ZAMAN ƏN BÖYÜK ƏLƏKDİR…
Xeberinfo.com: Bu gün biz elə mühütdə yaşayırıq ki sözün qəlibi geniş, özü isə ölçüyə sığmır. Əlbəttə istedadı olan hər kəs ədəbi mühütdə qələmi ilə külüng çalır. Bəllidir ki imzasını qoyaraq özündən sonra gələcək nəsillərə tanıtmaq niyyətindədir. Amma nəzə alaq ki, quyunun dərinliyində əzab-əziyyətlə atdıqları lağımlar onları hara çəkib aparır heç özlərinə də bəlli deyil. Baxın,bu və bunun kimi nüanslar sual doğurur. Bəzən qazılan quyu fontan verir və ətrafa yayılır, bəzən də açılan lağımın səmti səhv düşdüyündən quyunun vəziyyəti natamam olaraq qalır, yaxud da fəvvarə daha güclü olduğundan qazanın özü də yox olur. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm, elə qələm sahibləri var ki açdığı süfrəsindən (yəni söz boxçasından) bəhrələnəndə bütün dediklərimin şahidi oluruq. Çox təssüf edirəm ki, bu gün ədəbi mühitdə belələrinə dua edib, kəlməsinə çəpik çalanlar çoxdur. Süfrə ortadan götürülə, götürülməyə layiq oldu -olmadı hədiyyələri baş ucunda olur.
Hörmətli qələm əhli, mən yazdıqlarımı bir az eyhamla çatdırıram guman edirəm məni başa düşürsünüz. Bəli, belə yorğanı qalın qələm sahiblərinin yazdıqlarını ortaya çıxaranda aydın olur ki, ( xanımdı ya bəydi) müəyyən təmtəraqlı titullar yan-bayan düzülür. Unutmayaq ki, bu gün ədəbi müstəvidə söz alveri gedir. Təmtəraqla təqdim edilmiş titullar müasir ədəbi müstəvidə daha ucuz satılır, elə sözün özü kimi. Gəlin bir məsələni də unutmayaq ki, ədəbi mühitdə BAZAR varsa demək onun "BAZARKOM"da iş başındadır və bu mövcudluqdan yetərincə yararlanır. Dediklərimi yazmaqda sözümün əmması budur ki, bütün olayları görə-görə şair və yazar olaraq öz aramızda ədəbi birliyin yoxluğunu görürəm. Nə olsun ki, AYB ətrafına sayı bilinməyən şair və yazarları toplayıb. Əslində AYB dediyimiz bu qurum hansı yazarın sosial baxımdan acınacaqlı vəziyyəti ilə maraqlanır? Hansının harda, hansının evi başına uçan daxmada yaşamasından, hansının xəstə olağından xəbəri var, yazdığı əsərləri hansı maddiyyat bahasına əmələ gəlir....Qeyd edim ki, əgər belə qurum varsa dövlət onu təsdiqləyirsə, demək onun fəaliyyəti üçün də müəyyən büddcədən vəsait ayırır. Bəs bu qurumdan yazarlar niyə yetərincə yararlana bilmir? Hər il Prezident Təqaüdü elə yazarlara təqdim edilir ki, bu təltifə dəfələrlə layiq görülmüşdür. Bəs başqa yazarlar? Niyə qələmi, sözü ilə hər cür əziyyətlərə qatlaşan qələm sahibləri, hətta bazara rəhbərlik edənin qapısı arxasında günlərlə növbəyə dayanıb sonda isə əli -ətəyindən uzun geri dönməlidir? Niyə maddiyyatı zəif yazarlara belə ögey münasibət göstərilir? Günahı istedadlı olmasıdırmı??? Mən bütün olayları diqqətə çəksəm- çəkməsəm də bu gün hamı bilir ki, AYB-də meydan sulayıb, qol-qanad açıb, kök atanların kürsüsü əbədidir (təbii ki, özlərinə belə gəlir). Aydın görünən budur ki , kürsü bu stereotiplərdən azad olmaq üçün az qalır qəşş eləsin, lakin yapışan o əllərdən azad ola bilmir. Danılmaz faktdır ki, AYB -də müəyyən toplum var ki, çəpiyə aludə olan yazarların (belə demək mümkünsə) başılna pərvanə kimi dolanır. Maraqlı məqam budur ki, sözü gedən mühitin güzgüsü olan "ƏDƏBİYYAT" qəzetində də vəziyyət ürəkaçan deyil. Təəssüflər olsun ki, həmin redaksiyanı AYB öz xeyrinə özəlləşdirib. Abrı-həyası yerində olan yazarların heç biri birmənalı şəkildə bu qəzetə müraciət edə bilmir. Çünki bu qəzet sifarişlə fəaliyət göstərir. Çox hörmətli qələm sahibləri, gəlin bütün deyilənləri nəzə alaraq, aramızda qələmi olub diqqətdən kənarda qalan yazarlarımızı bizlər - yəni, qələm əhlini dəstəkləyək. Beləki, hansısa bir yazarın min-bir əziyyətlə əmələ -ərsəyə gətirdiyi kitabının təqdimat mərasimi təşkil edilirsə heç bir bəhanə irəli sürmədən iştirak etməyə çalışaq, hətta AYB- nİn yüksək səviyyəli tribunasından səsləri gəlməsə belə. Axı vəziyyəti özünüz çox gözəl bilirsiniz.Unutmayaq ki, qələm sahibinin qəlbi çox kövrək, ürəyi yuxa olur. Əgər qələm sahibləri bir-birinə dəstək vermirsə bəs başqasından nə gözləyək? Belə baxanda çox az yazar olar ki, öz döğma ocağında, ailəsində qələminə görə qayğı ilə əhatə olunsun, adətən könül adamı, ruh adamı öz ailəsi tərəfindən əksər hallarda rəğbətlə qarşılanmır. Könlü sözlə dolu yazar daima istər ki, yazdığını kiməsə oxusun, onun səsini kimsə eşitsin və ona diqqət ayıran olsun. Amma nə yaxşı ki, belə yazarlar sözünü deməyə yüksək tribunalar tapmasalar da, müəyyən kitab evləri var ki, onların səsini eşidib dəstək ola bilirlər. Buna misal olaraq belə məkanlardan biri "KİTABEVİ.AZ"-dır Şəxsən öz adımdam bu məkanın müdriyyətinə təşəkkürümü bildirirəm. Çünki bu məkan yazarların kitabının təqdimatını təşkil etməklə yanaşı müəllifin kitablarının satışına da köməklik göstərirlər. Bizlər bir-birimizə dəstək olaq ki, səsimiz Azərbaycanın hüdudlarından kənara çıxa bilsin. Çox təəssüf edirəm ki ədəbi mühitdə belə bir hallar da hökm sürməkdədir. Danılmayan faktdır ki, istedad sahibi ədəbi mühitdə ilk addımlarını atarkən qəlbinə simsar olan birini müəllim kimi qəbul edib ondan nəyisə öyrənməyə çalışır, onun iradlarına, tənqidinə əməl edərək qələmini doğru yola yönəltməyə səy göstərir və buna nail olur. Lakin bir müddətdən sonra nədənsə bu tələbə sanki rəqibə çevrilir. Təəssüf ki yazdıqlarım bəlkə də, çoxlarının ürəyindən xəbər verəcək. Zənnimcə belə hallarda müəllim tələbəsinə qısqanclıqla deyil, fəxr hissi ilə yanaşmalıdır. Məncə qələm qısğanclığı sevmir.
Hörmətli oxucular axı söz meydanı bazar deyil ki, qiymətdə sövdələşəsən. Əlbəttə bəzi insanları sözlərim ox hədəfi tutan kimi tutacaq, amma bu oxdan necə azad olacaq bunu deyə bilmərəm.
Hörmətli qələm əhli, sizlərdən təvəqqem budur ki, bir-birinizə ögey münasibət bəsləməyin, qısqanclığı kibiri bir tərəfə qoyub istedadı olanlara irəli getmək üçün şərait yaradın! Əgər istedadı olmasa, zaman öz sözünü deyəcək. Unutmayaq ki, zaman ən böyük ƏLƏKDİR.
TƏRANƏ ŞƏMS