Mənəvi şikəstlik
Xeberinfo.com: Bu gün övlad nahkorluğu, valideyin mənəviyatsızlığı o həddə çatıb ki,onlara vicdanı cinəyatkarlar demək belə azdır. Valideyinlərə qarşı edilən nankorluq heç vaxt və heç cür bağışlanmaz.Belə eybəcər hallara qarşı hər kəs mübarizə aparmalıdır.Çox təəccüblüdür ki,cinayət məcəlləsində bir şilləyə görə 2 və yaxud 3 il həbs kəsilir, amma övlad ata, anasına, eləcə də valideyin uşağına mənəvi əzab verir. Övladlar valideyinlərini qocalar evinə ,valideyinlər isə uşaqlarını uçaq evinə verir və ya da çölə atırlar. Çox təəssüf ki,belələrinə qarşı qanunlar susur.İstər valideyinlərin övladlarına qarşı,istərsədə də uşaqların valideyinlərinə qarşı nankorluğu əxlaqi eybəcərlik və mənəvi şikəstlikdir.Belə eybəcərliyə, əxsazlığa, qeyri-insani hərəkətə. mənəvi şikəstliyə qarşı mənəvi mübarizə aparmaq daha ağla batandır. Bəzən bu üsul inzibati qanunlardan daha kəskin, daha ciddi nəticələr verir. Çox vaxt inzibati cəzalar ürəyə,şüra bir elə də təsir etmir. Amma ictimai qınaq,mənəvi,əxlaqi cəza, el-oba nifrəti daha təsirli, daha səmərəli olur.Nankor övladlara və valideyinlik hissini itirmiş adamlara qarşı ictimai qınaq daha ciddi alınmalıdır.Yaxşı olardı ki,ölkədə fəxri adlar, mükafatlar veriləndə, hər hansı vəzifəyə təyin ediləndə, seçiləndə adamların iş keyfiyyətləri ilə yanaşı, onların mənəvi borclarını necə yerinə yetirdiklərinə də diqqət yetirilsin. Ona görə ki,övladlıq və valideyinlik münasibətləri, sözün həqiqi mənasında, ailənin mənəvi, əxlaqi özülüdür, təməlidir.Məncə ata anaya hörmət, diqqət. övladlara qayğı olmayan yerdə Vətənə,Torpağa,Millətə də hörmət yoxdur. Bu da milli- mənəvi dəyərləri, qanunları da hörmətdən salır və bu insanlığın ən dəhşətli xəstəliyinə çevrilir.
Valideyinlik və övladlıq münasibətlərinin tərbiyyəsində təkcə ərlə- arvad yox, həmidə gəlinlə- qaynanın arasında olan münasibətlərin yaxşı olması vacibdir.
Çoxlu faktlara və müşahidələrimə əsaslanıb deyə bilərəm ki, ailədə ərlə- arvad,qaynana ilə gəlin arasında olan söz-söhbət, dava- dalaş, bir-birini təhqir etmə, aşağılama onları öz övladlarının yanında hörmətdən salır, nüfuzunu aşağı endirir. Bu da bir başa gələcək nəsilin mənəvi şikəstliyinə və nankorluğuna gətirib çıxarır.
Bir ailə tanıyıram. Bu ailədə arvad hökmranlıq edi,fərman verib yerinə yetirir. Kişinin evə az qazanc gətirməsini övladlarının yanında başına taqqıldadır, nüfuzdan salır, təhqir edir. Zavallı kişi isə ailəsinin dağılmaması xatirinə arvadın yersiz təhqirlərinə, aşağılamasına dözmək məcburiyyətində qalır. Bundan istifadə edən arvad daha da qızışıb, bütün etik normaları pozur. Qadının belə hərəkəti gələcəkdə öz uşaqlarının onlara qarşı hörmətsizliyinə, diqqətsizliyinə gətirib çıxarır. Adam təəccübləndirən odur ki,bu gün nankor övladlara imkanlı, üzdə olan ailələrdə daha çox rast gəlinir ki, bu da böyük narahatçılıq doğrur. Şəxsi müşahidələrə, faktlara əsaslanan belə fikirlərlə razılaşmamaq olmaz. Ağsaqqal, aqbirçək yanında ailə üzvülərinə çəkinmədən, abır- həya gözləmədən bir-birinə qarşı nəlayiq, tərbiyyəsiz,kobud sözlər işlətməsi, hörmərsiz davranması uşaqlara olduqca pis təsir edir, onlara əxlaqsızlıq aşılayır. Bu gün qaynanasına "səndən zəhləm gedir", "səndən iyrənirəm" deyən gəlinlər gələcəkdə özlərinə "səndən zəhləm gedir", "səndən iyrənirəm"sözlərinin deyilməsi üçün əsas yaradır.
Dəyərli oxucular, istəyirəm həyatda şahidi olduğum bir necə hadisəni sizə xatırladım. Bir nəfər yaşlı kişi tanıyırdım ki,o,siqaret çəkən idi. Bir gün siqareti qurtaranda oğlundan siqaret istəyir.Oğul heç nə demədən cibindən siqaret qutusunu çıxarıb ordan atasına bir ədəd siqaret verir.Bir belə,iki belə, atasının növbəti siqaret itəməsində oğul qayıdır ki, "Ata,bu po...çəkirsən al cibinə qoy də. Mən sənə siqaret verməkdən yoruldum ki".
Başqa bir valideyin tanıyırdım ki, övladına acığı tutanda ona pis söyüılər söyərdi və söyüşün ardından da başına iri bir qapaz salardı. Vaxt gəldi,zaman yetişdi ata ahıllıq yaşına çatdı,amma pis vərdişindən əl çəkmədi,yenə söyüncünün biri bir qəpik oldu və söyüşdən sonra övladının başına qapaz salmağa gücü çatmadı. Bundan sonra övlad atasını söyməyə başladı.
Başqa bir hadisəni xatırladım.Qonaq-qara, qohum- əqraba yanında qaynanasına şirin-şirin "ana" deyən gəlin imkan düşəndə "ana" dediyi qaynanasına "zəhər","çor" deməkdən də qalmırdı.Hətta o yolun heç zaman yolçusu olmağı ağlına gətirməyən "ana"sına q... də deyirdi.
Bilirəm bəzəsiləri mənim hər üç hadisəni uydurduğumu, düzüb-qoşduğumu fikirləşəcək. Amma inandırıram sizi ki, bunların hər üçü uydurma yox, həyat həqiqətidir.Biz hamılıqla belə eybəcər, köntöyü adamlara qarşı açıq və kəskin mübarizə aparmaqla yanaşı, həm də gözəl,əxlaqlı, nümunəvi ailələri də təbliğ və tərənnüm etməliyik. Məncə bunun çox böyük faydası olar.
Yaxşı insanlar həyatlarının mənasını övlad sahibi olmaqda, onları araya-ərsəyə gətirməkdə, sağlam böyütməkdə, firəvan saxlamaqda, yüksək təhsil verməkdə görürlər və ömürlərinin sonuna kimi heç zaman sönməyən, azalmayan bir sevgiylə,məhəbbətlə sevirlər. Nankorluğu, dönüklüyü yaradan, ata-ananın sevgisinin, istəyinin artıqlığı deyil, bu məhəbbətin təzahür formasıdır. Övlada böyük sevgi onların hər cür şıltaqlığını, yersiz tələblərini canla-başla yerinə yetirməkdə deyil, onların tərbiyyəsinə, kamilləşməsinə, insanlaşmasına diqqət yetirməkdə, qayğı göstərməkdədir. Böyük rus yazıçısı M. Qorki yazırdı:" Öz balalarını sevmək asandır, bunu toyuq da bacarır. Lakin onları tərbiyyə etməyi bacarmaq- istedad və geniş həyati bilik tələb edən böyük dövlət işidir".
Bəzən valideyinlər övlada o qədər yüksək sevgi, məhəbbət, əzizləmə göstərirlər ki, o hədsiz dərəcədə çox olur. Buna el arasında kor məhəbbət deyirlər. Bu, valideyinlər tərəfindən övladlara göstərilən anormallıqdır. O da danılmaz faktdır ki, valideyinlərin uşaqlara olan məhəbbəti, sevgisi uşaqların valideyinlərinə olan məhəbbətindən çoxdur. Əgər bu tərsinə olsaydı onda yəqin ki, insanın nəsili kəsilərdi, uşaq dünyaya gətirmək, istəyi azalardı. Və beləcə bəşəriyyət sürətlə məhvə doğru gedərdi.Valideyinlər həyatlarının mənasını övladlarında görürlər və ömürlərinin sonuna kimi sönməyən, azalmayan,isti, hərarətli bir məhəbbətlə onları sevirlər. Nankorluğu, dönüklüyü yaradan valideyinlərin övladlara olan məhəbbətinin artıqlığı deyil, bu onun təzahür formasıdır.
Bir ailə tanıyıram, onların aman- zaman bir oğlan övladı var. Ona ali təhsil veriblər, maşın və ev (halal zəhmətləri,alın tərləri ilə) alıblar, min bir ağrısını,əzabını çəkiblər. Görəsən bütün bunların müqabilində oğul neyləyib və neyləyir? Oğul övladlığa, insanlığa yaraşmayan bir yol tutub. Ata-anasını əsarət altına salıb,özündən, həyatından asılı edib. Hər iki valideyin oğullarından çəkinirlər, qorxurlar. Oğul onlara hörmət qoymur, dillələndə ağızlarından vurur, ələ salır, oturuşlarını- duruşlarını,danışıqlarını bəyənmir, yekəxanalıq edir, onları qocalar evinə qoymaqla hədələyir.
Heç vaxt övladın azlığından, çoxluğundan asılı olmayaraq onu bütə döndərmək, ilahiləşdirmək, səcdəsində durmaq, kor məhəbbətlə sevmək lazım deyil. Sonu yaxşı alınmır.Pis övladlar hər zaman valideyinləri üçün üzqaralığı gətiriblər, onları qonum-qonşu, dost- tanış, qohum- əqraba yanında başı aşağı ediblər, dərd- bəla gətiriblər. Bir həqiqəti də unutmaq lazım deyil ki, valideyin üçün övlad tərbiyyəsi çətin və şərəfli bir vəzifədir. Bu, vəzifəni yerinə yetirmək üçün gərək valideyin ağıllı, təmkinli, dünya görüşlü və kamil olsun. Ağıllı valideyin övladlarını harınlığa, mənəm-mənəmliyə öyrətməməli, onların bütün tələblərini yerinə yetirməməlidir. Ona görə ki, harınlar ehtiyaclarından daha çox vəsait əldə etməyə can atırlar. Buna imkan olmayanda isə onlar çirkin, qeyri-qanunu yollara düşür,cinayət törədirlər.
Başqa millətləri bilmirəm, bizdə təbiətin bizə verdiyi ömürü özümüz üçün yaşamırıq, halbu ki, özümüz üçün yaşamaq ana südü kimi halal haqqımızdır.Bunu bizə yaradanımız deyir. Amma biz neyliyirik? Özümüzü yaddan çıxarıb doğmalarımız, yaxınlarımız üçün yaşayırıq və bundan qururlanırıq,fərəhlənirik, bunun müqabilində isə başqaları tərəfindən öyülürük,təqdir olunuruq.Bəzi ailələrdə övladlar uşaqlıq dövrünü hər vasitə ilə uzadırlar, işləmək istəmirlər, hətta evləndikdən, bir neçə uşaqları olduqdan sonra da ata-anaya yük olurlar. Özü də elə bir ağır yük ki, bu yük valideyinlərin çiynini yağır eləyir, incidir, amma valideyinlər onu yerə qoymaq bacarığında olmurlar. Övladlara da elə gəlir ki, valideyinləri ömürlərinin sonuna kimi onların ömürlərini yaşamalı, onları saxlamalı, özlərini tamamilə unutmalıdırlar. Bir fakt deyim. Bir ata onsuz da az olan pensiyasından uzun illər qəpik-qəpik yığıb müalicəsi üçün topladığı pulu tufeyli oğluna vermədiyinə görə,oğlu tərəfindən bərk döyülüb və pulu əlindən alınıb. Çox təəssüf ki, belə hadisə nadir deyil deyil,çoxdur və bu çoxluq həyacan doğurmaya bilməz. Valideyinlər çox vaxt övladları tərəfindən başlarına gətirilən belə iyrənc hadisələri açıb-ağartmırlar,gizləyirlər. Çünki övladlarına olan kor məhəbbətləri buna yol vermir. Uşaqlarının adının hallanmasından, pisliyə çıxmasından qorxurlar.
Nankor övladlar tərəfindən valideyinlərin dincəlmək, müayinə və müalicə olunmaq, rahat yaşamaq haqqının tapdalanması ən ağır və bağışlanmaz cinayətdir. Bəzən deyirlər ki, nankorluğu rəhimsizlik, insafsızlıq, həyasızlıq, abırsızlıq, müftəxorluq və tüfeylilik yaradır. Ona görə də tərbiyədə insanın şəxsiyyətinə və əxlaqi keyfiyyətlərinə bütöv halda baxılmalıdır. Mənəvi özülü- əxlaqi bünövrəni möhkəmlətmək bu gün bizə hava, su kimi lazımdır. Yoxsa mənəvi şikəstliyimizi heç vaxt sağalda bilməyəcəyik.
Məhərrəm Şəmkirli