Yenixeber.org: Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib. Gömrük məntəqələrində isə səsvermə bu gün saat 17:00-da başa çatacaq.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən öncəki seçkilərdə 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yenerin sözlərinə görə, ilkin nəticələr həmin gün elan olunacaq. Televiziya və radioların, ümumiyyətlə bütün KİV-in saat 18:00-dək seçki və səsvermənin nəticələri ilə bağlı xəbər, proqnoz və təhlil verməsi qadağandır. Saat 18:00-21:00 arasında yalnız MSK-nın məlumatları yayımlanacaq. Yayımlar saat 21:00-dan sonra sərbəst olacaq.
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başlandı
Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərinə start verilib. Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq.