. Bəziləri elə düşünürdü ki, onunla gizli əlaqələrim var. Nəhayət ki, araşdırmalar sona çatdıqdan sonra təhlükə məndən sovuşdu...”
Nürnberq prosesi Sputnikovanın ilk iş yeri olsa da, o, öz üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirib. Sinxron tərcümə ilə yanaşı, ona bəzi sənədlərin tərcüməsi də həvalə edilib. Sputnikova prosesin dayandığı zaman bu tərcümələrlə məşğul olub və günlərin birində o, “Ədalət sarayı”nda ləngiyib. Artıq tərcüməçiləri yaşadıqları villaya aparan avtobusa da gecikib. Sputnikova məhkəmə binasından yaşadığı villaya piyada getməyi qərara alıb. O, üzərindəki tərcüməçi nişanını (birka) çıxarıb, portfelini götürüb binanı tərk edib. Bir-birini əvəzləyən dəhlizlər onu çaşdırıb, Sputnikova çıxış qapısını tapmaqda çətinlik çəkib. Belə bir vəziyyətdə binanı mühafizə edən amerikalı polislər onu şübhəli şəxs qismində saxlayıblar. Sputnikovanın üzərində tərcüməçi nişanı olmadığından məsələ daha da qəlizləşib. O, kimliyini sübut etməyə çalışsa da, polislər onu müvəqqəti saxlama kamerasına salıblar və bildiriblər ki, kimliyi məhkəmənin katibliyi tərəfindən təsdiq olunmalıdır. SSRİ-dən olan tərcüməçilərdən biri, Konstantin Surinov həmkarının yaşayış yerinə gəlmədiyini görəndə məhkəmə binasına gedib. Hadisədən agah olan Surinov dərhal katibliklə əlaqə yaradıb. Yalnız bundan sonra Sputnikova “azadlığı” buraxılıb. Sputnikova Moskvaya qayıtdıqdan sonra Surinovla ailə həyatı qurub.
Nürnberq prosesində edamları icra edənlər elə ilk günlərdən Nürnberqə dəvət olunublar. Onların arasında 20-ci əsrin ən qəddar cəlladlarından biri sayılan Con Vuds da olub.
Sputnikova memuarlarında onu aşağıdakı kimi xatırlayıb:
“Prosesə əvvəlcədən edamları icra edəcək şəxslər də dəvət olunmuşdu. Biz onlarla heç vaxt üz-üzə gəlmirdik. Onlar üçün ayrıca bir villa ayrılmışdı. Amma çoxları nahara “Ədalət sarayı”nın yeməkxanasına gəlirdilər. Yeməkxanada həmişə sıxlıq olurdu. Nahar fasilələrinin birində mən yeməkləri seçib özümə masa axtarmağa başladım. Bütün masalar məşğul idi. Yalnız qapının sol tərəfindəki masada tək bir nəfər əyləşmişdi. Yaxınlaşıb icazə istədim və əyləşdim. Masaya salfet qoyulmamışdı. Qarşımda əyləşən həmin tək adam salfet istədiyimi hərəkətimdən hiss etdi və gedib salfet gətirdi. Hiss edirdim ki, o, mənimlə ünsiyyət qurmağa çalışır. Əvvəlcə daha nə istədiyimi soruşdu. Sonra yeməklərin keyfiyyətindən danışdı. Daha sonra isə gedib dörd qab dondurma gətirdi, dedi ki, hamısı sizin üçündür. Mən dondurma həvəskarı idim, ikisini yedim, təşəkkür etdim. Getmək istəyəndə mənə dedi ki, bəlkə sabah da birlikdə nahar edək. Mən heç nə demədən yeməkxanadan çıxdım. Çölə çəxanda həmkarlarım məni əhatəyə aldılar, “sən heç bilirsən kiminlə nahar edirdin” deyə məni məzəmmət etdilər. Mən yalnız onda bildim ki, məni dondurmaya qonaq edən dünyanın bir nömrəli cəlladı olub...”
Nürnberq prosesi sona çatdıqdan sonra Sputnikova üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirdiyinə görə “NKVD”nin fəxri fərmanına və pul mükafatına layiq görülüb. O, Moskvaya qayıtdıqdan sonra artıq iş problemi ilə üzləşməyib. Bu dəfə onu SSRİ Kinematoqrafiya Nazirliyinə işə dəvət ediblər. Amma yenə də Sputnikovanın işi böyüklərlə bağlı olub. O, xarici ölkələrin istehsal etdiyi filmləri Stalin üçün tərcümə edib.
Sputnikova eyni zamanda aspiranturada təhsilini davam etdirib, namizədlik dissertasiyası müdafiə edib. O, ömrünün sonuna qədər tərcüməçilik fəaliyyəti ilə məşğul olub, mötəbər beynəlxalq tədbirlərdə tərcüməçilərin siyahısında həmişə onun da adı olub.
Tatyana Sputnikova 1998-ci ildə, 94 yaşında vəfat edib.
İlham Cəmiloğlu