Bakı müharibəni 3 günə bitirəcək -hərbi ekspert
Son illərdə Azərbaycan hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu, ilk növbədə ordunun müasir hərbi texnika, radio-elektron mübarizə vasitələri, pilotsuz uçuş aparatları, bir sözlə, müasir ordunun görünüşünü müəyyən edən bütün komplekslərlə təmin olunması ilə izah edilir.
Yenixeber.org: Bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko CBC telekanalına müsahibəsi zamanı danışıb.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin bu gün apardığı böyük hərbi manevrlər ölkənin milli maraqlarını müdafiə etməyə hazır olduğunu bir daha nümayiş etdirmək, mövcud təhdid altında silahlı qüvvələrin hərəkətlərini uyğunlaşdırmaq, Azərbaycan Silahlı Qüvvələrinin postsovet məkanında ən yaxşı ordulardan biri kimi yüksək beynəlxalq nüfuzunu bir daha təsdiqləmək üçün nəzərdə tutulub.
Beynəlxalq münaqişələr üzrə digər rus ekspert Yevgeni Mixaylov isə Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsinin təəccüblü hal olmadığını qeyd edib.
“Bu təlimlər ilk növbədə Azərbaycan Silahlı Qüvvələrinin effektivliyini, döyüş qabiliyyətini göstərmək, bütün hissələrin qarşılıqlı fəaliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Bu hərbi manevrlərin bir sıra ekspertlərin fikrincə, hücum təlimləri kimi görünməsi məsələsi isə təəccüblü deyil. Şəxsən mənim fikrimcə, Azərbaycanla Ermənistan arasında danışıqlar dövrü başa çatır. Söhbət sülh danışıqlarından gedir. İrəvan bu baxımdan çox gərgindir, çünki hazırda Azərbaycanın bu qədər güclü olması və “yazıq” Ermənistana hücum etmək istəməsindən narahatdır. İrəvanın hətta qısa hərbi toqquşmalar şəraitində belə işğal edilmiş əraziləri saxlamaq şansı yoxdur. Azərbaycan sadəcə bir neçə gün ərzində ərazilərini hərb yolu ilə qaytarmağa qadirdir”, - Mixaylov bildirib.
Qeyd edək ki, martın 11-dən 15-dək Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.