Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Asif Ata – bənzərsiz filosof

 

"Xeberinfo.com":  Dünyaya yeni İnam gətirən böyük türk övladı, sınırsız və orijinal təfəkkür yiyəsi Asif Ata haqqında dəfələrlə çıxışlar edib, məqalələr yazıb fikirlərimi bölüşsəm də, yenə onunla bağlı danışmaq istəyirəm. Bu məqsədlə kitabxanamda ayrıca rəfdə düzülmüş İnam Ata (Asif Ata) Ocağı ilə bağlı qəzet-jurnallara, kitablara yenidən müraciət etməli oldum. 2010-cu ildən bu yana Asif Atanın “On kutsal bitiq”inə daxil olan «Mütləqə İnam» (I c., 2010), «Mütləqləşmək – var olmaq» (II c., 2010), «Görmək - insaniliyi» (III c., 2011), «Fəlsəfənin təməli» (IV c., 2012), «Kutsal quruculuq» (V c., 2013), «İçdən yaranma» (VI c., 2014) kitabları oxucuların ixtiyarına verilib. Mütləqə İnam Ocağının Yükümlüsü, Asif Ata təliminin Azərbaycanda və dünyada yayılmasında əzmlə çalışan İşıqlı Atalı və Yolruh Atalının çoxsaylı məqalə, material, içsəsləri Asif Ata Ocağına tapınanların, onun təliminin pərəstişkarlarının sayının artmasında böyük rol oynayıb. Məncə, Asif Ata yalnız filosof, nəzəriyyəçi, yeni İnam yaradıcısı, dünyanın gedişatına, bəşər övladının yaşam tərzinə, psixologiyasına təsir edə biləcək düsturlar yaradıcısı deyildi, həm də ədəbiyyatşünas, tənqidçi, estet idi. Onun «Müdriklik səlahiyyəti» adlı (1976) fundamental kitabında klassik ədəbiyyatın özünəməxsus xüsusiyyətləri, onun yaradıcılarının bədii-estetik keyfiyyətləri incələnirdi. Məsələn, Füzulinin «Leyli və Məcnun»undan, qəzəllərindən,obrazlarının kamilliyindən danışarkən o, böyük mütəfəkkiri planetə bənzədirdi. Ədəbiyyat və sənət məsələləri Asif Atanın radio və televiziya çıxışlarında, məruzələrində də aparıcı yer tuturdu. “Asif Ata və Azərbaycan ədəbiyyatının aktual problemləri” və s. kimi mövzular müzakirə olunmağa layiqdir. Burada isə mən Asif Ata yaradıcılığına ümumi şəkildə nəzər salmaq niyyətindəyəm.

***

Asif Atanın estetik-nəzəri prinsipləri haqqında böyük filosofun təliminə dərindən bələd olmadan mülahizə yürütmək olmaz. Asif Ata o qədər inamlı, mükəmməl konsepsiya qurub ki, ona nüfuz etmək hər kəsə nəsib olmur. O, təlimini özünə qədər mövcud olmuş fəlsəfi baxışları dərindən incələdikdən sonra ortaya gətirib. O, Buddizmi, Krişnaizmi, Manixeizmi, Zərdüştlüyü, «Mahabharata»nı, «Riqveda»nı, iudaizmi, xristianlığı-ümumiyyətlə, bütün dinləri, Şərq və Qərb mütərəqqi fikrini, bütün dünya filosoflarını, dünya tarixini, dünya ədəbiyyatını və incəsənət tarixini dərindən öyrənərək öz təlimi üçün elm və fəlsəfədən sarsılmaz özül yaratmışdı. Bunları idrak işığında bir yerə yığmaq istəyilə Asif Ata bəşəriyyətin gözü olan İnsana, onun mahiyyətinə, dünyada yerinə diqqət yetirmək üçün İnsanı başqa canlılardan fərqləndirən xüsusiyyətlərə nəzər salmağı gərəkli hesab edirdi. Yəni insanı insan etmək zərurəti ortaya çıxırdı. Ocaqçılar da Asif Ata təlimini hünər, təpər təlimi adlandırmaqda səhv etmirlər. Asif Ata dünyanın çağımızda qana çalxalandığı durumunda insanı var etməyi, onu məkrdən, alçaqlıqdan qorumağı qarşıya məqsəd qoyur. Bu gün insan insan olmaqdan daha çox insansızlığa (şərə) xidmət edir. Təzahürləri kifayət qədərdir. Erməni separatçıları tərəfindən başımıza gətirilənlər, Türkiyədə, İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Pakistanda və s. regionlarda törədilənlər dediklərimizə misaldır. ***

Fikrimcə, Asif Ata Mütləqə İnam fəlsəfəsini yaratmaqla aşağıdakıları reallaşdırmağa çalışırdı:

1. İnsan daim Mütləqə can atmalı, ona görə nisbiliklərdən əl çəkməlidir. 2. İnsan kamilləşməli, nöqsanlardan qurtulmalıdır. 3. Heç bir insanın yurdu əsarətdə olmamalıdır, hər yerdə vətən müstəqil olmalıdır.

4. İnsan ruhsal varlıq olduğunu təsdiq etməli, insani toplum, birlik yaratmalıdır. 5. Şərq özünə qayıtmalı, bəşəriyyətə insani ideyalar təqdim etməli, Qərbin dalınca getməməlidir. 6. Bəşər ləyayətli olmalı, ardıcıl buna can atmalıdır. Böyük filosof Mütləqə İnamın nə olduğunu oxuculara dünyanın, həyatın, insanın mürəkkəb, ziddiyyətli düşüncəsinə, meyillərinə, eybəcərliklərinə, naqisliklərinə nəzər salmaqla onların gözəl, kamil, ülvi münasibətlərin köməyi ilə mənəvi ucalığa çatmasının mümkünlüyünü göstərir. Mütləqə canatmanın insanda özüylədöyüş ləyaqəti yaradacağı inamını ifadə edir, insani yaşamağı hadisələrin daxili məzmununa varmaq kimi qiymətləndirir. Asif Atanın düşüncəsinə görə dünyanın, həyatın, insanın meyarı – dünya, həyat, insan ola bilməz, yalnız Mütləq (Əzəli, Əbədi, Sonsuz, Kamil) ola bilər. Dünyanın, həyatın, insanın əsas yolu Mütləqə aparan yoldur. Elə buna görə də o, əsl mövcudluğu – Mütləqləşmək – var olmaqda görür. Mütləq – Asif Ata təlimində insanlığın yeni idealıdır, bu üzdən də insan ona ardıcıl can atmalıdır. Bu ideal bütün varlığıyla yalnız insanda üzə çıxır, insan kamilləşərək ona yetir. Asif Ata təliminə görə, “Təbiətdə, Mənəviyyatda, Gözəllikdə, İdrakda, Məhəbbətdə, Dostluqda, İsmətdə, Qeyrətdə, Sonsuz Mütləq yaşayır. Mövcudiyyatda Mütləqə qovuşmaq diləyi, Xalqın ölməzliyi, Torpağın Vətənə çevrilməsində Mütləq yaşayır”. Asif Ata nisbi, keçici, qeyri-kamil mahiyyəti qəbul etmir. Gerçək dünyanı və həyatı öz mahiyyətindən əskik görür.

***

“Yol. Ata Sözü” kitabında «Adam» anlayışına aşağıdakı kimi tərif verilir: “Adam –məxluqdan üstün, insandan aşağı. Adam Vətəni sevir, ancaq Vətən yolunda əzaba qatlaşmır, müqəddəsliyi qiymətləndirə bilir, ancaq müqəddəsliyə qovuşa bilmir, çünki ruhani qüdrət sahibi deyil, dostluğa can atsa da, onun ağırlığını çiynində gəzdirə bilməz, əxlaqi təmizliyi bəyənər, ancaq hərcayi ehtiraslarını cilovlaya bilməz, ani cəsarət göstərsə də, qorxu hissinin pəncəsində çabalayar, təmənnasızlığı qiymətləndirsə də, şəxsi həyatında ondan qaçar, eybəcərliyə lənət yağdırar, mühitlə təmasda eybəcərliyə yaxın olar, Leyli – axtarar, Məcnun olmaq istəməz” və s. “İnsan – müqəddəsliyə, həqiqətə, vətənpərvərliyə, qəhrəmanlığa, məhəbbətə, ruhani ülviyyətə, yüksək arzulara özünü həsr edər, səadətini onda tapar”. *** Asif Atanın ruhla bağlı fikirləri də maraqlıdır. O, bununla bağlı yazır: “Ruh – vəcdli zəka, narahat ehtiras, məhəbbət, ehtizaz, ağıl-təhlil, fayda, mətləb, insanda dünya kimi özündən kənara çıxır, özünü özündən kənarda tapır. Özündən kənara çıxmaq insanın başlıca əlaməti kimi ortaya qoyulur. İnsan özünü dünyanın tələbləri əsasında kamilləşdirməyə, daxilindəki eybəcərliyi boğmağa, qəlbi çirkabdan təmizləmə¬yə, həsrətlə Mütləqə qovuşmağa can atmalıdır”. Asif Ata fəlsəfəsində Ruh – İnam, İdrak, Mənəviyyat və İradənin birliyidir. Asif Ataya görə, Platon fəlsəfəsində insan ideyalar aləminə, Hegel təlimində Mütləq Ruha qovuşur, İsanın, Məhəmmədin dinində özünü müqəddəs mövcudluğa hazırlayırsa, Buddanın atəşin çağırışında mənəvi kamilləşməyə yüksəlir. Gözəlliyi ağıl yox, ruh kəşf edir. Ruh vasitəsilə insan məhəbbətə qovuşur, özündən böyük mənasını anlayır. Onun estetikasında ali həqiqətləri ruh kəşf edir. Ruh insanın özüdür. İnsanı insan edən ruhdur. Zəkadan kənarda ruh yoxdur. *** Asif Ata fəlsəfəsinə görə həm materializm, həm də idealizm nöqsanlıdır. Ancaq idealizmin heyrətli, qanadlı, narahat ruhani qüdrəti yanında materializm sönükdür: “İdealizmdə dünya dərk olunduqca böyüyür, yüksəlir, genişlənir, ülviləşir. Materializmdə dünya dərk olunduqca – kiçilir, adiləşir, daralır. Nəticədə materializm dünyanı bəsitləşdirir, idealizm dünyanı müqəddəsləşdirir. Allah vasitəsilə insan özünün realizə edilməmiş imkanlarını təsdiq edir. Allah – Mütləqin təzahürüdür. O, kamilliyin, qeyri-adiliyin, əbədiliyin ülvi təcəssümüdür”.

Asif Ataya görə, İnsani məna – ruhani mənadır. İnsan ruhsal varlıqdır, buna görə maddiyyatdan yüksəkdir, ruhsal (insani) qanunlar əsasında yaşayandır. Yalnız ruhsal mövcudluq – insani mövcudluqdur, dünyanın insaniləşməsi - dünyanın ruhsallaşmasıdır.

*** Asif Atanın şəxsiyyətlə bağlı mülahizələri də diqqətçəkəndir. Şəxsiyyət cəmiyyətdə doğulub yaşaması ilə yanaşı, cəmiyyətdən yüksəkdir, mütləq mahiyyətlidir. Gerçəklikdə naqis inamlıdır, naqis idraklıdır, naqis mənəviyyatlıdır, naqis iradəlidir, daxildə naqis, nisbi inamdan, nisbi idrakdan, nisbi mənəviyyatdan, nisbi iradədən artıqdır. Elə buna görə də böyük filosof şəxsiyyətlə cəmiyyət, xalq, dövlət, insan arasında bərabərlik arayır, təzahürə uymayıb mahiyyətə qovuşmağı üstün tutur. Asif Ata xalqı Vətənlə birgə nəzərdən keçirir. O, xalqı kamil, əbədi, sonsuz, mənəviyyat, ölməzlik hadisəsi kimi dəyərləndirir. Xalq həyatını Mütləqi təsdiq edən birlik, müqəddəs, ölümsüz, kamil və sonsuz mənəviyyatlı xalqı qeyrətli xalq, fərdi ümumiyə tabe edən, müstəqilliyi qoruyan, azadlığı sevən adlandırır. Böyük filosof bəşər adlanan toxumun özünü xalq adlanan bitkidə təsdiq edə biləcəyinə əmindir. Xalqsız bəşəriyyəti ölü bəşəriyyət adlandırır. Xalqın ictimai təbəqələrin, siniflərin mənafeyindən, əhalinin cəmindən yüksək olduğunu təsdiqləyir. Asif Ata doğru olaraq göstərir ki, hələ də cəmiyyətdə nisbi inam hökm sürür, xəlqi mahiyyət aşkara çıxmayıb, xalq özünü idrakda tapmayıb, cəmiyyətdə nisbi mənəviyyat, nisbi iradə hökm sürüb, cəmiyyətdə təbəqə münaqişələri baş verib, çünki cəmiyyətdə tam ruhsallıq (insanlıq) olmayıb.

*** Asif Ata insanın ən böyük düşməni kimi vətənsizliyi qeyd edir. Vətənsizliyi Qərbi yamsılamaq, miskinliklə öyünmək, tarixindən, kökündən ayrılmaq, mənəviyyatı gerilik kimi görmək, əxlaqsızlığı hörmətə mindirmək cəhdi olaraq dəyərləndirir. Asif Ata İnamına görə, Vətənsizlik – minsifətliliyin, mədəni alçaqlığın, nəcib cəlladlığın həyatımıza müdaxiləsi, idealsızlıq, yarışərq, yarıqərb, müti və pozğun ziyalı qrupunun, elitasının ortaya çıxması, sadə vətən övladlarına saxta münasibət, gələcəyini özündə yox, uzaqlarda axtarmaq cəhdidir. Vətənsizliklə mübarizəsinin çeşidli yollarını göstərən Asif Ata müəllimin dərslərində, qələm əhlinin əsərlərində, işçinin müəssisələrdə, tələbənin auditoriyada, yataqxanada Vətənsizliyi ifşa etməsini, Vətənsevərliyin təbliğini zəruri sayır.

***

Asif Ata fəlsəfəsində Azərbaycan hər şeyin fövqündə dayanır. O, azərbaycanlıların hələ də Azərbaycanla lazımınca fəxr etmədiyini, onu qiymətləndirmədiyini, onu yaratmağı bacarmadığını, «Babəkim var!», «Nəsimim var!», «Füzulim var!» - deyib hünərdən, əzabdan, kədərdən qaçmağa can atdıqlarını söyləyir, “Azərbaycanı şumlayıb, yenidən tumlamağı” üstün tutur. ***

Asif Atanın «Kutsal Öyrəti” (Müqəddəs Təlim) kitabında həm də xeyli sayda digər həyati-fəlsəfi anlayışlara aydınlıq gətirilir, onların mahiyyəti dərindən açıqlanır, anlaşıqlı bir dildə oxuculara təqdim edilir. Burada Ocaq məramından tutmuş bəşərin fəlsəfəsizliyinə və s. Kimi toxunulur. Elə buna görə də Şərq ənənələrinə üz tutmağa, Azərbaycan fəlsəfəsi yaratmağa, inama tapınıb şübhədən arınmağa, qeyrət hissimizi yüksəltməyə, qüdrətin nə olduğunu dərk etməyə çalışmalı olduğumuzdan danışır. Mütləqə və onun mahiyyətinə üz tutub, insanın, dünyanın, həyatın təməli kimi mahiyyəti göstərməsi, Kamil İnsanı necə yetişdirmək haqqında mülahizələrini bildirir: “Bəşər övladı Məxluq kimi dünyaya gəlir, Adam kimi mövcud olur, İnsan kimi yenidən doğulur”. Asif Ata bunlara söykənərək insaniliyin düsturunu yaradır, insani dünya haqqında tezislərini təqdim edir, şəxsiyyət kimi formalaşmaq üçün, inamı, fədakarlığı, müdrikliyi gərəkli sayır.

*** Asif Ata “Müstəqil Vətən” anlayışı kontekstində “Xalq və Cəmiyyət məfhumları arasındakı münasibətləri, Vətənsizliklə mübarizəni, «Azərbaycan» adına hörməti, onu uca tutmağın şərtlərini, azadlıq uğrunda mücadiləni, xəlqiliyi, ruhsal (insani) dövlət idealını, Fərd – Cəmiyyət – Xalq arasındakı bağlantını, Vətənin hər bir fərdin içində yaşamasını gərəkli sayır, aldanışları, dünyasızlığı, zoru, hərcayiliyi, siyasətcilliyi, əxlaq oyunlarını pisləyir. Filosof «Azad insanın – Azad Dünya» yaratdığını, hamının “azad ola bilmə”sini hamının “insan ola bilmə”si ilə bağlayır, “Şərq-Qərb” anlayışlarını özünəməxsus şəkildə incələyir, «Şərqin bir zamanlar müəllimliyindən, indi isə Qərbi təqlidçiliyindən, Şərqdən gələnlərin Qərb tərəfdən mənimisənildiyindən danışır. «Avropalaşmaq» təhlükəsindən danışıb təhlillər apararkən Asif Ata “Özünəqayıtma”ya, «Özüylədöyüşə» üz çevirməni üstün tutur. O, Azərbaycanın Özünəqayıtmasını Özünün Müstəqil İctimai Mənəvi Varlıq kimi təsdiqi ilə bağlayır.

*** Asif Atanın nəzəri fəlsəfi-baxışlarının hər bir tezisi kifayət qədər geniş açıqlamalar tələb edir, bunları daha aydın və ətraflı şəkildə incələməyə gərək duyulur. Asif Ata fəlsəfəsinin həmişəyaşarlığına həm də ona görə şübhə yoxdur ki, artıq bu təlimin öz əlifbası, günsırası, terminologiyası, leksikası, semantikası, neologizmləri yaranıb. Yeni İnsan dünyasının modern modeli yaradılır. Bütün bunlar böyük filosofun ideyalarının zəfər çala biləcəyinə, geniş yayılacağına inamı möhkəmləndirir. Çünki Asif Ata həm də İnam Atadır.

Ata ayı, 37-ci il (sentyabr, 2015-ci il)

 

Nizami Tağısoy filologiya üzrə elmlər doktoru, professor


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam