Paşinyan Qərbə, Araik Rusiyaya sürünür: Azərbaycan bayrağı isə Xankəndiyə yaxınlaşır
Rəsmi İrəvan Ermənistanı Qərbə doğru dartır, baş separatçı Araik Arutunyan isə Xankəndi və ətraf bölgədəki erməniləri Rusiya sülhməramlılarının arxasında gizlətməyə çalışır; Bu ziddiyyətlər isə öz növbəsində Cənubi Qafqazda “erməni problemi”nin birdəfəlik həll olunmasının tezləşdirilməsinə ehtiyac yaradır…
Yenixeber.org: Cənubi Qafqazın “erməni probloemi” öz aktuallığını qoruyub saxlayır. Yəqin ki, hələ bir müddət bu “problem” regionun inkişaf perspektivlərini məhdudlaşdırmaqda davam edəcək. Və bu, əslində, Cənubi Qafqazın sabitlik şansının təhdid olunması anlamına gəlir.
Hazırda Paşinyan hakimiyyəti xüsusi təbliğat kampaniyansı aparır. Həmin təbliğat kampaniyasının əsas məzmunu isə ondan ibarətdir ki, münaqişə guya həll edilməyib. Halbuki “münaqişə ocağı” artıq çoxdan söndürülüb və mövcud deyil.
Ona görə də hesab etmək olar ki, Cənubi Qafqazda həlledilməmiş qalan yalnız bir problem qalıb. Yəni əgər, bu regionun “erməni problemi”nin hansı yolla olursa-olsun, həlli tapılarsa, Cənubi Qafqazın inkişafı qarşısında heç bir əngəl qalmayacaq.
Ancaq hələlik bu, bir qədər çətin məsələ təsiri bağışlayır. Çünki, gözləntilərin əksinə olaraq, Paşinyan hakimiyyəti seçkidən sonra vərdiş etdiyi avantürist siyasi kursuna geri dönüb. ABŞ və Fransanın Ermənistan üzərindən Cənubi Qafqaza yerləşməsinə cəhd göstərir.
Bu hədəfinə nail olmaq üçün isə bir tərəfdən Azərbaycan-Ermənistan sərhəd bölgəsində hərbi təxribatlar törədir. Sərhədlərin delimitasiya və demarkasiya prosesini qeyri-müəyyən müddətə gündəmdən çıxartmağa çalışır. Rəsmi Bakı ilə anlaşma ehtimalını heçə endirməyə cəhd göstərir.
Digər tərəfdən isə Rusiyanın regional maraqlarını təhlükə altına sala biləcək addımlar atır. Kreml ilə Ermənistan arasındakı münasibətlərin pozulmasına yönəlik qərarlar verir. Rusiyanı hərbi-siyasi faktorlar üzərindən şantaj edir. Və Kremlin konkret seçim etməsinə nail olmağa can atır.
Paşinyan hakimiyyəti ilk növbədə Rusiyanın rəsmi İrəvandan heç bir qarşılıq almadan birmənalı şəkildə Ermənistanın maraqlarını təmin etməsini istəyir. Halbuki Kreml Rusiyaya qarşı belə avantürist oyunlar qurulmasına qətiyyən vərdişli deyil. Və bu, o deməkdir ki, Rusiya Paşinyan hakimiyyətinin oyunlarına rəsmi İrəvanın ümid bəslədiyi məzmundan daha fərqli reaksiya da verə bilər.
Təbii ki, bu halda, Kreml rəsmi İrəvanın israr etdiyi seçimi birmənalı şəkildə qətiləşdirmiş olacaq. Yəni, Rusiya Ermənistanın avantürist maraqlarını qarşılıqsız olaraq, təmin etmək israrını geri çevirdiyini sezdirəcək.
Nəticədə Paşinyan hakimiyyətinin “avantürst plan”ının ikinci hissəsi işə salınmağa başlayacaq. Belə ki, rəsmi İrəvan hər imkanda Ermənistanın düşdüyü duruma görə Rusiyanı daha açıq şəkildə ittiham edəcək. Ermənistanın xilası üçün ABŞ və Fransanın Cənubi Qafqaza yerləşməsinə yönəlik addımları intensivləşdirəcək. İlk növbədə regionda Rusiya hərbi kontingentinin mümkün qədər ABŞ və ya Fransa hərbi qüvvələri ilə əvəzlənməsinin vacibliyini gündəmə gətirməyə çalışacaq.
Əslində, Ermənistanın gələcək taleyi də elə məhz Paşinyan hakimiyyətinin həmin ikinci variant üzrə hansısa addımlar atmasından sonra aydınlaşmağa başlayacaq. Çünki Kreml rəsmi İrəvanın bu istiqamətdə istənilən manevrini ən sərt reaksiya ilə qarşılaya bilər. Rusiya heç bir halda, regiondakı hərbi-siyasi iştirakını ABŞ və Fransaya güzəştə getməz. Əksinə, bu məsələ ABŞ-Fransa cütlüyü ilə çoxvektorlu hərbi qarşıdurmaya və Ermənistanın cəzalandırılması ilə nəticələnə bilər.
Onu da qeyd edək ki, hazırda Rusiyaya münasibət məsələsində Paşinyan hakimiyyəti ilə Araik Arutyunyanın separatçıları arasında ciddi fikir ayrılığının mövcudluğu da qətiyyən diqqətdədn yayınmır. Belə ki, Paşinyan hakimiyyətindən fərqli olaraq, separatçıların rəhbəri A.Arutyunyan Rusiyanın bölgədə mövcudluğunu yüksək qiymətləndirir. Onun fikrincə, Rusiya sülhməramlı qüvvələri Xankəndi və ətraf bölgədə yaşayan ermənilər üçün əvəzolunmaz qarantordur.
Baş separatçı hətta Rusiya sülhməramlıları olmayacağı təqdirdə, bölgədə ermənilərin mövcudluq şanslarının qalmayacağını da açıq şəkildə etiraf edib: “Rusiya sülhməramlıları Qarabağda müvəqqəti deyil, həmişəlik qalmalıdırlar. Əgər onlar olmasaydı, indi vəziyyətimiz indiki kimi deyil, tamamilə fərqli olardı”.
Göründüyü kimi, baş separatçı, Paşinyan hakimiyyətinin ABŞ və Fransa hərbi kontingenti ilə əvəzləməyə can atdığı Rusiya sülhməramlılarının ətəyindən daha möhkəm yapışmağa çalışır. Böyük ehtimalla baş separatçı, Paşinyan hakimiyyətinin Xankəndi və ətraf bölgədəki erməniləri taleyin ümidinə tərk etməyə hazır olduğunu artıq anlamağa başlayıb. Və ona görə də Rusiya sülhməramlılarının arxasında daha etibarlı gizlənmək üçün fərqli manevrlər etməyə çalışır.
Halbuki, yəqin ki, bunun mümkün olmayacağını baş separatçı özü də anlamamış deyil. Əks halda, “Rusiya sülhməramlıları Qarabağda müvəqqəti deyil, həmişəlik qalmalıdırlar” cümləsini qurmazdı. Baş separatçı da tam dəqiqliyi ilə bilir ki, Rusiya sülhməramlıları bölgədə müvəqqəti dislokasiya olunublar. Rəsmi Bakı tələb etdiyi təqdirdə, onlar Azərbaycan ərazilərini tərk edəcəklər və baş separatçının “həmişəlik” xəyalı puç olacaq.
Ona görə də, baş separatçının daha önəmli olan başqa bir reallığı da anlaması lazımdır. Xankəndi və ətraf bölgə Azərbaycan əraziləridir. Orada yaşamaq hüququnun təmin olunması Rusiya sülhməramlılarından asılı deyil. Ermənilərin Xankəndi və ətraf bölgədə yaşamasını yalnız Azərbaycan dövləti təmin edə bilər.
Buna nail olmağın yolu isə olduqca sadədir. Əvvəlcə separatizmdən tamamilə imtina etmək lazımdır. Bundan sonra Azərbaycan dövlətinə vətəndaşlıq üçün müraciət edilməlidir. Ardıncasa, Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinə müsbət reaksiya verilməlidir. Bütün bunlar olduqdan sonra ermənilərin Rusiya sülhməramlılarının arxasında gizlənməsinə elə bir ciddi ehtiyac qalmayacaq.
Ona görə də ermənilər bu barədə vaxt itirmədən düşünsələr, öz gələcəklərini xilas etmək şansı qazana bilərlər. Hər halda, ətrafa baxanda, mövcud vəziyyəti nəzərə alanda Rusiya sülhməramlı qüvvələrinin bölgədə heç də həmişə qalmayacağını özləri də anlamamış deyillər. Buna əmin olmaq üçün Xankəndidəki separatçı erməni tör-tökünütlərinin qadın təmsilçisi Metakse Akopyanın son təəssüratlarına nəzər yetirmək də kifayətdir.
Məsələ ondadır ki, Metakse Akopyan bildirb ki, Xankəndidən kənara çıxanda dəli olmaq dərəcəsinə çatır: “Hər yerdə Azərbaycan bayraqları dalğalanır... Yolda üç azərbaycanlı böyürtkən yeyir...”
Halbuki, Metakse Akopyanın bütün bunlara görə dəli olmaq dərəcəsinə çatmasının özü də anormallıqdır. Çünki Azərbaycan ərazilərində Azərbaycan bayraqlarının dalğasında qeyri-adi nə var ki…
Hər bir ölkənin ərazisində məhz həmin dövlətin bayraqları dalğalanmalıdır. Və azərbaycanlıların öz ölkələrinin – Azərbaycanın ərazilərində böyürtkən yeməsində də qeyri-adi heç nə yoxdur. İndi bir erməni separatçı qadın dəli olmaq dərəcəsinə çatacaq deyə azərbaycanlılar öz ölkələrinin ərazisində bayraq ucaldıb, böyürtkən yeməsinlərmi? Əslində, məhz bunlara qarşı çıxmağın özü dəli olmaq dərəcəsinə çatmaq anlamı daşıyır.
Maraqlıdır ki, erməni separatçı qadın hər yerdə Azərbaycan bayraqlarının dalğalanmasına, azərbaycanlıların öz vətənlərində böyürtkən yemələrinə görə bu ölkəyə heç bir aidiyyatları olmayan Ermənistanın baş naziri Nikol Paşinyanı və rəsmi Bakı tərəfindən barəsində beynəlxalq axtariş elan olunmuş separatçı Araik Arutyunyanl günahlandırır: “Siz isə, Araik (Arutyunyan) və Nikol (Paşinyan), asfaltlayırsız, camaatın başına çəkic atırsız və yalan danışırsız, yalan, yalan, yalan... Bu, bizi "xilas edəcək”.
Amma ədalət naminə qeyd edək ki, “yalan” məsələsində erməni separatçı qadın hər halda, haqlıdır. Nə Rusiya, nə ABŞ və Fransa, nə N.Paşinyan, nə də separatçı Araik Xankəndi və ətraf bölgələrdəki erməniləri xilas edə bilməz. Bu bölgədə yaşayan erməniləri yalnız Azərbaycan pasportları xilas edə bilər. Çünki separatçı erməni qadın Xankəndidən çıxanda görüb, dəli olmaq dərəcəsinə çatdığı Azərbaycan bayraqları ilə tezliklə daha yaxından tanış olacaq. Azərbaycan bayraqları tezliklə Xankəndidə və ətraf bölkədəki hər bir yaşayış məntəqəsində dalğalanacaq.
Hələliksə, baş nazir N.Paşinyan Ermənistanı Rusiyadan qoparıb, Qərbə doğru sürükləməyə can atır. Baş separatçı A.Arutunyan isə Xankəndi və ətraf bölgədəki erməniləri Rusiya sülhməramlılarının arxasında gizlətməyə çalışır. Bu ziddiyyətlər isə öz növbəsində Cənubi Qafqazda “erməni problemi”nin birdəfəlik həll olunmasının tezləşdirilməsinə ehtiyac yaradır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert