SÖZÜ ŞAN - ŞÖRƏTƏ SATANLARA müraciət
"Xeberinfo.com": Bəzən ədəbi mühitdə elə qələm əhlinə rast gəlirəm ki, öz qələminə istedadına qənim kəsilir. Belələrinə qarşı münasibətim birmənalı olmayıb. Bilirsiniz, mən belələrini müasir avropalaşan dövrümüzdə öz övladlarından imtina edən valideynlərə bənzədirəm. Cəmiyyət üçün övlad tərbiyə etmək nə qədər məsuliyyətlidirsə, yazarın da qələmə aldığını ədəbi mühitdə yazdıqlarını öz oxucusuna çatdırmaq məsuliyyətlə bərabər bir o qədər də, çətindir. Aramızda elə yazarlar var ki, bəzi valideynlər kimi, cəmiyyətdə yaranan çətinliklərdən qorxaraq məsuliyyətdən qaçırlar. Demirəm mən onları qınaq edirəm. ƏSLA! Həqiqətən yazarlar öz zehninin, düşüncəsinin məhsulunu demək istədiyini kitab nəşr etdirərək oxucusuna çatdırmağa maddi imkanı çatmır. Düşünün, yazarın maddi imkanı o qədər çox olmalıdır ki, yazdığlarını dövlətin hesabına yox, öz cibinin xərcinə ədəbi mühitə təqdim etməklə, həm də, heç qazanc gözləmədən kitablarını oxucusuna hədiyyə də verməlidir ki, onu oxuyub tanısınlar. Bəlkə haqqında bir söz deyən ola. Beləliklə bəzi atalar və analar, yazarlar kimi həyat verdiyi övladlarını çətinliklər qarşısında qoyaraq dünyaya gətirdiyi körpəsindən hətta imtina etməyə məhkumdurlar. Halbuki bu körpələr dünyaya sifarişlə gəlməyiblər. Bu məsələnin dərinliyinə varanda sosial vəziyyət əsas rol oynayır, müqayisə də isə həqiqətən bu dün yazarlar çox kasıb yaşayırlar. Doğrudan da söz deyə bilən, vicdanı təmiz olan yazarların maddi rifah halları çox aşağıdır. Niyə Azərbaycanda yazarlar çox kasıb yaşayır, Avropa ilə müqayisədə? Yəqin bu sualın cavabını dövlət verməlidir. Hətta elə yazarlar, jurnalistlar var ki, ali təhsili yoxdur, amma fitri istedad sahibidir. Lakin həyatın istisi-soyuğu onu öz qələmindən, istedadından imtina etməyə məcbur edir. Çünki öz zehninin bəhrəsini görə bilmir. Axtarsaq, seçib sonalasaq belələrinin əksəriyyəti başqa işin sahibidirlər, hansı ki sənətə xobbi kimi baxırlar. Bəs heç yerdən maddi gəliri olmayan yazar, zəhmətinin müqabilində dövlətdən heçnə ala bilmirsə nə ilə dolanmalıdır və necə yaşamalıdır? Bəzən elə bu səbəbdən dolayı bəziləri dolanışıq xatirinə öz fikir və düşüncələrini satırlar. Onu da nəzərinizə çatdırım ki, bu gün ədəbi mühit mövcuddursa( belə demək mümkünsə) bəzi –bəzi çirkin biznesi olan yazarların və jurnalistlərin hesabına inkişaf edir. Axı yazar kasıb da olsa bu dövlətin vətəndaşıdır. Necə ki, olaylara diqqət etdikdə valideyn öz uşağına necə baxmalıdır, sualı meydana çıxır. Yeri gəlsə dövlət də öz vətəndaşına valideyn övladına baxan kimi baxmalıdır. Baxın düşündüklərim necə də bir-birni üstələyir. Amma bu o demək deyil ki, valideyn övladından, yazar isə qələmindən imtina etsin. Bir anlıq düşünəndə ki, imtina edilmiş uşaq gələcəkdə valideynin günahları kimi onu qara-baqara izləyərək qarşısına çıxaraq ayağına qandal olacaq, əlbəttə, uzaqgörən olsaydı belə addımı atmazdı. Müqayisədə hətta rastlaşdığım bir məsələ də məni narahat edib və təəccübləndirib. Bəzən valideyn öz övladından imtina etdiyi bir vaxtda başqa bir ailədə valideyn övlad həsrətilə alışıb yanır. Hətta onun varlığı üçün varından, dövlətindən keçməyə hazırdır. Maraqlı bənzətmədir eləmi? Elə şairlər, yazarlar var Allahın ona bəxş etdiyi istedadın gücündən istifadə edərək maddiyyat qarşılığında şeirlər, elmi məqalələr yazır və öz zehninin məsulunu istedadı olmayan kütlərə maddiyyat baxımından satmağa məcbur olur. Təəssüf ki, vaxt, zaman gəlib satdıqları başqa imza ilə qarşısına çıxanda o şairin, yazarın halını göz önünə gətirin. Bu qeyd olunan məsələ övaladından imtina edib, zamanın gərdişində onunla qarşılaşdığı ana bənzəmirmi?! Pulu ilə ədəbi mühitdə meydan sulayanın istedadı yoxdur, amma hər şeydən bir çömçə qabağına çəkib mənimsəməyə çalışır. Bu arzuyla yaşayan savadsız, istedadsız birisi, əli heç yana çatmayan yazarla müəyyən sövdələşmədən sonra aldığı məhsulları öz imzasi ilə adlı-sanlı mətbəələrdə nəşr etdirir və alim, ya da şair, dramaturq adını alır. Yenə sözü gətirək öz övladını atan, və yeri gəlsə satan valideynlərə. Ata-ana nəvazişi ilə boya-başa çatmayan uşaqlar cəmiyyət üçün dəyərli vətəndaş ola bilərmi? Necəki, sifarişlə yazılmış şeirlərdən kitab nəşr etdirilb “yazar” adını alanlar kimi. Belələri ad alıb ədəbi mühitdə tarixdə yaşaya bilərmi? Düzdür, bu gün cəmiyyətimiz qeyd etdiklərimdən xalidir. Həqiqətən ürək ağrıdan halların baş verməsində birbaşa dövlət məsuliyyət daşıyır. Dövrləri müqayisə etdikdə sovetlər dönəmində yazarlar qonorarla çox normal yaşayıb, yazıb - yaradıblar və bu gün də onlar tarixdə yaşayırlar. Əslində bu gün ədəbi mühitə nəzər salsaq hansı yazarların yadda qalan əsərlərini tapa bilərik? Amma XX əsrin sonlarından bu yana bizlərə kimlərin əsərləri miras qalmayıb. Biz necə Hüseyn Caviddən, Əhməd Cavaddan, Mikayıl Müşviqdən, müasirlərimizdən Məmməd Arazdan, Bəxriyar Vahabzadədən söz etməyək. Çox təəssüflər olsun ki, Azərbaycan Yazıçılar Birliyində ad alıb süfrə salan yazarlar var ki, bu gün tükürpədici yollardan keçərək kürsülərdə oturublar. Halbuki, bu çatışmamazlıqlar müasir ədəbiyyatda öz əksini tapır, lakin görünən tör-töküntüləri tənqid edib gözə soxmaq istəyəndə müəyyən qazet və jurnalların redaktorları təccüblə soruşurlar ki, bəlkə deyəsiz, bu məqalə sifarişdirmi? Belə olan təqdirdə qalırsan baxa-baxa, axı gördüyün əyrilər səni məcbur edirsə yazmağa necə imtina edəsən?! Mənim isə gəldiyim nəticə belədir ki, kiminsə qələminin, zehninin hesabına ad alanlar yalnız belə düşünə bilərlər. Bir misal var: “Xain xoflu olar” Nəzərinizə çatdırım ki, mən dediklərimi kənardan eşidib yazmıram, hadisələrin içərisində yaşayan jurnalist kimi qələmə alıram. Müəyyən kürsülərdə oturan adlı-sanlı qəzet redaktorlarına sübut etməyə çalışıram ki, mən sifarişlə işləmirəm və yetərincə sözümü deyə bilirəm. Bu mənim həyat meyarımdır.
Bilmirəm müqayisəni düzgün aparıram ya yox, amma mən özümü haqlı sanıram. Yazar öz qələminin, qəlbinin yanğısı ilə yazdıqlarından, ən ümdəsi Allahın verdiyi istedaddan imtina etməz. Yazdıqlarının hər kəlməsi, hər misrası sənin övladındır. Demək ALLAH yaratdıqlarının içərisindən səni seçib ki, bu gözəlliyi sənə bəxş edib, necə ki, hər kəs valideyn ola bilmir. Bu gözəlliyə xor baxmaqmı olar? Ola bilər ki, ədəbi mühidtə öz dəyərli yerini tapmayasan, amma elə etməlisən ki, sənin dəyərli qələmin, sözün olsun. Söz əbədidir, daima yaşayacaq və bu əbədiyyəti yaşadan sən olacaqsan.
Hörmətli yazarlar, öz övladlarından imtina edən valideynlərə bənzəməyin, irfani baxışlarınızı idrakınızın məhsulunu satmayın! Bəs şairlik, yazarlıq iddasına düşənlər başa düşmürlər ki, aldıqları yəni etdikləri söz alveri halal sayılmır. Axı bu ZİNAdan dünyaya gələn körpəyə bənzəyir. Əlbəttə, aralarında qananlar varsa onu özününküləşdirə bilməz, olarsa yenə deyirəm halal deyil, valideynlərin ögeyi- doğması var. Övladlarınızı yetim qoymayın ey qələm sahibləri! “Bitə acıq edib köynəyi oda atmaq olmaz”.Nə edək ki, belə bir cəmiyyətdə yaşayırıq. Qoruyun qələminizi, imtina etməyin Allahın sizə verdiklərindən, səndən sonra qalan miras sənin SÖZ SƏLTƏNƏTİNDİR.
P.S. Hər il olduğu kimi, bu ildə bəzi yazar və jurnalistlərə Mətbuat günü münasibətilə fəxri adlar verildi. Amma maraqlıdır bu adlara hansı mənbədən nail olublar bax bu sual altındadır. Düzdür, içərilərində bəziləri haqqına halal sahib olanları da var. Lakin həqiqətin keşiyində ayıq-sayıq dayanıb həqiqəti görüb yazanlar söz deyənlər, təcridxanalarda can çəkişirlər. Həqiqətin önündə başları yerə dikilir, belələrini öz həqiqətlərini güldürməyə məcbur edirlər.Hansı ki,onlar öz haqq mübarizələrini davam etdirə bilmirlər. Görəsən, cəmiyyətdə ağın üzünə QARA olanların aqibəti necə olacaq???
TƏRANƏ ŞƏMS