Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SƏBƏBİ İZAH OLUNMAYAN QADAĞA... -Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə nə zaman icazə veriləcək?

 

Nazirlər Kabinetinin 2021-ci il 28 avqust tarixli qərarına əsasən Azərbaycanda noyabrın 1-dək şənbə və bazar günləri ictimai nəqliyyatın və metropolitenin fəaliyyətinə qoyulan məhdudiyyətlər davam edəcək.

Yenixeber.org: Xatırladaq ki, bu qadağa ilk dəfə 1 il 2 ay bundan əvvəl, 2020-ci il iyulun 6-da tətbiq olunmağa başlayıb və hələ də davam edir. 

Metronun fəaliyyəti isə uzunmüddətli fasildən sonra 2021-ci il 31 may tarixindən bərpa edilsə də, o da yalnız avtobus marşrutları ilə eyni günlərdə işləyir.

Bakıda 3 milyondan artıq əhalinin yaşadığını nəzərə alsaq, həftənin sonlarında tətbiq olunan bu qadağanın paytaxtda hansı miqyasda problemlər yaratdığını təsəvvür etmək olar. 

Məlumdur ki, şənbə günləri bəzi dövlət qurumları işləyir, özəl sektorda isə ümumiyyətlə, istirahət günləri anlayışı nisbi xarakter daşıyır. Məsələn, kafelər, restoranlar və ticarət mərkəzləri əsasən şənbə və bazar günləri daha böyük dövriyyə əldə edirlər. Ona görə də bu sahələrdə çalışanlar mütləq işə çıxmalı olurlar. İctimai nəqliyyatın işləməməsi isə sayı on minlərlə və bəlkə də daha böyük rəqəmlərlə ölçülən bu insanlar üçün əlavə xərc yaradır. Bu səbəbdən də ya onların özləri, ya da çalışdıqları biznes strukturları taksi xidmətindən istifadə etməyə məcbur olurlar.

 

 

Həmin günlər bəzi taksi şirkətləri də müştəri bolluğundan yararlanıb qiymətləri əhəmiyyətli dərəcədə bahalaşdırırlar. Bu səbəbdən vətəndaşlar sosial şəbəkələrdə Operativ Qərargahın həftəsonu qadağalarına etiraz edir və onun ləğv olunmasını tələb edirlər.

Bakı sakini İdris Həsənov bildirib ki, həftəsonu çalışdığı üçün işə məcburən taksi ilə gedib-gəlir. O, məsafə uzaq olduğundan günlük qazancının yarısını taksiyə xərclədiyini deyir.

Digər həmsöhbətimiz Azər Muradlı da həftə sonları işə gedərkən çətinlik çəkdiyini bildirir. Onun fikrincə, tətbiq olunan qadağalar xəstəliyin artıb-azalmasına təsir göstərmir: "Onsuz da həftəsonları insanlar taksi ilə, şəxsi maşınlarla istədikləri yerə gedirlər. Bu qadağalar bizə maddi ziyan vurmaqdan başqa bir işə yaramır".

Xatirə Quliyeva isə hesab edir ki, həftəsonları ən azı metronun fəaliyyətinə icazə verilməlidir: "Məcbur qalıb hər yerə taksi ilə gedirik. Ay ərzində 100 manatdan artıq taksiyə pul veririk".

Qeyd edək ki, Türkiyə də daxil olmaqla, əksər ölkələrdə həftənin sonlarında belə qadağalar tətbiq olunmur. 

 

 

Tibb elmləri doktoru, professor Musa Qəniyev problemi şərh edərkən deyib ki, pandemiya başlayandan bu günə kimi həftənin 7 günü ictimai nəqliyyat fövqəladə iş rejimində çalışmalı idi: "Xəttə buraxılan avtobusların sayı bir neçə dəfə artırılmalı, avtobusların daxili tutumu ən azı 3 dəfə azaldılmalı və salonda mütləq şəkildə sosial məsafə gözlənilməli idi. Hətta 24 saatlıq xidmət rejiminə keçilməsi belə zəruri idi. Bu hal “COVİD 19”-a yoluxmanın nəinki qarşısını alardı, hətta onun şəhərdən rayonlara transferini belə mümkünsüz edə bilərdi".

Millət vəkili Fazil Mustafa isə bu barədə mediaya açıqlamasında bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir. Onun sözlərinə görə, sözügedən qadağaların tətbiqinin heç bir məntiqi izahı yoxdur. 

 

 

Deputat əlavə edib ki, ictimai nəqliyyatın işləməməsindən ən çox əziyyət çəkən aztəminatlı ailələrdir. F. Mustafa düşünür ki, problem öz həllini tapmasa, məktəblər açılanda vəziyyət daha da ciddi hal alacaq. Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi həftəsonu avtobusların iş saatı azaldıla, ictimai nəqliyyat saat 18:00-a qədər işləyə bilər. Millət vəkili bu məsələni parlamentin payız sessiyasında qaldıracağını bildirib.

Ekspertlərə görə, 29 sentyabr tarixindən məktəb və universitetlərdə ənənəvi təhsilin bərpası ictimai nəqliyyata olan təlabatı artıracağından vəziyyət daha da kəskinləşəcək. Qeyd olunur ki, insanların şəxsi avtomobillərdən istifadə etməsi onsuz da şəhərdə tıxaclara səbəb olur. Və ölkədə 3 milyondan çox insanın vaksin olunması nəhayət bu istiqamətdə müsbət addım atılmasına rəvac verə bilər.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarıyla, Bakıda 5 - 28 iyun aralığında keçirilən Avropa Çempionatı zamanı həftəsonları ictimai nəqliyyat və metronun fəaliyyəti müvəqqəti olaraq bərpa olunmuşdu. Bu müddətdə xəstəliyə yoluxanların sayında hansısa artım müşahidə edilmədi və bu, sözügedən qadağanın effektli olmadığını göstərdi. Amma Operativ Qərərgah ictimaiyyətə heç bir izahat vermədən bu qadağanı saxlamaqda və vətəndaşlara ciddi məhrumiyyətlər yaşatmaqda davam edir...

 

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam