ƏHMƏD ƏHMƏDOVUN QARDAŞINA AĞIR İTTİHAMLAR –“Dedi, pulu verməsən, məni öldürəcəklər”
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Yenixeber.org: İttihama münasibət bildirən Əvəz Əhmədov özünü təqsirli bilməyib.
Daha sonra ifadə verən zərərçəkmiş Sumqayıt Texnologiyalar Parkının satış şöbəsinin rəisi Rəşad Tahirov deyib ki, arvadının əmisi oğlu Hörmət Əsgərovun vasitəsilə Əvəz Əhmədovla tanış olub. Onun sözlərinə görə, onlar armatur və digər tikinti məhsullarının satışı ilə bağlı birgə biznes qurmaq haqda danışıblar və ilkin razılaşma olub: “Bir həftə sonra Əvəz mənə zəng etdi, dedi ki, Hörmətin mənə verəcəyi var, o da deyir, pul səndədir. Mən də dedim ki, əksinə, Hörmətin mənə verəcəyi var. Əvəzə Hörmətin əvəzindən pul verməyəcəyimi bildirdim. Axşam Hörmət zəng edib uşaq kimi ağlayırdı, dedi, pulu verməsən, məni öldürəcəklər. Bir qədər sonra yenə Əvəz zəng edib dedi ki, Hörmətə zamin dur, sənin sözünlə onu buraxım. Mən də dedim ki, ona bir az vaxt verin, pulu tapıb qaytarar”.
Zərərçəkmişin ifadəsinə görə, daha sonra olanlarla maraqlanmayıb: “İki gün sonra kafedə Hörməti gördüm. Mənə 1 milyon manatdan çox borcu var idi, onu istədim. Yenə ağlamağa başladı, üz-gözünü göstərdi. Əvəzin onu döydüyünü, onun təhlükəli adam olduğunu dedi. Məndən xahiş etdi ki, Əvəzdən onun üçün yenə vaxt alım. Həmin müddət ərzində ikimizin də pulunu qaytaracaq. Hörmət dedi ki, onun Əvəzə 140 min dollar verəcəyi var, mənə Əvəzin ona yazdığı SMS-ləri göstərdi, orada Əvəz ikimizi də söyüb, hədələmişdi”.
Zərərçəkmiş qeyd edib ki, bundan bir neçə gün sonra Əvəz tez-tez ona zəng edib: “Əvəz məni hədələyərək pulu istəyirdi. Mən də telefonu birdəfəlik söndürdüm. Telefon nömrəmi sındırdım. 3 ildir o nömrəni işlətmirəm”.
Zərərçəkmiş əlavə edib ki, bu hadisədən bir neçə gün sonra onu Bakı şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov zəng edib və idarəyə çağırıb:“Orada mənə dedi ki, Əvəzə söz vermisən, pulu qaytar. Bir qədər sonra ora Əvəz də gəldi, ikisi də məni söyüb hədələməyə başladı. Şövqi Əhmədov dedi ki, mənim ölkədən çıxışıma qadağa qoyub, həbs etdirəcək. Mən də qorxduğum üçün onların dedikləri ilə razılaşdım. Əvəzin diktəsi ilə məcbur olub ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Pulu qaytarana kimi isə iki evimin sənədlərini Əvəzə verdim”.
Rəşad Tahirovun sözlərinə görə, bir həftə ərzində 60 min dollar düzəldib və Əvəzə verib: “Daha sonra pul tapa bilmədiyim üçün dostlarım Habillə Dəyanətə hadisəni danışdım. Onlardan borc pul istədim. Habil məni də götürərək Əvəzin yanına getdi, onlar çoxdan tanış idilər. Habillə Əvəz gömrükdə bir yerdə işləmişdilər. Əvəz məndən 220 min dollar tələb edirdi, Habil ona dedi ki, burada 100-120 mindən söhbət gedir, Rəşad sənə 1 qəpik də verməyəcək. Çünki o, səndən pul almayıb. Mənim qolumdan tutub, çölə çıxartmaq istəyəndə onu sakitləşdirdim və dedim ki, belə etmək olmaz, razılığa gəlmək lazımdı. Çünki Əvəzgil haqda çox şey eşitmişdim, ailəmə görə narahat idim. Axırda 140 minə razılaşdıq. Bir ay ərzində həmin pulu düzəldib Əvəzə verdim. Ondan sonra Hörmət də Rusiyaya qaçdı”.
Rəşad Tahirov məhkəmənin “niyə hadisədən 1 il sonra şikayət etdin” sualına belə cavab verib: “Əvəz Əhmədovun qardaşı Əhməd Əhmədov Naxçıvanın daxili işlər naziri vəzifəsindən çıxandan sonra şikayətlər yazmağa başladım. Çünki ondan əvvəl qorxurdum, mənə hədə-qorxu gəlmişdilər”.
Daha sonra zərərçəkən Hörmət Əsgərov ifadə verib. O bildirib ki, Əvəz Əhmədovu 1998-ci ildən tanıyır: “Ondan bir neçə dəfə pul götürüb qaytarmışdım. Sonuncu dəfə də 100 min dollar aldım”.
Növbəti proses dekabrın 26-da davam edəcək.
Qeyd edək ki, Əvəz Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunur. Əvəz Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.(axar.az)