Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Bu günün şairləri bölünə-bölünə min yerə parçalanan bir vətəndir" - Nəcibə İlkinlə müsahibə

 


Xeberinfo.com:   Müsahibim redaktoru olduğum “Azad Qələm”qəzetinin təsisçisi və baş redaktoru Nəcibə İlkindir.
Nəcibə xanım ilk öncə iyulun 22-si Mətbuat gününə təsadüf edən 55 yubley yaşınızı bir daha təbrik edirəm. Sizə uzun ömür can salığı və daha uca zirvələr fəth etməyi arzu edirəm, hətta müsahibim kimi də sizə öz dərin təşəkkürümü bildirirəm. 
-Nəcibə xanım, “Azad qələm”. Bu sözün fövqündə qələm azaddırsa, düşüncəni buxovlayan nədir?
- Qələm hər zaman azad olub. Azad olanlar isə boğulmur. Əslində isə azad demək istədiyimiz sözün arxasında qara kölgə, önündə isə keçilməz sədd olub. Bizdən qabaq azadlıq üçün çarpışan, ölkəmizi, xalqımızı azad görmərk istəyənlərin başına nə oyunlar gəldi. X.Rza Ulutürk dedi ki: Azadlığı istəmirəm, zərrə-zərrə, qram-qram! Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram... Qələmın azad olmaq istəyini düşüncənin, fikrin ölçüsündə boğmaq istəyənlər çox ola bilər. Yetər ki, ona ağlının gözü ilə baxmağı bacarasan. Nə qədər ki, qara qüvvələr var, sözün buxovu olacaq. Amma mən azad qələm olaraq hər zaman qələmimin və sözümün qüdrətini qorumağa çalışmışam. Bir sözlə buxovsuz yaşamaq mümkünsüzdür....
-Nəcibə xanım, ədəbi mühitdə sözlə bazarlıq edənlərə münasibətinizi bilmək yerinə düşərdi?
-Söz insanın münis dostu, söz insanın mənəvi aləminin ifadə vasitəsidir. Söz insanın qulu, insan sözünün ağası olmalıdı. Bu mənada sözə hörmətlə yanaşmaq lazımdır ki, o da səni hörmət sahibi etsin. Çox əfsus ki, dediyiniz kimi bu gün söz alverçiləri ədəbi və mətbu aləmdə meydan sulayır. Onlar əslində sözə yox, özlərinə hörmətsizlik edirlər.
-Milvarid Dilbazi yaradıcılığı bugünki qadın yazarların timsalında öz əksini tapa bilirmi? 
-Hər kəsin öz nəfəsi, öz ədəbi yolu var. Nəinki Mirvarilərimiz, hətta Natəvanlarımız, Heyranlarımız da var. Mən o qadınların adını şərəflə çəkə bilərəm. Mahirə Abdulayeva, Gülarə Munis, Adilə Nəzər, Əzizə Ağahüseynqızı, Xuraman Camalqızı, Fəriqanə Mehti, Naibə Usublu, Təranə Şəms, Zeynəb Dərbəndli, Aybəniz Əlyar, Nazilə Gültac, Bəsti Bərdəli və s. Hardasa çox azlıq təşkil etsələr də, belə qadınlarımızın qoyduğu ədəbi körpü düşünürəm ki, daimi və uçulmazdır. 
-Sözün azadlığı naminə sizcə sözün qəlibi genişdirmi?
-Söz azad olan yerdə onun qəlibi də, qəlbi də geniş olmalıdır. Azad söz sıxılarsa onun qəlibi də sıxılar. Bəzən söz məcarasına sığmayanda aşıb daşır. Amma bir şeyi unutmayaq ki, sözün bizdən umduğu azadlığı tam mənada ona bəxş edə bilmədiyimizdən, bəzən söz də bizdən qaçır. Çox istərdim ki, söz meydanı öz gözəlliyini, söz isə öz təravətini itirməsin.
-Redaktoru olduğunuz saysız kitabların müəllifləri içərisində çağdaş ədəbiyyatımız üçün öz dəsti xətti olan gənclərimiz seçilirmi və sizin baxışınız?
-Bəlkə də üç yüzdən artıq kitabların redaktoruyam. Bunu bilirsiniz. Bu kitabların içərisində bu günümüzün, sabahımızın gələcəyi ilə səsləşən də var, səsləşməyən də. Çağdaş ədəbiyatımız üçün öz layiqli ədəbi töhvələrini verən gənclərimiz çoxdur. Mən həmişə qeyd eləmişəm çıxışlarımda da. Lakin tərif və mənəmlik iddiası bəzi gənclərin gələcəyini kölgədə qoya bilər. Onun üçün nə onları tərif edib yüksəyə qaldırmaq, nə də tənqid edib ruhunu, təbini küsdürmək düz deyil. Hər kəs öz yoluyla gedir. Zaman ən gözəl hakimdir. İnanıram ki, yaşından asılı olmayaraq bu yolu düz gedənlər öz qiymətini alacaq. 
-Poetik duyğularınıza rəğmən”İllərin o tayı gözləyir məni” deməklə oxucularınızın diqqətini hansı açılmayan düyünlərə yönəltməkdir?
-Təranə xanım, siz özünüz də qələm sahibisiniz. Həyatda aldığımız zərbələrdən, üzləşdiyimiz haqsızlıqdan üzümüzü tərsinə tutduğumuz başqa yol da olur arada. Bəzən çatmadığımız arzular, qapısını döydüyümüz ümidlər bizi başqa illərə, başqa ömürlərə səsləyir. O şeirimin son bəndində demişəm, 
Xəyallar başına yığıl ha, yığıl,
Dərdlərin əlində olmuşam nağıl,
Məni yaşatmadın, a dünya dağıl,
İllərin o tayı gözləyir məni.
Bir sözlə, xəyallarla yaşadığımız dünyanın açılmayan düyünlərini illərin o tayinda axtarmağa çalışıram. Orda nə tapacağıma isə heç nə deyə bilmərəm.
-Nəcibə xanım, vətənpərvər ruhlu şairsiniz. Milli mənlik, milli birlik bu gün gənclərimizin ruhunu cəlb edə bilirmi?
-Vətənpərvərlik bizə uşaq yaşlarımızdan, məktəb illərimizdən aşılanır. Biz böyüdükcə onun şirinliyini dadır və onu yaşamağa çalışırıq. Vətənə layiqli vətəndaş olmaq üçün vətənpərvər olmaq azdır. Vətən- öz ana qucağını açıb bizi bəslədiyi kimi, biz də sinəmizdə ürək yerinə onu gəzdirməli, onun nazını çəkməli və ona sadiq olmağa çalışmalıyıq. Budur milli mənlik, milli birlik. Sevinirəm ki, gələcəyimizin bu günkü gənc yazarlarının ruhunda Vətən adlı sevgi yaşayır, çiyinlərində vətən adlı yük daşınır. Baxın, vətən yolunda nə qədər canını fəda edən şəhidlərimiz oldu. Mən onların hər birisinin ruhu qarşısında baş əyirəm. Əsl şair də, yazıçı da, jurnalist də onlardı. Vətən haqqında ən dəyərli əsəri onlar qədər heç kəs yaza bilməz. 
-Sizcə sevgi insan təxəyyülündə bütövdürsə, bəs bölünən nədir? 
- Sevgimizi də vətənimiz kimi o qədər bölüblər ki.... Böyük şairimiz S.Tahir demişkən “iki bölünməkdən o qədər qorxmuşam ki, çöpü də ikiyə bölmərəm daha”. Bu günün şairləri bölünə-bölünə min yerə parçalanan bir vətəndir. Vətən adlı sevgimiz bölünübsə, biz gərək o bölünmənin bütövlüyünə çalışaq. Nəinki öz insani sevgimizi də bölək. Bu bölünmələr bizim axırımıza çıxacaq. Sevgi elə bir müqəddəs hissdir ki, onu nə bölmək, nə də incitmək olar. Mən onun insan təxəyyülündə yox, qəlbində, ruhunda bütövlüyünün tam olmasını arzu edərdim. 
-Dünya qəlbinizdə dil açırsa, cavabınız nə olardı?
-Ümidlərimizin karvanı, sözümüzün sarvanıyıq bu dünyada. Dünyaya açılan pəncərəmiz qəlbimizin aynasından keçir. Mən dünyanı təsəvvür etdiyim kimi görə və müşahidə edə bilməmişəm. Hər zaman gileyli, hər zaman özü kimi tutqun. Zaman və vaxt öz təkərini dünyanın istədiyi kimi fırladıb. Əgər dünya qəlbimdə dil açsaydı, onun tutqun pəncərəsindən baxıb bütün insanları saf, doğru və ədalətli görmək istəyərdim.
-Bəlkə deyəsiz, uduzulan bir ömür olacağını qulağınıza pıçıldayan olubmu ki, şeirlərinizin birində öz əksini tapıb?
-Hər birimiz bir ömür yaşayırıq. Amma şairlər bir ömrün içərisində min ömür yaşayır başqalarından fərqli olaraq. Çünki hamının dərdi şairlərin ürəyindən və qələmindən keçir. Əslində mən öz dünyamı tapana qədər yaşadığım ömrü ömür saymadım. Çünki o qədər keçməkeşli, ölümlü bir ömür yaşadım ki.... Hər zaman kimsə siz deyən kimi qulağıma pıçıldayırdı ki, səbirli ol. Bu uduzulan yox, udulan bir ömür olacaq sizin üçün. Çox şükürlər Allahıma və bu günümə.
-Avropalaşan ölkəmizə mənəvi yöndən baxsaq axsayan ağıldırmı, yaxud ayaq?
- Bir yazar kimi sevinirəm ki, öz müstəqilliyini əldə edən ölkəmizi bütün Avropa ölkələri tanıyır. Sizin sualınıza gəldikdə isə, hər kəs öz mənəvi gücünün sahibi olmalıdır. Avropalaşma hər kəsin həyatına bir cür daxil olur. Avropalı həyat tərzi yaşamaq istəyənlər azərbaycanlı olduqlarını unutmamalı, onun yaxşı mənada, yaxşı cəhətlərini özlərinə siraət etməyə çalışmalıdırlar. Unutmamalıyıq ki, əslində Avropa ölkələri bizim vaxtilə ən yaxşı cəhətlərimizi özü üçün mənimsəyib. Bu gün isə biz başqalaşa bilmərik. Bu mənada ayağın axsamasından eybi yox, ağılın axsamasından ehtiyat etmək lazımdır.
-İnsanlarla münasibətdə nəciblik hissiniz bu günki müstəvidə İNSAN dediklərimizlə tarazlaşırmı?
-Bəzən yox. Mən hər kəsin diliylə danışmağı bacaran birisiyəm. Hisslərimin incəliyini, kübarlığımı qorumağa çalışmışam. Onların xırdalanmasına yol verməmişəm. Bəzən elə olur ki, əsəblərim hüdüd bilmir. Bunları isə xaricimdə yox, daxilimdə həll etməyə çalışmışam. Son zamanlar insanlığın cılızlaşması, insanlıq hisslərinin korlanması baş alıb gedir. Buna isə nə zaman, nə də madiyyat cavab vermir. Hər şey insanın özündən və mənəviyyatından asılıdır. Zaman və zamanın hökmü insan aliliyinə təsir etməməlidir. Qadın isə mənəviyyat elminin daşıyıcısı olmalıdır. Mən belə başa düşürəm.... 
-Ədəbi yöndən daxili dünyanıza səyahət etsəniz qarşılayacaq biri varmı ki, onu özünüzə rəqib kimi dəyərləndirirsiniz?
-Ədəbi meydan rəqibsiz olmur. Lakin bu meydanı şəxsi intiriqadan və şəxsi qərəzçilikdən uzaq olmasını sevirəm. Yetər ki, sözün intiriqası və sözün gücü səni rəqibinlə meydanda məğlub etməsin. Buna tam əminəm ki, qalibəm... 
-Sizcə taleyin lallığına susma, danış demək mümkünmü? 
-Hər kəsin yaradıcılığına nəzər salsaq, heç taleyindən, bəxtindən razı adam tapmarıq. Tale danışmır, amma bizi danışdırır. Onun susması, həyatı ağrılarla bizi üz-üzə qoyması yaxşı şeirlərin yaranmasına gətirib çıxarır. Bayron yazır ki, kədər ağıllı insanların müəllimidir. Nə yaxşı ki, susan taleyimizin dillənən kədərı, dilləndirən əzabları var.
- Ömrün ən fəxri kürsüsü 55 yaş, yaxud kamilliyin zirvəsi, sizcə necə? 
-Bəli, düşünürəm ki. 55 yaş insan ömrünün ən kamil zirvəsidir. Yetər ki, bu zirvəni fəth etməyi bacarasan. Bu kürsüdən boylananda ömür karvanımız gözümüzün önündə kino lenti kimi canlanır. Yaxşı mənada qoyduğumuz izlər üzümüzə gülür, pis qoyduğumuz izlər isə dalımızca ağlayır. Ağlayan izlərimizin könlünü kamillik zirvəsində alırıq. Bu, siz deyən kimi fəxri kürsüdür. Bütün bunlara rəğmən yaradıcı insana 55 də bəs etmir. Sanki bu yaşda insan yenidən məktəbli olmaq istəyir. Axı, qoşa beşdir. O vaxtı dərsimizdən bir gündə iki 5 alanda necə sevinmişik. İndi də elə sevinirəm. Və sizin bu sevincimə qoşulamağınıza da daha çox sevinirəm. Sağ olsun bu günümə sevinən dostlar. 
-Qazandıqlarınızı bir əlinizdə tutaraq o biri əlinizə hədiyyə edə bilərsizmi? 
-Qəribə sualdır. Qazandlqlarımı iki əlimlə qazanmışam. Bir əllə heç nə etmək mümkün deyil. Əgər hardasa tək əlimlə nəyisə qazanmışamsa, o biri əlimə niyə hədiyə etməliyəm ki.... Əziyyət çəkib o biri əlim də həmin qazancı özündə etsin. (Gülür) 
-Əlinizi sinənizə dayaq edib Allahdan umaraq, “ nə ola” deyirsiniz. Zəruri ehtiyacın hənirtisindən gözlədiyiniz nədir? 
-Allahımdan çox razıyam. İstədiklərimi mənə bəxş edib. Əgər bu qələmi mənə veribsə, bu gün bu qədər tanınmışamsa, ondan ayrı nə istəyim ola bilər ki... Gözəl ailəm, dəyərli övladlarım və özümə uğyun işim, bir də sizin kimi məni sevən dəyərli dostlarım. Gözlədiyim və umduğum isə Allahın mənə bəxş ediyi qalan ömrü sağlam və şərəfli yaşamaq. 
- Dövürlərlə müqayisədə zalımlıq, qəddarlıq hümanist duyğuları üstələyir. Sizcə dəyişən nədir?
-Vaxtilə nağıl kitablarından, rəvayətlərdən oxumuşuq. Keçmişdə padşahların zalımlığından, qəddarlığından, haqsız və ədalətsiz dünyalarından. Şükürlər olsun ki, bu gün nağıllar aləmindən uzağıq. Ancaq bu da yaxşı bir haldır ki, biz bunları görməsəydik insan kimi ayıla və özümüzü insan anlamına gətirib çıxara bilməzdik. Həyatda özünü insan kimi yetişdirə və onun qanunlarına riayət edə bilməyən, onun gözəlliyini duymayanlar məkrli niyyətlə yaşayanlardı ki, sonda isə özlərinin məhvinə gətirib çıxarır. Çox şey dəyişdi. İnsanların dünyagörüşü, fəlsəfi düşüncə tərzi, insani münasibətlər, haqqın yolunu tanımaq və s. Lakin bir şeyi qeyd edim ki, insan vəhşiləşəndə vəhşi heyvandan da pis olur. Bunun isə nə dövrə, nə zamana dəxli yoxdur. Humanist hissləri qorumaq həyatı dərk etmək deməkdir.
-Nəcibə xanım bəlkə deyəsiz, insan azaddırmı?
-İnsan heç zaman hər tərəfli azad olmur. Azadlıq deyilən bir şeyin özündə də buxov var. Baxın, ailədə qadın, ya kişi, yaxud övlad tam azad, yəni sərbəst ola bilirmi. Xeyir. Qadın kişidən, kişi qadından, yaxud övlad ata-anadan asılıdır. Yəni bir növ bir-birindən çəkinir, hörmət qoyur. Bu isə insanın öz mədəniyyət, əxlaq qayda-qanunlarını idarə etmək missiyasını daşıyır. Tam azad olunmanın özündə bir təhlükə var. İnsan düşüncəsində, fikirndə azad olduğu qədər də özünü qorunması və fərqinə vardığı düşüncənin təhlükəsizliyini qorunma ehtimalı olmalıdır. Bu cəmiyyətdə də belədir. Hər kəs özünün milli əxlaqi dəyərini azadlığına qurban verə bilməz ki. Mən azadam, hər şey edərəm, deyən insan yanılır. Bunun arxasında cəmiyyətin baxışı durur və o kəs qınaq nöqtəsinə çevriləcəyinin fərqinə varmalıdır. Yaxud deyirik ki, sevgi azaddır. Amma əslində azad olduğu qədər də insanın azadlığını əlindən almaqla onu min bir əzaba düçar edir. Məhz bu mənada insan azadlığı milli, mənəvi yükün çəkisindən asılı olmalıdır.
-Ən yüksək zirvədən həyatın əks tərəfi necə görünür?
İnsan hansı zirvədə olur olsun, fərq eləmir. Həyatın hər ərəfi onun üçün aydın olmalı və onu görməyi bacarmalıdır. Həyatın qaranlığını o qədər keçmişəm ki, olduğum zirvədən baxanda da mənim üçün qorxulu heç nə yoxdur. Yəni əks tərəf də mənim üçün eyniləşib. İslanmışın yağışdan nə qorxusu....
-Kamillik o demək deyil, sükuta xoş gəldin deyəsiz.
- Qarşıda gözlənilən yaradıcılıq planlarınız barədə nə düşünürsüz? 
-Əksinə kamillik zirvədə olanda insan daha çox məsuliyyət hiss etməlidir. Çünki o zirvədə daimi qalmaq üçün bütün imkanlarını səfərbər etməli və irəli can atmalısan. Bu mənada kəsir qalmış planlarımı həyata keçirmək və imkan daxilində onların öhdəsindən gəlmək fikrim var. Bu yaxında 55 şeirdən ibarət “Könlüm nağıl istəyir” adlı şeir kitabımı yubileyyimə gələn dostlarıma hədiyə edəcəm. Bundan başqa bir çox ədəbi mühitdə öz yerini tutan qələm sahbiləri haqqqında yazdığım “Sözün ölçüsü və çəkisi” adlı publisist kitabım da işıq üzü görəcək. Bu ilin sonuna qədər daha bir kitabımın da çap olunacağına çalışacam. 
-Elmi manaqrafiya barədə düşünmək sizin yaradıcılığınızı üstələyə bilərmi, yaxud düşünməyə dəyər?
Bir neçə monaqrafiyam var. Dissertasya müdafiə etmək çoxdankı arzumdu. Bunu da həyata keçirməyə az qalıb. Bütün bunlar isə yaradıcılığıma heç bir maneəçilik edə bilməz. Çünki hər bir yaradıcı ziyalı olaraq elmin də kəşfini əldə etməlidir. 
Nəcibə xanım sizə təşəkkür edirəm.. 
Söhbəti apardı: TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam