Yeni araşdırmaya görə, Atilla və Hunların Roma İmperiyasına hücumlarının səbəbi Dunay çayındakı quraqlıq ola bilər
Yenixeber.org: Tədqiqatçılar ağacların gövdələrindəki halqalardan əldə etdikləri məlumatlar əsasında son 2000 ilin iqlim məlumatlarını təhlil ediblər. Nəticələr göstərir ki, Şərqi Avropadakı Hun bölgəsi 430-450-ci illər arasındakı yay aylarında şiddətli quraqlıq dövrü yaşayıb.
Ehtimal olunur ki, hunların romalılara qarşı müntəzəm basqınlarının səbəbi də bu quraq dövrləri ilə əlaqəli ola bilər. Bu dövrdə hunların əkin sahələri və mal-qaranı ələ keçirmək üçün Roma imperiyasına hücum etdikləri təxmin edilir.
Tarixin ən güclü döyüşçülərindən biri hesab edilən Atilla 434-cü ildən 453-cü ilə - ölümünə qədər hunları idarə edib. "Tanrının bəlası" kimi tanınan Atilla müasir Almaniya və Avstriya qotlarına hücum etdikdən sonra Roma İmperiyasına səfərə rəhbərlik edib.
Əsas səbəb iqlim dəyişikliyidir?
Bu yeni araşdırma Kembric Universitetinin tədqiqatçıları tərəfindən aparılıb və "Journal of Roman Archaeology"da dərc olunub. Tədqiqatçılar hesab edirlər ki, Hun İmperiyasının romalılara qarşı aqressiv münasibəti onun ekstremal iqlim dəyişikliklərinin öhdəsindən gəlmək strategiyasına əsaslanmış ola bilər.
Dərc edilmiş tədqiqat nəticələrində aşağıdakı ifadələrdən istifadə olunur: "IV-V əsrlərdə hunların Şərqi və Mərkəzi Avropaya yürüşləri Roma İmperiyasının sonunu gətirən əsas amillərdən biri hesab olunur. Yazılı Roma mənbələrində qeyd olunan hunların təcavüzü iqlim dəyişməsinin nəticəsi ola bilər".
Hətta bircə ağac da kritik məlumatları özündə əks etdirə bilər
Komandanın işi arxeoloji, tarixi və ekoloji sübutları, o cümlədən ağac halqalarından izotop nümunələrinin təhlilini bir araya gətirir. Ağac halqalarının kimyəvi xarakteristikası ağacın keçirdiyi hər ilin mövsümi şərtləri haqqında məlumat verə bilər. Tədqiqat 27.080 müxtəlif ölçmə üsulu ilə indiki Çexiya Respublikası və Bavariyanın cənub-şərqində 21 canlı və 126 qurudulmuş palıd ağacı qalığı üzərində aparılıb. Karbon və oksigenin izotopik imzalarının təhlili keçmişdəki iqlim şəraitini görməyə imkan verir.
Hunların Romaya hücumlarının səbəbi ilə bağlı qeyri-müəyyənlik olsa da, yazılı mənbələrin olmaması səbəbindən araşdırmalar hücumları iqlim dəyişiklikləri ilə əlaqələndirir. Nəticələr göstərir ki, eramızın 420-450-ci illərində yaşanan quraq dövrlər səbəbindən iqlim dəyişikliyi hunların yaşadığı Dunay və Tisa çaylarının o tayındakı torpaqların qurumasına, oradakı məhsulların insan və heyvanları qidalandırmaq üçün kifayət etməməsinə səbəb ola bilər.
Araşdırmaya görə, Hun hücumlarının ən dağıdıcısı 447, 451 və 452-ci illərdə baş verib və bu dövrdə Avropanın Karpat hövzəsində yay ayları son dərəcə quraq keçib.
Araşdırmanın müəllifi Dr. Suzanna Hakenbek bildirir ki, bu iqlim dəyişiklikləri bölgədə romalılara qarşı basqınları artırmış ola bilər. "Quraqlıq böyük sürüləri olan hunların bu sürüləri qoruya bilməsinə mane oldu. Hunlar bu mal-qaradan çox asılı idilər" - Hakenbek deyir.
Hunların romalılardan tələbi nə idi?
Suzanna Hakenbek hunların qızıl və Dunay boyunca "beş günlük səyahətin eni" qədər torpaq tələb etdiklərini söyləyir: "Attilanın qızıl tələbi döyüşçülərinin sədaqətini maddiyyat ilə gücləndirmək idi. Lakin Dunay sahilində istədiyi torpaq onun iqlimlə mübarizə strategiyasının nəticəsi kimi görünə bilər. Çünki çaya yaxın torpaqlarda daha yaxşı otlaq sahələri olur".
Əvvəllər Roma və Hunlar arasında diplomatiya mürəkkəb, lakin hər iki tərəf üçün faydalı olub. Bu da hunların çoxlu qızıla sahib olmasına gətirib çıxarıb. Ancaq iqlim dəyişikliyi bu vəziyyəti dəyişdirmiş ola bilər.
Araşdırmada bununla bağlı deyilir: "Bu əməkdaşlıq sistemi 440-cı illərdə pozuldu və hunlar müntəzəm olaraq Roma torpaqlarına basqın edərək qızıla olan tələbatlarını artırdılar. Nəhayət, bir neçə onillik hücumlardan sonra Atilla 453-cü ildə öldü. Oğullarının taxt-tac uğrunda mübarizəsi ilə hunlar Roma üçün təhlükə olmaqdan çıxdılar və torpaqlarının çoxunu itirdilər”.(musavat.com)
Mənbə: (Daily Mail)