Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Qarabağ"ın evi –"İmarət"ə qayıdış

Qarabağın evi – İmarətə qayıdış

Bu gün Ağdam rayonu erməni işğalından azad olunaraq Azərbaycana qaytarılıb.

Yenixeber.org: Yerli sakinlər kimi, bölgəni təmsil edən “Qarabağ” klubu da 27 illik həsrətdən sonra doğma yurduna, vaxtilə rəqiblərini qəbul etdiyi “İmarət” stadionuna qovuşacaq.

1952-ci ildə əsası qoyulan arena əvvəlcə “Şəfəq” komandasının oyunlarına ev sahibliyi edib. “İmarət” ilk vaxtlarda kənd stadionu kimi fəaliyyət göstərsə də, “Şəfəq”in 1987-ci ildə “Qarabağ” adlanmasından və SSRİ çempionatında iştirakından sonra rayonun futbol həyatında daha önəmli roy oynamağa başlayıb. Bunadək stadionda tribuna birtərəfli olub. Komandanın oyununa maraq artdıqdan sonra qapıların arxasında 12, ön tərəflərdə isə 16 sıralıq tribunalar tikilib.

"İmarət"in əsas qapısı Kommunist küçəsi tərəfdən olub. Ora milli ornamentlərlə "İmarət" yazılıb. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası yerləşib. Arenanın arxa girişi isə Füzuli küçəsindən başlayıb. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli olub.

"İmarət"in direktoru erkən illərdə tanınmış şair German Hüseynovun atası Əli Hüseynov olub. O, dünyasını dəyişəndən sonra isə Asif Mustafayevi direktor təyin ediblər. Mustafayev bu il vəfat edib. Hər iki şəxsin stadionun mühafizəsində, onun abadlaşdırılmasında müəyyən xidmətləri olub. Ağdam Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Bakıdan təşrif buyuran mədəniyyət və incəsənət xadimlərinin konsertləri də məhz “İmarət” stadionunda təşkil edilib.

Arena 1993-cü ilin iyununda Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb.

Rövşən Binnətli: "Orada oynamaq çox çətin və qorxulu idi”

“İmarət”də son oyun 1993-cü il mayın 12-də Azərbaycan Kubokunun yarımfinalına təsadüf edib. “Qarabağ” həmin qarşılaşmada Tovuzun “Turan” komandasını qəbul edib. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolu Yaşar Hüseynov vurub. Bu, eyni zamanda “İmarət” stadionunda son qol kimi tarixə düşüb.

Həmin vaxt stadionun diktoru hazırda "İdman TV"nin direktoru kimi fəaliyyət göstərən Rövşən Binnətli olub. O, "Report"a açıqlamasında "İmarət"dəki son oyunu belə xatırlayıb: "Əvvəlki oyunlarla müqayisədə “Turan”la matça qat-qat artıq azarkeş gəlmişdi. Hamı “İmarət”ə axışmışdı. Stadionda 8-10 min tamaşaçı var idi. Sanki qeybdən insanlara agah olmuşdu ki, biz uzun müddət buraya həsrət qalacağıq. Özümüz də məəttəl qalmışdıq. Oradakı oyunlar vaxtı stadionun ətrafına dəfələrlə raket və mərmilər atılırdı. Hətta bir dəfə meydanın mərkəzinə düşmüşdü. Bir sözlə, "İmarət"də oynamaq çox çətin və qorxulu idi”.

Tanınmış jurnalist “İmarət” stadionunun ot örtüyünün digərlərindən fərqləndiyini söyləyib: “Ot örtüyü indiki stadionlara əkilən qazon kimi deyildi. Torpağın özünün yetişdirdiyi ot idi. O qədər yumşaq idi ki... “Qarabağ” SSRİ çempionatında ilk oyununu 1991-ci il aprelin 17-də keçirib. Rəqib Qazaxın “Göyəzən” komandası idi. Onların təcrübəsi çox idi, müxtəlif şəhərlərdə oyunlar keçirmişdilər. Qonaq futbolçular meydanı görəndə heyrətə gəlmişdilər ki, bu, necə otdur, nə gözəl yaşıllıqdır. “Göyəzən”də “Neftçi”nin sabiq futbolçusu İqor Çeremisov var idi. Ot örtüyü barədə onunla şəxsən söhbətimiz olmuşdu. O da təəccübünü gizlədə bilməmişdi”.

"Bizim qıymadığımız çinarları azğın düşmən vəhşicəsinə məhv etdi”

Stadionda ən yaddaqalan hadisələrdən biri “Qarabağ” və “Neftçi”nin veteran futbolçuları arasında keçirilmiş yoldaşlıq oyunu olub. R.Binnətli bildirib ki, həmin matçda Anatoli Banişevski, Ələkbər Məmmədov kimi futbolçuların ayağı “İmarət”ə dəyib. “Bu, stadionun tarixində çox önəmli hadisələrdən biridir. Həmçinin SSRİ çempionatının oyunları zamanı Ağdama nüfuzlu hakimlər, hakim-inspektorlar gəlirdi. “İmarət”in özəlliyi hər tərəfinin yaşıllıq olması idi. Arenanın ərazisi xan çinarlarla əhatə olunmuşdu. Çox gözəl hava var idi. Hətta fəxri tribunanı genişləndirmək, oturacaqların sayını artırmaq zərurəti yarananda dedilər ki, bu ağacları kəsmək lazımdır. Amma heç kim onlara qıymadı. Ona görə də tribuna sayını artırmaq mümkün olmadı. Təəssüf ki, bizim qıymadığımız həmin çinarları azğınlaşmış düşmənlərimiz vəhşicəsinə məhv etdilər”.

Binnətli “Qarabağ”ın “İmarət”ə dönüşünün komandaya olduqca müsbət təsir edəcəyini söyləyib: “Bu qayıdışın komandaya inanılmaz təsiri olacaq. SSRİ çempionatının oyunları zamanı arenaya tək Ağdamdan deyil, Bərdə, Tərtər, Ağcabədi, hətta Yevlax və Şuşadan insanlar gəlirdilər. Yadımdadır, bir dəfə “Kəpəz”lə oyunumuzda 20 minə yaxın tamaşaçı olmuşdu. “Qarabağ” orada tamam fərqli, daha coşqulu və məsuliyyətlə oynayacaq. Bunu əminliklə deyirəm. Çünki vaxtilə o cür ab-havanın canlı şahidi olmuşam. İnanıram ki, bununla futbolumuza yeni nəfəs gələcək".

Müşfiq Hüseynov: "Bir dəqiqəlik sükut vaxtı mərmi atıldı"

"İmarət" stadionu ilə bağlı xatirələrini bölüşən "Qarabağ"ın sabiq futbolçusu Müşfiq Hüseynov "Report"a açıqlamasında Ağdamda oynayarkən başına gələn maraqlı hadisəni yada salıb: "Bir dəfə oyun zamanı şəhid olan milli qəhrəmanlarımızdan birinin xatirəsini yad edirdik. Stadionda bir dəqiqəlik sükut elan olunmuşdu. Bu vaxt mənfur qonşularımız Ağdam rayonunun ərazisinə mərmi atdılar. Partlayış səsindən qorxan 1-2 futbolçu meydandan qaçmağa başladı. Amma sonradan digərlərinin tərpənmədiyini görüb, geri qayıtdılar. Bu cür hadisələr olub. Zaman keçsə də, yadımızdan çıxmır".

Hazırda Ağdam komandasının məşqçisi kimi çalışan M.Hüseynov Ordumuzun şücaəti sayəsində yenidən o hissləri yaşayacaqlarını vurğulayıb: "Bir daha ağdamlılara, "Qarabağ" azarkeşlərinə gözaydınlığı verirəm. Prezidentimiz, əsgərlərimiz sağ olsunlar ki, bu günü bizə yaşatdılar. İnanıram ki, "İmarət" stadionu yenidən və daha möhtəşəm formada bərpa olunacaq. "Qarabağ" Bakıda bu qədər azarkeş yığa bilibsə, orada hər şey daha yaxşı olacaq. O vaxt Ağdamda oyunlarımıza minlərlə tərəfdar gəlirdi. Stadionun bir tərəfini sırf onlar tuturdular və dayanmadan komandanı dəstəkləyirdilər. İnfrastruktur qurulduqdan, stadion bərpa olunduqdan sonra yenidən o həyəcanı, o hissləri yaşayacağıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam