Bələdçilər Arif Əsgərova bir həftə vaxt verdilər
“Dəmir Yolçu”ların problemi həll olunmazsa onlar aclıq aksiyası keçiricəklər
"Xeberinfo.com": Qanunsuz olaraq işdən çıxarıldığını iddia edən və maaşlarını ala bilməyən bir qrup bələdçi avqustun 15-də “Azərbaycan Dövlət Dəmir Yolları” (ADDY) ASC-nin binası önündə etiraz aksiyası keçirdi. 70-ə yaxın bələdçi işə bərpa olunmağı tələb edir.
Biz aksiya yerinə çatanda əsəbləri gərilən, problemi həll olunmayan yaşlı qadın bələdçilərindən biri bayılmışdı. İş yoldaşları Təcili Tibb Yardım Stansiyasının əməkdaşlarını hadisə yerinə çağırdılar. Həkim ilkin müayinədən sonra xəstənin vəziyyətinin heç də yaxşı olmadığını bildirərək onu xəstəxanaya apardılar.
“Aya 70-80 manat maaş verirdilər”
Cavanşir Qafarov deyir ki, 2001-ci ildən indiyə qədər 700-800 bələdçi işdən çıxarılıb: “Tələbimiz işə bərpa və maaşlarımızın ödənilməsidi. Bizə hər ay 70-80 manat pul verirdilər. Halbuki çatacaq məvacib bundan qat-qat çox olmalı idi”.
Bələdçinin sözlərinə görə, səfərə çıxdıqları hər gün üçün idarə onlara əlavə olaraq 10 manat pul ödəməli idi: “Bu pulu ödəmirdilər. Biz də haqqımızın bərpa edilməsini istəyirik. Bu gün burada aclıq aksiyası keçirəcəkdik. İdarədən dedilər ki, gələn həftənin beşinci günü (avqustun 22-də-red) Arif Əsgərov sizi qəbul edəcək. Əgər bu dəfə də tələblərimizi yerinə yetirməsələr, hamılıqla aksiya keçirəcəyik. Başqa çıxış yolumuz qalmayıb. Heç kim daha bizi eşitmək istəmir”
45 ildir bələdçilik edən İbrahim Nurəliyev də işdən çıxarılanlar siyahısındadır: “Artıq 5 ildi işləmirəm. 70-80 manat pul verirdilər. Ayda 4 dəfə Rusiyaya gedirdik. 20 gün iş başında olurdum. Buna görə mənə 200 manat əvəzinə 80 manat, bəzən isə lap az maaş yazırdılar”.
Bələdçilər onu da qeyd etdilər ki, təmirə gedən qatarlara görə onlardan əlavə haqq alırmışlar: “Qatarlar beş ildən əsaslı təmir olunur. Bu zaman hər bələdçidən 3000-4000 dollar alırdılar. İldə isə bir dəfə yüngülvari təmir işləri aparılır, bunun üçün isə 1000 dollar verirdik”.
“İdarənin hər bir bələdçiyə ən azı 50-60 min manat borcu var”
Başqa bir bələdçi Maarif İsayev də maaşlarını tələb edənlər sırasındadı. O işdən çıxarılmayıb, ancaq illərdi ona çatacaq pulu da ala bilmir: “O vaxtkı dövrə görə bizə 500-600, indi isə 700-800 manat maaş verilməlidi. 10 ildir əmək haqqımız düzgün verilmir. İdarənin hər bir bələdçiyə ən azı 50-60 min manat borcu var. Hara üz tuturuqsa şikayətlərə baxmırlar, dinləyib yola salırlar. Nəqliyyat naziri Ziya Məmmədovun imzasıyla qatar işçiləri üçün təlimat kitabçası var. Burada yazılıb ki, səfərə çıxan hər bələdçinin gününə əlavə ödənil pul verilməlidi. Ancaq bunu yerinə yetirməyiblər”.
İşdən qanunsuz yerə çıxarıldığını deyən Sabiq Əsgərov özünə işə tapa bilmir: “Təqaüddə vermirlər, deyirlər ki, 50 yaşın var. Oturub 10 il gözləməliyəm ki, nə vaxt mənə növbə çatacaq? 10 ili necə yaşayım? Acından ölüm? İşə də bərpa etmirlər”.
Şəmsəddin Əliyev isə deyir ki, onlara çatacaq maaşı mənimsəyənlər özlərinə şərait qurublar, maşın alıblar: “Niyə bizə zülm edirlər? İdarənin qarşısında saxladıqlara maşınlara baxın, hamısı bizim pulla alınıb. Bunlar hələ görünəndi. Daha yaxşılarını gizlədiblər”.
Fərhad Səlimov 15 ildir işlədiyini söyləyir. O işdən çıxarılacağını təxmin edir. Çünki haqqında şikayət var: “Bilmirəm şikayəti kim edib. Yəqin ki, maaşın az olmasına etiraz etdiyim üçün “narazı” sərnişin tapıblar. Deyirlər Əlirza Süleymanov mənim məsələmi xüsusi araşdıracaq. Çox güman ki, yaxın günlərdə məni işdən azad edəcəklər. Məcburi köçkünəm. Dərslər başlayır, iki uşağımı məktəbə göndərirəm. Onlara kitab-dəftəri, pal-paltarı hansı pulla alım? Normal maaş versinlər. Qurama işlərlə bizi kənarlaşdırırlar. Özləri min hoqqadan çıxırlar. Biz isə kiçik bir səhv edəndə heç bir sərhəd tanımırlar. İdarədə həddindən artıq ayrı seçkilik var. Köhnə qatarlardı, kondisoner yoxdur, sərnişinlər də günahı bizdə görürlər”.
Araşdırma aparmadan bələdçiləri işdən çıxarırlar
Qatar rəisi işləyən Nadir Məmmədov işdən çıxarılmayıb. Ancaq onun iş başında olmasına da imkan vermirlər: “Hər bələdçiyə imza atdırıram ki, biletsiz sərnişin, əlavə yüklər, tez alışan maddələr götürməyin. Bələdçi sözümə baxmayıb iki sərnişini biletsiz aparıb. Həmin sərnişinlərin əsasında da heç bir araşdırma aparmadan məni işdən çıxarmaq istəyirlər. 2013-cü ilin sentyabrında 550 nəfərlik Bakı-Böyük Kəsik relsində qatarın üstünə 3 min voltluq elektrik dirəyi düşdü. Bələdçilərin köməyi ilə bu durumdan çıxdıq, qəzanın daha acı nəticələr yaratmasına imkan vermədik. İşimizin öhdəsindən gəldiyimiz üçün bizə mükafat təqdim etməliydilər. Bu barədə qərar da var, ancaq heç nə olmadı”.
Bələdçilər onu da bildirdilər ki, idarənin məsul işçiləri qadın bələdçilərə daha çox üstünlük verir: “Kişiləri yavaş-yavaş sıradan çıxarırlar. Onlar bizlə işləməkdən imtina edirlər. Hərəmizi bir yolla buradan uzaqlaşdırırlar. Bizə ödənilən maaşdan daha çox yeni işçilərə məvacib verilir”.
Elyar Muradov bələdçiləri təkzib edir
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma İstehsalat Birliyinin rəisi Elyar Muradov mətbuata açıqlamasında bələdçilərin dediklərinin əsassız olduğunu bildirib: “Sərnişin qatarlarında qadın bələdçilərdən mütəmadi olaraq istifadə olunur. Bunun əsas səbəbi sərnişinlərə daha yaxşı xidmət etməkdir. Qadın bələdçilər isə bunu tam qaydada yerinə yetirir. Kişi bələdçilərdə isə bu, tam əksinədir. Sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin aşağı olması, sərnişinlərin bu haqda şikayətlər etməsi bizə əsas verir ki, lazımi tədbirlər görək. Bundan əlavə, onların ölkə xaricinə səfərlər zamanı, ölkəyə gətirilməsi qadağan olunan məhsulların vaqonlarda yaratdıqları gizli bölmələrdə ölkəyə keçirmələri aşkar olunur. Hətta narkotik maddələr belə keçirmək istəyənlər olub ki, onları da hüquq-mühafizə orqanları aşkarlayıb və o şəxslər hazırda həbsdədir. Bu kimi mənfi halların baş verməsi bizim qadın bələdçilərin xidmətindən istifadə etməkdə nə qədər doğru seçim etdiyimizi göstərir. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər. Biz istəmirik ki, kişi bələdçiləri işdən çıxaraq və ya ixtisara salaq. Bizim əsas məqsədimiz sərnişinlərə daha yaxşı xidmət göstərməkdir”.