Rusiyadan Paşinyana növbəti "diplomatik qapaz": Kreml onun bəhanələrini boşa çıxarır
Rusiya Ermənistandan sərhədlərini dəqiqləşdirməyi tələb edir; Kreml Azərbaycanı narazı salacaq addım atmaq niyyətində olmadığını gizlətmir...
Yenixeber.org: Ermənistanın ümidləri bir-birinin ardınca boşa çıxır. Paşinyan hakimiyyətinin tutmaq istədiyi "divarlar" ardıcıl şəkildə yıxılır. Və bu, rəsm İrəvanın tədricən küncə sıxışdırılması üçün münbit şərait yaradır.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin uzunmüddətdən bəri davam edən hərbi təxribatları ümid bəslənən nəticələrdən çox uzaqdır. Belə ki, ABŞ və Fransanın Ermənistan üzərindən bölgəyə yerləşdirilməsi ilə bağlı plan artıq iflasa uğrayıb. Fransa prezidenti Emmanuel Makronun Azərbaycan və Rusiya ilə anlaşmağa can atdığı müşahidə olunur. Rəsmi Paris indi Ermənistandan daha çox üçtərəfli anlaşmaların icrasına nəzarət prosesində iştirak hüququ qazanmaqla, regiona dönə biləcəyinə ümid bəsləyir.
Belə anlaşılır ki, Fransa prezidenti Emmanuel Makron Paşinyan hakimiyyətini yarı yolda taleyin ümidinə buraxa bilər. Rəsmi İrəvan bu reallığı mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, bunun ağır nəticələri ilə məhz Ermənistanın üzləşəcəyi şübhə doğurmur.
Paşinyan hakimiyyətinin Rusiyaya yönəlik hərbi-siyasi avantürası da boşa çıxmaq üzrədir. Belə ki, sərhəd bölgəsində davamlı hərbi təxribatlar törədən rəsmi İrəvan Rusiyanı şantaj etməyə çalışırdı. Baş nazir Nikol Paşinyan Rusiyadan və KTMT-dan əvvəlcə Ermənistanla hərbi müttəfiqik barədə öhdəliklərə riayət etməyi tələb edirdi. Ancaq həm Rusiyadan, həm də KTMT-dan sərhəd bölgəsində baş verən silahlı insidentlərin müttəfiqlik öhdəliklərinə aidiyyatının olmadığı barədə alınan cavab rəsmi İrəvan üçün tərs şapalaq effekti verdi.
Hazırda Paşinyan hakimiyyəti hərbi təxribatları davam etdirərək Azərbaycan-Ermənistan sərhədlərində Rusiya hərbçilərinin və KTMT müşahidələrinin yerləşdirilməsinə çalışır. Ermənistan baş naziri bununla bağlı artıq bir neçə dəfə müraciət edib. Və tezliklə bu müraciətə müsbət cavab verilməsində israrlı mövqe tutur.
Erməni baş nazirin hərbi təxribatların törədilməsinə paralel olaraq, bu tələbi irəli sürməkdə əsasən iki hədəfi var. Birincisi, erməni baş nazir hərbi təxribatlar vasitəsilə sərhədlərin delimitasiya və demarkasiya prosesini mümkün qədər uzatmağa çalışır. Hətta mümkün olacağı təqdirdə, ümumiyyətlə, bu prosesin icrasının qarşısını almağı hədəfləyir.
Məsələ ondadır ki, delimitasiya və demarkasiya prosesi başlayacağı təqdirdə, Ermənistanın keçmiş SSRİ-nin xəritəsinə əsasən, vaxtilə ələ keçirtdiyi bir çox ərazisini Azərbaycana qaytarmaq lazım gələcəyini özləri də yaxşı bilirlər. Hətta Ermənistan cəmiyyətində delimitasiya və demarkasiya prosesinin keçmiş SSRİ-nin xəritələri ilə aparılmasının yolverilməz olduğunu iddia edirlər. Halbuki bunun əvəzində hansı xəritələrdən istifadə edilməsinin mümkün olduğunu da bilmirlər.
Səbəblər isə çox sadədir. Belə ki, keçmiş SSRİ-nin yaradılmasından öncə Ermənistan adlı dövlət və ya coğrafi məkan bu regionda ümumiyyətlə, mövcud olmayıb. Ona görə də, keçmiş SSRİ-nin xəritələrindən imtina ediləcəyi təqdirdə, indi Ermənistan adlanan ərazi bütövlükdə Azərbaycanın tərkibinə qatılmalıdır. Keçmiş SSRİ-nin bütün dövrlərinin xəritələri görə isə Ermənistan Azərbaycana xeyli ərazi borcludur. Bu səbəbdən də, delimitasiya və demarkasiya prosesindən ümumiyyətlə, imtina etməyə cəhd göstərirlər.
Bu prosesi əngəlləmək üçün isə hiyləgər plan düşünüblər. Sərhəd bölgəsində hərbi təxribatlar törətməklə Rusiyanı bu prosesə cəlb etməyə çalışırlar. Yəni, Paşinyan hakimiyyəti silahlı insidentləri bəhanə edərək, Rusiya sərhədçilərini iki ölkə arasında düzmək niyyəti güdür. Bununla da Azərbaycan və Ermənistan arasında Rusiya sərhədçilərinin timsalında "canlı divar" hörməyi planlaşdırır. Rusiya sərhədçilərinin arxasında gizlənib, delimitasiya və demarkasiya prosesini dalana dirəməyə cəhd göstərir.
Ancaq son baş verənlər onu göstərir ki, Paşinyan hakimiyyətinin bu planı da pozulmaq üzrədir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Aleksandr Bikantov bu məsələyə münasibət bildirib. O, vurğulayıb ki, Rusiya sərhədçilərinin Azərbaycan-Ermənistan sərhəd bölgəsində yerləşdirilməsi mümkün deyil: "Bu, tərəflər arasında etimad və beynəlxalq hüquqi əsaslandırma olmadığından hələlik mümkün deyil".
Rus diplomatın fikrincə, Azərbaycan və Ermənistan arasında gərginliyi yalnız vaxt itirmədən delimitasiya və demarkasiya prosesinə başlamaqla, aradan qaldırmaq mümkündür. Bu isə o deməkdir ki, Paşinyan hakimiyyətinin siyasi şantaj cəhdləri Rusiyada ciddiyə alınmır. Əksinə, rəsmi İrəvan fakt qarşısında qoyulur.
Məsələ ondadır ki, rus diplomatın dediklərindən belə anlaşılır ki, Rusiya sərhədçilərinin bölgədə yerləşdirilməsi üçün yalnız rəsmi İrəvanın müraciəti yetərli deyil. Buna Azərbaycan da razılıq verməlidir. Çünki iki ölkə arasında hələlik rəsmi anlaşmalarla dəqiqləşdirilmiş sərhədlər mövcud deyil. Rus sərhədçilərin mövcud olmayan sərhəddə yerləşdirilməsi mümkün deyil.
İndiki halda, onların yerləşəcəyi ərazilər Azərbaycana da aid ola bilər. Rəsmi Bakı isə öz ərazilərində yalnız Azərbaycan sərhədçilərinin yerləşdirmək niyyətindədir. Və bu baxımdan, Kreml Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüraları ucbatından Azərbaycan ilə mübahisəli vəziyyətə düşmək istəmir.
Təbii ki, Kreml Azərbaycan-Ermənistan sərhədlərinə öz hərbi qüvvələrini yerləşdirməkdən də imtina etmir. Çünki bu, Paşinyan hakimiyyətinə bölgəyə Qərb, o cümlədən, Fransa hərbi kontingentini çağırmaq kimi növbəti siyasi avantüra bəhanəsi vermiş olardı. Və Rusiya hazırda Ermənistan ucbatından Fransa ilə də hərbi-siyasi qarşıdurmaya həvəsli deyil.
Ona görə də, Kreml çox diplomatik şəkildə rəsmi İrəvana əvvəlcə sərhədlərin delimitasiya və demarkasiya prosesinə prosesinə başlamağı məsləhət görür. Yəni, Paşinyan hakimiyyətini Ermənistan sərhədlərini dəqiqləşdirməyə çağırır. Bu, baş verdikdən sonra Rusiya sərhədçiləri məhz Ermənistana aid ərazidə xidmətə başlaya bilərlər. Əks halda, Rusiya Ermənistana aid olduğu təsdiqlənməmiş ərazilərdə hərbi kontingent yerləşdirməyəcəyini qabardır. Və Kremlin bu mövqeyi tamamilə məntiqlidir.
Göründüyü kimi, Kreml erməni baş nazirin hərbi-siyasi hoqqabazlığına əhəmiyyət vermək niyyətində deyil. Rusiya bütün hallarda rəsmi İrəvanı üçtərəfli anlaşmaları icra etməyə çağırır. Kreml Paşinyan hakimiyyətinin "kaprizlər"ini diqqətə almamaqla, rəsmi İrəvanın manevr imkanlarını daha da məhdudlaşdırır. Rusiya Ermənistana delimitasiya və demarkasiya prosesindən yayınmağın mümkün olmadığını anlatmağa çalışır. Və bu, Paşinyan hakimiyyəti üçün növbəti "diplomatik qapaz" xarakteri daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert