Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Xaotik olmasa da qarmaqarışıq mənzərə-ANALİZ

 

Yenixeber.org: Dövlət başçısı Ərdoğanın “dostum Donald” dediyi şəxsin ikinci dəfə prezident seçilə bilməməsinin Ankara-Vaşinqton münasibətlərinə ən azından ilk mərhələdə mənfi təsir göstərəcəyi seçkidən əvvəl də məlum idi; ona görə tərəfdar media sanki ABŞ seçiciləri üzərində təsir gücü varmış kimi Trampın seçilməsi üçün dəridən-qabıqdan çıxmışdı. Niyyət gerçəkləşməyincə lobbiçilik fəaliyyətinə güc verildi ki, telefonda salam-kəlam başlasın. Ancaq ABŞ-ın yeni idarəçilərinin tələbləri çox kəskin oldu və bu tələbin biri Ankaradakı səfir vasitəsilə diplomatik dildən istifadə etməyə ehtiyac duyulmadan açıq şəkildə ifadə edildi: Rusiyadan aldığınız S-400 hava hücumundan müdafiə raketlərindən tamamilə imtina etməlisiniz.

Soyuq müharibə dövründə bu cür kəskin tələblər düşmə tərəflərə  edilirdi, sistemi olmayan yeni dünyada isə müttəfiqlərlə də eyni üslubda danışılmasında, deyəsən, hər hansı problem görünmür.

Tələbin təkcə Vaşinqtondan deyil, Ankaradan (səfir vasitəsilə) bu şəkildə səsləndirilməsi Ankara üçün dilemma yolu qoymadı və dünənə qədər “vaz keçilməyəcəyi” ən yüksək pərdədən bəyan edilən S-400 məsələsindən vaz keçildi və bu durum siyasi münasibətlərdə o dəqiqə əksini tapdı.

Vaşinqton yeni dönəmdə Brüssel ilə birgə hərəkət edəcəyini planlaşdırarkən Avropa İttifaqı  da Türkiyəyə qarşı yeni sanksiya qərarını təxirə saldı.Türkiyədəki məşhur deyimlə “dəyənəyin hər iki ucu çirkli” olduğuna görə bu dəfə Moskva öz təzyiq mexanizmlərini yubanmadan işə saldı ki, onların da başında 5 ildən bəri olduğu kimi yenə Suriya gəlir.

Türkiyənin oradakı hərbi və mülki obyektlərinin bombalanmasının adi hala çevrilməsi  həmişəki kimi Şam  rejiminin hesabına yazılarkən əcnəbi cihadçıların  Ankaranın təkidlə müdafiə etdiyi İdlib bölgəsini tərk etmələrinə dair xəbərlər də  gəlməyə başladı. Şübhəsiz, burada Rusiyanın  təzyiqinin rolu var  və təxminən 5 ildən bəri “Moskvadan beli bağlı olan Ankara”  bu dəfə Ağ Ev ilə Kremlin eyni zamanlı təzyiqinə məruz qaldı. Ardınca Türkiyənin dəstəklədiyi qrupların Liviyanı tərk etmək məcburiyyətində qalması  gəldi ki, burada təkcə Rusiyanın yox, eyni zamanda Avropa İttifaqının tələbindən söhbət gedə bilərdi.

Keçən ilin yayından bəri Şərqi Aralıq dənizindəki səlahiyyət sahələrinə görə Yunanıstanla, daha sonra isə Liviyaya görə Fransa ilə problemlər yaşamış Türkiyəyə qarşı yeni sanksiya qərarının qəbul edilməməsində Ankaranın son dönəmlərdəki mülayim davranışlarını da unutmamaq lazımdır.

Yeni dönəmdə Vaşinqtonla münasibətlərin startını vermək üçün aparılan lobbi fəaliyyətlərilə yanaşı bu yumşalma siyasəti yaxın gələcək üçün nə vəd edir: Ankara-Moskva əməkdaşlığında yenidən “soyuma” dönəmi başlayaraq Avropa İttifaqı  və ABŞ ilə münasbətlər hərarətləndiriləcək, yoxsa yaxın keçmişdə olduğu  kimi Türkiyə iki tərəflə də şahmat oynama siyasətini davam etdirəcək? 22-23 apreldə İnternet vasitəsilə keçiriləcək İqlim zirvə toplantısına qədər Ankara ilə Vaşinqton arasında prezidentlər səviyyəsində telefon danışığı olsa və 22-23 apreldəki zirvə toplantısı bu başlanğıcın gətirib-gələcəyi və ya gəlməyəcəyi ovqat altında keçsə buna Moskva necə münasibət göstərəcək?

Ankarada iqtisadiyyat və siyasət sahəsində son günlərdə atılmış radikal addımlara Vaşinqtonun reaksiyası gecikmədi: kürd təmayüllü Xalqların Demokratiya Partiyasının qapadılması üçün Ali Məhkəmə baş prokorurunun Konstitusiya Məhkəməsinə göndərdiyi ittihamnamə (nöqsanlar olduğuna görə KM tərəfindən geri qaytarılıb), eyni partiyadan olan hüquq müdafiəçisi bir millət vəkilinin mandatının ləğv edilməsi (Fəzail Ağamalıya kəllə süzən Hüseyn Abdullayevin mandatı kimi), Mərkəzi Bankın 4,5 aylıq prezidentinin vəzifəsindən uzaqlaşdırılmasının bazarda yaratdığı dalğalanma və buna qarşı qeyri-hökumət təşkilatlarının uzun illərdən sonra, nəhayət, göstərə bildikləri sərt reaksiya, konkret adlar verilərək bəzi şəxslərin yubanmadan həbsdən azad edilməsinə dair səngiməyən tələblər və s.

Vaşinqtonun da, Brüsselin də həmişəkindən daha sərt etrazları kimi dəyərləndirildi. Yaxın gələcəkdə Ankara nələrə, haralardan başlayacaq ki, proseslərin heç olmasa bir qismini öz lehinə çevirməyə çalışarkən daxili ictimaiyyətdəki etibarı da çox zədələnməsin?

Həqiqətən Türkiyə öz  tarixinin yenidən çox   mürəkkəb bir  dövründən keçməkdədir və bu mürəkkəbliyi yaradan əsas səbəb Rusiya ilə silah sənayesi sahəsində münasibətləri bu qədər irəliyə aparmaq olub. Ankara nə düşünür: bu münasibətlərdən 180 dərəcə geri dönməyimi, bir neçə ildən bəri olduğu kimi ipə un sərməyimi,  yoxsa Moskva ilə yaratdığı münasibətlərin axıra qədər arxasında durmağımı?

Aprel bunun aydınlığa qovuşmasında veriləcək start ayı ola bilər. Həm də tərəflərin hamısı üçün. Unutmadan bunu da əlavə edim ki, bu ay həm də Nyu-Yorkda “Halkbank”  məhkəməsinin yeni mərhələsi də başlayır. Hazırda Ankaranın ən çox önəm verdiyi məsələnin “Halkbank” prosesinin  də ola biləcəyi heç kimi çaşbaş salmamalıdır. “Dostum Donald”ın öz səlahiyyətləri daxilində bundan əvvəlki məhkəmə proseslərində bəzi şeylərin qabağını almasına baxmayaraq, demokratların bu məsələyə gecə-gündüz vaxt ayırmaları Ankaradakı narahatlığı daha da artırır.

Və Ankara bununla bağlı da Vaşinqtona taktik xarakterli mesajlar göndərir.

Mayis Əlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam