Yenixeber.org: Prezident İlham Əliyev çərşənbə axşamı günü tənəffüs yollarının qoruyucu vasitələrindən istifadə etməməklə bağlı Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliyi təsdiqləyib.
Bu o deməkdir ki, karantin dövründə maska taxmayanlar cərimə olunacaqlar.
Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonu ərazisində koronavirus pandemiyasına görə karantin rejimi tətbiq olunur.
Çərşənbə axşamı günü Milli Məclisin çərşənbə axşamı günü keçirilmiş növbədənkənar iclasında karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcəklər.
Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Koronavirus pandemiyasına görə, ölkə ərazisində martın 24-dən tətbiq olunan karantin rejimi Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda iyunun 15-nə kimi uzadılıb.
Bəzi apteklərdə maska qıtlığı
Çərşənbə axşamı günü Bakının bəzi apteklərindən maskaların "iki-iki satıldığı" deyilib. Bəzi apteklərdə isə maska olmayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə deyib ki, "ölkədə 10 milyondan artıq maska ehtiyatı var" və "apteklərdə maska qıtlığı ilə bağlı onda məlumat yoxdur".
Müxbirimiz Bakının 28 may metrosu ətrafında yerləşən bir neçə aptekə baş çəkib.
Apteklərinin bəzilərində müxbirimizə maskaların "iki-iki satıldığı", bəzilərində isə satışda maska olmadığı bildirilib.
Maska qıtlığını bəzi apteklər onunla əsaslandırıb ki, satışa "gündə bir qutudan artıq maska verilmir".
Müxbirimizə danışan aptek işçiləri deyiblər ki, "gün ərzində təxminən 250-300 maska satılır".
"Ehtiyatda 10 milyon maska var"
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyir ki, apteklərdə maskanın olmaması ilə bağlı onda məlumat yoxdur.
İbrahim Məmmədov hesab edir ki, maska qıtlığına əsas yoxdur, çünki bu qoruyucu vasitənin istehsal sahəsi genişləndirilib.
"Gündəlik iki zavodda maska istehsal olunur. Zavodun birinin gündəlik maksimal istehsal gücü 200-250 min, digər zavodda isə 300 mindir. Yəni, maksimal istehsal gücü ilə çalışanda Azərbaycanın ehtiyacları ödənir. Üstəlik, idxalımız da var".
Cənab Məmmədov "idxal olunan adi tibbi maskaların qiymətlərinə nəzarət olunduğunu" bildirib.
"Ümumiyyətlə, ölkə ərazisində maska qiymətlərinə nəzarət var. İdxal olunan adi tibbi maskanın qiymətləri bahadırsa, dövlət onun 30 qəpiyə satılmasını təmin etmək üçün 30 qəpikdən artıq olan məbləği subsidiya kimi ödəyir. Ancaq ölkəyə idxal olunan maska sayı ilə bağlı məndə dəqiq məlumat yoxdur," - qurum sözçüsü bildirib.
İbrahim Məmmədov deyir ki, ölkədə gün ərzində 240-250 min maska satılır.
Qurum rəsmisi bildirir ki, "Azərbaycanın hazırda 10 milyondan artıq maska ehtiyatı var".
Azərbaycanda son günlərdə koronavirusa yoluxma faktları artım tempi ilə inkişaf edir. Sərt karantin rejimi müddətində ölkədə gün ərzində aktiv xəstələrin sayı 700-800 olsa da, karantin qaydalarının yumşaldılmasından sonra aktiv xəstələrin sayı 2 mini ötüb.
Hazırda ölkədə Covid-19 xəstəliyindən 68 nəfər ölüb.
İyunun 1-dən karantin rejimi yumşaldılıb, bəzi məhdudiyyətlər aradan qaldırılıb, amma hələ də Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna, o cümlədən ölkə ərazisinə yükdaşıma istisna olmaqla giriş-çıxış qadağası iyunun 15-nə kimi qüvvədədir.(BBC)