Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın ikibaşlı geopolitik manevrləri: Türkiyə üzərindən Rusiyanı şantaj edir

Rəsmi İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdləri və vasitəçilik üçün Qərbyönümlü Gürcüstanın seçilməsi Rusiyaya yönəlik mesajdır: Erməni baş nazir bu yolla Kremldən bəzi hərbi-siyasi güzəştlər qopara biləcəyinə ümid bəsləyir...

Yenixeber.org: Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırmaq cəhdlərinə reaksiyalar birmənalı deyil. Rəsmi İrəvanın bu cəhdlərini müsbət əlamət kimi dəyərləndirənlər əlbəttə ki, var. Ancaq Paşinyan hakimiyyətinin məcburiyyət qarşısında ikibaşlı geopolitik manevrlər etdiyini düşünənlər də mövcuddur.

Məsələ ondadır ki, rəsmi İrəvan artıq bir neçə dəfə Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədilə danışıqlara hazır olduğunu bəyan edib. Üstəlik, rəsmi Ankaradan da ümidverici cavab reaksiyasına nail olub. Və ilk baxışdan, Paşinyan hakimiyyəti nəhayət ki, rəsmi Ankara ilə təmaslara başlamaq şansı qazanmış kimi görünür.

Ancaq bu, o qədər də sadə proses deyil. Yəni, göründüyündən fərqli olaraq, heç də hər şey Ermənistanın istədiyi kimi inkişaf etmir. Rəsmi İrəvan Ermənistanın maliyyə-iqtisadi problemləri qarşısında aciz qalıb, nə qədər tələssə də, Türkiyə tamamilə fərqli mövqedən çıxış edir. Rəsmi Ankaranın mövqeyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasında hər kəsin anlayacağı məzmunda ifadə edilib. Və Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün rəsmi Ankaranın bəzi prinsipial şərtlərini də yerinə yetirməyə məcburdur.

original-1tol.jpg (56 KB)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq mətnlə bəyan edib ki, Ermənistan baş naziri Nikol Paşinyan səmimi olduğunu sübut etmək üçün konkret addımlar atmalıdır: "Əgər, Tayyip Ərdoğanla görüşmək istəyirsənsə, bəlli addımlar atılmalıdır”.

Belə anlaşılır ki, Türkiyə prezidenti hər "görüşmək istəyirəm" deyən şəxsə zaman xərcləmək həvəsindən çox uzaqdır. Belə görüşdən öncə atılacaq addımlarla rəsmi Ankaranın məmnun edilməsi də vacibdir. Türkiyə əvvəlcə Ermənistanın Azərbaycanla problemlərini həll etməsini istəyir. Və Zəngəzur dəhlizinin açılmasının bu istiqamətdə bir başlanğıc ola biləcəyi qənaətindədir.

Bu, o deməkdir ki, rəsmi Ankara Paşinyanın görüş təklifinə qarşı çıxmasa da, konkret şərtlər irəli sürür. Erməni baş nazirin görüşə həmin şərtləri yerinə yetirdikdən sonra gəlməsini istəyir. Və Zəngəzur dəhlizi açılmadığı təqdirdə, belə bir görüşün mümkün olmayacağının açıq mesajını verir.

İndi Paşinyan hakimiyyətinin Türkiyə ilə təmasların baş tutması məhz Ermənistanın edəcəyi seçimdən asılıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərtlərinə rəsmi İrəvanın ilk reaksiyası hələlik qeyri-müəyyən xarakter daşıyır. Çünki rəsmi İrəvan yenə də görüşə hazır olduğunu israrla təkrarlayır. Ancaq Zəngəzur dəhlizi ilə bağlı şərtin üzərindən sükutla keçir. Ermənistan baş naziri bunun əleyhinə olduğunu əvvəlki açıqlamalarında vurğulasa da, rəsmi İrəvan bu dəfə konkret mövqedən yayınmağa çalışır.

Ona görə də, hesab etmək olar ki, erməni baş nazir əslində, Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməyə də bilər. Ancaq ölkədaxili aqressiv reaksiyaları nəzərə alaraq, bu barədə qəti qərar verməkdən çəkinir. Yəni, Zəngəzur dəhlizi mövzusunda Paşinyan hakimiyyətinin siyasi iradə nümayiş etdirmək imkanları məhduddur.

98641db950f6b36fe079cc07002bf81b.jpeg (158 KB)

Ancaq erməni baş nazir Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində birbaşa maraqlıdır. Bu, Paşinyan hakimiyyəti üçün yalnız Ermənistanı maliyyə-iqtisadi böhrandan xilas etmək baxımından deyil, həm də ölkənin gələcək inkişaf perspektivlərinə yön verilməsi ilə bağlı da böyük önəm daşıyır. Və bu da siyasi iradəyə bağlı prinsipial seçim tələb edən məsələ kimi görünür.

Çünki rəsmi İrəvanın Türkiyə ilə münasibətlərini normallaşdırması Ermənistanın Rusiyanın orbitindən qopub, Qərbə yönəlməsi prosesinin başlanğıcına da çevrilə bilər. Bu baxımdan, erməni baş nazirin Türkiyə ilə təmaslara vasitəçilik etməsi üçün seçdiyi ölkə də maraq doğurur. Çünki, Rusiya israrla öz vasitəçiliyini təklif etsə də, Ermənistan baş naziri məhz Gürcüstana üstünlük verir.

Məsələ ondadır ki, Gürcüstan bir tərəfdən Türkiyə ilə dost, digər tərəfdən isə Rusiya ilə düşmən ölkədir. Eyni zamanda, Gürcüstan Cənubi Qafqazda ABŞ və Qərbin əsas istinad məkanı sayılır. Bu isə erməni baş nazirin Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini ABŞ və Qərbin iştirakı ilə cərəyan etməsinə can atdığını göstərir.

Təbii ki, bu səbəbdən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni baş nazirin gürcüstanlı həmkarı vasitəsilə ona görüş təklif etdiyini açıqlamasından sonra Rusiya siyasi dairələrində ittihamların irəli sürülməsi qətiyyən gözlənilməz deyil. Hazırda əsas ittihamlar Rusiyanın Ermənistana onilliklər ərzində verdiyi dəstəyin müqabilində erməni baş nazirin Türkiyənin təsir dairəsinə can atması ilə bağlıdır.

9d51522a4605bf4d0bed7df03c664f9b.jpg (33 KB)

Rusiya politoloqları hesab edirlər ki, bütün bunlardan sonra Ermənistan baş naziri Nikol Paşinyanın İstanbula səfəri dünya səviyyəsində sensasiyaya çevrilə bilər. Onların fikrincə, ilk mərhələdə belə bir sensasiyadan yayınmaq üçün erməni baş nazirin Türkiyə lideri ilə Gürcüstan paytaxtı Tiflisdə görüşməyə cəhd edəcəyi də qətiyyən istisna deyil.

Rusiya siyasi dairələrində indi əsasən erməni baş nazirin Türkiyə prezidentinin şərtlərinə mümkün reaksiyası müzakirə edilir. Hesab olunur ki, Türkiyə prezidentinin Ermənistan ilə diplomatik əlaqələrin bərpasını vəd etməsinin qarşılığında erməni baş nazir hər şeyə hazır görünür.

Rus hərbi ekspert İqor Korotçenkonun fikrincə, Nikol Paşinyandan hər şey gözləmək olar: "Ermənistan baş naziri hətta Türkiyəyə Rusiya əleyhinə hərbi blok qurmağı da təklif edə bilər. Mən həmişə demişəm, bir daha da təkrar edirəm ki, Ermənistana və onun baş nazirinə etibar etmək olmaz. İlk uyğun imkanda N.Paşinyan və Ermənistan Rusiyaya xəyanət edəcək".

Maraqlıdır ki, Rusiya siyasi dairələrində indi Kremlin daha praqmatik siyasət yürütməsinin vacibliyi ön plana çıxarılır. Hesab olunur ki, Kreml müxtəlif "xristian qardaşlara" dəstək siyasətindən uzaqlaşıb, birmənalı şəkildə yalnız Rusiyanın milli maraqlarını üstün tutmalıdır.

6da74400aba8918d0b8d71c88c66c480.jpg (30 KB)

Ancaq Rusiya siyasi dairələrində erməni baş nazirin davranışlarından narahatlıq hökm sürsə də, N.Paşinyanın yalnız Kreml üçün deyil, elə rəsmi Ankaraya münasibətdə də etibarsız tərəfdaş olduğu nəzərdən qaçırılmamalıdır. Hər halda, erməni baş nazirin Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bu ölkənin siyasi lideriylə görüşə hazır olması barədə açıqlamaları bir geopolitik oyun da ola bilər.

Belə ki, Ermənistan siyasi elitasının bu geopolitik oyunla Rusiyanı şantaj etməyə cəhd göstərə biləcəyi də qətiyyən istisna deyil. Çünki Paşinyan hakimiyyətinin Türkiyə üzərindən Qərbə "pəncərə" qazanmaq cəhdləri ilə rəsmi İrəvan Ermənistanı Rusiya üçün daha əhəmiyyətli ölkə durumuna gətirmək niyyəti də daşıya bilər. Və bu baxımdan, Rusiyadan müəyyən hərbi-siyasi məzmunlu güzəştlərin qoparılması planının qurulmuş ola biləcəyindən şübhələnməyə əsaslar olmamış deyil.

Göründüyü kimi, siyasi fırıldaqçılıq qabiliyyəti yüksək olan rəsmi İrəvanın ikibaşlı geopolitik manevrlərə cəhd göstərdiyindən şübhələnmək də mümkündür. Bu oyunların Ermənistana nə qazandıra biləcəyi isə hələlik müəmmalı xarakter daşıyır. Çünki Türkiyə və Rusiya da erməni baş nazirin hoqqabazlığına imkan verəcək qədər sadəlövh dövlətlər deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam