Hitlerin məşhur qlobusu –Barsamyanın 115 min dollara satdığı fürerə məxsus deyilmiş
Yenixeber.org: Dünya diktatorlarının əksəriyyəti heç müharibə aparmadan belə stolüstü və divardan asılmış xəritələrə, nəhəng qlobuslara böyük maraq göstəriblər. Köhnə fotolara nəzər yetirsək, şahidi olarıq ki, dünyanı əks etdirən bu cür əyani vasitələr təkcə onların iş kabinetində deyil, yaşadıqları iqamətgahlarda da özünə yer tapıb. Psixoloqların qənaətinə görə, diktatorların xəritə və qlobuslara marağı onların dünyanı fəth etmək arzusundan doğub. Bu məsələdə Adolf Hitler həmkarlarından ötə olub. Onun kabinetindəki qlobus isə dünyada ən nəhəng qlobuslardan biri sayılıb.
Müharibə aparan tərəflərin liderləri əsasən xəritələrdən istifadə ediblər. Maraqlı məqamlardan biri odur ki, onlar xəritə ilə işləməyi çox qısa bir zamanda mükəmməl mənimsəyiblər və bunu vacib sayıblar. Yəni, Çörçillin təbirincə desək, xəritədə qələbə qazana bilməyən, real müharibədə də qələbə qazana bilməz.
Nikita Xruşov da hakimiyyətdə olanda xəritə məsələsinə münasibət bildirib. Baş katib dəfələrlə kinayəli tərzdə qeyd edib ki, Stalin hərbi əməliyyatların müzakirələrində sərkərdələr qarşısında özünü gülünc vəziyyətə salaraq fikirlərini ifadə etmək üçün qlobusu fırladırmış. Bu fakt ali rütbəli hərbçilər tərəfindən təkzib olunub. Xruşov Stalinin xəritə ilə işləyə bilmədiyini bəyan etməklə onu gözdən salmaq məqsədini güdüb.
Bütün məsələlər xəritə üzərində müzakirə olunsa da, yuxarıda qeyd etdiyimiz kimi kabinetlərdən qlobus da əskik olmayıb.
Dünya ağalığına iddialı Hitler xəyalları kimi qlobusunu da böyük edib. 1930-cu illərin ortalarında Almaniyanın “Columbus” şirkəti fürer üçün xüsusi qlobus hazırlayıb. Onun böyüklüyü təxminən “Volkswagen” avtomobilinin böyüklüyü qədər olub, hazırlanması isə bu avtomobilin dəyərindən bir neçə dəfə baha başa gəlib. Həmin qlobusdan çox məhdud sayda buraxılıb və 3-cü Reyx rəhbərləri üçün nəzərdə tutulub. Hitlerin qlobusu isə altlığı ilə fərqlənib.
Kinoxronikada Hitlerin qlobusunun onun kabinetindəki interyerə xüsusi bir fon verməsi də diqqətdən yayınmayıb. Qlobus o qədər nəhəng və diqqətçəkən olub ki, “Böyük diktator” filmində Çarli Çaplin onu fürerin ən sevimli əşyası kimi təqdim edib.
Müharibədən sonra Hitlerin digər şəxsi əşyalaı kimi qlobusu da muzeylər, ayrı-ayrı kolleksionerlər üçün böyük maraq yaradıb, bu qlobusa kifayət qədər böyük pullar vermək istəyənlər də tapılıb. Amma müharibədən sonra fürerin qlobusu müəmmalı şəkildə yoxa çıxıb.
Almaniyanın bir neçə muzeyində sözügedən qlobuslara rast gəlmək olar. Amma mütəxəssilər onların heç də Hitlerin qlobusu olmadığını bildiriblər, tam əminliklə qeyd ediblər ki, muzeydə saxlanılan həmin qlobuslar digər nasist rəhbərləriə məxsus olan qlobuslardır.
Nəhayət, Hitlerin qlobusundan 62 il sonra xəbər çıxıb. 2007-ci ildə 91 yaşlı erməni əsilli amerikalı Barsamyan San-Fransiskoda qlobusu hərraca çıxarıb. Mütəxəssislər qlobusun maksimum 15-20 min dollara satılacağını proqnozlaşdırslar da, fürerin kürəsi 115 min dollara alınıb. Qlobusu San-Fransisko sakini, 78 yaşlı Robert Praytaykin alıb və o, bu qlobusa olan marağını belə izah edib:
“Mən bu qlobusu almaya bilməzdim. Dünyanın ən qəddar adamının baxdığı bu qlobus mənə çox maraqlı gəldi. Hitler məhz bu qlobusun qarşısında dayanaraq dünyaya necə sahib olacağını düşünüb...”
II dünya müharibəsində ABŞ ordusunun sıravi əsgəri olan Barsamyan həmin qlobusu nasist Almaniyasının kapitulyasiyasından bir neçə gün sonra Hitlerin kabinetindən götürüb və qlobusu Amerikaya aparmağa nail olub. 62 il ərzində o, fürerin qlobusunu öz evində saxlayıb, bu haqda yaxınlarından başqa heç kimə məlumat verməyib. Bu Barsamyanın söylədikləridir.
Kartoqrafiya üzrə tanınmış alman mütxəssisi Volfram Pobants isə qeyd edib ki, hərracda satılan qlobus Hitlerə məxsus olan qlobus olmayıb. Belə ki, araşdırmaların nəticələrinə görə, fürerin qlobusunda güllə yeri olmalı idi. İkincisi isə, həmin qlobusun ətrafında sovet döyüşçülərinin çəkdirdikləri şəkillər mövcuddur.
Pobants qlobusun SSRİ-yə aparılması ehtimalını daha real sayıb. Daha sonra o qeyd edib ki, fürerə məxsus əsl qlobusun hansı olduğunu müəyyənləşdirmək həmin qlobusu hazırlayan şirkətin arxiv sənədləri vacibdir. Belə ki, yalnız qlobusların nömrələrinə görə onu dəqiq müəyyənləşdirmək olar. Qlobusu hazırlayan “Columbus” şirkəti isə bombalanma nəticəsində yerlə-yeksan olub.
Bununla da fürerin əsl qlobusunun harada olduğu sual altında qalıb. Əslində, belə də olmalı idi. Çünki Hitler bu qlobusda çox dəyişikliklər etməyə iddia edirdi.
İlham Cəmiloğlu