Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycanın “sülhə məcburetmə” əməliyyatı -ŞƏRH

 

                                   

                                    İşğalçıya qarşı hərbi gücün tətbiqi qaçılmaz zərurət idi  

“Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir”.

Ölkədə böyük həyəcan və ruh yüksəkliyi ilə qarşılanan bu məlumatı 2020-ci il 27 sentyabr tarixində, səhər saat 09:10-da Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Rəsmi açıqlama əslində gözlənilməz olmadı, çünki iyul ayında Azərbaycan-Ermənistan sərhədlərinin Tovuz istiqamətində baş verən qısamüddətli toqquşmalardan sonra bölgədə hərbi vəziyyət və siyasi mənzərə dəyişməyə başlamışdı, son günlərdə isə ehtiyatda olan hərbi qulluqçular hərbi toplanışa çağırılırdı, ölkənin hər yerində insanlar tezliklə müharibənin başlayacağını söyləyirdilər. Tovuz olayından sonra ictimai rəydə əsas dəyişiklik bu idi ki, işğal olunmuş ərazilərin geri alınması üçün Azərbaycan xalqının gözləntiləri yüksəlmiş və toplumdan siyasi hakimiyyətə bu yöndə basqı artmışdı. 14-15 iyulda Bakıda baş verənlər bunun göstəricisi idi, atəşkəsin hökm sürdüyü dövrdə ilk dəfə idi ki, xalq Qarabağ tələbi ilə küçələrə çıxmışdı. Ən yüksək səviyyədə – şəxsən prezident tərəfindən verilən bəyanatlar, açıqlamalar da xalqın gözləntilərini artırırdı. Regional geosiyasətdə baş verən əsas keyfiyyət dəyişikliyi isə Azərbaycan-Türkiyə əməkdaşlığının hərbi istiqamətinin gözlə görünən şəkildə yeni səviyyəyə yüksəlməsidir. Avqustun əvvəlində keçirilmiş Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən sonra Türkiyə hərbi kontingentinin ölkəmizi tərk etmədiyi hərbi sirr deyil və hamının bildiyi, yazıb-söylədiyi faktdır. Türkiyə hərbi mövcudiyyəti heç şübhəsiz, Azərbaycanı cəsarətləndirən amildir, məhz bu amilin təsiri ilə biz Azərbaycan rəhbərliyinin əvvəlki dövrlərdən fərqli olaraq, Rusiya qarşısında öz tələblərini daha sərt və açıq şəkildə qoya bildiyini müşahidə edirik.    

Bundan sonra nə olacaq? 

Aydındır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa) başda olmaqla, dövlətlər, beynəlxalq təşkilatlar tərəfləri dərhal hərbi əməliyyatları dayandıraraq masaya oturmağa çağıracaqlar. Lakin onu qeyd etmək lazımdır ki, münaqişənin həllinin bu qədər uzanmasında vasitəçilərin siyasəti ciddi rol oynayıb. Onlar tərəflər – işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyaraq ədalətli sülh planı təklif etməyiblər və ya edə bilməyiblər. Həmsədrlər arasında əlbəttə ki, regionda əsas oyunçu və hər iki ölkə üzərində müəyyən təsir imkanlarına malik olan Rusiya Federasiyasının mövqeyi daha önəmlidir. Münaqişənin indiyədək uzanmasının səbəblərindən biri də budur ki, ABŞ və Fransa həll prosesində Rusiyanın aparıcı rola malik olmasına etiraz etməyiblər və Moskvanın burada dominantlığını qəbul ediblər. Moskva da məsələyə sırf öz maraqlarından yanaşaraq problemi dondurub, bəzən isə qısamüddətli lokal toqquşmalara mane olmayaraq, sonradan öz müdaxiləsi ilə atəşkəsi yenidən bərpa edib. Bununla Moskva Qərbə “sülhyaratma” gücünü nümayiş etdirib, Qərb isə müharibədə maraqlı olmadığından, Rusiyanın “atəşkəsin yeganə təminatçısı” rolunu tanıyaraq onu dəstəkləyib. 2016-cı ilin 4 günlük aprel döyüşlərindən sonra məhz Moskvanın vasitəçiliyi ilə tərəflər atəşkəsin bərpasına razı oldular. Bu ilin iyulundakı Tovuz hadisələrindən sonra da Rusiya döyüşlərin dayandrılmasında müəyyən rol oynadı. 

Hazırda cəbhədə baş verənlər haqqında ətraflı məlumatlara malik olmasaq da, Azərbaycan və Ermənistandan verilən rəsmi açıqlamalar göstərir ki, bu dəfə toqquşmalar lokal deyil və bütün təmas xətti boyunca döyüşlər gedir. Azərbaycan erməni ordusunun cəbhənin dərinliklərində, hətta Xankəndində yerləşən hərbi obyektlərinə də zərbələr endirir. Bu, 1994-cü il atəşkəsindən bəri ilk dəfədir.  

Maraq doğuran suallardan biri budur ki, Azərbaycan rəhbərliyi əməliyyatlardan əvvəl Rusiya ilə lazımi siyasi-diplomatik təmaslar aparıb, ya yox? Moskvanın reaksiyası necə olacaq? 

Ermənistandakı inqilabdan sonra Azərbaycanda ekspert, təhlilçi, şərhçi, siyasətçi olmayanlar da bildirirdilər ki, Rusiya ilə Paşinyan hökuməti arasında anlaşılmazlıq və soyuqluq var, Azərbaycan bundan faydalanmalıdır. Bu, bir az bəsit fikir kimi görünsə də, yanlış da deyildi, çünki Moskva postsovet məkanında xalq inqilabı yolu ilə hakimiyyət dəyişikliyinin baş verməsinə qarşıdır və gücü yetən qədər bunu əngəlləməyə çalışır. İş elə gətirdi ki, xalq inqilabı Rusiyanın postovet məkanında mövqelərinin ən güclü olduğu müttəfiq bir ölkədə baş verdi, nəticədə Moskvaya bağlı olmayan bir adam hakimiyyəti ələ keçirdi. Bu fakt təbii ki, Rusiyanı məmnun edə bilməzdi. Paşinyanın ilk addımları – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi Yuri Xaçaturovun, daha sonra Ermənistanın ikinci prezidenti, Putinin yaxın dostu olan Robert Koçaryanın həbsi (hər ikisi sonradan buraxıldı), Rusiya Dəmir Yollarının Ermənstandakı strukturuna qarşı cinayət araşdırmasının başlaması və digər faktlar isə Moskvanı ciddi şəkildə qıcıqlandırdı. Bu səbəblərdən Azərbaycanda çoxları güman edirdi ki, Moskva Paşinyanı cəzalandırmaq üçün bizə fürsət pəncərəsi aça bilər ki, işğaldakı torpaqlarımızın bir qismini hərbi yolla geri qaytaraq, nəticədə erməni xalqı qəzəblənərək Paşinyanı devirsin. İndi bəlkə də bu məqam yetişib. 

Rusiya Azərbaycana fürsət pəncərəsi açıb, ya açmayıb, bunu hələ bilmirik. Amma istənilən halda, Azərbaycan çalışmalıdır ki, qısa müddət ərzində mümkün qədər çox ərazini azad edib, orada möhkəmlənsin və əlbəttə ki, arzu olunan budur ki, mümkün qədər az itki ilə buna nail olsun. İşğalçını ədalətli sülhə məcbur etmək üçün hərbi güc tətbiqi qaçılmaz zərurət halına gəlmişdi. Rusiyanın bu durumdan özünün Ermənistandaxili problemlərinin həlli üçün yararlanıb, münaqişəni yenidən qeyri-müəyyən müddətə dondurmasına yol vermək olmaz. 2016-cı ilin aprelindən sonra məhz belə oldu və danışıqlar prosesində vasitəçilər erməni tərəfini ədalətli sülhə vadar etmək əvəzinə, təmas xəttində atəşkəsin möhkəmləndirilməsi üçün hansısa mexanizmin qurulması məsələsini gündəmə gətirdilər. Bu, Azərbaycanın maraqlarına tamamilə zidd idi və faktiki olaraq, işğalçı tərəfə təhlükəsizlik təminatı yaradacaqdı. Bakı haqlı olaraq bu təklifi qəbul etmədi.

İndi eyni halın təkrarlanmasına yol vermək olmaz.  

Şahin Cəfərli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam