TRAMPIN DAĞIDICI QƏRARI QÜVVƏYƏ MİNDİ –Dünya iqtisadiyyatı böhrana sürüklənir

Bu gün - aprelin 9-da ABŞ Prezidenti Donald Trampın ötən həftə elan etdiyi dünyanın onlarla ölkəsinə əlavə idxal rüsumları tətbiq etmək qərarı qüvvəyə minib.
Yenixeber.org: Aprelin 5-dən etibarən, demək olar ki, bütün ölkələr (Rusiya və ABŞ-nin sanksiyaları altında olan bir sıra digər ölkələr istisna olmaqla) üçün 10%-lik əsas rüsum dərəcəsi qüvvədədir. Çərşənbə günündən etibarən bir çox Asiya və Aİ ölkələri üçün 10%-dən çox əlavə rüsumlar qüvvədə olacaq. Bundan əlavə, Çinə rüsumların artırılması haqqında qərar qüvvəyə minib - indi onlar 104% təşkil edir.
Rejimin tətbiqi artıq dünyanın ən böyük birjalarında qiymətlərin düşməsi səbəbindən aparıcı şirkətlərin bazar dəyərini trilyonlarla dollar itirməsinə gətirib çıxarıb. “Forbes”-in məlumatına görə, sahibi olduğu şirkətlərin səhmlərinin dəyərinin azalması fonunda Trampın şəxsi sərvəti də azalıb - 4,7 milyard dollardan 4,2 milyard dollara qədər.
Neft qiymətləri və kriptovalyutaların dəyəri də aşağı düşür. Brent markalı neftin qiyməti 60 dollar/barrelə qədər ucuzlaşıb. S&P 500 indeksi 1950-ci illərdə yarandığı gündən bəri ən böyük itkisini yaşayıb.
Tramp tariflərin tətbiqi zərurətini ABŞ və dünyanın əksər ölkələri arasında ticarət balansının mənfi olması ilə izah edir. O bunu ədalətsizlik adlandırıb və qeyd edib ki, tariflərin tətbiqi istehsalı Amerikaya qaytaracaq, vergiləri və büdcə kəsirini azaldacaq. Bir çox iqtisadçılar bu qiymətləndirmə ilə razılaşmır və güman edirlər ki, tariflərin tətbiqi iqtisadi əlaqələrin pozulmasına, inflyasiyanın artmasına və ola bilsin ki, tənəzzülə səbəb olacaq. Media prezidentin yaxın çevrəsindən bəzi şəxslərin, o cümlədən milyarder İlon Maskın prezidentin qərarı ilə razılaşmadığını bildirib.
Tramp bir tərəfdən tariflərin uzun müddətdir qüvvədə olduğunu iddia etsə də, digər tərəfdən xarici ölkələrlə tariflərin ləğvi və ya azaldılmasına imkan verəcək “sövdələşmələr” bağlamağa hazır olduğunu bildirir. Xüsusilə Tramp administrasiyası Cənubi Koreya və Yaponiya ilə danışıqlar aparır.
Trampın özü çərşənbə axşamı bildirib ki, ABŞ-nin rüsum tətbiq etdiyi ölkələr ondan razılıq əldə etməsi üçün “yalvarır” və güzəştə getməyə hazırdır. CNN ABŞ Prezidentinin sözlərini sitat gətirir: "Bu ölkələr bizə zəng edir. G….ü öpürlər. Onlar sövdələşməyə can atırlar". Telekanalın mənbələri yazır ki, amerikalı diplomatlar razılaşma əldə etmək istəyən ölkələrin nümayəndələrinə ABŞ-yə təkcə ticarətdə deyil, başqa sahələrdə də güzəştə getməyi məsləhət görürlər.
Bu arada Çin səlahiyyətliləri güzəştə getməyə hazır olmadıqlarını bildirir və Vaşinqtonu ticarət müharibəsinə başlamaqda ittiham edirlər.(Azpolitika)