Könlün xoş isə, təbəssüm eylə! Mehrin var isə, tərəhhüm eylə! (M.Füzuli)
Yenixeber.org: İranın “Mehr” xəbər agentliyinin müxbiri 26 fevral tarixli mətbuat konfransında Azərbaycanın dövlət başçısı İlham Əliyevə regionda terrorçuluq və ona qarşı mübarizə ilə bağlı sual verdi. Hamı başa düşdü ki, o, nə demək istəyir. İlham Əliyev də: ona görə jurnalistdən dəlil-sübut istədi. Söhbət təkcə iranlı müxbirin verdiyi sualdan getmirdi. O cümlədən İranın ali dini lideri Xamneyi səviyyəsində səsləndirilmiş fikirdən, ittihamdan gedirdi. 44 günlük müharibə ərzində cənub qonşumuzdan müxtəlif səviyyələrdə belə açıqlamalar gəldi. İlham Əliyev jurnalistlə polemikaya girərək, ondan mənbə istədi, təbii ki, gənc xanım da ad və mənbə göstərə bilmədi. Bu, pis cavab variantı deyildi, amma düşünürəm ki, müdafiə mövqeyindən olan variant idi. İttihamın əsassızlığını sübuta cəhd idi. Başqa variantlar ola bilərdimi? Ola bilərdi.
1-ci təhdid – ideoloji emissiyalar
Xanım jurnalistə cavab verək: “Bəli, regionda terrorun yayılmaması və terrorçuluğun qarşısının alınması üçün ən müxtəlif addımlara ehtiyac var. Bunlardan biri də digər dövlətlərin ərazisində ideoloji, xüsusilə dini-ideoloji qruplar, emissiyalar formalaşdırmamaqdır. Ya da bunun qarşısını almaqdır. Öz ideoloji sistemini dünyaya yaymaqla bağlı müddəanı Ana Yasandan çıxarmaqdır. Başqa ölkələrin daxilində özünün təsir dairəsini yaratmaq, insanları din və ya başqa ad altında yaşadıqları dövlətin konstitusion quruluşuna qarşı qoymaq, onları qanuni dövlət quruluşunu dəyişdirmək üçün təşkilatlandırmaq regionda terrorçuluğun genişlənməsi ilə nəticələnə bilər. Bu cür fəaliyyətlər dövlətlərin daxili nizamlarının pozulmasına və onu tənzimləyən mexanizmlərə – qanunlara, qanuni orqanlara – inamsızlıq, itaətsizlik formalaşdırır, vətəndaş qarşıdurmalarını tətikləyir, Suriya və Yəməndə olduğu kimi, bir ölkə içərisində bir neçə ziddiyyət mərkəzi yaradır. Məhz belə fəaliyyətlə məşğul olanlar özlərinin pis vərdişlərindən imtina etsələr, digər ölkələrin siyasi suverenliyinə hörmətlə yanaşsalar, terrorçuluqla mübarizə istiqamətində vacib addım atmış olarlar.
İkinci təhdid – silahlı iştiraka son
Problemlərdən ən başlıcası odur ki, bəzi dövlətlər başqa dövlətlərin ərazilərində, həm də sonuncularda dominant ictimai rəyin əleyhinə olaraq ordu saxlayırlar; beynəlxalq qaydaları pozmaqla, ideoloji zəmində savaşlarda tərəf kim iştirak edirlər. Hətta bu ordulara “ideoloji adlar” verirlər. Üstəlik, həmin orduların bəziləri dünyanın əksər hissəsində terror qruplaşması kimi tanınır. Belə hərbi iştiraklar olmasa, xalqlar öz daxili sinergetik gücləri hesabına ağrılı proseslərdən daha az itki ilə keçə, vətəndaş sülhünü daha tez təmin edə bilərlər. Amma başqa ölkələrin ərazilərində permanent ideoloji savaşların getməsində maraqlı olan ölkələr öz müdaxilələri ilə silahlı terroru dəstəkləmiş, bir çox hallarda isə təşkil etmiş olarlar. Buna biz vaxtilə və indi İraqda, Suriyada, Yəməndə məhz dini məzhəb savaşlarında iştirak edən xarici dövlətləri, habelə onların dəstəklədikləri orduları misal çəkə bilərik. Əlbəttə, Azərbaycan da İraqda kontingent saxlayır, amma bu hərbi birlik BMT-nin müvafiq mandatı üzrə sülhyaratma işini həyata keçirir və həmin mandatın cızdığı səlahiyyət dairəsindən əsla kənara çıxmır.
Nəhayət…
Biz İranın Azərbaycanı necə görmək fikrində olduğunu bilmək istərdik. Müstəqil, güclü, öz ərazilərinə tam nəzarət edən, Naxçıvanla sərbəst əlaqəsi olan bir Azərbaycan İranı niyə narahat etməlidir? İran bunu niyə istəməməlidir? Yuxarıdakı suallar təsadüfən ortaya çıxmır. Biz istərdik ki, İran rəsmiləri xalqlar arasındakı milli və mədəni bağları düzgün qiymətləndirsinlər. Belə məsələlər ölkələrin bir-birinə təzyiq mexanizminə çevrilsə, kimin daha çox zərər görəcəyi bəlli deyil. Buna əmin olmaq üçün 44 günlük müharibədə Ermənistana yük daşıyan maşınlara Güney Azərbaycandakı etirazları bir indikator kimi qiymətləndirə bilərik. Təbii ki, reallığı qiymətləndirmək niyyəti və imkanı olanlara.
P.S. Cavabsız daha bir sual: 26 fevralda ölkə başçısı İlham Əliyevin iranlı jurnalistə verdiyi cavab ölkə gündəminə hakim idi. Ancaq Ata Abdullayevin Xocalı şəhidlərini ziyarət mərasimində Xalq Cəbhəsi liderinə qarşı təxribatı və bu sətirlərin müəllifinin qısamüddətli həbsi gündəmə şərik çıxdı. Təbii, biz istərdik ki, şəhidlərin anımı zamanı belə hadisələr olmasın və mərasim sonadək onların ruhuna dərin sayğı şəraitində keçsin. Ancaq sorğumuz başqadır: bu biabırçılığı təşkil edən kimə yaxşılıq etmiş oldu: İlham Əliyevə, “təxribatçı” sual vermiş iranlı jurnalistə, ya hüzn tədbirində qəfl təxribatla üzləşənlərə?..