“Bələdçilər qatarların təmiri üçün ciblərindən pul verib”
“Azərbaycan Dövlət Dəmir Yolları” ASC-dən (ADDY) dəmiryolçulara yenə vəd verdilər.
"Xeberinfo.com": Məlumata görə, bu gün “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin bələdçiləri idarənin qarşısına toplaşaraq əmək haqlarının qaldırılmasını və bir neçə ay əvvəl irəli sürdükləri tələblərin yerinə yetirilməsini tələb etdilər.
“240 manat maaş almışıq. Bununla dolanmaq olar?!”
Bakı Vaqon Deposunda bələdçi işləyən Bəhram Əliyev virtualaz.org saytının müxbiri ilə söhbətində deyib ki, tələbləri əmək haqlarının yüksəldilməsi, 5 ay əvvəl ASC sədri Arif Əsgərovla görüşləri zamanı ona təqdim etdikləri tələblərinin yerinə yetirilməsidir.
“Arif Əsgərovla görüşdə tələblərimizi ona yazılı şəkildə vermişdik. 10 gün sonra müraciətimizin cavabını öyrənmək istədik. Dedilər ki, sizin verdiyiniz sənəd itib. Bu necə ola bilər?” - deyə B.Əliyev narazılığını dilə gətirdi.
Dəmiryolçuların tələblərindən biri də işdən haqsız yerə çıxarılan bələdçilərin geri qaytarılmasıdır. Tələblər arasında əmək haqqının saat tarifinin qaldırılması, idarəyə götürülən yeni qadın işçilərlə kişi işçilər arasındakı ayrı-seçkiliyə son qoyulması da yer alır.
Bələdçilərin ASC-yə qarşı qaldırdığı iddialara fevralın 16-da Ali Məhkəmədə baxılacaq.
B.Əliyev deyir ki, 2001-ci ildən onlara verilən ezamiyyət pulları da mənimsənilib: “Aldığımız maaş heç kommunal xərclərimizi ödəmir. 240 manat maaş almışıq. Bununla dolanmaq olarmı?!”
Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-yə yeni xanım işçilərin götürülməsi haqda xəbər vermişdik. İdarəyə xanım işçilər götürülərkən kişi bələdçilər işdən çıxarılıb. Lakin bir neçə xanım işçi qalıb.
“Bələdçilər qatarların təmiri üçün ciblərindən pul verib”
Onlardan biri də Təranə Hümbətovadır. O da maaşın azlığından və iş rejimlərində edilən dəyişikliklərdən narazıdır.
“1989-cu ildən “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-də işləyirəm. Ezamiyyət pullarımızı vermirlər. Ayda 7 reysə çıxmalıyıq. Ona da imkan vermirlər. Deyirlər reys təxirə salınıb, amma saat hesabına görə maaşlarınız çatacaq. Lakin 250 manat maaş verirlər.
Eyni işi görən yeni qadın işçilər 500-600 manat maaş alır. Bizi adam yerinə qoymurlar. Köhnə qatarlarda işləyirik. Bizim ailəmiz yoxdur? Bizi sıxışdırırlar ki, işdən özümüz çıxaq.
1997-ci ildə reyslər açılanda etiraz edən bu bələdçilər qatarların təmiri üçün ciblərindən pul veriblər. İndiki Sərnişinlər Birliyinin sədri o vaxtkı depo sədri Əliyar Muradov idi. Onlar bizim pullarımızla qatarları təmir etdiriblər. Sonra dövlətdən ayrılan pulları mənimsəyiblər. Bezmişik. Elə edirlər ki, camaat ölkədən çıxıb getsin. Bu qədər süründürməçilik olmaz” - deyə T.Hümbətova bildirir.
“1750 dollarımı mənimsədilər...”
“Azərbaycan Dövlət Dəmir Yolları” ASC-də 25 ilə yaxın işləyən və zorla təqaüdə çıxarılan Maarif İsayev də etiraz edən bələdçilərə qoşulub.
M.İsayev haqlarını tələb edən bələdçilərə haqq qazandıraraq özünün də qarşılaşdığı haqsızlıqları dilə gətirir: “1990-cı Bakı Vaqon Deposunda çalışıram. O zaman vaqonları Rusiyaya, Ukraynaya təmirə aparırdım.
1992-ci ildə Bakı Vaqon Deposunun sədri Əliyar Muradovun göstərişi ilə baş mühasib Məzahir Qurbanovla birlikdə ezamiyyət pulum olan 1750 dollarımı mənimsədilər. O zaman Dəmir Yolu Prokurorluğu var idi. Ora şikayət edim. Sonra məcbur qalıb məni işə götürdülər. Ezamiyyət pulumu ala bilmədim.
Bir bəhanə axtarıb məni işdən çıxarmaq istəyirdilər. Yaşıma görə 2012-ci ildə təqaüdə çıxmışam. 2 illik müqavilə yazıb ərizə vermişdim. Amma bir il sonra işdən çıxarıldım. Məni yaşıma görə çıxarıblar. 64 yaşımda işdən çıxarılmışam. Hazırda idarədə yaşı 65-dən yuxarı olan 70-80 nəfər işləyir. Hamısı rəhbərlikdəki şəxslərin öz qohumlarıdır”.
M.İsayev deyir ki, ev növbəsindədir, amma onu da ala bilməyib: “Ezamiyyət pullarımızı, 13-cü əmək haqlarımızı ləğv ediblər. Bunlar özlərinə villaları, maşınları necə alırlar? İşçiləri müxtəlif bəhanələrlə işdən çıxarırlar. Guya onlar biletsiz sərnişin aparırlar, sərnişin şikayət edir ki, vaqonlar soyuq olur, onlara çay verilmir. Belə bəhanələrlə işçiləri qovurlar. Qatarlara verilən kömürlərin yarısı torpaqdır. Yazıq işçi nə etsin?!”
Təqaüddə olan dəmiryolçu deyir ki, şikayətlərdən sonra təqiblərə məruz qalırlar: “Şikayət edənləri təqib edirlər, sıxışdırırlar. Bununla bağlı ölkə başçısına, prokurorluğa, MTN-ə müraciət etmişəm. Elə edirlər ki, adam ölkədən qaçmaq istəyir. Sığınacaq ala bilsəm, çıxıb gedərəm”.
Bir neçə saat ADDY-nin qarşısında gözləyən narazı bələdçilərin şikayətlərinə verilən cavabı başqa bir bələdçi Veysəl Mustafayev gətirdi.
V.Mustafayev bu gün idarədə narazı bələdçilər adından şiakyətlərin dinlənilməsi üçün qəbul edilən 4 işçidən biri idi. Onlar idarənin Həmkarlar İttifaqının sədri Fəzail Bağırovla görüşmüşdü.
V.Mustafayevin gətirdiyi xəbər əvvəlkindən fərqlənmədi. Onlar idarədən yenə də quru vədlər verilmişdi.
“5 ay əvvəl sədrə tələblərimizi yazılı şəkildə təqdim etmişdik. Dedilər baxacağıq. Qadınlarla kişi işçilər arasında bu qədər fərq qoyulmamasını tələb edirik. Amma dedilər ki, bu məsələ ilə bağlı nəsə edə bilmərik və bu belə də olacaq. Maaşların da qalxmayacağını dedilər. 200-250 manat maaşla dolanmaq olmur. Bizə sadəcə olaraq vəd verirlər. Mən quru vədi övladlarıma necə yedirdə bilərəm? Nəyimə lazımdır quru vəd? Maaşımızı versinlər. Bizim kimi şikayətçi olan 270 nəfərə yaxın bələdçi var. Bizdən qara qul kimi istifadə edirlər” - deyə V.Mustafayev bildirdi.
Bələdiçilər etiraz etdikləri üçün polislər tərəfindən sıxışdırıldıqlarını da deyirlər.
V.Mustafayevin sözlərinə görə, polislər şikayət edən bələdçiləri tək-tək susdurmaq istəyir: “Üstümüzə polis salıb bizi susdurmaq istəyirlər. Bir-bir işçilərə təzyiq edirlər. Biz sivil qaydada haqqımızı tələb edirik. Özləri də bilirlər ki, bizim günahımız yoxdur. Cənab prezident deyir ki, ölkədə demokratiya və söz azadlığı var. Amma bu məmurlar imkan vermir ki, biz nəsə şikayət edək, sözümüzü deyək. Haqlı olduğumuzu bilirlər. Bizi susdurmağa çalışırlar”.