Stalindən Levitanın şərəfinə içməyi xahiş edən Xruşov–Sonra nədən ona düşmən olub?
Uinston Çörçillin Nikita Xruşov haqqında məşhur bir kəlamı var: “Xruşov bəşəriyyət tarixində yeganə siyasətçidir ki, o, ölmüş adama müharibə elan etdi, amma bu azmış kimi, onu uduzdu da...”
Yenixeber.org: Aydın məsələdir ki, britaniyalı siyasətçi “ölmüş adam” deyəndə İosif Stalini nəzərdə tutub.
Həqiqətən də Nikita Xruşovun 11 illik hakimiyyəti illərində fəaliyyətinə nəzər salanda onun Stalinin adını tarixdən silmək üçün nə qədər “əmək” sərf etdiyinin şahidi oluruq. Hətta o, II dünya müharibəsi zamanı “Stalinin səsi” titulunu qazanan əfsanəvi diktor Yuri Levitanın səsini boğmaqdan da çəkinməyib.
Məlum olduğu kimi, Levitan sovet-aıman müharibəsi zamanı təkcə SSRİ-də deyil, bütün dünyada məşhur olub. Onun səsi radio dalğaları vasitəsi ilə dünyanın ən nəhəng siyasətçilərinin, dövlət başçılarının kabinetlərindən eçidilib. Adolf Hitler onu özünə bir nömrəli düşmən elan edib. Çörçill və Ruzvelt kimi nəhənglər onun haqqında yüksək fikirlər söyləyiblər. Müharibənin qalib sərkərdələri isə Levitanı əsl qəhrəman adlandırıblar.
Marşal Konstantin Rokossovski Levitanın fəaliyyətinə aşağıdakı kimi qiymət verib:
“Cəbhəçilər üçün Levitanın səsi bir diviziyanın gücünə bərabər idi. Bu səs hərbi əməliyyatların ən ağır vaxtında döyüşçülər üçün ən böyük kömək və ruh yüksəkliyi demək idi...”
Sıravi vətəndaşlar üçün isə Levitanın səsi müharibənin ağır illərində ümid yerinə çevrilib, insanlar saatlarla onun səsini gözləyiblər.
Levitanın populyarlığı müharibədən sonrakı illərdə də qalıb. Dövlət əhəmiyyətli məlumatları, fərman və sərəncamları, qurultay və plenumun materiallarını efir vasitəsi ilə məhz o səsləndirib.
Stalinin vəfatı ilə bağlı ilk məlumatı oxumaq da Levitana həvalə olunub.
Nikita Xruşov hakimiyyətə gəldikdən sonra Levitanın diktorluq fəaliyyəti qismən məhdudlaşdırılıb. Baş katibin Stalindən fərqli olaraq diktora heç bir simpatiyası olmayıb. 1961-ci ildə isə Xruşov Levitana qarşı soyuq münasibətinin səbəbini fərqli bir tərzdə ifadə edib.
12 aprel 1961-ci ildə dünyada ilk olaraq kosmosun fəth edilməsi, Yuri Qaqarinin 108 dəqiqə kosmosda dövr etməsi xəbərini Levitan səsləndirib. Yuri Qaqarin buna görə Levitana öz təşəkkürünü belə bildirib:
“Bu xəbərin sizin tərəfinizdən səsləndirilməsi mənim üçün aldığım bütün orden və medallardan üstündür...”
Amma kosmonavtdan fərqli olaraq, bu, Xruşovun ürəyincə olmayıb. Baş katib dövlət radio və televiziya verlişləri komitəsinin sədri Sergey Kaftanovu yanına çağrıb. Görüşdə Mərkəzi Komitənin katibi Mixail Suslov və həmin dövrdə Moskva şəhər Partiya Komitəsinin birinci katibi, Stalinin nəşinin mavzoleydən çıxarılmasının təşəbbüskarlarından biri olan Pyotr Demiçev də iştirak edib. Söhbət zamanı Xruşov Kaftanova göstəriş verib ki, Levitanı arxa planda saxlamaq lazımdır. Baş katib bunu belə əsaslandırıb ki, Levitanın səsi insanlara müharibəni xatırladır.
Sonralar bu göstərişin əsl səbəbini Vyaçeslav Molotov öz xatirələrində belə açıqlayıb: “Xruşov bütün səlahiyyətlərindən istifadə edərək Stalinilə bağlı izləri silməyə çalışırdı. Levitanı radiodan təcrid etmək, onu ikinci dərəcəli diktora çevirmək də bu məqsədi güdürdü. Təbii ki, Levitanın səsi gələndə ilk növbədə müharibədə qazanılan qələbələr, bu qələbələrin əsas müəllifi olan Stalin göz önünə gəlirdi. Bu isə Xruşov üçün dözülməz idi. O, absurd fikirlər irəli sürürdü. Fikirlərini isə belə əsaslandırıdı ki, müharibədən qayıdan əlil döyüşçülər vəfat edəndə Levitanın müharibə qoxulu səsi onların ailə üzvlərini qıcıqlandırır. Amma Xruşov yaxın keçmişini unudurdu. 1945-ci ildə Levitan qələbə xəbərini oxuyanda o, Kremldəki ziyafətdə Levitanın şərəfinə badə qaldırmağı Stalindən xahiş etmişdi...”
Beləliklə, bu hadisədən sonra üç il, 1964-cü ilə, Xruşovun devrilməsinə qədər Levitanın səsi az eşidilib.
Brejnev hakimiyyətə gəldikdən sonra isə əfsanəvi diktor əvvəlki kimi fəaliyyətini davam etdirib. Baş katib 1973-cü ildə ona Rusyanın, 1980-ci ildə isə SSRİ-nin xalq artisti adını verib və bir sıra orden və medallarla təltif edib.
Ən maraqlı faktlardan biri isə odur ki, Xruşovun devrilməsi, 1964-cü il oktyabr plenumunun materialları haqqında xəbərləri sovet vətəndaşları Levitanın səsindən eşidib.
Qeyd edək ki, Yuri Levitan 1983-cü ildə, 69 yaşında veteranlarla görüşə gedən zaman ürəktutmasından vəfat edib.
İlham Cəmiloğlu