Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Bu virusla yaşamağı öyrənməyin vaxtıdır”-Bəs, COVİD-in qabartdığı problemlərin həllini öyrənməyin vaxtı gəlməyibmi?

 

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri tez-tez təkrar edirlər: “Biz bu virusla yaşamağı öyrənməliyik”. 

Yenixeber.org: Bununla onlar COVİD-i tam məhv etməyin mümkün olmayacağına işarə vururlar. Bəs, pandemiyanın qabartdığı çoxsaylı problemlərin həllini öyrənməyin vaxtı necə, yetişməyibmi?

Çoxuşaqlı ailələr, ahıllar, işsizlər… Pandemiya dövrünün məhdudiyyətlərini də nəzərə alsaq, onların həyat qayğılarının ağırlığını başa düşərik. Cəmiyyətin dəstəyi və dövlət yardımı olmadan bu insanlar öz problemlərinin öhdəsindən çətin gələ bilərlər. 

Təəssüf ki, ölkənin əksər şəhər və rayonlarında olduğu kimi, Mingəçevirdə də çoxuşaqlı ailələr, ahıllar və işsizlərə dövlət yardımı sahəsində vəziyyət ürəkaçan deyil. Həmkarımız bunun səbəblərini və çatışmazlıqların aradan qaldırılması yollarını araşdırır. 

                          Son 10 ildə çoxuşaqlı ailələrin sayı 4 dəfə azalıb

Mingəçevirdə yaşayan 23,7 min ailənin  874-ü çoxuşaqlıdır, yəni ailədə 4 və daha artıq övlad böyüyür. Onların əksəriyyəti pandemiya dövründə ciddi çətinliklərlə üzləşib – seçmə yolu ilə 10 ailə arasında keçirdiyimiz sorğu bunu deməyə əsas verir. Ailələrdən yeddisi sağlamlıq, təhsil, ərzaq və digər xərclərini qarşılaya bilmir. Cəmi iki ailə dövlət qurumları tərəfindən yardımlar, iki ailə isə pandemiya dövründə 190 manatlıq müavinət alır. Üç ailənin başçısı işsiz qaldığını bildirir. 

Karantin şəraitində çoxuşaqlı ailələrin özünüqoruma vasitələri, adicə tibbi maska almaqla, distant təhsilə qoşulmaqla bağlı da çətinlikləri yaranıb. Ailələrdən üçü kompüter, üçü isə internet və dərsə qoşulma problemi yaşadığını dilə gətirib. 

Vəziyyətin təhlili belə qənaətə gəlməyə əsas verir ki, iki və daha artıq üzvü daimi işə malik olduqda, bu cür ailələr öz dolanışığını təmin edə bilir. Amma rəyi soruşulanların yarısı günəmuzd işlərdə çalışdığından, pandemiya vaxtı qazanc əldə etmək yolları kəsilib. 

Həyat yoldaşından ayrılmış işsiz bir xanım etiraf edib ki, yaşlı valideynlərinin təqaüdü hesabına uşaqlarını dolandırır. Karantinlə əlaqədar sosial yardım üçün müraciətinə rədd cavabı almış digər bir xanım isə köçkün statusu ilə bağlı ailəyə verilən ayda 240 manatın ümidinə qaldıqlarını deyib: 

“Xocalı köçkünüyük. Mənim və bir övladımın onkoloji problemi var. Dövlət xəstəxanasında bizi düzgün müalicə etmədilər. Məcbur olub, özəl klinikaya müraciət etdik. Bu, bizə 7000 manata başa gəldi. Bankdan kredit götürdük, indi qaytara bilmirik. Heydər Əliyev Fonduna müraciətdən sonra bir dəfə 500 manat yardım aldıq. Amma bu, yaramızı sağaltmadı. Bank kreditimiz olduğuna görə ünvanlı yardım verməkdən də imtina etdilər. Mövsümi işlərlə məşğul olan həyat yoldaşım da indiki şəraitdə işsizdir”. 

Dövlət Statistika Komitəsinin 2009-cu ildə əhalinin siyahıyaalınmasına dair hesabatına görə, ölkə üzrə 1314,5 min ailədən 126,7 minini və ya 9,7 faizini 4 və daha çox uşaqlı ailələr təşkil edib. Eyni hesabatda həmin ildə Mingəçevir şəhəri üzrə 3524 çoxuşaqlı ailə olduğu göstərilib. 2019-cu ilin son siyahıyaalınmasının ümumi nəticələri hələlik dərc olunmayıb, amma Mingəçevir barədə toplanmış informasiya əsasında bu şəhərin timsalında deyə bilərik ki, 10 il ərzində belə ailələrin sayının 4 dəfədən də çox azalması müşahidə edilir. Ailələrin iqtisadi vəziyyətinin çətinləşməsi buna təsir edən mühüm amillər sırasındadır. Dövlət müxtəlif stimullaşdırıcı tədbirlərlə, o cümlədən çoxuşaqlı ailələrin problemlərini həll etməklə əhali artımına nail ola bilər. Son vaxtlar uşaqlara görə aylıq müavinətlərin verilməsi (bərpa olunması) də ciddi müzakirə mövzusuna çevrilib. Ünvanlı Sosial Yardım, Özünüməşğulluq Proqramı və digər sosial paketlərin icrasında korrupsiya və rüşvət faktorunun olduğu danılmazdır, amma ortada uşaq varsa, ailəyə çatacaq yardıma nəzarət mexanizmi çox sadədir. Eyni zamanda statistika idarələrində çoxuşaqlı ailələrlə bağlı 10 ildən bir deyil, daha qısa zaman fasiləsi ilə hesabatların hazırlanması mövcud sahədəki boşluqları vaxtında üzə çıxarmağa imkan yarada bilər. 

               Ahıllara yardımın həcmi barədə məlumatlar ictimaiyyətə açıqlanmır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarından aldığımız məlumata görə, ötən ilin əvvəlinə Mingəçevirdə 3649 nəfər 70 yaşdan yuxarı insan olub. Onlardan 865 nəfərinin yaşı 80-i, 45 nəfərinin yaşı 90-ı, 3 nəfərinin yaşı isə 100-ü ötüb.

Bəs, bu insanların nə qədərinə pandemiya şəraitində sosial yardım göstərilir? 

ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 15 saylı Mingəçevir filialından verilən məlumata görə, qurumun yerli təşkilatına müraciət edən və araşdırma nəticəsində sosial xidmətə ehtiyacı olduğu təsdiqlənən 209 nəfər ahıl (70 yaşdan yuxarı) şəxs müəyyənləşdirilib. Eyni zamanda, 70 yaşdan aşağı 80 nəfərin də evdə sosial xidmətə ehtiyacı olduğu aydınlaşdırılıb. 

Bəri başdan deyək ki, evdə sosial xidmətə ehtiyacı olan insanlara pandemiya dövründə ayrılan maliyyənin həcmi barədə məlumat əldə edə bilmədik. Çünki müxtəlif dövrlərdə həyata keçirilən qısamüddətli layihələrlə bağlı məlumatlarda xərclər açıqlanmır. Filialın direktoru Zəfər Hacıyev isə bütün maliyyə məsələlərinin filiala deyil, agentliyə aid olduğunu bildirir: “Yardımlar mərkəzləşdirilmiş qaydada baş ofisdən göndərilir Bizim vəzifəmiz sadəcə, göndərilən yardımları aidiyyəti olanlara çatdırmaqdan ibarətdir”. 

Yeri gəlmişkən, ayrı-ayrı layihələr çərçivəsində müxtəlif zamanlarda Mingəçevirdə insanların gün ərzində müraciət edə biləcəkləri mərkəzlər fəaliyyət göstərib. Lakin layihələr bitib və hazırda şəhərdə belə mərkəz yoxdur. Buna görə də pandemiya günlərində ahılların ehtiyacları artıb.

Mingəçevir İcra Hakimiyyətindən rəsmi sorğumuza cavab olaraq bildiriblər ki, şəhərdə COVİD-19 pandemiyası ilə bağlı birdəfəlik yardım alan şəxslərin sayı 1537 nəfərdir: “Onlardan 746 nəfəri sağlamlıq imkanı məhdud uşaqlar, 350 nəfəri ahıllar, 105 nəfəri aztəminatlı ailələr və 336 nəfəri ailə başçısını itirənlərdir. Bundan əlavə, 450 nəfər 65 yaşdan yuxarı, tənha və imkansız şəxsə, onların ailələrinə İcra Hakimiyyəti xətti ilə birdəfəlik ərzaq yardımı edilmişdir”. Amma İcra Hakimiyyətinin cavabında da şəhərdə pandemiyaya qarşı sosial-iqtisadi dəstək tədbirlərinin ümumi maliyyə tutumu barədə məlumat açıqlanmayıb. 

On nəfər ahılla (5 kişi, 5 qadın) aparılan fərdi müsahibələr zamanı aydınlaşıb ki, 2020-ci ilin mart-sentyabr ayları ərzində onlara yardımlar əsasən Heydər Əliyev Fondu və yerli İcra Hakimiyyətinin adından çatdırılıb. Ahıllardan beşi İcra Hakimiyyətinin onların problemləri ilə maraqlandığını, arabir ərzaq yardımları göndərdiyini, bir nəfəri isə dərmanlarını yerli bələdiyyənin köməyi ilə ala bildiyini deyib. Amma 78 yaşlı bir qadın indiyədək dövlətdən heç bir yardım almadığını söyləyib. Başqa qadın isə (82 yaş) müalicəsi ilə bağlı çətinlik çəkdiyindən, hər ay dərmana 66 manat verməli olduğu üçün ehtiyaclarını güclə ödədiyindən danışıb. O həm də bildirib ki, yaşadığı mənzili dələduzluq yolu ilə satıblar, hazırda kirayədə qalır, 233 manatlıq pensiyasının 100 manatını hər ay kirayə üçün ödəyir: “Yataqxanaların birində mənə bir otaq ayrılması üçün dəfələrlə İcra Hakimiyyətində olmuşam, kömək edən yoxdur”. 

Müsahibədə iştirak edən 73 yaşlı qadın əvvəl Bakıda yaşadığını, pandemiya başlayandan Mingəçevirə köçdüyünü, ilk vaxtlar xüsusilə ərzaq sarıdan korluq çəkdiyini deyib. Yaxınlıqda yaşayan bir qadın ona ərzaq və dərman almaqda kömək edib, sonradan sosial xidmət idarəsinə müraciət etməkdə yardımçı olub, beləliklə, vəziyyəti xeyli dərəcədə yüngülləşib. 

Bu gün Mingəçevirdə evdə xidmət alan ahıl vətəndaşlara 33 sosial xidmət işçisi yardım göstərir. Rəyi soruşulanların hamısı onlara həftədə 2 dəfə evdə xidmət göstərildiyini təsdiqləyiblər. Ahıllar hətta xidmətçilərinin adlarını çəkərək, təşəkkürlərini çatdırmağı xahiş ediblər. Belə xidmət, adətən, mənzilin və ya evin yığışdırılması, yemək hazırlanması, dərman alınması, bazarlıq edilməsindən ibarətdir. 

Əslində, evdə sosial xidmətlə əhatə olunan bütün şəxslər barədə məlumat ƏƏSMN-nin veb-səhifəsində yerləşdirilsəydi, biz özümüz respondentləri onların arasından seçə bilərdik. Hazırkı halda isə nazirliyin yerli qurumunun təqdim etdiyi siyahı üzrə apardığımız müsahibələr reallığı tam əks etdirməyə bilər və biz bu barədə oxucunu xəbərdar etməyə borcluyuq.    

Özünü işsiz sayanların xeyli hissəsini dövlət işsiz hesab etmir

Dövlət Statitika Komitəsindən verilən məlumata görə, 2020-ci il fevral ayının 1-dək məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manatdır. Bəs, necə oldu ki, cəmi bir neçə ay sonra ölkədə işsizliklə bağlı müavinət alanların sayı 600 min nəfərə çatdırıldı? 

Təbii ki, COVİD-19 virusunun yayılması nəticəsində məşğulluq sahəsində ciddi problemlər müşahidə edildi. Məsələn, özünü işsiz hesab edənlərin sayının xeyli çox olduğu üzə çıxdı. Mingəçevirin müxtəlif hissələrində yaşayan 30 nəfərlə müsahibədən sonra vəziyyəti qiymətləndirməyə çalışmışıq. 

Rəyi soruşulanların 21-i işsizliklə bağlı 190 manatlıq birdəfəlik müavinət almaq üçün müraciət etdiyini, onlardan 10 nəfəri müraciətinin müsbət nəticələndiyini bildirib. Yalnız 9 nəfər müavinət istəməyib.

Müavinət alanların 3-i deyib ki, e-sosial.az səhifəsinə özü daxil olub və tələb olunan formanı doldurub. Digər 7 nəfər bunu yaxınlarının köməyi ilə edib. Belə ki, onların əvəzinə onlayn formanı başqaları doldurub. Həmin şəxslər etiraf ediblər ki, özləri, ümumiyyətlə, internetdə işləməyi bacarmırlar, sadəcə, telefonlarına mesaj gələndə müavinət alanların siyahısına düşdüklərindən xəbər tutublar.  

Rəyi soruşulanların 2-si çoxdan işsiz statusu aldığını, 3-ü müavinət söhbəti çıxanda e-sosial.az səhifəsində işsiz kimi qeydiyyata düşdüyünü, 5-i isə həmin ərəfədə işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzində çalışanların xidmətindən istifadə etdiyini bildirib. 

Müavinət almayanlar bunu müxtəlif səbəblərlə əsaslandırmağa çalışıblar. Belə ki, müraciət edən 21 nəfərdən 11-i Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” barədə məlumatsız olduğunu deyir. Onlar imtina məktubu gələndən sonra öyrəniblər ki, bu müavinətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olmayan şəxslərə verilməsi nəzərdə tutulmur. Bir nəfər mobil telefonuna gələn mesajı göstərərək, sadəcə, “Məşğulluq haqqında” Qanunun 4.1 maddəsinə əsasən imtina edildiyini bildirib. Müavinət almayanların işsiz kimi qeydiyyatda olmadığı, adlarına aktiv VÖEN və torpaq sahəsi olduğu, həyat yoldaşlarının aylıq təqaüd aldığı üzə çıxıb. Onlar həm də belə güman edirlər ki, müraciətlər onlayn formada olsa da, kompüterə “əl qatılır”, “hökumət idarələrində özlərinə sərf edən adamların sənədlərini qaydaya salıb, onlara müavinət təyin edirlər”.  

Müavinət almaq üçün müraciət etməyənlər bunun səbəbini inamsızlıq, məlumatsızlıq, həmçinin həmin dövrdə ehtiyacının olmaması, həyat yoldaşının işləməsi, ailə üzvünün pensiya alması ilə əlaqələndiriblər. İşsiz kimi qeydiyyata düşmək istəməyənlər də seçimlərini izah ediblər: “Onsuz da heç yerdə iş yoxdur, uçota durmağa nə ehtiyac”; “İnanmıram, çünki iş vermirlər”; “Sağlamlığımda problem var, münasib iş veriləcəyinə inanmıram”; “Gündəlik işlərlə onun-bunun qapısında çörəyimi qazanıram”; “Təklif olunan işlər üçün ayda cəmi 250 manat verirlər, ondansa bazarda göyərti satmaq sərfəlidir” və s. 

Rəyi soruşulanların biri istisna olmaqla, hamısı (hətta 190 manat müavinət alanlar da) maliyyə problemindən gileyləniblər. Onlar ərzaq və dərman, uşaqlara geyim, özlərinə siqaret almaqda, kommunal xidmətləri, övladlarının təhsil xərclərini, kredit borclarını ödəməkdə çətinlik çəkdiklərini bildiriblər. Hətta bəziləri valideynlərinin təqaüdləri hesabına yaşadıqlarını etiraf ediblər. Daha çox narazılıq iş yerlərinin bağlanması ilə bağlı olub. 

Fərman Nəbiyev:

“Mingəçevir işıqları” qəzetinin və mi-news.az səhifəsinin baş redaktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam