Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

“Mənim varisim yox, xələfim olacaq” –Şeyxülislamla 70 illik müsahibə

 

Allah Şükür Paşazadə: “İki əsrin Şeyxülislamı olaraq həkk olunmağa layiq çox sayda xatirələrim mövcuddur”

Yenixeber.org: Bu günlərdə Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı tamam oldu. Həmçinin Qafqazın Şeyxülsilamı seçilməsinin 40-ci ilidir. 40 il ərzində Azərbaycan ruhaniyyətinin lideri, iki fərqli quruluş, milli-azadlıq hərəkatı, müstəqilliyin əldə olunması, Qarabağ müharibəsi kimi tarixi periodda ölkənin baş ruhanisi olmuş şəxsin zəngin xatiratının olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Ancaq əlbəttə ki, bu xatirələri qəzet səhifəsinə sığdırmaq mümkün deyil. Bu səbəbdən də Şeyxülislama olan suallarımızı 70 illik yubileyində 14 suala sığdırmağa çalışdıq.

- Hörmətli Şeyxülislam, bu il həm doğumunuzun 70-ci ili, həm də Qafqazın Şeyxülislamı seçilmənizin 40 ili tamam olur. Bu həm də iki fərqli quruluş, hələ də davam edən ağır keçid dövrü, müharibə və 6 prezident deməkdir. Geriyə baxdıqda hansı hissi keçirirsiniz? Sizi sevindirən və ya üzən, təəssüfünüzə səbəb olan ən əsas hadisə nədir?

- Bismillahir-rəhmanir-rəhim! Bu da Allahın lütfüdür ki belə bir fərqli dövrlərdə yaşayıb fəaliyyət göstərmək nəsibim olub. Şükürlər olsun ki, yaşadığım hər il dönüb geriyə alnıaçıq, üzüağ baxa bilmişəm. Allaha, Vətənə, millətə xidmətdə bacardığım səyləri əsirgəməmişəm. Allahın Kəraməti ilə bu işləri görmüşəm ötən qırx il ərzində. Millətimizin, müstəqil dövlətimizin qazandığı hər bir uğur məni sevindirib və bu gün də sevindirməkdədir. Din-milli dəyərlərə qayıdışımız, 17 məscidi fəaliyyət göstərən ölkədən 2000-dən artıq məscidə sahib ölkəyə çevrilməyimiz, İslami irsimizə sahib çıxan, dünyaya multikulturalizm örnəyi nümayiş etdirən, islami həmrəyliyə çağıran, ümumbəşəri dəyərlərə ehtiramla yanaşan dövlətimizin varlığı məni qürurlandırır. Geriyə baxanda əsas təəssüf doğuran məqam - 20 Yanvar faciəsidir. Allah Qarabağ müharibəsinin, Yanvar faciəsinin çoxsaylı qurbanlarına rəhmət eləsin! Şəhidlərimizin bizim hamımızın boynunda haqqı var. Bir Şeyxülislam olaraq o qanlı faciənin dünyaya çatdırılması, şəhidlərin adlarına layiq şəkildə torpağa tapşırılması üçün əlimdən gələni əsirgəməmişəm, lakin bir insan olaraq qəlbimi üzən bu hadisəni unutmaq mümkün deyil. Və təbii ki, günahkarların cəzasızlığı bizi narahat edir. 29 ildir ki hər il 20 Yanvar faciəsinin ildönümü ilə bağlı dünya ictimiyyətinə, parlamentlərə, hökümətlərə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıram, bu faciəni Azərbaycan xalqına yaşatmış Qorbaçovun İnsan haqları Məhkəməsində mühakimə olunmasını tələb edirəm. İnşallah, bu cəllad, əli xalqımın qanına batmış cinayətkar öz layiqli, ədalətli cəzasını alar. Şəhidlərimizin qanı yerdə qalmaz!

ÐаÑÑинки по запÑоÑÑ Allah Åükür PaÅazadÉ

- O dövrdə cənub bölgəsində fərdi din təhsili alanlar çox olub. Amma SSRİ-də cəmisi bir ali dini təhsil mərkəzi Buxara İslam İnstitutu və Mir Ərəb mədrəsəsi vardı. Sizin bu təhsil ocağına göndərilmənizin təşəbbüskarı, fikir müəllifi kim olub? Necə oldu ki, ali dini təhsil almaq istədiniz? Bu, uşaqlıq arzusu idi? Uşaqlıqdan başqa arzuladığınız sənət vardımı?

- Mənim dini təhsil almağım erkən yaşlarımdan, uşaqlıqdan başlayıb. Allah anam Kafiyə xanıma rəhmət eləsin! Onun niyyətinə, arzusuna uyğun olaraq mən kiçik yaşlarımdan Quran oxumağı öyrənməyə başlamışam. Bundan ötrü xeyli məsafə qət edərək doğulduğum Cil kəndindən qonşu rayonun kəndinə gedər, Şeyx Qüdrətdən dərs alardım. Sovet dövründə Cənub bölgəsində həqiqətən fədakar, olduqca elmli, fəzilətli insanların varlığını qürurla xatırlayıram. Onların sırasında Şeyx Qüdrətlə yanaşı, Şeyx Qələm, Molla Müzəffər, Şeyx Bəşir, Şeyx Məhəmməd, İmam Axund Lənkəranlı, Molla Muqeyib, Molla Hüseyn, Molla Rəhmət, Molla Cəbrayıl, Molla Baba Rüdəkəranlı kimi axundlar, din alimləri sovet Azərbaycanında dinin işığını sönməyə qoymadılar, bütün çətinliklərə baxmayaraq, təqib, təcridlərə rəgmən qəlblərdəki közü qoruyub saxladılar, ruhani bulağının qurumasına yol vermədilər. Bu böyük insanların əməlləri rəgbətə və hörmətə layiqdir. Allah onlara qəni-qəni rəhmət eləsin!

Beləcə, anamın məni dünyaya gətirərkən nəzir-niyaz etdiyi kimi, əhdinə müvafiq mən bu yolu tutdum. Məktəbi bitirdikdən sonra Bakıya gəldikdə əvvəlcə dünyəvi təhsil olaraq tarix fakültəsinə daxil olmaq fikrim var idi. Bakıda ikən Təzəpir məscidinə ibadətə gedirdim və bu ziyarətlərimdən biri zamanı məscid ərazisində Buxarada təhsil haqqında elanla rastlaşdım. Anamla telefon söhbəti zamanı bu barədə ona dedikdə, heç bir tərəddüdsüz, oraya getməyimə xeyir-dua verdi. Və hətta bir qədər də israrla bildirdi ki, bu mənim Allah qarşısında əhdimdir və sən bu yola getməlisən. Mən anamın istəyi, qəlbimin rizası, ən əsası Allahın izni ilə Özbəkistana yola düşdüm.

“Dini təhsil almaq anamın arzusu idi, mən tarixçi olmaq istəyirdim”

- Sovet vaxtı dini təhsil necə idi? Orta Asiyada – Buxarada sovet gənclərinin islam öyrənməsi rahat idimi? Hansı çətinliklər olurdu? Dövlət nəzarəti, KQB qorxusu. Və qayıtdınız, qısa müddət sonra - 31 yaşında isə artıq Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri seçildiniz. SSRİ-də bu statusda dini lider bir neçə nəfər idi. Sədr seçilməyinizin necə baş verdiyi maraqlıdır. 31 yaşlı Şeyxülsialama münasibət necə idi? Nəzərə almaq lazımdır ki, o zaman hətta namazı belə ən yaxşı halda 40 yaşdan sonra qılırdı əksəriyyət.

- Biz o zaman SSRİ ərazisində yeganə mədrəsənin mövcud olduğu Buxaraya təhsil üçün yollandıq, sayımız 50 nəfər idi. Təbii ki, qadağalar var idi. Dövrün özəlliklərindən irəli gələn, rejimin mahiyyətindən doğan cəhətlər özünü göstərirdi. Nəzarət müxtəlif şəkildə həyata keçirilirdi və biz bunu bilirdik. İstənilən halda, biz dinimizə məhəbbətdən, onun dərinliklərinə vaqif olmaq istəyindən irəli gələn coşğu ilə bu görünən və görünməyən maneələri dəf etməyi bacarırdıq. Özbəkistanda tələbəlik illəri ömrümün ən maraqlı, çətin, lakin unudulmaz dövrlərindəndir. Həmin illərdə özbək torpağında təhsil alan sovet gəncləri sırasından onlarla tanınmış din xadimləri yetişdi və onların əksəriyyəti bu gün postsovet məkanında dini idarələrdə rəhbər vəzifələrdə çalışırlar. Onlarla bu gün da yaxın əlaqələrimiz var. Mədrəsə təhsilindən sonra mən Daşkənd İslam Universitetində ali dini təhsil aldım və Bakıya döndüm. Təzəpirdə çalışmağa başladım. O zaman - Allah ona rəhmət eləsin — Şeyxülislam Əliağa Süleymanzadə mənə böyük etimad göstərirdi. Gənc, savadlı din xadimi kimi fəaliyyətimə dəstək verir, ruhlandırırdı. Sinni çox olduğundan istədiyi qədər fəaliyyət ortaya qoya bilməsə də, mənim Təzəpir axundu, İdarənin məsul katibi kimi fəaliyyətimi yönləndirir, həvəsləndirirdi. Bunun bariz nümunəsi olaraq, illərin birində məni öz yerinə Həcc ziyarətinə göndərdi. 1975-ci ildə ilk dəfə Məkkəni, Mədinəni ziyarət etdim. Əlbəttə, həmin illərin unundulmaz xatirələri var. Mən 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmışam, 1978-ci ildə isə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini seçilmişəm. 1976-cı ildə Əliağa Süleymanzadənin vəfatından sonra Mirqəzənfər İbrahimov Zaqafqaziya müsəlmanlarının 1977-ci ildə çağırılmış 7-ci qurultayında yeni sədr - Şeyxülislam seçildi. 1980-ci ildə Şeyxülislam dünyasını dəyişərkən yeni seçim üçün İdarədə bir neçə nəfər yaşlı nəslin nümayəndəsi var idi. Lakin bu dəfə daha cavan, enerjili birinin növbəti sədr seçilməsi barədə iradə ortaya qoyuldu. Və beləcə, mənim namizədliyim dəstəkləndi. O zamanlar SSRİ ərazisində 4 müsəlman dini mərkəzi - ruhani idarələri mövcud idi. Fəxrlə deyə bilərəm ki, həmin dörd idarədən yalnız bizim idarə mövcudiyyatını qoruyub saxlamaqla yanaşı, fəaliyyətini ölkə, bölgə miqyasından beynəlxalq müstəviyə çıxarmağa nail oldu. Hal-hazırda Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi adında qeyd olunan istiqamət üzrə qlobal səviyyədə tanınmış fəal qurumdur.

ÐаÑÑинки по запÑоÑÑ Allah Åükür PaÅazadÉ

- Bildiyim qədəri ilə SSRİ dönəmində müsəlman ölkələri ilə əlaqələrdə yaxından iştirak etmisiniz. Hətta Əfqanıstana hərbi müdaxilə zamanı bu ölkəyə çoxlu sayda səfərlər edib çıxışlar etmisiniz. Sizə bir sovet ruhanisi kimi münasibət necə idi - həm Əfqanıstanda, həm də digər müsəlman ölkələrində?

- SSRİ dönəmindəki fəaliyyətim ərzində müsəlman ölkələri ilə münasibətlərə xüsusi önəm verilirdi. Bu, təbii ki, geostrateji maraqlardan irəli gəlirdi. Dünya ictimaiyyətinə elə göstərilirdi ki, sovetlər ölkəsində müsəlmanların vəziyyəti yaxşıdır, onların etiqadları ilə bağlı problemləri yoxdur. Bu, sovet təbliğat maşınının məqsəd-məramlarından biri idi. SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanında bu məqam yenidən, özəlliklə gündəmə gəldi. Sovet dövrünün din xadimi olaraq Əfqanıstana səfərlərim olub. Burada əsas məqam bundan ibarət idi ki, sovetlər dövlətinin müsəlman dünyasına xoş münasibətini, ölkədə müsəlmanlara normal münasibətin olduğunu, SSRİ-nin sülh carcısı olduğunu çıxışlarımızda vurğulayaq, öz timsalımızda təsdiqləyək. Bu xəttin davamı olaraq, biz 1986-cı ildə Şeyxülislam olaraq mənim təşəbbüsüm və İslam Konfransı Təşkilatının himayəsi ilə Bakıda “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq İslam konfransı keçirdik. Konfransın işində dünyanın 60 ölkəsindən 600-dən çox nümayəndə iştirak etdi. Təşkilatçılıq işimiz o zaman yüksək dəyərləndirildiyindən 1987-ci ildə Moskvada “Nüvə silahsız dünya, bəşəriyyətin xilası uğrunda” beynəlxalq forumun başçısı və həmsədri seçildim. Nəticə etibarilə, həmin dövrdə bu istiqamətdə sovet dövlətinin yeritdiyi siyasət əsnasında İslam birliyi ölkələrinin din xadimləri ilə əlaqələrimizi qurur, müsəlman dövlətlərinin Azərbaycanla qardaşlıq münasibətlərinin yaranması üçün əlimizdən gələni əsirgəmirdik. Bu əlaqələrin Azərbaycanın 1991-ci ildə, hələ SSRİ tam çökməmiş, İslam Konfransı Təşkilatına qəbulu zamanı bizə çox köməyi oldu. Bir məqamı da qeyd edim ki, mən 1989-cu ildə SSRİ Ali sovetinin deputatı, ardınca Xalq deputatı seçilmiş ilk müsəlman din xadimi oldum. Yeri gəlmişkən, 1990-1995-ci illərdə Azərbaycan Parlamentinin Naxçıvan seçki dairəsindən deputatı seçilmişəm. Bu statuslarda da hər zaman müsəlman dövlətləri, İslam dünyası ilə münasibətlərimizin dərinləşdirilməsi yönündə səy göstərmişəm.

- O zaman Sovet İttifaqı dini təhlükə hiss edirdi özünə qarşı? Yeri gəlmişkən, milli-azadlıq hərəkatı zamanı SSRİ rəhbərliyi Azərbaycanda dini ekstremizm, İslam fundamentalizmi olduğunu iddia edirdi. Bu iddia hardan qaynaqlanırdı?

- Bu, iddia yox, 20 Yanvarda Bakıya müdaxilə zamanı istifadə olunan bəhanə idi....

“Qarabağ münaqişəsinin dinlərarası toqquşma müstəvisinə keçməsinin qarşısını aldıq”

- Müstəqillikdən dərhal sonra din azadlığı elan olundu və Azərbaycana əksər müsəlman ölkələrindən, eləcə də qeyri-müsəlman ölkələrindən din təbliğatçıları gəlməyə başladı. Xüsusən də humanitar yardım təşkilatları adı ilə. Hətta belə iddialar var ki, bu cür dini missioner fəaliyyəti göstərən yardım təşkilatlarını Azərbaycan rəhbərliyi özü dəvət edib. O zaman Dini İdarənin bu prosesə münasibəti necə idi? Dəstək verirdiniz xarici dini təbliğata? Ümumiyyətlə, onlar sizinlə əməkdaşlıq edirdilər? Gələcəkdə xarici dini təsirlərin olması təhlükəsindən doğan narahatlıq vardımı o zaman?

- Bilirsiniz, o zaman müstəqillik qazandıqdan sonra Azərbaycana müxtəlif təşkilatlar, ictimai qurumlar, o cümlədən, dini cameələrin nümayəndələri ayaq açdılar. Müxtəlif adlar, müxtəlif maraqlarla ən müxtəlif pərdələr altında - xeyriyyəçilik, dini missionerlik, insanların iqtisadi çətinlikliklərindən sui-istifadə halları, müxtəlif peşə və dil kursları adı altında təbliğatlar və s. Ateizm buxovlarından yenicə azad olmuş ölkə üçün bu olduqca böyük bir imtahan, təhlükə idi. Belə ki, həqiqi və yalan təəssübü, məkri ayırmaq o qədər də asan deyildi. Bununla belə, biz çox qısa zaman ərzində bu niyyətləri özümüz üçün ayırd etdik. Bu məqamlarla bağlı həyəcan təbili çalmağa başladıq. Müvafiq qurumları xəbərdar etməyə, təhlükə mənbələrinə diqqəti yönəltməyə çalışdıq. Xüsusən, müxtəlif evlərdə, mənzillərdə dini icmaların qeydə alınması hərcmərclik, qeyri-qanuni fəaliyyətlər üçün zəmin yaradırdı. Əcnəbilərin ölkəmiz üçün qeyri-ənənəvi dini cərəyanların təbliğatını aparması, bəzən milli, dini dəyərlərimizə, ümumbəşəri dəyərlərə zidd məqamlar aşılaması, əraziləri işğal altında olan bir ölkədə təslimçi, pasifist ideyalar yayılması, düşmənlə qardaşlaşma təlqini və s. bu kimi hallar bizi narahat etməyə bilməzdi. Habelə, müxtəlif dövlətlərin təsirini yaymaq üçün onların rəsmi dini ideoloğiyasını yaymaq meylləri açıq-aşkar idi. Bütün bu xarici təsirlərin, dini təbliğatların qarşısının alınması dini mərkəz olaraq bizi dövlət başçımıza məktubla müraciət etməyə vadar etdi. Bütün məqamların açıqlandığı, gələcək fəsadlara dair mülahizələrimizin yer aldığı məktubu ulu öndər Heydər Əliyev həzrətlərinə ötən əsrin sonlarında ünvanladıq. Xahişimiz bundan ibarət idi ki, bu məkrli meyllərin qarşısı dövlət tərəfindən bütün ciddiyyəti ilə alınsın. Bu işləri yoluna qoymaq üçün qanunvericilik səviyyəsində lazımi addımlar atılsın, müvafiq dövlət strukturları yaransın. Dini mərkəz olaraq, öz tərəfimizdən, maarifləndirmə istiqamətində işlərimizi davam etdirirdik. Müdrik dövlət başçımızın sərəncamı ilə 2001-ci ildə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin yaranması beləcə ö dövrün tələblərindən irəli gəldi və bu sahədə qanunverici aktların qəbulu sayəsində dini sahəyə kənar müdaxilələrin qarşısı alındı. Milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində himayəsi, yeni məscid binalarının tikilməsi, köhnələrinin yenidən qurulması, bərpası müstəqilliyin ilk illərində iqtisadi cətinlikləri səbəbindən ölkəmizə gələrək dini ibadət məkanları inşa edən, lakin bunu bizə hədiyyə deyil, öz təsir məkanı kimi nəzərdən keçirənlərə imkan vermədi.

ÐаÑÑинки по запÑоÑÑ Allah Åükür PaÅazadÉ

- Yeri gəlmişkən, Qarabağ müharibəsi zamanı bir neçə dəfə erməni patriarxı və rus patriarxı ilə danışıqlarınız olub. Bu zaman dini liderlərin münaqişəyə təsiri olubmu? Hansısa əsirin azad edilməsi, əməliyyatın dayandırılması və sair kimi. Sizcə bizim ermənilərlə müharibədə din amilinin rolu olubmu?

- Münaqişə başlayan zamandan - 1988-ci ildən bəri məhz sülhün bərqərarı naminə müxtəlif vasitəçilərin səyləri sayəsində müxtəlif illərdə erməni dini liderləri ilə bir masa ətrafında bir araya gəlmişəm. Rus Pravoslav Kilsəsi bu görüşlərin ənənəvi vasitəçisi kimi çıxış edib, görüşlər zamanı ümumi mövqeləri mümkün qədər daha artıq uzlaşdırmağa çalışmışdır. Bundan əlavə Ümumdünya Kilsələr Şurasının vasitəşiliyi ilə Montredə görüşmüşük, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın da qatıldığı dördlük formatında da danışıqlarımız olub. Hər dəfə görüşlərin nəticələrinə dair birgə bəyatlar imzalamışıq, lakin təəssüflər olsun ki, erməni tərəfi bu bəyanatların ruhuna uyğun davranış nümayiş etdirmir, o cümlədən, əsirlərlə bağlı məsələdə ardıcıllıq olmadı.

Bəli, erməni ekstremistlərinin din amilini qabartmaq, bununla təəssübkeşlər qazanmaq istəyi olub və var. Lakin biz bu qüvvələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dini don geyindirmək, konflikti dinlərarası toqquşma müstəvisinə daşımaq niyyətlərini puç edə bildik. Buna məhz dini liderlərin görüşləri sayəsində nail olduq. Bunun əksi, yəni münaqişəyə dini səciyyə verilməsi böyük faciələrə gətirib çıxara bilərdi. Dini lider, din xadimi olaraq mən hər zaman sülhün tərəfdarıyam və insan qanının axıdılmasının qarşısının alınması, müqəddəs dəyər olan insan həyatının xilası yolunda bütün imkanlardan istifadə etməni vacib sayıram. Bütün dünya, o cümlədən, ermənilərin özləri də Qarabağın Azərbaycan torpağı olduğunu gözəl bilir. Bizə ədalətli sülh lazımdır. Dövlətimizin də mövqeyi belədir, dünya birliyinin qəbul etdiyi qərarlar - BMT-nin 4 məlum qətnaməsi yerinə yetirilməli, ərazi bütövlüyümüz bərpa olunmalıdır. Bu həqiqəti nə qədər tez qəbul edərsə, sadə erməni xalqı da müsibətlərdən daha tez xilas olar, bölgədə sülh və tərəqqi bərqərar olar.

- Artıq 30 ilə yaxındır ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və siz isə daha böyük vaxtdır ki, müsəlman ölkələri ilə əlaqələrə sahibsiniz. Azərbaycana münasibət necə olub müsəlman ölkələrində? Azərbaycana münasibətdə həqiqi islam ümməti davranışını gözmək mümkün olub? Yoxsa daha çox boğazdan yuxarı bəyanatlar olub? Xüsusən də Qarabağ müharibəsi zamanı.

- Bəli, Azərbaycan 28 ildir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 57 dövləti öz sıralarında birləşdirən bu möhtəşəm quruma daxil olmağımız bizim islam dünyasının, beynəlxalq müsəlman platformasının tamhüquqlü üzvünə çevrilməyimiz deməkdir. O zaman İslam Konfransı Təşkilatı adlandırılan bu quruma daxil olmağımızın tarixi müstəqillik tariximizdən bir neçə ay tez baş vermişdi. Yəni, SSRİ çökməmişdi, lakin mən, razılaşın ki, böyük riskə gedərək İKT-nin Seneqalın paytaxtı Dakar şəhərində keçirilən iclasında Azərbaycanın bu quruma üzvlüyə qəbul olunması haqda sənədə imza atdım. Bunu edərkən, hansı məsuliyyətli işi gördüyümün fərqindəydim, lakin Azərbaycanın Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqət müstəvisinə daşımaq üçün bu qurumun xitabət kürsüsünə xalqımın, Vətənimin nə qədər ehtiyac duyduğunu mən gözəl anlayırdım. Və bu amal bütün qorxuları üstələdi. Ölkəmizin bayrağı islam dövlətlərinin bayraqları sırasında qaldırılanda mənim duyduğum qürur və şərəf mənə edilən ciddi xəbərdarlıqların qarşısında önəmini itirirdi. Mən bu addımımla Azərbaycanın İslam birliyində yerini almasına nail oldum. Əlbəttə, buna İKT ilə sovetlər dönəmində əsası qoyulmuş münasibətlərimin sayəsində nail ola bildim. Müxtəlif konfranslar zamanı əməkdaşlıq, dostluq, qardaşlıq münasibətləri səbəbindən bu ehtiram mənə göstərildi. Sonralar ulu öndər Heydər Əliyevlə bərabər İKT-nin Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən konfransında iştirak edərkən, bir daha əmin oldum ki, doğru addım atmışam.

İKT, indiki İƏT Qarabağ probleminə hər zaman diqqətlə yanaşıb, dəfələrlə qətnamələr, müxtəlif səpgili bəyanatlar qəbul edib, Azərbaycanın haqlı mövqeyini israrla müdafiə edib. İƏT müstəvisi bizə doğma olan, bizə dəstək olan, ədalətin bərpasında bizə yardımçı olan bir məkandır. Çox şadam ki, dövlət başçımızın İslam həmrəyliyi barədə qlobal çağırışı da İƏT tərəfindən yüksək dəyərləndirildi, bu istiqamətdə layihə və tədbirlərimizə önəm verilir.

ÐаÑÑинки по запÑоÑÑ Allah Åükür PaÅazadÉ

- Çoxlu sayda prezidentlə çalışmısınız. Azərbaycan prezidentlərinin sizə qarşı münasibəti həmişə yüksək səviyyədə olub, dövlət protokolunda yer alırsınız, qorunursunuz. Lakin ara-sıra mətbuatda hakimiyyətdə sizi istəməyən qüvvələrin sizi zəiflətmək üçün hansısa addımlar atması haqda yazılar olur. Zaman-zaman mediada haqqınızda yayılan iddialar, eləcə də ötən il İspaniyada baş verən hadisələr hakimiyyət içərisində sizi istəməyən qüvvələrin təxribatı kimi yozuldu. Doğrudanmı hakimiyyət daxilində sizi istəməyən, əleyhinizə iş görən qrup var?

- Məndə bu barədə məlumat yoxdur, belə məsələlərdən də xəbərim yoxdur. Mən dövlətimizdən şəxsimə, məqamıma yalnız ehtiram görmüşəm.

- Ötən il Dini qanunvericiliyin dəyişəcəyi ilə bağlı xəbərlər mediaya yol tapdı. Hətta yeni qanun layihəsinin Milli Məclisə göndərildiyi deyilsə də, sonradan unuduldu. Sizcə yeni qanuna ehtiyac varmı?

- Bilirsiniz, dünya hər zaman inkişafdadır. Reallıqlar dəyişir, özü də sürətlə. Bu baxımdan, bütün sahələrdə, o cümlədən, qanunvericilik sistemində da yenilikləri nəzərə alan, onları özündə ehtiva edən məqamlar yaranır. Düşünürəm ki, dinlə bağlı qanunvericilik aktlarında da təkmilləşməyə ehtiyac vardır. Yeni qanun da buna xidmət etməlidir. Və belə olarsa, bizim tövsiyə və təkliflərimiz də nəzərə alınarsa, bu, dinin, dindarların, dövlət-din münasibətlərinin yalnız mənafeyinə olar.

- Sizin vəzifəniz siyasi, ictimai deyil, dini vəzifədir, ölkənin baş ruhanisisiniz. Təbii ki, İslam ənənəsində şeyxlərin hər birinin davamçısı, mənəvi varisi olub. Artıq 40 ildir ki, bu postdasınız. Özünüzdən sonra bu postda gördüyünüz, bunun üçün yetişdirdiyiniz və ya layiq bildiyiniz adam varmı? Bir ara mediada oğlunuzun sizin varisiniz olacağı yazıldı, amma bunu təkzib etdiniz.

- Mənim məqamım - Qafqaz müsəlmanlarının ali dini lideri məqamı - seçkilidir. Qafqaz Müsəlmanlarının Qurultayı bu vəzifəyə namizəd seçir. Qafqaz Xalqları Ali Dini Şurasının sədri olaraq da məni Şura seçir. Qafqaz Müsəlmanları İdarəsinin sədri olaraq 2003-cü il Qurultayımızda yekdilliklə ömürlük Şeyxülislam seçilməyimə səs verildi. Bu etimadı doğrultmaq mənim üçün şərəfdir. Gələcəkdə də seçim kimin üzərində dayanarsa, Qafqazın müsəlmanları kimə etimad göstərərlərsə, o da varis deyil, vəzifədə xələfim sayılacaq.

- Adətən bizim əsas müqayisəmiz qonşularımızladır. Gürcüstan və Ermənistan haqqında danışılarkən onların hər ikisinin dini mərkəzlərinin olduğu və bu xalqları dini mərkəzlərinin – gürcü kilsəsi və erməni kilsəsinin - bir arada tutduğu deyilir. Azərbaycanda necə düşünürsünüz, QMİ-nin bu şəkildə bir dini mərkəzə çevrilməsi mümkündürmü? Çevrilə bilməsi qarşısında dayanan maneə nələrdən ibarətdir?

- Qafqaz Müsəlmanları İdarəsi nəinki Azərbaycanın, bölgənin dini mərkəzidir. Dünyada tanınan, qəbul olunan bir regional dini təşkilatıq. Beynəlxalq əlaqələrimiz olduqca genişdir - bütün qitələrdə olan ölkələr, dini qurumlarla əlaqələrimiz mövcuddur. Dünyanın 100-dən artıq dövləti, bütün nüfuzlu dini mərkəzləri ilə əməkdaşlıq edirik, dinlərarası dialoq prosesində fəal iştirak edirik. Dinlər, mədəniyyətlər, sivilizasiyalar arası dialoqa dair qlobal forumların ənənəvi ünvanına çevrilmiş Bakıda məhz QMİ nəzdində 2017-ci ildə Bakı Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunmuşdur. Hazırda Mərkəzin xəttilə dövlətimizin tolerantlıq, multikulturalizm siyasətinin, xüsusən, dövlət başçımızın irəli sürdüyü ümumbəşəri ideyaların işığında dünyanın ən müxtəlif nöqtələrində çoxsaylı beynəlxalq forumlar keçirərək, dünyanın ehtiyac duyduğu bu təqdirəlayiq ideyaları fəal təşviq edirik.

QMİ-nin hal-hazırda xaricdə - Rusiya Federasiyasında, Türkiyədə, İranda, Gürcüstanda nümayəndəlikləri fəaliyyət göstərir. Bu baxımdan, QMİ-nin dini mərkəz olaraq səlahiyyət və vəzifələri heç bir başqa, o cümlədən, qonşu ölkələrlə müqayisədə, deyərdim ki, nəinki geri qalmır, əksinə, daha geniş və çoxşaxəlidir. Və biz dövlətimizin yaxından qayğı və diqqəti sayəsində nail olduğumuz bu uğurlardan xalqımızın, Vətənimizin, dövlətçiliyimizin mənəvi cəhətdə daha da güclü olması yönündə çalışmaq üçün yararlanırıq. Həm müqəddəs dinimizin ümumbəşəri dəyərlərini təbliğ edir, multikultural həyat modelimizi təqdim edir, monoetniklik, milli, dini təcrid əvəzinə dinlərarası əməkdaşlığın real nümunəsini təşviq edir, milli-mənəvi dəyərlərimizi dünyaya tanıtdırır, ağrılı problemimiz olan Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün öz səylərimizi müvafiq müstəvilərdə əsirgəmirik.

ÐоÑожее изобÑажение

- Azərbaycanda dini vəziyyətin gələcəyini necə görürsünüz? Narahat olmaq üçün səbəb varmı? Yoxsa hər şey daha yaxşı olacaq?

- Azərbaycanda, Allah-Təalaya çox şükürlər olsun ki, din-dövlət münasibətləri düzgün, müdrik qurulub. Bu bünövrəni qoyan ulu öndər Heydər Əliyev həzrətləri oldu. Müstəqil Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev ilk olaraq Təzəpir məscidinə gəldi, dindarların qarşısında çıxış edərək, «Allahın yolunda bir olaq» bəyan etdi. Sovet rejiminin şəhid etdiyi Bibiheybət məscidinin bərpasını ilk növbədə həyata keçirdi — baxmayaraq ki, o zaman hələ iqtisadi vəziyyətimiz o qədər də qənaətbəxş deyildi.

Dini, milli dəyərlərə qayıdışımız, 17 məscidi fəaliyyət göstərən ölkədən 2000-dən artıq məscidə sahib ölkəyə çevrilməyimiz, ölkəmizdəki tərəqqi, dini-mənəvi dəyərlərə münasibət İslami irsimizə sahib çıxan, dünyaya multikulturalizm örnəyi nümayiş etdirən, islami həmrəyliyə çağıran, ümumbəşəri dəyərlərə ehtiramla yanaşan dövlətimizin varlığı məni qürurlandırır. Xalqımızın dini-mənəvi dəyərlərinə münasibətdə Ulu öndərin ali mənəviyyat yolunun davamlı olması bütün sahələrdə müşahidə olunan inkişafın din sahəsində də olmasını təmin edir. Məscidlərimizin sayı artır, təmirə ehtiyacı olanlar təmir edilir, yeniləri inşa olunur, məscidlərin ətrafı abadlaşdırılır, yenidənqurma-genişləndirmə işləri aparılır, bütün bu işlər böyük məhəbbətlə, vüsətlə aparılır, nəfislik qorunur, müəyyən qadağalar səbəbindən zamanında edilə bilməyən işlər indi görülür, arzular gerçəkləşir.

Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə diqqəti ilbəil artırır. Bu sahədə görülən tədbirlər ardıcıllığı, təkmilliyi ilə seçilir. Dini maarifçilik sahəsində İlahiyyat İnstitutunun yaradılması mühüm hadisə oldu. Bizi sevindirən mühüm qərarlardan biri dini kolleclərin – mədrəsələrin fəaliyyətə başlaması ilə bağlı sərəncamdır. Bakıda və bölgələrdə 8 dini kollecin fəaliyyətə başlaması nəzərdə tutulur ki, bu, İslam dininin əsaslarının öyrənilməsi işinə dəyərli töhfədir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi ilə səmərəli, faydalı əməkdaşlıq münasibətləri qurmuşuq və bu da dövlət-din münasibətlərinin yüksək səviyyəsinin bariz nümunəsidir.

Fərəhli haldır ki, Azərbaycan ümumbəşəri önəm kəsb edən ideyaların bütün dünya ictimaiyyətinə xitabən ucaldığı ənənəvi məkan statusunu qazanmışdır. Şeyxülislam olaraq, bu böyük miqyaslı işlərdə dövlət başçımızın siyasi iradəsini görmək məni olduqca məmnun edir. Ölkəizdə istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin elan olunması ümumi hədəfə, məqsəd və mərama xidmət edir. Bununla Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfə vermiş olur. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə bizim Prezidentimiz bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir.

İslam dəyərlərinin ümumbəşər əhəmiyyətini gözəl dərk edən dövlət başçımız İlham Əliyev həzrətləri bu dəyərlərin bütün dünya üçün önəmini hər zaman xüsusi vurğulayır, beynəlxalq müstəvidə İslam adına təhrifləri, islamofobiya təzahürlərini qətiyyətlə qınayır, İslamın adının terrorizm, ekstremizmlə bağlanmasına ciddi etirazını bildirir. Azərbaycanın dəstəyi ilə Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı, Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsi - Azərbaycanın sərgisinin təşkili - bizim ümumislam mədəniyyətinə olan töhfəmizdir. Dövlət başçımızın xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, ümumbəşəri ideyaların carçısına çevrilməsi Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərdir. Dini lider olaraq, bütün bunlar mənim üçün xüsusən yüksək dəyər kəsb edir.

Bütün bu işlərdə dini mərkəz olaraq, Qafqaz Müsəlmanları İdarəsi yaxından iştirak edir, öz töhfələrini əsirgəmir. Bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyinin nadir nümunəsinə malik bir məkan, milli birlik, mənəvi vəhdət, dini-mədəni müxtəlifliyin unikal nümunəsidir. Şeyxülislam olaraq, bütün fəaliyyət dövrüm ərzində bu qarşılıqlı etimad, ehtiram mühitinin formalaşması üçün əlimdən gələni əsirgəməmişəm. Kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tügyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir ki, dini lider olaraq bundan böyük fəxr duyuram. Azərbaycanda 2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzinin də bütün fəaliyyəti bu məramlara xidmət edir. Mərkəzimiz tərəfindən İspaniyada, Almaniyada, Avstriyada keçirilmiş uğurlu beynəlxalq konfranslar bizim fəaliyyətimizin göstəriciləridir. Azərbaycanın bu yöndə səylərinin dünya ictimaiyyəti tərəfindən dəyərləndirilməsi Şeyxülislam olaraq, məni çox sevindirir.

Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə özəl qayğısı, yüksək siyasi mədəniyyət və ardıcıl iradə ilə nəinki ölkəmizdə, dünyanın ən müxtəlif nöqtələrində həyata keçirdiyi mədəni, humanitar xarakterli layihələr, dini-mənəvi abidələrimizə xüsusi diqqəti, müqəddəs dinimizin təlqin etdiyi şəkildə xeyirxahlıq, mərhəmət dolu addımları Vətənimizin, xalqımızın rifah və səadətinə xidmət edir. Şeyxlislam olaraq, bu nəcib dövlətçilik və xeyriyyəçilik fəaliyyətinə Uca Allahdan xeyir-dualar diləyirəm.

Bütün bunlar məni əmin edir ki, çiçəklənən Azərbaycanda dinimizə, mənəvi dəyərlərimizə hər zaman layiqincə ehtiram və diqqət olacaqdır. Bu yol bizi səadətə aparan yoldur və bu yol davam etdikcə nailiyyətlərimizin də sayı artacaqdır. Din, mənəviyyat sahəsində Azərbaycan adına qazanılan uğurlarda, dünya çapında nüfuzumuzun yüksəlməsinə mənim də dini lider olaraq bir töhfəm olubsa, çox xoşbəxtəm. Allaha dualar edirəm ki, Azərbaycan dövlətini qorusun, xalqımızı xoşbəxt qərar versin. Əzəli Qarabağ torpaqlarımızın azad olunmasını bizə nəsib etsin! 

- 70 yaş üçün plan və arzunuzu bilmək istərdik. Məsələn, Artur müəllim demişdi ki, gələcəkdə memuar və ya bədii əsər yazmaq istəyir. Sizin necə, xatirələri yazmaq planınız varmı?

- Əlbəttə, iki əsrin Şeyxülislamı olaraq mənim həkk olunmağa layiq çox sayda xatirələrim mövcuddur. Əgər zamanım olarsa, onları qələmə almaq, qismət olarsa, bu xatirələri insanlarla, gələcək nəsillərlə bölüşmək istərdim. Yəni niyyətim var, inşallah.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!(müsavat.com)

Kənan Rövşənoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam