Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HƏYATIN DİBİNDƏKİ QADIN-3

(sənədli povest)

   Aradan aylar keçmişdi, amma evin üstü hələ də düzəldilməmişdi. Bu Teymurun heç vecinə də deyildi. Səhərlər tezdən evdən çıxıb bir də axşam qaşqaralanda qayıdırdı. Nazilənin çəkdiyi əzablara baxıb zövq alırdı. Uşaqlarının yarıac- yarıtox olması da onu maraqlandırmırdı. Nazilə isə gecə- gündüz baş sındırıb çıxış yolu axtarırdı. Evin üstünü bağlamaq, uşaqları xəstələndirmədən yaza çıxarmaq, Muxtar əminin pulunu qaytarmaq. Bunların hər üçü Nazilənin boynunda idi. Bir dəfə Muxtar əmiyə borclu olduqlarını Teymura xatırlatmışdı və peşman olmuşdu. Ona görə ki, Teymur onu küçədə əl açıb bir çörək pulu istəyən qadın kimi təhqir etmişdi. Demişdi ki, ay ifritə, onu mənə niyə deyirsən?! Mən Muxtardan pul almışam? Pulu sən almısan, canın çıxsın sən də qaytar.

 -Axı, mən o pulu özüm üçün yox, ailəmizin ehtiyacı üçün xərcləmişəm. Bir də ailənin böyüyü, kişisi sənsən, onun ehtiyacını da sən ödəməlisən. Çünki buna məsulsan. Uşaqlar hələ körpədirlər mən onlara baxıram, evin işini görürəm,- deyə Nazilə öz vəzifəsini və onu necə yerinə yetirdiyini ərinə xatırlatdı.

  Teymur ötkəm bir tərzdə:

  • İşlə də, sənin qarşını kəsmişəm?
  • Mən də işləsəm, bəs uşaqlara kim baxar? Bir də iş var ki, harda işləyim?- deyə Teymurdan soruşdu.

Teymur bir küçə qadınına məsləhət verirmiş kimi Naziləyə:

-Maşallah gözəgəlimlisən, get bədənini sat, yaxşı pul verirlər. İndi çoxları ailələrini bu yolla saxlayırlar. Özü də bəy kimi.

Nazilə ərinin dediklərini eşitmirmiş kimi soruşdu:

-Nə dedin?

- Karsan? Dedim ki, get faişəlik elə, Muxtar əminin də pulunu ver. Uşaqları da dolandır.

 İlahi, Nazilənin qulaqları öz doğma ərindən nələr eşidirdi. Ailəli olduqları bu illər ərzində Nazilə Teymurdan çox iyrəncliyi, rəzilliyi, nakişiliyi görmüşdü, amma belə namussuzluğu, qeyrətsizliyi, şərəfsizliyi görməmişdi. Bu gün onu da gördü. Özü də tam çılpaqlığı ilə.

 Bundan sonra Teymurdan nəsə gözləmək normal adam üçün dəlilik və sərsəmlik idi. Ona görə də Nazilə boynuna düşən yükün altından çıxmaq üçün xırda bizneslə məşğul olmağa başladı. Əvvəlcə əlinə keçən xırdavat şeyləri alıb qonum-qonşulara, tanış- bilişlərə satmağa başladı. Əlinə bir balaca pul keçən kimi meyvə- tərəvəz alıb satmağa keçdi. İlk vaxtlar alveri pis getmədi. Müəyyən qədər qazancı oldu. Amma bu Nazilənin ehtiyacını tam ödəmirdi. Ona görə də Nazilə deyiləcək, olacaq hər şeyə “cəhənnəmə” deyib qazandığı pula pal-paltar alıb doğma rayonuna getdi. Apardığı pal- paltarları tanış- bilişlərə satdı və əvəzində onlardan qoz, fındıq, alma, armud alıb Bakıya gətirdi. Qadınlığını, zərifliyini unudub qarnı üstündə dolu yeşikləri qaldırdı, kürəyində kisələr daşıdı... Teymur da bir balaca adam olmuşdu. Azdan çoxdan qazandığını ailənin ümumi büdcəsinin üstünə qoyurdu. Beləliklə çətin də olsa pul toplayıb evin üstünü örtdülər, Muxtar əmidən götürdükləri borc pulu qaytardılar, dolanışıqlarını az da olsa yaxşılaşdırdılar.

