"Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq"
İqtisadçı ekspert Qubad İbadoğlu prezident İlham Əliyevin bu günki "nefti - qazı kənara qoyaq" açıqlamasına münasibət bildirib.
"Xeberinfo.com": Məlumata görə, ekspert bu haqda facebook profilində yazıb: "Əgər nefti, qazı kənara qoysaq..... Onda ötən il dövlət büdcəsinin gəlirləri 18,4 milyard deyil, 6,5 milyard manat, ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı.
İnfrastruktur layihələri icra edilir, neftin qiyməti keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdü. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin.
Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışı zaman söyləyib.
Bu çıxışda xüsusilə də diqqəti cəlb edən "biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq" fikridir. İqtisadi ekspertlər bu qənaətə 10 il bundan əvvəl gəliblər. Onda bu yanaşma daha çox fayda gətirər və əhəmiyyət kəsb edərdi. Çünki, hazırda biz nefti-qazı kənara qoysaq, onda ÜDM-in 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk. Onda ötən il bizim ÜDM 59 milyard deyil, 36 milyard manat, adambaşına illik gəlirlər 6264 deyil, 3821 manat, dövlət büdcəsinin mədaxili 18,4 milyard deyil, 6,5 milyard manat, cəmi ixrac 21,8 milyard deyil, 1,8 milyard ABŞ dolları olardı. Bu hesablamalar neft sektorunun təsiri ilə inkişaf edən inşaat, ticarət və xidmət bölməsi nəzərə alınmadan aparılıb.
İstənilən halda mən bu fikirləri Azərbaycanda post -neft gəlirləri dövrünün anonsunun verilməsi kimi dəyərləndirirəm. Amma indiki şərrtlər (inhisarçılıq, korrupsiya, himayəçilik, mərkəzləşdirmə, inzibatçılıq və s. ) post-neft dövründə ciddi çətinliklərlə üzləşəcəyimizi proqnozlaşdırmağa imkan verir. Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən və iqtisadiyyatın liberallaşdırılmasından keçir".