Ermənistan reallığa - "dəmir yumruğa" təslim olur: Paşinyan rəsmi Bakı ilə müsbət təmas şansı axtarır
Ermənistanın təhlükəsizliyinin məhz sərhədlərin delimitasiya və demarkasiya prosesinə bağlı olduğunu da artıq anladılar; Son vaxtlara qədər əngəlləyici şərtlər irəli sürən rəsmi İrəvan əvvəlki mövqeyindən fərqli olaraq, indi həm tələsir, həm də Azərbaycanın müsbət reaksiyasına ümid bəsləyir...
Yenixeber.org: Ermənistan çıxış yolu axtarır. Rəsmi İrəvanın düşdüyü durum geopolitik uğur ehtimalından olduqca uzaqdır. Və bu səbəbdən də Ermənistan hazırda hərbi-siyasi avantüra mərhələsini yekunlaşdırmaq məcburiyyətində qalıb.
Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Cənubi Qafqaz regionunda rəsmi İrəvanın mövqeyini əhəmiyyətdən salan geopolitik şərtlər hökm sürür. Rəsmi İrəvan isə bu reallığı dəyişmək imkanından uzaqdır.
Ona görə də artıq Paşinyan hakimiyyəti də bu reallığa müqavimət göstərməyin mənasız olduğu qənaətinə gəlməyə başlayıb. Üstəlik, sınaqdan çıxarılan bütün müqavimət variantları yalnız yeni hərbi-siyasi təhlükə vəd etməklə, rəsmi İrəvanı "siyasi vakuma" salmaqdadır. Bu baxımdan, Paşinyan hakimiyyətinin "ziyanın yarısından dönmək də xeyirdir" prinsipinə yaxınlaşmağa çalışması tamamilə başadüşüləndir.
Məsələ ondadır ki, Ermənistanın 44 günlük savaşdan sonra davamlı xarakter daşıyan hərbi təxribatları heç bir müsbət nəticə vermədi. Əksinə, hər təxribat Azərbaycan ordusunun daha ağır cavab zərbəsi ilə müşayiət olundu. Rəsmi İrəvan isə Azərbaycanın ağır zərbələrinə adekvat davrana bilmədi.
Nəticədə Ermənistanın geopolitik mövqeləri daha da zəiflədi. Paşinyan hakimiyyətinin ölkədaxili nüfuzu isə ciddi təhlükə altında qaldı. Belə davam edərsə, revanşist müxalifət öz mövqelərini yenidən möhkəmləndirib, hakimiyyəti devirmək şansı da qazana bilər.
Azərbaycan tərəfindən Qafan-Gorus yolunun bağlanması Paşinyan hakimiyyətinə olduqca ciddi dərs oldu. Bu hadisə rəsmi İrəvana gələcək geopolitik proseslərlə bağlı daha aydın təsəvvürlər üçün münbit şərait yaratdı. Və Paşinyan hakimiyyəti həmin təsəvvürlərin ağırlığı altında qalıb, əzildi.
Rəsmi İrəvan bir daha əmin oldu ki, Azərbaycan ilə hərbi-siyasi məkanda rəqabət aparmaq üçün heç imkana və resursa malik deyil. Rəsmi Bakı isə Ermənistanın bütün hərbi-siyasi təxribatlarına daha ağır "dəmir yumruq" zərbəsi ilə cavab verməkdə davam edəcək. Və bu "dəmir yumruq"dan Ermənistanı heç kim qorumayacaq.
Azərbaycan Qafan-Gorus yolunu qapatdığı günlərdə Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla ünsiyyətə həvəs göstərməməsi də buna misaldır. Ermənistan mətbuatının iddialarına görə, məhz həmin günlərdə Rusiya prezidenti erməni baş nazirin telefon zənglərinə əhəmiyyət verməyib. Yəni Ermənistan növbəti dəfə Azərbaycan ilə təkbətək buraxılıb.
Nəticəsi isə artıq hər kəsə, o cümlədən də Ermənistan cəmiyyətinə məlumdur. Belə ki, baş nazir Nikol Paşinyan "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" məzmunlu açıqlama vermək məcburiyyətində qaldı. Yəni, erməni baş nazir bu açıqlama ilə Qafan-Gorus yolu istiqamətində Azərbaycan sərhədlərini rəsmən tanımış oldu. Bu, əslində, Azərbaycan-Ermənistan sərhədlərində ilk delimitasiya və demarkasiya anlaşması da hesab oluna bilər.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskva səfəri də ümid verici nəticələrdən uzaq qaldı. Belə ki, erməni nazirin "hərbi əsirlər" iddiası Rusiyanın baş diplomatı Sergey Lavrov tərəfindən 10 noyabr anlaşmasına istinadla cavablandırıldı. Rusiya xarici işlər naziri eyham vurdu ki, Azərbaycan 10 noyabr üçtərəfli anlaşmasının imzalandığı ana qədər əsir aldığı erməni hərbçiləri artıq geri qaytarıb. Həmin anlaşmadan sonra Azərbaycan ərazisində saxlanılan erməni diversantlar isə bu sənədin tələblərinə daxil deyil.
Digər önəmli məqam isə erməni nazirin "sərhəd şikayəti"nə rus diplomatın cavabı ilə bağlıdır. Çünki Rusiya xarici işlər naziri Azərbaycan-Ermənistan sərhədlərində uzunmüddətli nizamlanma yalnız delimitasiya və demarkasiya prosesi ilə nail olmaq mümkündür. Və bu, rəsmi İrəvanın barışmalı olduğu növbəti önəmli mesajdır.
Belə anlaşılır ki, Rusiyanın mövqeyində elə bir ciddi dəyişiklik baş verməyib. Kreml əvvəlki kimi, üçtərəfli anlaşmaların icrasında, eləcə də sərhədlərin delimitasiya və demarkasiya olunması mövzusunda israrlı mövqe tutur.
Ona görə də, indi rəsmi İrəvanın tədricən üçtərəfli anlaşmaların icrasına geri dönməyə başladığı müşahidə olunur. Paşinyan hakimiyyətinin ilk növbədə "dqr" iddiasından imtina etmək mərhələsində olduğu da diqqətdən yayınmır. Ötən il Şuşanın Cıdır düzündə yallı gedən erməni baş nazirin bu dəfə qısamüddətli məzuniyyətlə "gizlənməsi" də bunun ilkin əlaməti sayıla bilər.
Məsələ ondadır ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın hökumət təmsilçilərə Xankəndi və ətraf bölgəyə səfərləri qadağan etdiyini bildirir. Məlumata görə, erməni baş nazir Azərbaycan ilə daha təhlükəli problemlərdən yayınmaq üçün belə bir qərar qəbul edib.
Eyni zamanda, bu qərarda rəsmi Bakının Paşinyan hakimiyyətindən prinsipial tələbinin xüsusi rol oynadığı da vurğulanır. Və erməni baş nazirin ölkə əhalisinə son müraciətində "artsax" kimi ifadələrin yer almaması da rəsmi Bakının xəbərdarlığı ilə əlaqələndirilir.
Belə anlaşılır ki, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər rəsmi İrəvan üçün artıq əhəmiyyətini tamamilə itirmək üzrədir. İndi Paşinyan hakimiyyətini Ermənistanın gələcək taleyi daha çox düşündürür. Və rəsmi İrəvan Ermənistanı xilas etmək üçün Azərbaycan ilə müsbət məzmunlu təmas nöqtələri axtarır.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti Azərbaycanı müsbət mənada, maraqlandıra biləcək təmas mövzularından birini artıq tapmış kimi görünür. Hər halda, rəsmi Bakının sərhədlərin delimitasiya və demarkasiya prosesində maraqlı olduğu qətiyyən şübhə doğurmur. Və Paşinyan hakimiyyəti məhz bu mövzuda rəsmi Bakı ilə müsbət təmasların əsasını qoya bilər.
Onu da qeyd edək ki, rəsmi İrəvan bu istiqamətdə artıq müəyyən addımların atılmasına da cəhd edir. Hər halda, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son açıqlaması bu baxımdan, örnək rolunu oynaya bilər. Sadəcə, rəsmi İrəvanın bu məsələdə yenə də vaxt qazanmaq niyyəti güdməyərək, səmimi olması lazımdır.
Bununla belə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan ilə sərhədlərin delimitasiya və demorkasiyasına başlamağa hazır olduqlarını bəyan etməsi önəmlidir. Çünki, A.Qriqoryan bu istiqamətdə işlərin başlaması üçün rəsmi İrəvanın Azərbaycandan müsbət reaksiya gözlədiyini də vurğulayıb: "Ermənistan delimitasiya və demarkasiya prosesinə başlamağa hazırdır. Hazırda rəsmi Bakının verəcəyi reaksiyanı gözləyirik. Ümid edirik ki, Azərbaycan da müsbət cavab verəcək və tezliklə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya işləri başlayacaq. Nəticədə sərhəddə yaranmış böhran tezliklə öz həllini tapacaq".
Əlbəttə ki, bu açıqlama irəliyə doğru bir addım kimi də dəyərləndirilə bilər. Çünki buna qədər rəsmi İrəvan demarkasiya və demarkasiya prosesinə başlamaq üçün şərtlər irəli sürməyə çalışırdı. Azərbaycan ordusunun hazırda tutduğu mövqelərdən beş kilometr geri çəkilməsini tələb edirdi. Halbuki, Azərbaycan ordusunun ölkəmizin əraziləri daxilində mövqe tutduğuna əmin olmaq üçün beynəlxalq səviyyədə tanınmış sərhədlərə diqqət yetirmək tamamilə kifayətdir.
Təbii ki, rəsmi İrəvan belə absurd şərtlər irəli sürərkən, ilk növbədə prosesi ləngidib, zaman qazana biləcəyinə ümid bəsləyirdi. Ancaq bu ümidlər özünü doğrultmadı. Rəsmi İrəvan mövcud geopolitik şərtlərlə barışmaq məcburiyyətində olduğunu tədricən dərk etməyə başlayıb.
Hətta Ermənistanın təhlükəsizlik maraqlarının məhz sərhədlərin delimitasiya və demarkasiya prosesinə bağlı olduğunu da artıq anlayırlar. Ona görə də, Paşinyan bu məsələnin mümkün qədər tez həll edilməsinə önəm verdiyini sezdirməyə başlayıb. Belə görünür ki, rəsmi İrəvan əvvəlki mövqeyindən fərqli olaraq, indi həm tələsir, həm də Azərbaycanın müsbət reaksiyasına ümid bəsləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert