XAMENEİNİN “FƏRMANDEHLİYİ” VƏ TARİXİ SAXTALAŞDIRMASI... - Və ya İran rejiminin Zəngəzur dəhlizi isterikası...
Azərbaycanın nə qədər mürəkkəb regionda yerləşdiyi, eyni zamanda, bir neçə istiqamətdən nə qədər məkrli, hikkəli, ədalət hissindən, humanizmdən məhrum, hətta qana susamış qonşu rejimlərlə əhatə olunduğu son Tehran sammitində bir daha sübut olundu.
Yenixeber.org: İranın Ali dini lideri Xameneinin iyulun 19-da səsləndirdiyi fikirlər bu qonşu dövlətin xarici siyasətilə bağlı real mənzərəni ortaya qoymaqla yanaşı, özünü islam dövləti adlandıran İranın molla rejiminin mənəvi durumunu, bəşəri dəyərlərə, mərhəmət anlayışına münasibətini də ortaya qoydu.
Xamenei Putinə xoş gəlmək üçün təmsil etdiyi rejimin mənəvi-əxlaqi mahiyyətini əks etdirərək deyib: “Ukrayna məsələsində isə siz (Rusiya – red.) təşəbbüs göstərməsəydiniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə başlayacaqdı. Onları(Qərbi-red.) Ukraynada dayandırmasaydılar, onlar Krım bəhanəsi ilə bu müharibəyə başlayacaqdılar”.
Bu “dərin analitik təhlil”in nəticəsi olan fikirlə bir çoxlarının dini lider, ruhanisaydıqları Xamenei hətta rusların belə əksəriyyətinin nifrət etdiyi Solovyovun, Simonyanın, Skabeyevanın və digər bu qəbildən olanların arxasında heç bir fakt, məntiq durmayan saxta, çürük, bütün əxlaq və hüquq normalarına zidd tezislərini təkrarlamış və onların səviyyəsinə enmiş oldu.
O, həmçinin on minlərlə dinc ukraynalının, günahsız uşaqların, qocaların, qadınların qətlinə, zorlanmasına, yurd-yuvalarından didərgin salınmasına, dinc şəhərlərin bombalanmasına, müstəqil bir ölkənin talan edilməsi, işğal olunması cəhdinə haqq qazandırmış oldu. Hansı ki, bütün bu çirkin əməllərə nə İslamda, nə Quranda nə də başqa bir dinin kitabında haqq qazandıracaq bir kəlmə də tapmazsınız. Budurmu onun müsəlmançılığı, “fərmandehliyi”?
Məsələ bununla da bitmir. İran rejiminin əsas sancılarından biri olan qonşu Azərbaycanın Zəngəzur dəhlizi məsələsindəki mövqeyi də İranın dini liderini bərk narahat edir.
Xamenei Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxaraq, “Ermənistanla İran arasında sərhədin bağlanmasını qəbul etməyəcəklərini” bildirib: “Qarabağın Azərbaycana qaytarılmasından(!) məmnunuq. Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”.
Birincisi, Qarabağı Azərbaycan əsgəri öz qanı, canı ilə işğaldan azad edib, onu heç kim Azərbaycana qaytarmayıb.
İkincisi, İran rejiminin Azərbaycanın Qarabağı işğaldan azad etməsindən guya məmnun olduğuna məmləkətimizdə inanan normal adam tapmaq çox çətindir. Bunlar olsa-olsa beyni İran təbliğatı, mövhumatçılıq və məzhəbçiliklə zəhərlənmişlər olar.
Hər bir normal beynli azərbaycanlı isə bilir ki, Qarabağ bu 30 ildə təkcə ermənilərin yox, onlarla birgə torpaqlarımızı talan edib dəmir-dümürünə qədər daşıyan, ermənilərlə ortaq qaçaqmalçılıqla məşğul olan, Qarabağı narkotikdən tutmuş silah alverinə qədər çirkin ticarət yoluna döndərənlərin, müharibə dövründə işğalçı Ermənistana hər cür dayaq duranların və hətta 44 günlük müharibədən sonra da separatçılara nöyüt və silah daşıyanların müştərək işğalında olub.
Qarabağın azad edilməsi ilə həmin bu zəhər və silah qaçaqmalçılığı yolu daralıb. İran rejiminin ümidi yalnız Zəngəzurdan keçən dar dəhlizə qalıb ki, oradan da 10 noyabr sazişinə görə Azərbaycanı Naxçıvanla birləşdirən dəhliz keçməlidir. İndi Xamenei və ətrafındakıların vəziyyətini təsvir edin. Onlar doğrudanmı Qarabağın azad edilməsindən məmnundurlar?...
“Bu sərhəd min illərdir kommunikasiya yoludur” demək isə ən azı ermənilər qədər tarixi saxtalaşdırmaqdır, saxtakarlıqdır!
1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi ilə yaranmış sərhədi, yolu necə “min illərin kommunikasiya yolu” adlandırmaq olar? Hər vəchlə Ermənistanın “qədim tarix nağılları”na, uydurmalarına züy tutmaqda məqsəd nədir, görəsən?
Axı, niyə İran Cənubi Qafqaza və oradan da Qara dənizə çıxan alternativ yolun gah Fransanın, gah Rusiyanın qucağında oturan və ən əsası Tehranın düşmən hesab etdiyi ABŞ-ın bu regiondakı ən böyük səfirlik, deməli həm də agentura şəbəkəsinin yerləşdiyi dövlətlərdən birinin, yəni məhz Ermənistanın nəzarət etməsində maraqlıdır?
Məntiqlə, adını “İslam dövləti” qoyan bu rejim, gerçəkdən İslamla yaxından-uzaqdan əlaqəsi varsa, Azərbaycan və Türkiyə ilə tərfdaşlıqda daha çox maraqlı olmalı idi, nəinki məscidlərimizdə donuz saxlayan və İslama nifrət etdiyini hər əməllərində sübuta yetirən ermənilərlə və Ermənistanla...
Bir sözlə, Xamenei növbəti dəfə İran rejiminin mahiyyətini, Azərbaycana, Türkiyəyə münasibətini və ən əsası, sonsuz erməni sevgisini nümayiş etdirdi.
Tehran rejiminin Azərbaycan siyasətini İranın buradakı muzdlu agentləri, moizə, mərsiyə deyənləri və çörəyi Vətən satmaqdan çıxan bişərəflər çox yaxşı bilir və nəyə xidmət etdiklərini anlayırlar. Ancaq qoy, bunu məzhəbçilikdən zəhərlənmiş, gözü tutulmuş, balalarımıza “fermandeh” oxutduran beyni mövhumat tozu ilə örtülmüş geri zəkalılar da görsünlər və qansınlar!(azpolitika)
Cəlal (Elxan) Məmmədov