“1 dollar 1,5 manata qədər bahalaşa bilər”
Hazırda Amerikada uzunmüddətli səfərdə olan yeni hərəkatın – ADP – in lideri Qubad İbadoğlu ölkə həyatına dair müntəzəm yazılarla çıxış edir.
"Xeberinfo.com": İqtisadçı-alimin növbəti məqaləsini musavat.com- a istinadən təqdim edirik: “Hazırda Azərbaycan hökumətinin qarşısında duran həlli vacib məsələlərdən biri də Neft Fondunun gəlirlərinin icrasının ən azı proqnozlaşdırıldığı qədər təmin olunmasıdır. Çünki, 1,6 milyard manata qədər kəsirlə proqnozlaşdırılan Fonddan dövlət büdcəsinə bu il ərzində 10,4 milyard manat transfer olunmalıdır. Bu isə dövlət büdcəsinin mədaxilinin 53,6 faizi deməkdir. Deməli, Neft Fondunun büdcə gəlirləri icra olunmazsa onda dövlət büdcəsində də ciddi gərginlik yaranacaq.
Azərbaycan Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10,2 milyard manat təsdiq olunub ki, onun da 9,74 milyard manatı mənfəət neftinin satışından daxil olmalıdır. Manatla təsdiq olunmuş büdcənin gəlirlərinin tam icrası üçün manatın köhnə məzənnəsi ilə 13 milyard dollar cəlb olunmalı idisə, indiki məzənnə ilə 9,7 milyard dollar vəsait kifayət edir. Deməli, manatın 1-ci devalvasiyasından sonra onun Neft Fondunun büdcəsinin dollarla ifadə olunmuş gəlirləri 3,3 milyard (13-9,7) azalıb. Amma, problem bununla həll olunmur. Çünki, manatın 1-ci devalvasiyası neftin hazırkı qiyməti ilə mövcud problemi tam şəkildə həll edə bilmir. Belə olan halda da Dövlət Neft Fondunun 2015-ci il üçün təsdiq olunmuş büdcəsinin gəlirlərinin icrası üçün 2 variant qalır.
Birincisi, daxili faktorlardan asılı deyildir, dünya bazarında neftin qiymətinə bağlıdır. Hesablamalar göstərir ki, Neft Fondunun büdcəsinin gəlirlərinin təminatı üçün Azərbaycan neftinin bu il üçün orta illik qiyməti 75 dollaradək bahalaşmalıdır ki, mənfəət neftinin satışından Fondun büdcəsinə lazım olan qədər valyuta mədaxil olsun. Bu ilin 1-cü rübünün artıq geridə qaldığını və ötən rübdə orta qiymətin 55 dollar ətrafında olduğunu nəzərə alanda, ilin qalan 3 rübündə 1 barel neftin orta qiyməti 83 dollar təşkil etməlidir ki, 2015-ci il üçün orta illik qiymət 75 dollar səviyyəsində qərarlaşsın. Bu halda Fondun mənfəət neftindən gəlirləri 9,3 milyard dollar və ya 9,74 milyard manata çata bilər. Son proqnozlarla 75 dollar neftin 1 barelinin orta illik qiymətinin 75 dollar olacağı real görünmür.
İkincisi, manatın bir daha devalvasiya olunmasıdır. Bu variant real gəlirləri artırmasa da Fondun büdcəsinin icrası üçün manatla tələb olunan nominal gəlirləri formalaşdıra bilər. İndiki şərtlərlə devalvasiya hansı səviyyədə ola bilər? Əgər qarşıya məqsəd kimi Neft Fondunun gəlirlərini təmin etmək qoyularsa, onda ilin sonunadək 1 dollar 1,5 manata qədər bahalaşa bilər.
Belə ki, hesablamalara görə, Azərbaycanda neft hasilatı ötən ilki səviyyəsində qalarsa (baxmayaraq ki, aşağı düşmə tendensiyası var) və 2015-ci ildə dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti orta hesabla 60 dollar olarsa, onda mənfəət neftinin satışından Fonda 6 milyard dollar vəsait daxil olacaq. Bu isə indiki məzənnə ilə 6,3 milyard manat deməkdir. Belə olduğu halda Neft Fonduna büdcəsini gəlirlərini proqnozlaşdırılan səviyyədə təmin etmək üçün əlavə olaraq 3,4 milyard manat (9,7- 6,3) vəsait tələb olunur. Bunun üçün isə 1,5 manatın 1 dollar səviyyəsində olması kifayət edir”.