 Artıq qışın çətin günləri arxada qalmışdı. Yazın ilıq nəfəsi duyulurdu, təbiət yavaş- yavaş qış yuxusundan oyanırdı, hər tərəfdə bir canlanma his olunmaqdaydı. Təbiətin oyanışı Nazilənin də əhval-ruhiyyəsinin yaxşılaşmasına təsir etmişdi. Yay tətilini gözləyirdi ki, uşaqları aparıb kənddə ata anasının yanına qoysun və şəhərə qayıdıb rahatlıqla yağış damcılarının saraldıb pis günə qoyduğu yorğan- döşəyi söküb yenidən sırısın.

   Yay tətili gəldi. Buna uşaqlardan daha çox Nazilə sevindi. Buraxılışdan iki gün sonra uşaqları da götürüb kəndə yola düşdü. Uşaqlar kənd həyatına öyrəşənə kimi onların yanında qaldı. Buna tam əmin olandan sonra Bakıya döndü. Evləri avtovağzala yaxın olduğundan marşurut avtobusunu gözləmədi, pay-piyada evlərinə yollandı. Teymur arxası qapıya oturub televizora baxırdı. Qapının səsinə gevrilib arxaya baxdı, Naziləni gördü. Nazilə ərinə salam verdi, xoş gördük dedi. Teymur nə Nazilənin salamını aldı, nə də xoş gəldin dedi. Ayağa qalxdı və paltarını dəyişən Naziləyə:

-Ay ləçər, bəlkə qızmısan, o boyda kənddə bir kişi tapmırdın ehtirasını söndürməyə, bir belə yolu basa- basa mənim yanıma gəlirdin? Eybi yox, bu saat səni elə rahatlayaram ki, yeddi arxadönənimə rəhmət oxuyarsan,- deyib vəhşi bir hərəkətlə Naziləni qucaqlayıb yerə yıxdı. Nazilə nə qədər çabaladı, çırpındı Teymurun altından çıxa bilmədi. Teymur canavar ovunun üstünə düşən kimi onun üstünə düşmüşdü. Didib parçalayırdı, harasından gəldi dişləyirdi. Nazilə nəfəs ala bilmirdi, heydən düşmüşdü, səsi belə çıxmırdı. Amma özünü bakirə qız kimi son nəfəsi gələnə kimi qorumağa çalışırdı.

  Teymurun hərəkəti ehtirasdan alışıb yanan bir kişinin qadına qarşı olan sevgisi deyildi, vəhşilik, yırtıcılıq idi. Ağlı, şüru, mənliyi özündə olan kişi də öz halal, sənəd- sübutlu qadınına qarşı belə eybəcərliyi, vəhşiliyi edərmi?!

  Aradan bir saat keçmişdi, Nazilə hələ də arxası üstə yerdə qalmışdı üzü cırılmış, boyun- boğazı dişdəm- dişdəm olmuşdu, döşlərinin giləsindən axan qan döşlərinin arasında quruyub qalmışdı. Ayağa qalxmağa, üst- başını düzəltməyə belə özündə güc tapa bilmirdi. Ağrıdan, göynərtidən zarıyırdı. Teymur çöldə oturub hava alırdı. Birdən nə fikirləşdisə içəri girdi. Tələsik şalvarını çıxarıb Naziləni üzü üstə yıxdı. Nazilə cığırmaq, qonşuları köməyə çağırmaq istədi, lakin səsi çıxmadı. Teymur onun saçlarından tutub yuxarı qaldırdı və sifətinə güclü bir sillə çəkdi. Nazilənin burnundan fışqıran qan döşəməni qırmızı rəngə boyadı. Amma Teymur iyrənc, vəhşi hərəkətindən əl çəkmədi, məqsədinə nail olub özünü qalib görkəmində gördü.

  Nazilə köməksiz, ac-susuz iki gün yerdə qaldı. Teymurun vəhşiliyi onu tamamilə sındırmışdı, öz- özündən utanırdı, xəcalət çəkirdi. Güzgüdə üz- gözünə baxmağa belə cəsarət etmirdi, qorxurdu. Qorxurdu ki, içindəki Nazilə bu halını görüb onu sorğu- suala tutsun, onu aciz, qorxaq olmaqda suçlasın, hayxırıb lombayla üzünə tüpürsün. Nazilə bu düşüncələrlə ağır- ağır iki gün dünyadan xəbərsiz qaldığı döşəmədən qalxdı. Başı bədəninə ağırlıq edirdi. Sərxoşlar kimi səndələdi, yıxılmamaq üçün əlini stolun küncünə dayadı. Bir xeyli beləcə qaldı, belini düzəltmək istədi, sümükləri sızıldadı, bir təhər ayaqlarını sürüyə- sürüyə hamam otağına keçdi, əl- üzünü yudu, qorxa- qorxa başını qaldırıb güzgüyə baxdı, üzü, boyun- boğazı qaraqançır olmuşdu. Bir xeyli güzgünün qabağında qaldı, hönkür- hönkür ağlamağa başladı. Amma içi boşalmadı, dəsmalla üz- gözünü qurulayıb çölə çıxdı. Çöldə çox dayanmadı. Qonşuların onu bu kökdə görməsindən qorxdu. Tez içəri keçdi. Yataq otağına keçib çarpayıda oturdu. Başını əlləri arasına alıb fikirə getdi. – İndi mən nə edim?- deyə öz- ızündən soruşdu. Sonra da, nə etməliyəm ki, rədd olub bir dəfəlik bu üfunət qoxuyan, namussuzluq, qeyrətsizlik yuvasından getməliyəm, öz həyatımı yaşamalıyam. Cəhənnəm olsun oğul da, qız da. Bu qədər iyrəncliyə, alçaqlığa heç kim dözməzdi, amma mən başıdaşlı indiyə kimi dözmüşəm. Daha bıçaq sümüyə dirənib, ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Bundan o yana yol yoxdur, yoxdur!-deyə hayqırdı. Çarpayıdan qalxıb əl çantasını götürdü. İki gün bundan qabaq gəldiyi yolla geri- avtivağzala gəldi. Avtobusa minib kəndə yola düşdü.

  Nazilə bu şəhərdən bir dəfəlik gedirdi. Bu şəhər onun həyatını məhv etmişdi. Bura gələn gündən üzü gülməmişdi. Oxumağa gəldiyi günə lənətlər yağdırırdı. Oxumaq istəyi olmasaydı heç Bakıya da gəlməzdi, Teymur kimi şərəfsizlə, biqeyrətlə də rastlaşmazdı. Yenidən yaşamaq, özü də tək- tənha mümkün olacaqdımı? Bu Nazilə üçün hələlik cavablandıra bilməyəcəyi sual idi. Çünki belə küsüb getmək Nazilənin həyatında birinci deyildi. Dəfələrlə olmuşdu. Amma hər dəfə də ata- anası onu bu yoldan saxlamışdı. Yəni zorla evlərindən çıxarıb balalarının yanına yola salmışdılar.

  Nazilə bu dəfəki gedişini sonuncu və bir dəfəlik gediş adlandırırdı.

  Həyətdə oynayan uşaqlar həyət qapısının cırıltısını eşidib, qapıya tərəf baxdılar. Gələn anaları idi. Uşaqlar:- Urra, urra, anamız gəldi,- deyə Nazilənin üstünə yüyürdülər. Nazilə balalarına ana qucağı açmadı, sadəcə ona sarılan uşaqların başına sığal çəkdi, əlləri titirədi. Amma qabaqkı vaxtlar kimi uşaqların üstünə göz yaşları tökmədi. Məyər onun gözündə yaş qalmışdı.

  Rüstəmlə İlqar gözə dəymirdilər. Nazilə heç maraqlanıb onları soruşmadı da. Çünki hər şeydən və hər kəsdən küsmüşdü. Daxili çarpışmalarda idi.

  Balacaların səs-küyünə babayla nənə də çölə çıxdı. İki gün bundan qabaq evinə yola saldıqları Naziləni görüb təəccübləndilər. Hər ikisi birdən:

-Xeyir ola qızım, nə tez qayıtdın, bu tezliklə işlərini yoluna qoydun ki?- deyə soruşdular.

Nazilədən səs çıxmadı. Keçib həyətdəki köhnə mizin arxasında oturdu. Ana qızının üzündəki qançırlar görüb:

-Qızım, bu nə gündür düşmüsən, yoxsa yenə o əli qurumuş, səni bu kökə salıb?

 Nazilə astaca başını tərpətdi. Ana kürəkəninin qrasına qarğış yağdırmağa başladı:

-Görüm sənin əllərin qurusun, heç anan xeyrini görməsin, qan qusasan. Ay yırtıcı canavar, sən nə istəyirsən mənim bu tifilimdən? Hansı hərəkətindən xoşun gəlmir? Bəlkə tənbəldi, pintidi, ev dağıdandı?

  Ana istədi deyə ki, bəlkə ayağı şürüşkəndir? Demədi, çünki qızını yaxşı tanıyırdı. Nazilə ölərdi, amma o yola düşməzdi.

  Ana sanki Teymuru qabağına qoyub danlayırmış kimi sözünə davam elədi:

-Nazilə kimi namuslu, ailə qədiri bilən, təmiz- tarax, başı aşağı bir qızın bəxtinə düşməyindən niyə sevinmirsən, niyə Tanrına şükür eləmirsən ay nankor, ay naşükür? Nə tez unutdun Nazilənin səni adam edib adamlar cərgəsinə qoşduğunu?!

  Ana qəddar, vəhşiləşmiş kürəkəninin ünvanına çox sözlər demək istəyirdi, amma birdən yadına düşdü ki, qızı uzaq yoldan gəlib. Tez Nazilənin qolundan tutub oturduğu yerdən qaldırdı:

-Dur qızım, dur, əl- üzünü yu, çay iç, bir tikə çörək ye. Uzaq yoldan gəlmisən, yorğunsan, bir hovur dincəl. Onun vurğunu güclü gəlsin a bala. Bundan sonra iki dünya bir ola, özümü öldürərəm, ancaq səni onun yanına qaytarmaram,- dedi.

  Ananın bu dedikləri bir höküm kimi səsləndi.

  Ata isə başqa bir fikirdə idi. Ərlə arvad arasında həmişə narazılıqlar, xırda dava- dalaşlar olur və neçə ki, insanlıq var yenə olacaq. Bunu ciddi qəbul edib faciəyə çevirmək lazım deyil. Nazilə indi hirslidir, sakitləşsin səhər rahat- rahat danışarıq,- deyib yataq otağına keçdi.

  Səhər tezdən Nazilə Respublika Qadınlar Cəmiyyətinin rayon şöbəsinə yollandı. Ərli olan illərdə başına gələnləri, əri tərəindən hüquqlarının mütamadi pozulmasından, zorakılığa, işgəncələrə məruz qalmasından şöbənin sədrinə uzun- uzadı danışdı. Ondan kömək istədi. Tösmərək qadın bir mənalı şəkildə dedi ki, kömək edə bilməyəcəm, bu bizlik deyil. Yaşadığın rayonun qadın şöbəsinə müraciət elə,- deyərək onu başından elədi.

  Rayon bu təşkilatından ümidi kəsilən Nazilə son ümid yeri kimi polis şöbəsinə getdi. Başına gələnləri, əri tərəfindən döyülərək zorlandığını polis şöbəsində yerli- yataqlı danışdı. Doğrudur, şöbədə onu səbirlə dinlədilər. Hətta üz- gözündəki, boyun- boğazındakı zorakılıq əlamətlərini görüb təəssüf hissi də keçirdilər. Amma sonda onlar da tösmərək qadının dediyini eyniylə təkrar etdilər.Yəni ki, hadisə bizim rayonda baş verməyib, əgər bizdə baş versəydi tədbir görərdik. Polis şöbəsindən də kömək ala bilməyən Nazilə kor- peşman, suyu süzülə- süzülə evlərinə qayıtdı. Yolda öz- özünə sual verdi:

-Demək mən taleyə boyun əyib qul kimi yaşamalıyam hə? Allah verdiyi ömrümü Teymur kimi namussuz, qeyrətsiz, şərəfsiz birinə verməliyəm ki, o da istədiyi kimi xərcləsin? Yox, qətiyyən yox! Quldar dursa da, daha qul yoxdur. O, bundan sonra qollarındakı köləlik zəncirini qırıb azad yaşayacağı hökümünü verdi.

  Nazilə çox fikirləşib qəti bir qərar çıxardı. Uşaqları şəhərə- atalarının yanına göndərib özü ata- anasıyla yaşasın. Bəs onda uşaqları kim aparsın? Əvvəl istədi uşaqları avtobusa doldurub Allahın ümidinə yola salsın. Amma sonda bu fikirindən də daşındı və birdən çıxış yolu tapıbmış kimi sevindi:

-Uşaqları atam aparacaq, başqa heç kim,- deyə özlüyündə qəti qərara gəldi. Fikirini atasına bildirdi. Atası bu fikirə qəti surətdə etiraz elədi.

-Qızım, sən nə etdiyinin fərqindəsən, məyər sən uşaqlarla getmisən? Ağlını başına yığ, daşı da ətəyindən tök. Dörd uşağı atalarının ümidinə qoyacaqsan? Bilirəm təhqir olunduğuna, döyüldüyünə, incidildiyinə görə əsəbisən. Çox keçməz ki, sakitləşərsən, onda səni uşaqlarından heç cür ayırmaq olmayacaq,- deyə qızını fikirindən döndərmək istədi. Amma Nazilə qərarında ciddi idi, onu fikirindən daşındırmaq olmazdı. Çünki illərlə əri tərəfindən döyülüb, söyüldükdən sonra ata evinə gəlməyi çox olmuşdu. Hər dəfə də atası məcbur eləmişdi ki, Teymuru bağışlasın. O, atasının qəlbinə dəyməmiş, onu eşidib ailəsinə dönmüşdü.

  Daha Nazilə atasını eşitmək istəmirdi. Ona görə də atasına:

-Ata, bu dəfə əvvəldəkilər kimi olmayacaq, boş yerə özünü yorma. Sənin boş- boş məsləhətlərin məni uçurumdan qurtarmayıb, əksinə, bir az da ona yaxınlaşdırıb. Hər dəfə ata kimi sənin yanına gəlmişəm ki, mənə sahib çıxasan, amma sən məni qapına sədəqəyə gələn dilənçi bilib insafsızcasına qovmusan. Axı mən sədəqəyə möhtac olan dilənçi yox, sənin doğmaca qızınam. Bəlkə mən bilmirəm, sənin doğman yox, ogeyinəm? Yox ata, bu dəfə elə olmayacaq. Qolumdan tutub bayıra atsan da, lap itin yerinə bağlasan da, buradan gedən deyiləm. Çünki burada yaşamaq mənim də haqqımdır. Bu günə kimi heç kimin yaxasından tutub deməmişəm ki, mən də insanam, insan kimi də yaşamalıyam,- deyə atasına yüksək səslə söylədiyi monoloqunu tamamladı.

  Nazilə yaman coşmuşdu, özündə, sözündə deyildi. İllərcə bundan əvvəl Teymurla yollarını ayırmaq istəmişdi, lakin atası daş atıb başını tutmuşdu ki, bu ola bilməz. Qadın gərək ər evindən, gor evinə getsin. Bir də mən evimdə dul qadın saxlaya bilmərəm. Camaat nə deyər demişdi. Ata oxumuş olsa da, keçmişin adət- ənənələrinə möhkəm bağlı idi. Bunu Nazilə də yaxşı bilirdi, ona görə də bu dəfə qətiyyət göstərirdi.

-Ata, uşaqları sən aparıb atalarına təhvil verəcəksən, əgər yox deyib boyun qaçırsan, bu həyətdə üstümə benzin töküb özümü yandıracam. Qabaqcadan da qohum- əqrabaya, qonşulara, polisə xəbər verəcəm ki, mənim ölümümdə günahkar atamdır. Sən də ölənə kimi bu dərdi yana- yana, qovrula- qovrula çəkəcəksən. Belə rusvayçılıqla yaşamaq istəmirsənsə dediyimi elə,- deyə atasına qəti surətdə bildirdi.

  İzzət kişi Nazilənin bu hərəkəti gözünü qırpmadan edəcəyinə inanırdı. Əyər Allah eləməmiş, belə bir hadisə baş versə, o camaatın içində xəcil olardı. Bütün bunları göz önünə gətirən İzzət kişinin qızının bu təkidli tələbini yerinə yetirməkdən başqa əlacı qalmadı.

Ardı var...    

 Məhərrəm Şəmkirli

AYB- nin və AJB- nin üzvü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam