ZAMANA SIĞMAMAQ ÖRNƏYİ -İNAM ATA (ASİF ATA) – 90
Ürəyinizdə Ata Günəşi olsun!
Yenixeber.org: Asif Ata haqqında yazmaq mənim üçün həmişə məsuliyyətli olub. Onun zəngin yaradıcılığının hələ tam anlaşılmamasının, öyrənilməməsinin nədənlərini araşdırdıqca bu qənatə gəlmək olar: dünyaya, həyata, insana Mütləqə İnam Dünyabaxışı ölçüsündə yanaşan İrsi oxuyanlara çətin görünür; baxmayaraq ki, Atanın üslubu sadədir, demək olar, terminlərdən istifadə etməyib. Sadəlikdə qəlizlik mahiyyətcə bu anlama gələ bilər, ancaq əsas məsələ onun İnsan qarşısında qoyduğu güzəştsiz mənəvi tələbdir: İnsan şəraitdən, mühitdən, zamandan üstündür, o, hər bir şəraitdə özü olaraq qala bilər. İnsanın Mütləqləşmək - var olmaq, yəni kamilləşmək imkanı var. Cəmiyyət, şərait, mühit İnsanı özüylə bir olmağa qoymur, tarixdəki bütün gözəl əməllər yalnız özündən keçənlərin hünəri ilə baş tutub.
Atanın yaradıcılığında fikri aydın, sadə olduğu dərəcədə bənzərsiz demək ustalığı aqibətinin aydınlığından gəlir, mütləqilik üstə gerçəkləşən halından doğur.
Asif Atanın yaradıcılığa ədəbiyyat tənqidçiliyi ilə başlaması təsadüfi deyildi. Uşaqlıqdan fitrətən təbiətə bağlılığı vardı, bu dönəmdə kənd mühitinin içində olması onun yaddaşında əbədi, yaradıcı izini qoymuşdu.
Təbiətdəki sirri-sehri anlamaq onun mahiyyətcə insanı, dünyanı anlaması demək idi. Bu duyğunu, düşüncəni ipə-sapa düzmək, yetkin ifadə etmək şübhəsiz, birdən-birə olmur. Bu məqama yetmək əslində insanın özünü öyrənməsi ilə təndir.
Atanın 1984-cü ildə - 49 yaşında yazdığı “Ömrüm-Günüm” əsərinin dili xatirat janrına uyğun duyğusal olduğu dərəcədə mahiyyət ölçüsündə qısalıq, habelə bənzərsizlik ifadə edir. Atanın xatirəsini təbiətlə başlaması təbiidir: onun dünyabaxışında təbiət-insan birliyi ardıcıl mənalandırılır. Habelə əsərdə insan-ailə ilişgiləri, sovet dövrü ideologiyasının insanların psixologiyasında yaratdığı ölümcül gərginliklər, hər sahədəki aşıntılar çatdırılır.
Ata yazır: “Dağların başından boylanır, çayların sularında oynayır, düzlərə səpələnir, sifətlərə qonur Günəş. Günəş rəngində görünür Dünya! Günəş rənginə boyanır Günlərim! Ürəyimdə günəş mahnısı doğur. Günəş ahəngli günlərim yaranır!”
Bu, Günəşin ruhsal mahiyyətini – şəfqətini fitrən, həm də özünəməxsus idrakilik yönü əsasında ifadə etməkdir.
“Çaylar daşır, ağaclar pöhrələnir, çiçəklər açır, düzlər yaşıla bürünür, meşələr yarpaqlanır, səma ulduzlanır, aylanır. Ömrə bahar gəlir. Günlər bahar fərəhinə qərq olur”.
Bu, çayların axarında, ağacların göylərə dartınmasında, meşə pünhanlığında, göy ucalığında, baharda – təbiətin yenidən doğulmasında insanı görməkdir, insan-təbiət birliyinin mütləq ifadəsidir.
Bu məqamları ilk dəfə oxuyanda halımın Ata halına doğmalığını duydum, gördüm, aqibət yaradıcılığının nə olduğunu dərindən anladım.
“Görəsən qayaların boynuna dolanan, kəndi kəndə, şəhəri şəhərə calayan yolların sonu varmı? Yoxsa, o məni hara çağırır? Sonsuzluğa! Qəlbimdə Sonsuzluq ehtirası aşıb-daşır, yollara qarışır!”
Atanın Fəlsəfəsinin pıçıltı sayaq ilk işartıları təbiətdə yaranır, özülünü burdan alır, sonradan Moskvada təhsil aldığı illərdə həmin ülvi duyğu seli onu bir an da tərk etmir.
İnsanın sirli-sehrli dünyasını anlaması, bilməsi üçün təbiətdə var olması gərəkdir. Ata bu ilahi məqama yetmişdi, uşaqlığının verdiyi, yetdiyi hikmətləri ifadə etmək üçün illərlə yol getməsi gərək olmuşdu. Orta məktəbin yuxarı siniflərini Gəncədə oxuması, ardınca Moskvadakı Ədəbiyyat İnstiutunda təhsil alması; bütün müşahidələrinin mayasında özünün dediyi kimi doğulduğu Çaykəndin məftunedici təbiəti vardı. Təbiət ona içdən özgür olmaq duyğusu vermiş, fitri halını oyatmışdı.
İnsanı görmək üçün özünü dərindən tanımalısan. “İnsan içində Mütləqilik gəzdirən, şəraitdən, mühitdən, zamandan üstün olan, Mütləqləşməyə qadir olan ruhsal varlıqdır”. Bu, Atanın Mütləq haqqında qənaətidir.
Onu ömrü boyu ruhsal döyüşlərə kökləyən – kənddə fitrən yetdiyi, ancaq sonralar ifadə etdiyi bu ideya idi: “Çay danışır, eşidirsənmi? Sahillərə hekayət nəql edir. Gecənin qoynunda səslənən etirafı anlayırsanmı? Həyəcanlı nəşə vücudunu sarsıdırmı? Ürəyin oyaqdımı?
Səmada nə var ki, məni belə cəlb edir, cəzb edir? Səmada Yüksəklik var. Qəlb Yüksəkliyə müştaqdır! Gecədə nə var ki, məni belə cəlb edir, cəzb edir?
Gecədə Sirr var. Qəlb Sirrə müştaqdır! Ulduzda nə var ki, məni belə cəlb edir, cəzb edir? Ulduzda Məchulluq var. Qəlb Məchulluğa müştaqdır. Ayda nə var ki, məni belə cəlb edir, cəzb edir? Ayda Şəfqətli Bakirəlik var. Qəlb Bakirəliyə müştaqdır.
Dağlı günlərim: Gözlərimin qabağında dayanan, məndən uca, mənə doğma! Sakit, məğrur, qorxmaz! Şimşək nərildəyir – gözünü qırpmır. Tufan qopur – gözünü qırpmır. Başına qar qonur – dinmir. Ayağının altında dərələr fəryad qoparır – dinmir, nəsillər gəlib-gedir – dinmir. Mənəviyyatıma hakimdir. Sükutuyla, Vüqarıyla, Qorxmazlığıyla!”
Bu ideyanın ifadəsi üçün illər gərək oldu. Moskvada dünya ədəbiyyatını, mədəniyyətini, tarixini və s. öyrəndi. Kitabxana evi olmuşdu. Onunla oxumağa gedənlərdən tamam fərqliydi. Daim öz dünyasında, halındaydı. Deyirdi, dünya tarixi ilə bağlı kitablarda Azərbaycanın adına rast gəlmədim.
Ata mahiyyətcə Moskvada tələbəlik dövrü keçmədi, kitabxanada özünüyaratma dövrü keçdi.
O zaman gənc Asifin içində yaranan təlatümün qarşısıalınmazlığının nədənini təsəvvür etmək olar: elə bir yön yaratmaq ki, bənzərsiz olsun. Elə yazmaq ki, poza bilməsinlər...
Zəngin ruha, özünəməxsus mədəniyyətə, tarixə malik olan Azərbaycanın bilinməsi, görünməsi üçün insanlarının içdən köklənməsi gərək idi. Sovet imperiyasının içində dissidentlikdən artıq olan Ocaq əməlini yaratmaq birdən-birə mümkün olmadı. Möhtəşəm, bənzərsiz yaradıcılıq üçün ədəbiyyat Ataya gözəl imkan verirdi. Ata bu haqda yazırdı: “İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb - Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi. Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə də, bədiiyyat da burada tam aşkara çıxmadı. Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim. Mənim əsas məqsədim - ədəbiyyatı yaxşı mənada vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll etməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur”.
Ədəbiyyatın insani missiyası yalnız gerçəkliyi əks etdirmək olsaydı, zamanında yaradılan örnəklər elə oradaca ilişib qalardı, əbədiyyət üfüqlərinə yetə bilməzdi. O deməkdir ki, ədəbiyyatın işi əks etdirmək deyil, İnsaniliyi təsdiq etməkdir. Ata yazır: “Ədəbiyyat hadisələri Mənaya yüksəldir, Mahiyyətə qaldırır. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; bunu elə daim təkrar edirlər və unudurlar ki, şərait, mühit, zaman – siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, ancaq ədəbiyyatı zaman yetirmir”.
Ata əmin idi ki, ədəbiyyatın verdiyi imkandan bəhrələnib bənzərsiz yön yaratmaq olar: “Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana - ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır”.
"Sənət və şəxsiyyət", "Sənət və kəşf", "Fəlsəfə və poeziya", “Şeyx Nəsrullah əsarəti”, "Yerdəkilərin Göy Həsrəti", "Həqiqət və Yarımhəqiqət", "İnam və Şübhə", “Tilsim”... Onun özünəməxsus fəlsəfi-tənqidi əsərləri üslub, təb-ilham, vəcd, vəhy, fəlsəfi ümumiləşdirmələr gözəlliyini ifadə edir.
Atanın fəlsəfi-bədii tənqidində üstünlüyün fəlsəfəyə verilməsi təsadüfi deyil. Fəlsəfilik imkanı düşünə bilən hər bir yaradıcı insanın içində var, Atanın Fəlsəfəsi bu imkanı mahiyyət ölçüsündə göstərir, ümumən insan yaradıcılığının hər bir sahəsində ideyanın gerçəkləşdirilməsi zəruriliyini bildirir. Ata: “Əgər Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür. Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir”.
İnsanın İnsanlığına yetməsi zəruridir. Bunun üçün onun özünü dərindən öyrənməsi gərəkdir. İnsan hər şeyi öyrənir, dərindən araşdırır, ancaq özünü demək olar, ən yaxşı halda səthi araşdırır. Sonucda özünə müəmmalı qalır, qeyri-müəyyənlikdən qurtula bilmir.
Atanın ölçüsündə elmlər dünyanın necəliyini açır, ancaq fəlsəfə “Nə üçün?” sualına cavab verir. Əslində bunu bacarmayan fəlsəfə fəlsəfə deyil. Yaradıcılığında mahiyyətcə tənqidçilik yoxdur, təhlilçilik var. Yaradıcılığının ilk illərində “Filosof-tənqidçi” təqdimatı vardı, o dövr üçün bu, qaçılmaz görünürdü. “Fəlsəfə elmləri namizədi, dosent” idi, ictimai mühitdə özünütəsdiq üçün bunlar vasitə kimi gərək olmuşdu.
Ancaq onun amacı şöhrətə çatmaq deyildi, yaratdığı aqibətinə uyğun yaşamaq idi. 1991-ci ilin avqustunda bütün diplomlarından imtna etməsi zamandan ötəliyinin təsdiqi oldu.
O vaxtdan başlayan gərginliklər ömrünün sonuna kimi Atanı tərk etmədi.
1959-cu ildə “Tənqid və zəmanə” adlı yazısı çap olundu. Bu yazıda 25 yaşlı Asif Əfəndiyev ədəbi tənqidlə bağlı fikirlərini ictimaiyyətə təqdim etdi, tənqidi tənqid, əslində təhlil etdi.
1975-77-ci illərdə indiki BDU-da “Etik-estetik tərbiyə klubu”nu yaratdı, burada minlərlə insan iştirak etdi. Ata yazır: “Mühazirəmə gəlirdilər: dalğa-dalğa, sel-sel! Görüşümə gəlirdilər: dalğa-dalğa, sel-sel! Yataqxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel! Kitabxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel!”
1979-cu ildə Ocağını yaratması onun ömrünün mütləq təsdiqi sayıla bilər. Qapanmalar, təqiblər, təhlükələr selində belə halından dönmədi, əsərlərinin çoxunu həmin illərdə yazdı: “Yeni fəlsəfə lazım idi. Yeni idrak lazım idi. Yeni mənəviyyat lazım idi. “İnsan” kitabını yazdım. “İnam” kitabını yazdım. “Cövhər” kitabını yazdım. “Meyar” kitabını yazdım. Biri oxudu – yüzü eşitdi. Üzünü köçürtdülər. Ölkəyə yaydılar”.
Fikirlərinin yenidən açıq şəkildə yayılmağa başladığı 1989-cu ildən ömrünün sonuna – 1997-ci ilə kimi İnam Atanın (Asif Atanın) yaradıcılığı yeni bir mərhələdə davam edir: qəzetlərdə, jurnallarda ardıcıl müsahibələr, habelə fəlsəfi-tənqidi yazıları çap olunur, Ocağın fəaliyyəti genişlənir. “Bilik” cəmiyyətində “Azərbaycanımız-Azərbaycanlığımız” adlı Fikir Evi fəaliyyətə başlayır, televiziya-radio çıxışları olur. Bütün bunlar Atanın xalq yaratma əməlinin təsdiqi idi.
Ulusun (xalqın) insanlığın – bəşəriliyin təsdiqi ölçüsündə varlığının təsdiqi, ömrünün yönünün əsilliyə, özümlüyə biryolluq köklənməsi çabaları ağıllarda silinməz iz qoydu. Ata deyirdi, bizim yolumuz uzundur, çətindir, asan sayılan yollara inanmırıq, yalnız çətin yol doğru yoldur.
Bu gün 90 yaşında İnam Ata (Asif Ata) yenilməz halıyla – zəngin, bənzərsiz yaradıcılığıyla ardıcıl ömürləşməkdədir. Bəşərin yeni idrak zirvəsini yaradan, varlığını, özümlüyünü təsdiq edən, ontologiyası olan Atanın fikirləri sabahımızda daha aydın, daha yaşarı, gərəkli, qaçılmaz görünəcək, bilinəcək.
Biz bu anda varıq, yaşayırıq. Bizdən öncəkilərin yaşantıları, dünyaya, həyata, təbiətə, insana yanaşmaları hər zaman diqqətçəkici olub. İnam Ata (Asif Ata) kimi özünəməxsus həyatı olan insanların duyğuları sabahkılara gərək olacaq: ardıcıllığıyla, ümidiylə, insana sevgisiylə, İnamıyla...
Atamız var olsun.
İŞIQLI ATALI