Bakıdakı “Qurd yuvası”ında oxuyan Təranə Əliyevanın Türkiyədə qadın alveri -“HƏR GÜN 10-15 MÜŞTƏRİ QƏBUL EDİRDİK...”
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Bakı şəhər sakini, 31 yaşlı Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Cinayət işinin materiallarına əsasən T.Əliyeva tanıdığı qadınları işə düzəltmək adı altında Türkiyəyə aparıb, onları Aydın şəhərində zorla fahişəliyə məcbur edib. İmtina etmək istəyənləri isə müştərilərə döydürüb.
Yenixeber.org: Təranə Əliyevanın biznes-karyerası zəngindir, o Bakının Binəqədi rayonundakı “Qurd yuvası” adlı restoranda özünün dediyi kimi inzibatçı olub, eyni zamanda müğənnilik edib. Arabir Türkiyəyə gedib-gəlib, orada da restoranlarda oxuyub. Daha hansı işlərlə məşğul olub, bu haqda detallı məlumat yoxdur. Amma Təranə Əliyevanın əməllərindən zərərçəkənlərdən dörd qadın ona qarşı ifadə verib.
Cinayət işinin materiallarına əsasən Təranə Əliyeva tanışları Sevinc Balaşova, Gülnarə Həsənova, Almaz İbadova və Ellada Məmmədovanı (ad və soyadlar dəyişdirilib – red.) Türkiyənin Aydın şəhərində işə düzəldəcəyi adı ilə aldadaraq bu ölkəyə aparıb. Onları pul müqabilində kişi müştəriləri ilə görüşdürüb, seksual istismara məruz qoyub.
Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2-ci maddələri ilə ittiham olunan T.Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin istintaqdan yayındığına görə axtarışa verilib və həbs olunub.
“Onlar elə Bakıda da bu işlə məşğul idilər...”
Qadın alverində təqsirləndirilən Təranə Əliyeva elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Binəqədi rayonu ərazisində yerləşən “Qurd yuvası” restoranında inzibatçı işlədiyini, 2009-cu ildən etibarən mütəmadi olaraq qonşu ölkəyə gedib-gəldiyini, müxtəlif restoranlarda müğənnilik etdiyini, heç kimi fahişəliyə cəlb etmədiyini göstərib.
“Gülnarəni “Qurd yuvası”nda xadimə işlədiyi vaxtlar tanımışam. Səhhətimlə bağlı tez-tez Türkiyəyə getdiyimi bilirdi. İlk vaxtlar Türkiyəyə müalicə üçün gedirdim. Sonralar restoranlarda müğənnilklə məşğul olurdum. Barəmdə şikayət edən digər qadını – Sevinci ilk dəfə bizimlə birgə Türkiyəyə gedəndə görmüşdüm. Gülnarənin rəfiqəsi idi. Hər ikisi özləri mənə Türkiyədə fahişəliklə məşğul olmağa getdiklərini demişdilər. Bakıda da bu işlə məşğul idilər. Onlar mənim yanımda cəmisi bir gün qalıblar”-təqsirləndirilən belə deyib.
Xadimə maddi sıxıntı içində olub və təkliflə razılaşıb
Zərərçəkmiş Sevinc Balaşova ifadəsində göstərib ki, “Qurd qapısı”nda xadimə işlədiyi dövrlərdə Təranə Əliyevanı qiyabi tanıyıb. Həmin kafedə çalışan Gülnarə adlı xadiməylə isə yaxın rəfiqə olublar. 2014-cü ilin sonlarında Təranə həm ona, həm də Gülnarəyə Türkiyəyə getməyi təklif edib, orada klubda inzibatçı işlədiyini, işlərinin yaxşı getdiyini bildirib. Maddi sıxıntı içərisində olduğundan Təranənin təklifi ilə razılaşıb.
2015-ci ilin yanvarında Təranə həm özünə, həm də Gülnarə və Sevincə bilet alıb, birlikdə Türkiyəyə yollanıblar. Avtovağzalda onları Təranənin tanışı Ramazan adlı şəxs qarşılayıb. Birlikdə Aydın şəhərinin Nazilli qəsəbəsinə gəliblər.
“Təranə bizə hədə-qorxu gəldi...”
Təranə bu qəsəbədə uzun müddət yaşadığını, geniş əlaqələrinin olduğunu deyib. Habelə, həm ona, həm də Gülnarəyə münasib iş olmadığını, onun nəzarəti altında fahişəliklə məşğul olacaqlarını bildirib.
“Etiraz etdim, dərhal bizi Bakıya yola salmasını tələb etdim. Təranə bizim üçün problem yaradacağını, başqa çıxış yolumuz olmadığını deyib hədə-qorxu gəldi. Geri qayıtmağa yolpulumuz olmadığından məcbur olub razılaşdıq. Həmin gündən bizi nəzarət altında saxladı, ayrıca otaq ayırdı, evdən kənara çıxamağa qoymu, müştəriləri həmin otağa gətirir, onlardan pul alıb bizi görüşdürürdü. Hər gün on-on beş müştəri qəbul edirdik”-Sevinc ifadəsində bildirib
Təxminən iyirmi gün cinsi istismara məruz qaldığını deyən Sevinc Balaşova növbəti dəfə Təranənin görüşmək üçün otağa gətirdiyi müştəriyə etiraz edib, cinsi əlaqədə olmayacağını deyib.
Zərərçəkənin ifadəsindən: ”Məni başqa otağa apardı, sillə ilə vurdu. Mən də onu itələdim. Bu vaxt Ramazan otağa girdi, iki dəfə üzümə sillə vurdu. Qəti qərara gəldim ki, Təranənin xəbəri olmadan buradan qaçaq. Gülnarəni də götürüb gecə vaxtı evdən çıxdım. İstanbulda yaşayan rəfiqəm Sevilin yanına gəldik. Sevilin köməkliyi ilə Azərbaycana qayıtdıq”.
“Otto” klubunda zəng: “Sizin kimi qadınlarla işləyə bilərik...”
İş üzrə digər zərərçəkən Ellada Məmmədova ifadəsində göstərib ki, T.Əliyevanı ötən ilin sonlarından tanıyıb. Belə ki, T.Əliyeva ona turizm şirkətində işlədiyini, maaşının yaxşı olduğunu deyib. E.Məmmədova yaxın münasibətdə olduğu Ruslana da bu barədə bildirib. Ruslan da öz növbəsində yaxın zamanlarda Türkiyəyə gedib Təranədən iş istəyəcəyini deyib. Ötən ilin sentyabrında “Otto” klubunda Almaz İbadova ilə rastlaşan Ellada Təranə barəsində ona danışıb. Təranənin çox səmimi, yaxşı insan olduğunu, onu işləmək üçün Türkiyəyə dəvət etdiyini açıqlayıb: “Təranəylə telefonla danışarkən Almaz ona da iş tapmağı xahiş etdi. Təranə də cavabında dedi ki, sizin kimi qadınlarla işləmək imkanlarımız var. Bizi Ankaraya dəvət etdi”.
Özü, rəfiqəsi və sevgilisi Ruslan...
E.Məmmədova sevgilisi Ruslan və rəfiqəsi Almazla birgə ötən ilin oktyabrında Ankaraya yola düşüb. Ruslan Təranənin onları işə düzəldəcəyinə inanıb, hər iki qadını onun yanına qoyduqdan sonra qohumlarıgilə gedib: “Ruslan getdikdən sonra Təranənin bizə münasibəti dəyişdi. Təranə evə müxtəlif kişilər gətirib onlarla əylənməyə başladı, sonra bizə həmin kişilərlə cinsi əlaqədə olmağı tapşırdı. Etiraz etdim, sevgilim xəbər tutarsa onun üçün problem yaranacağını söylədim, məhəl qoymadı. Əksinə, məni şantaj edərək Ruslana fahişəlik etdiyimi söyləyəcəyi ilə hədələdi. Evə kişi müştərilər gətirib, zorla cinsi əlaqədə olmağımı təşkil edəcəyini, video çəkib Ruslana göstərəcəyini dedi. Ruslanı itirməmək üçün razılaşdım. Almaza da deyirdi ki, əgər razılamasan səni tanış müştərilərə döydürəcəyəm. O, da Təranədən qorxduğu üçün razılıq verdi”.
Məhkəmənin qərarına əsasən T.Əliyeva barəsində 8 il cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 2 il sınaq müddəti olmaqla şərti hesab edilib. Başqa sözlə, “Qurd yuvası”nın müğənnisi sərbəst buraxılıb və karyerasına davam edə bilər...(virtualaz)
İnarə Rafiqqızı