MİLYONÇU VƏTƏNİN DİLƏNÇİ ÖVLADLARI –Azərbaycandan qaçmaq növbəsinə düzülənlər (VİDEO)
Aşağıda təqdim etdiyimiz videokadrlara baxıb, xəcalət çəkməmək mümkün deyil. Çünki bu görüntülər əhalinin sosial rifahının yüksəlməsi, iqtisadi inkişaf, ən əsası da hər il yüzminlərlə yeni iş yerlərinin açılmasına dair rəsmi statistika ilə heç cür uzlaşmır. Əvvəlcədən deyək ki, az qala izdiham adlandıra biləcəyimiz bu növbə Polşanın Bakıdakı səfirliyi qarşısında yaşanır.
Yenixeber.org: Gördüyünüz kimi, növbədə duranlar hamısı əmək qabiliyyətli kişilərdir. Bu insanlar Polşaya Avropanı turist kimi gəzib, görmək istəyilə yox, 500-600 avroluq iş ardınca gedirlər. Və bu kişilər son 15 ildə 200 milyard dollara yaxın neft pulu daxil olan Azərbaycanın vətəndaşlarıdır. Özü də onlar Şərqi Avropanın ən kasıb, ən korrupsiyalaşmış və miqrantlara heç də xoş üz göstərməyən ölkələrindən birinə üz tuturlar, həmin ölkənin puluna, çörəyinə möhtacdırlar…
Sözsüz ki, problemləri başından aşan və yalan rəqəmlərin, boş vədlərin arxasınca gedib, öz ölkəsində 200-300 manat əmək haqqı təklifilə üz-üzə qalan, ümidini itirmiş bu həmvətənlərimiz öz vətənlərini xoş gündən tərk etmirlər.
Bəs nədir, kimlərdir, hansı səbəblərdir qışın bu oğlan çağında insanlarımızı isti evindən, ailəsindən, gözəl vətənindən didərgin salan? Hansı səbəblərdir onlar üçün vətəni yaşanmaz hala gətirən? Təəssüf ki, səbəblər çoxdur – hansı birini deyəsən, məmur oliqarxiyasınımı, hələ də at oynadan monopoliyanımı, icra hakimiyyətlərindəki, məhkəmələrdəki korrupsiyanımı… Araşdırsanız bu insanların çoxunun devalvasiyalardan sonra banklarda “şişən” dollar kreditləri var, bütün vədlərə baxmayaraq, heç bir tədbir görülməyən, az qala “canınız çıxsın, təzə kursla ödəyin”deyilən dollar kreditləri…
Bu adamları vətənindən bezdirənlər arasında məmurlara aid olan, hər hansı iş qurmağa imkan verməyəcək qədər və dünyada analoqu olmayan yüksək faizlər tələb edən banklar var, yaşlı valideynlərini nəinki dava-dərmanla, normal geyim-keçimlə, yaxud sanatoriyalara putyovkalarla, adicə gündəlik qida tələbatını belə düz-əməlli təmin edə bilməyən pensiya sistemi var, hələ də normal təhsil verə bilməyən və valideyni uşağının boğazından kəsib, repetitor müəllimlərə pul ödətdirən təhsil sistemi var…
Bu adamları yad ölkənin qapılarına salanlar arasında humanizm prinsipini itirmiş, öz acgözlüyü və səhlənkarlığı ilə hətta Hippokratın ruhuna təhqir sayıla biləcək səhiyyə sistemi, öz halal ev-eşiyinə, torpağına sənəd vermək üçün vətəndaşı dizin-dizin süründürən əmlak qurumu, o ağacın, bu binanın tinində sürücü pusan, öz həmvətəninin cibini cərimələrlə boşaldıb, daha da kasıblaşdırmaq üçün hər sifətə girən, pulla sürücü vəsiqəsi satıb, bununla da çoxlu sayda insan ölümünə səbəb olan DYP sistemi var…
Saymaqla qurtarmaz – var oğlu var!(azpolitika)
Cəlal MƏMMƏDOV