Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə Avropa Birliyini parçalayır: Ərdoğanın sərt Bakı mesajı "sanksiya niyyətləri"ni pozdu

 


Prezident Rəcəb Tayyib Ərdoğanın Avropa Birliyi müzakirələrindən cəmisi bir gün əvvəl Bakıda "Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və əgər, qoşulmaq istəyərsə, Ermənistanın da iştirakı ilə yeni regional iqtisadi əməkdaşlıq məkanı yaradıla bilər" deməsi "qoca qitə"nın strateqləri üçün "soyuq duş" effekti yaratdı...

Yenixeber.org: Almaniya kansleri Angela Merkel isə Türkiyəyə silah satışına embarqo qərarının NATO daxilində qəbulunu təklif etməklə, hiyləgər bir manevr etmiş oldu, bu məsələni "düyünkəyərək", Alyansın arxivinə döndərdi...

Alternativ variantları olan rəsmi Ankara üçün Avropa Birliyi önəmini və strateji iqtisadi hədəf rolunu itirir, əksinə, indi "qoca qitə" Türkiyəyə daha çox möhtac duruma düşməkdədir...

Türkiyə və Avropa Birliyi arasında ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. İndi qarşılıqlı münasibətlər az qala qopma nöqtəsinə gəlib. Və bu, hər iki tərəf üçün də arzuolunmaz situasiya kimi dəyərləndirilə bilər.

Onu da qeyd edək ki, Türkiyə və Avropa Birliyi arasında ziddiyyətlər yeni deyil. Bu, həmişə mövcud olan bir reallıqdır. Ancaq indi mövcud olan böhran heç vaxt yaşanmayıb.

turkiye-avropa_ittifaqi_2.jpg (30 KB)

Əslində, qarşılıqlı münasibətlərdə olan əsas problemlər məhz Avropa Birliyinin daxilində cərəyan edən proseslərdən qaynaqlanır. Çünki bu qurumun daxilində Türkiyəyə qarşı həmişə qərəzli münasibət ön planda dayanıb.

Məsələ ondadır ki, rəsmi Ankara artıq 30 ilə yaxındır ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün bütün mümkün cəhdləri göstərməkdədir. Avropa Birliyinin onilliklər boyu Türkiyə qarşısında irəli sürdüyü bütün şərtlər, hətta bu qardaş ölkənin milli təhlükəsizlik maraqları ilə kəskin ziddiyyət təşkil edən haqsız tələblər belə, yerinə yetirilib.

Ancaq Türkiyə hələ də Avropa Birliyinə üzv qəbul edilməyib. Bu müddət ərzində sosialist düşərgəsi dağılıb və bu məkana aid anti-demokratik Şərqi Avropa ölkələri belə, artıq çoxdan bu qurumun tam hüquqlu üzvlərinə çevriliblər. Türkiyədən isə hələ də "demokratiya imtahanı" vermək tələb olunur.

Bu prosesin ən yüksək səviyyəsi Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə  bağlı müzakirə müddətinin müəyyən edilməsi ilə yaşanıb. Və rəsmi Ankara öz hədəfinə olduqca yaxınlaşmışdı.

erdo-photo_33720464.jpeg (53 KB)

Ancaq bu proses Türkiyənin ən qatı beynəlxalq düşməni Yunanıstanın səyləri ilə demək olar ki, pozuldu. Rəsmi Afina Avropa Birliyi üzərindən Kipr böhranının həllini əsas şərtlərin sırasına daxil etməyə nail oldu. Və Türkiyə bu məsələdə Kipr türklərinin maraqlarını qorumağı üstün tutdu.

Nəticədə Türkiyənin əleyhinə olan Fransa və Yunanıstan yeni bəhanə qazandılar. Türkiyənin Avropa Birliyinə yolunu qapadılar. Avropa Birliyi yunanların yaşadığı Cənubi Kipri ümumi ada dövləti statusunda tanıyaraq, öz sıralarına qəbul etdi.

Bununla da, aydınlaşdı ki, Avropa Birliyi güclü müsəlman dövləti olan Türkiyəni öz sıralarında görmək istəmir. Çünki əks halda, Avropa Birliyinin ənənəvi siyasi idarəçilik düzəni dəyişə bilərdi.

Məsələ ondadır ki, Avropa Birliyinin struktur və qurumlarının formalaşmasında üzv dövlətlərin əhali sayı həlledici rol oynayır. Bu sistem Türkiyəni Avropa Birliyində siyasi-hüquqi cəhətdən əsas söz sahibi olan Almaniyadan sonra ikinci dövlətə çevirəcəkdi. Bu qurumun ideoloq və strateqləri isə Avropa Birliyinin güclü müsəlman dövləti Türkiyənin nəzarətinə keçməsinə yol verə bilməzdilər.

turr1604669177_turkey-au.jpg (38 KB)

Avropa Birliyinə indiki Türkiyə qətiyyən lazım deyil. Bu qurum Türkiyənin parçalanmasında və öz sərhədlərinə yaxın qərb hissəsinin yeni dövlət statusunda üzvlüyə qəbulunda maraqlıdır.

Təbii ki, Türkiyədə Avropa Birliyinin bu "qara niyyətlər"ini çox gözəl anlayırlar. Ona görə də, son illərdə rəsmi Ankara Türkiyənin Avropa Birliyinə üzvlük məsələsini öz prioritet hədəfləri sırasından artıq çıxarıb. İndi rəsmi Ankara Avropa Birliyinin sıralarına elə də israrla can atmır. Əksinə, Avropa Birliyinin bu barədə qərar verəcəyi təqdirdə, üzvlük məsələsini düşünə biləcəyini mesaj verir.

Əslində, rəsmi Ankara hazırda Türkiyənin Avropa Birliyindən kənarda daha sürətlə inkişaf edərək, dünya supergücləri sırasına qatıla biləcəyi qənaətindədir. Hətta indi Türkiyə siyasi dairələrində "Avropa Birliyinə ehtiyacımız yoxdur, bu qurumun bizə ehtiyacı var" qənaəti daha yüksək səslə dilə gətirilməkdədir. Bu isə situasiyanı ciddi şəkildə dəyişdirir, Avropa Birliyinin onilliklər boyu Türkiyəyə təzyiq üçün yararlandığı əsas siyasi-iqtisadi faktorları əhəmiyyətdən salır.

Əksinə, indi "iplər" Türkiyənin əlinə keçməyə başlayıb. Belə ki, son vaxtlarda əsas qarşılıqlı təzyiq faktları Avropa Birliyindən daha çox rəsmi Ankaranın əlində cəmləşmiş kimi görünür.

fr-yun.jpg (34 KB)

Məsələ ondadır ki, Avropa Birliyi ölkələri son bir il ərzində öz iqtisadiyyatlarının nə qədər kiçildiyini əks etdirən rəqəmlər açıqlamaq məcburiyyətində qalıblar. Türkiyədə isə tamamilə fərqli situasiya hökm sürməkdədir.

Belə ki, bir neçə gün öncə açıqlanan məlumata görə, 2020-ci il ərzində Türkiyə iqtisadiyyatı kiçilməyib, əksinə, 6.7 faiz böyümə ilə diqqəti çəkib. Yəni, Avropa Birliyi üçün Türkiyəyə qarşı iqtisadi təzyiq faktları ümidverici təsir mexanizmi deyil.

Təbii ki, bu önəmli faktor Avropa Birliyinin son zirvə toplantısında Türkiyə ilə bağlı müzakirələrin məzmununa da birbaşa təsir göstərib. Müzakirələrdən öncə rəsmi Afina Türkiyə-Yunanıstan ziddiyyətlərini Türkiyə-Avropa Birliyi qarşıdurmasına çevirə bildiyindən məmnun olduğunu bəyan etmişdi. Və Yunanıstanın bu məmnuniyyətini Fransa da bölüşürdü.

Ancaq Fransa-Yunanıstan ittifaqının Türkiyə ilə bağlı ümidləri özünü doğrultmadı. Belə ki, bu ittifaq Şərqi Akdəniz böhranına görə Avropa Birliyinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyini umurdu.

akdeniz1600673770_1c667d0d-8b6e-4ad8-b057-b3d31a1c8c1c.jpg (70 KB)

Halbuki Türkiyə artıq ikinci dəfədir ki, analoji müzakirələrdən heç bir zərər görmədən çıxmağa nail ola bildi. Hətta bu müzakirələr Avropa Birliyi daxilində ciddi mövqe parçalanmasına da yol açmış oldu. Belə ki, Fransa, Yunanıstan və Cənubi Kiprin israrlarına baxmayaraq, Almaniya, Belçika, İspaniya, İtaliya və s. kimi siyasi deyil, iqtisadi faktorları ön planda tutan ölkələr Türkiyəyə qarşı sanksiyaların tətbiqində tələsik addımları yolverilməz hesab etdilər. Və bu məsələnin müzakirəsi gələn ilin mart ayına qədər təxirə salındı.

Onu da qeyd edək ki, mart ayında fərqli nəticənin ola biləcəyi də inandırıcı deyil. Çünki indi bütün dünyada iqtisadi böhran yaşanır. Avropa Birliyi isə belə durumda maliyyə-iqtisadi zərəri qaçılmaz olacaq addımlara həvəs göstərməz.

Məsələ ondadır ki, Türkiyə Avropa Birliyi ölkələri üçün önəmli bazar məkanı rolunu oynayır. Bu quruma üzv dövlətlər isə Fransa və Yunanıstanın Türkiyə düşmənçiliyi ucbatından bu bazarın qapıları arxasında qalmağa həvəs göstərməzlər.

Maraqlıdır ki, rəsmi Ankara Avropa Birliyinə problemlər yarada biləcəyini, bu quruma əks sanksiya addımları ilə cavab verəcəyini qətiyyən gizlətmir. Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər Paradında çıxış edərkən, bu sanksiyaların qarşılığı ilə bağlı ilkin xəbərdarlığını etmişdi.

mererd.JPG (30 KB)

Məsələ ondadır ki, prezident Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi müzakirələrindən cəmisi bir gün əvvəl Bakıda "Türkiyə, Rusiya, Azərbaycan, İran, Gürcüstan və əgər, qoşulmaq istəyərsə, Ermənistanın da iştirakı ilə yeni regional iqtisadi əməkdaşlıq məkanı yaradıla bilər" dedi.

Belə bir məkanın yaradılması təbii ki, Avropa Birliyi ölkələri üçün arzuolunan deyil. Çünki bu halda, yeni iqtisadi oyunçuların iştirakı ilə Türkiyənin əsas söz sahibi ola biləcəyi bazar zonasının ortaya çıxması maliyyə axınını Avropadan uzaqlaşdıra bilər. Üstəlik, bu məkanın ətrafında Orta Asiya və Çinə çıxış "pəncərə"sinin mövcudluğunu da nəzərə aldıqda, yeni iqtisadi əməkdaşlıq zonasının coğrafiyasını təsəvvür etmək çətin deyil.

Beləliklə, prezident Rəcəb Tayyib Ərdoğanın sərt Bakı mesajı Avropa Birliyini düşünmək məcburiyyətində qoydu. Fransa-Yunanıstan ittifaqının niyyətlərini boşa çıxartdı. Digər tərəfdən, Almaniya kansleri Angela Merkel Türkiyəni məmnun edə biləcək daha bir addım atmaqla, ortaya çıxa biləcək növbəti böhranı nizamladı.

Məsələ ondadır ki, Almaniya kansleri A.Merkel Türkiyəyə silah satışına qoyulması nəzərdə tutulan embarqo qərarının NATO daxilində həllini təklif etməklə, olduqca hiyləgər bir manevr etdi. O, NATO ölkəsi olan Türkiyəyə qarşı embarqonun bu qurumun iradəsindən kənar reallaşdırılmasının yolverilməz olduğunu vurğulayıb. İddia edib ki, belə bir addım dolayısı ilə NATO-ya qarşı embarqo görüntüsü yarada bilər.

sf-40035.jpg (42 KB)

Təbii ki, Almaniya kansleri hiyləgər və təcrübəli siyasi liderdir. O, əvvəlcədən əmindir ki, NATO daxilində Türkiyəyə qarşı silah satışı embarqosu baş tutan məsələ deyil.

Səbəbsə, çox sadədir. Türkiyə ilə silah böhranının rəsmi Ankara üçün alternativinin artıq çoxdan hazır olduğu hər kəsə məlumdur. Vaxtilə Patriot sistemlərini satmadılar, Türkiyə Rusiyadan "S-400" raket sistemləri almaqla, cavab verdi. "F-35" böhranı yaratdılar, Türkiyə Rusiyadan "Su-52" almaq niyyətini gündəmə gətirdi.

Belə alternativ manevrləri ehtiyatda saxlayan Türkiyəyə qarşı silah embarqosunun effektiv ola biləcəyi inandırıcı deyil. Və Almaniya kansleri də Türkiyə kimi faydalı silah alıcısını itirmək əvəzinə məsələnin həllini "düyünə salaraq", NATO-nun arxivinə göndərdi.

Göründüyü kimi, Türkiyə Avropa Birliyini siyasi-iqtisadi maraqlar üzərindən parçalamağa başlayıb. Çünki, artıq Avropa Birliyi Türkiyə üçün strateji hədəf deyil, bu qurumun rəsmi Ankara üçün əhəmiyyəti zəifləyir. Əksinə, indi Avropa Birliyi üçün Türkiyənin önəmi daha ön plana çıxmağa başlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam