Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Müdəccənlər və İspaniyanın -birgə yaşama təcrübəsindən vaz keçməsi


1469-cu ildə Araqon kralı Ferdinand və Kastilya kralıçası İzabelin evlənməsi Preney yarımadasının iki ən güclü xristian krallığının bir güc halında birləşməsinə səbəb oldu. Beləliklə bir güc halına gələn xristian qüvvələri Preney yarımadasındakı son İslam dövləti olan Nasiri Sultanlığını təslim aldılar. Bu sultanlığın və Qranada şəhərinin 1492-ci ildə təslim olması müsəlmanların Əndülüsdəki hərbi və siyası hakimiyyətinin sonu demək idi.
Yenixeber.org: Əndülüsün tamamilə xristianların hakimiyyətinə keçməsi İspaniyada üç səmavi dinin birlikdə və hüzur içərisində yaşama təcrübəsini (convivencia) sona çatdırmışdı. İzabel və Ferdinand Əndülüs torpaqlarını müsəlmanlardan geri alma (rekonkista) hərəkatını paytaxt Qranadanı alaraq tamamladıqdan sonra, növbə inkvizisiya məhkəmələri ilə dini birliyi təsis etməyə gəlmişdi. Xristian krallıqları rekonkista hərəkatı ilə Əndülüsdəki İslam hakimiyyətinə qarşı savaşırdılar. İnkvizisiya məhkəmələri isə buradakı müsəlmanlara, yəhudilərə, ümumiyyətlə xristianlığın katolik məzhəbindən başqa bütün fərqli din və məzhəblərə qarşı aparılan ideoloji savaşı ifadə edirdi.
Xristianlaşdırma və dini kimliklərin yox edilməsi prosesinə müqavimət göstərib baş qaldıran, müsəlmanlıqlarını qorumağa çalışan moriskolar (xristian hakimiyyəti altında yaşayan və dinini dəyişməyə məcbur edilən müsəlmanlar) çox ağır cəzalara məruz qalırdılar. Yazının bu bölümündə zorla xristianlaşdırma siyasətinin necə tətbiq edildiyini, bunun hansı metodlarla həyata keçirildiyini və bunda nə qədər müvəffəq olduqlarını izah etməyə çalışacağıq…
İspaniyada inkvizisiya məhkəmələri orta əsrlərdəki inkvizisiya məhkəmələrindən fərqli olaraq kilsənin deyil, dövlətin əlindəki bir təzyiq vasitəsi idi və xristian krallıqlar tərəfindən idarə edilirdi. Məcburiyyət qarşısında xristianlığa keçən, ya da keçmiş kimi görünən moriskoların (müsəlmanların) bu din dəyişdirmələri daim şübhə ilə qarşılanmış və səmimi olduqları qəbul edilməmişdir. Bu səbəblə də moriskolar inkvizisiya məhkəmələrində soğrulanmış, daim təqib və təzyiq altında saxlanmışlar.

Sevilya şəhərində xristian hakimiyyəti illərində müsəlman (müdəccən) memarlar tərəfindən tikilən Alcazar sarayı
Əndülüsdə siyasi hakimiyyət artıq tamamilə xristianların əlinə keçsə də xristian krallar özlərinə bir saray tikmək istəyəndə bu işdə dada çatan yenə müsəlmanlar idi. 8 əsr boyunca İslam memarlığı bütün yarımadada o qədər qəbul edilmişdi ki, xristian hakimiyyəti dövrün tikilən Alcazar sarayı divarlarında yazılan ərəbcə ayələrə qədər “əl-Hamra” sarayının hardasa eynisi idi. Təbii ki belə bir mədəniyyətinin mirasçısı olan müsəlmanları Preney yarımadasında bir imza, ya da bir qərarla çıxarmaq qeyri mümkün idi.
Əvvəlki din və mədəniyyətlərini xatırladacaq hər hansı davranış inkvizisiya məhkəməsində mühakimə olunmaları üçün bir səbəb idi. Moriskolar inkvizisiya məhkəməsində nə qədər işkəncə görsələr də dinlərindən vaz keçməyərək gizli olaraq İslamı yaşamağa, övladlarına öyrətməyə çalışmışlar. Nəhayət 1609-cu ildə inkvizisiya məhkəmələri təqib etdikləri yolun və bu assimilyasiya siyasətinin uğursuz olduğunu görərək, moriskoları sürgün etməyə qərar vermişdilər.
İspan xristian krallıqları zorla və çox sərt bir şəkildə moriskoların (onların gözündə yeni xristianların) əvvəlki dini kimliklərini unutdurma siyasətinə başlamışdılar. Moriskoların tarixi şüur və sosial yaddaşlarını yox etmək üçün onların bütün adət-ənənələri, dini inancları qadağan edilmişdi.
Əndülüs müsəlmanların hakimiyyəti altına keçəndən sonra feodal sistemin ortaya çıxardığı kəskin sosial təbəqələşmə tarazlanmağa başlamışdı. Cəmiyyət içərisində müsəlmanlar və qeyri-müsəlmanlar olaraq iki əsas qrup formalaşmışdı. Burada müsəlmanlar, xristianlar və yəhudilər bir yerdə, öz dinlərinə bağlı qalaraq xoşgörü içərisində yaşamışdılar.
Müsəlmanlar fəth etdikləri ölkələrin xalqlarını kölələşdirməmiş, onları qula qulluq etməkdən xilas edərək Allaha qulluq etmələrinin önünü açmağı əsas hədəf seçmişdir. Müsəlmanlar, insanlar arasında yeganə üstünlük meyarının təqva (Allahın mərhəmətindən məhrum olmaq qorxusu ilə pis əməllərdən çəkinmək) olduğunu xristian xalqa izah etmişdilər (Hucurat, 49/134).
Beləcə də İspaniyada İslam ilə birlikdə xoşgörü mühiti meydana gəlmiş, dini və etnik fərqliliklər səbəbi ilə insanlar arasına fərq qoyulmamışdı. Üç səmavi dinin eyni mühitdə, eyni coğrafiyada, hətta eyni şəhərdə hüzurlu bir şəkildə yaşanmasının bir xəyal olmadığını Əndülüs təcrübəsinə baxaraq anlamaq olardı.
Kordoba və Sevilya şəhərlərinin süqutu ilə Qranada xaricindəki əsas Əndülüs şəhərləri xristianların hakimiyyəti altına girmişdi. Bəni Əhmər (Muhamməd ibn Nasr) hakimiyyətindəki Qranada sultanlığından başqa Əndülüsün bütün müsəlman şəhərləri xristianların əlinə keçmişdi. Beləcə Əndülüsdə müsəlman dövləti olaraq Nasirilər dövrü (1238-1492) başlamışdı. Mərkəzi Qranada şəhəri olan bu balaca dövlət iki əsr yarım hakimiyyətini davam etdirmişdir. Bu müddət ərzində qonşu və güclü xristian krallıqları ilə müxtəlif andlaşmalar imzalayaraq mümkün qədər sülh siyasəti yeridilmişdir. Hər hansı təhlükə yarandıqda isə Şimali Afrika dövlətlərindən başda Mərinilər olmaq üzrə, Vattasilər və Hafsilərdən kömək istənmişdir.
Əndülüs xaricindəki, hətta Əndülüsdən çox-çox uzaqdakı hadisələr bəzən buraya təsirsiz ötüşmürdü. Bu hadisələrdən ən mühümü 1453-cü ildə Osmanlı dövlətinin İstanbulu fəth etməsi idi. Bu hadisə Nasirilər dövlətinin ərazisi kimi dar bir sahədə qısılıb qalan müsəlmanlarda türklərin onları qurtaracağına ümid oyatmışdı. Xristianlar isə Əndülüsdəki müsəlmanları bu və digər səbəblərə görə Osmanlının iş ortağı kimi görmələrinə səbəb olmuş, İspaniyadakı müsəlman əhalinin varlığı onları narahat etməyə başlamışdı.

Kastilya kraliçası İzabel ilə Araqon kralı Ferdinandın toy mərasimini təsvir edən bir rəsm.
1469-cu ildə İzabel və Ferdinandın evlənməsi ilə iki xristian krallıq birləşmiş və müsəlmanları yox etmək üçün güclərini birləşdirmişdilər. Bu iki krallıq hər nə qədər birləşsələr də idarəetmə mexanizmi tam olaraq birləşməmişdi. Həm İzabel, həm də Ferdinand krallıqlarını müstəqil olaraq idarə edirdilər. Yəni tək bir kral ailəsi içərisində fərdi təşəbbüs və qərarlar ala bilən iki dövlət görünüşü davam elədi. Buna baxmyaraq İzabel və Ferdinandın sahib olduqları din və mədəniyyətin eyniliyi, ortaq tarixi miras onları eyni hədəf uğrunda hərəkət etmələrinə sövq etdi.
Bu arada xristianlar müsəlmanların Şimali Afrika ilə əlaqə qurduqları yeganə keçid olan Cəbəlüttariq boğazını zəbt etmiş (1462), daha sonra mərhələ-mərhələ Qranada şəhərini təslim almaq üçün çalışmalara başlamışdılar. Müsəlmanların daxili çəkişmələri, ərzaqlarının yetərsizliyi, həmçinin güclü bir liderə sahib olmamaları sonun başlanğıcı olan mühüm faktorlar idi.
Nəhayət 1492-ci ildə bir andlaşma ilə müsəlmanların son qalası olan Qranada şəhəri Araqon-Kastilya Birləşmiş Krallığına təslim edilmişdi. Bu hadisə xristianlar tərəfindən İspaniyanın hər yerində, hətta bütün Avropada ayin və mərasimlər, əyləncələr və bayram ab-havasında qeyd edimişdi. İzabel və Ferdinand da xristian aləminin qəhrəmanları mənasına gələn “Katolik Krallar” (los Reyes Catolicos) ünvanına layiq görülmüşdülər.
Qranadanın təslim edilmə şərtlərinə görə, müsəlmanlara burada sərbəst şəkildə qalmalarına icazə verilmişdi. Həmçinin onların mal və mülklərinə toxunulmayacaq, dinlərinə bağlı qalacaq, yalnız öz qanunlarına görə mühakimə olunacaqdılar. Müsəlmanlara əvvəl ödədiklərindən əlavə hər hansı vergi ödəməyəcəklərinə dair təminat da verilmişdi.
Bu müqavilənin bəzi şərtləri belədir: 1. Qranada sultanı Əbu Abdullah, digər dövlət adamları və xalq kral Ferdinand və kraliça İzabelə sadiq qalacaqlarına dair and içəcəklər. 2. Əbu Abdullaha əl-Buşurrat (Alpujarras) adlanan yerdə iqta ərazisi veriləcəkdi. İqta, İslam hakimiyyəti dövrlərində də tətbiq edilən, dövlətin sahib olduğu ərazi və daşınmaz malları işlətmək, gəlirlərindən faydalanmaq haqqının müəyyən şəxslərə verilməsi idi. 3. Müsəlmanların və daha az bir qrupu təşkil edən yəhudilərin canlarına, mallarına və dinlərinə toxunulmayacaqdır. 4. Müsəlmanlar adət-ənənələrini, dillərini, geyimlərini qoruya bilmə haqq və hüququna sahib olacaqlar. 5. Müsəlmanlar öz idarəçilərinə ödədikləri vergilərdən daha çoxu ilə mükəlləf olmayacaqlar. 6. Bütün müsəlman əsirlər sərbəst buraxılacaq. 7. Müsəlman xalqdan istəyənlər hər cür əşyasını alaraq İspaniyanı tərk edə biləcək, üç il ərzində geri dönmək haqqına sahib olacaqlar. 8. Yeni müsəlmanlar, əvvəlki dinlərinə dönmələri üçün məcbur edilməyəcəklər. Xristianlığa girmək istəyən müsəlmanlara düşünmələri üçün vaxt veriləcək, onlar son qərarlarını müsəlman və xristian hakimlərin önündə açıqlayacaqlar.
Bu müqavilə şərtləri ilk baxışda müsəlmanlar baxımından o qədər də ağır görünmürdü. Müsəlmanlar öz hakimiyyətləri altında əsrlər boyu yaşayan qeyri- müsəlmanlara (zimmilərə) hansı haqları vermişdilərsə, təxminən ona bərabər haqq və hüquqlar da bu dəfə müsəlmanlara tanınırdı. Müqavilə şərtlərinə əməl edilsəydi, Əndülüsdə üç səmavi dinin əsrlər boyu davam edən birgə yaşama təcrübəsi bu dəfə xristian hakimiyyətində də davam edə bilərdi.

Rəsmdə Qranada Əmirliyinin son hökmdarı XII Muhammədin (Boabdil) şəhəri tərk edərkən sonuncu dəfə Qranadaya baxması təsvir edilib.
Ancaq bu müqaviləyə baxmayaraq Şimali Afrikaya gedənlər də olmuş və onlara əngəl olmamışdılar. Ölkəni tərk edənlər arasında Qranada Əmirliyinin son hökmdarı XII Muhamməd (Avropa dillərindəki adı ilə Boabdil) də var idi. Ancaq müsəlmanların əksər hissəsi atalarından qalan torpaqlarda xristian hakimiyyəti altında bu müqaviləyə əsasən qalmağı seçmişdilər. Onlar bu torpaqların müsəlmanlar tərəfindən yenidən geri alınacağına ümid edirdilər. Ümumiyyətlə xristian krallıqlar tərəfindən ələ keçirilən Kordoba, Sevilya və digər şəhərlərdə yaşamağa davam edən müsəlmanlara müdəccən (ispanca mudəjar) adlanırdı. Beləcə Qranada Sultanlığının müsəlman xalqı da müdəccənlər olaraq burada qalmağa davam eləmişdilər.
Müdəccən kəlməsi ərəb dilində “d-c-n” feilindən gələn və “olduğu məkana yerləşib qalan”, “oraya uyğunlaşan” mənasına gəlir. Müsəlman şəhəri olan Tuleytulanın (İspaniyada günümüzdə Toledo adı ilə bilinən tarixi şəhər) Kastilya-Leon Krallığı tərəfindən istila ediləndən sonra müqavilə şərtlərinə əsaasən, müdəccənlər din, geyim, ticarət və sənətlərini davam etdirməkdə sərbəst buraxılmışdı. Müdəccənlik, xristian hakimiyyəti altında bir mənada zimmi mövqeyində və cizyə ödəyərək yaşamaq demək idi.
Sosial mövqe olaraq müdəccənlər, xristianlardan sonra gələn, onlardan daha aşağı bir sinif olaraq qəbul edilirdi. Misal üçün, bir müdəccənin şahidliyi, xristian bir şahid olmayan vaxtlar keçərli sayılırdı. Həmçinin müdəccənlərin dövlət vəzifələrində işləməsi üçün xristian olması şərt sayılırdı. Ancaq İslam hakimiyyəti altındakı qeyri-müsəlmanlar dövlət vəzifəsi olaraq vəzirlik məqamına belə gəlib çıxa bilirdilər.
Müdəccənlər cəmiyyət içərisində yüksək mövqedə olan, çox çalışqan, etibarlı, bacarıqlı və bilgili şəxslər idilər. Elm, sənət, memarlıq və əkinçilik sahələrində dövrün şərtləri ilə müqayisədə olduqca yüksək səviyyədə idilər. Bu səbəblə müdəccənlər dövlətin ən böyük gəlir qaynağı, hər dövlətin xəyal edəcəyi bir xalq və aristokrat təbəqə üçün vazkeçilməz mövqedə idilər. Hətta vəziyyət elə idi ki, Qranada arxiyepiskopu (xristian kilsə iyerarxiyasında yüksək rütbələrdən biri) Hernando de Talavera bir moizəsində müdəccənlər üçün: “Onlar bizim inancımızı, biz də onların əxlaqını mənimsəməliyik” demişdir.
Müdəccənlər, bütün mühüm peşələri əllərində tutduqları üçün Əndülüsdəki əsilzadələrin ən çox ehtiyac duyduqları kəslər idilər. Onlar işlərini ən yaxşı şəkildə gördükləri üçün xristianlardan daha uğurlu, daha imkanlı və iş tapmaqda daha öndə idilər. Bu səbəblə müsəlmanlar rifah və zənginlik içərisində yaşadıqları halda, xristianlar iqtisadi cəhətdən sıxıntı içərisində və daha yoxsul yaşayırdılar. Bu vəziyyət təbii olaraq xristian xalq kütləsinin müdəccənlərə qarşı mənfi münasibət bəsləməsinə səbəb olmuşdu.
Xristianların müsəlmanlara tətbiq etdiyi bu məhdudiyyətlər zaman keçdikcə bəzi iğtişaşlara səbəb olmuşdu. Xristian krallıqları müdəccənlərin problemlərini həll etməkdənsə bu iğtişaşları özləri ilə imzalanan müqavilənin pozulması kimi qələmə vermişdilər. Halbuki, müdəccənlərin dini azadlıqlarına məhdudiyyətlər gətirərək müqaviləni pozanlar elə özləri idilər. Buna baxmayaraq, müsəlmanları günahlandıraraq 1492-ci ildə onların əllərində qalan tək bölgə olan Qranadanı təslim almışdılar. Qranada təslim ediləndə müdəccənlərin dinlərinə, canlarına, mallarına və dillərinə toxunulmayacağına, adət-ənənələrini qoruya biləcəklərinə dair söz verilmişdi. Ancaq xristianlar bu sözlərində durmamışdılar.
Əndülüsdə XI əsrdən etibarən müsəlmanların xristianların hakimiyyəti altında yaşamağa başladıqlarını demək olar. Bu dövrdən etibarən xristian keşişlər müdəccənlərin varlığından narahat olmağa başlamışdılar. Xüsusilə XIII əsrdən sonra bu narahatlıq daha da artmış, Qranadanın ələ keçirilməsi ilə Ferdinand və İzabel müdəccənlərə təzyiqlər etməyə başlamışdılar. Müdəccənlər ya xristianlığı qəbul edəcək, ya da İspaniyadan sürgün ediləcəkdilər. Keşişlər məsələni o həddə gətirmişdilər ki, əgər dedikləri olmazsa, İzabel və Ferdinandı aforozla təhdid etmişdilər.

İnkvizisiya məhkəmələrinin rəhbəri Tomas de Torquemada İspaniya torpaqlarından katoliklərdən başqa hər kəsin çıxarılmasını lazım bilirdi. Bu səbəblə o, Ferdinand və İzabeli yəhudiləri sürgün etdirəcək qərarı imzalamağa təşvik edirdi. İspan rəssam Emilio Sala həmin bu məqamı yuxarıdakı rəsmdə təsvir edib.
Ancaq İzabel və Ferdinand müdəccənlərin iqtisadi həyatda gülcü bir mövqedə olduqlarına görə keşişlərin bu sözlərinə bir müddət əməl etməmiş, müdəccənlərlə müqayisədə sayları və sosial əhəmiyyəti daha az olan yəhudilərə tətbiq edərək keşişlərin tələblərini qismən yerinə yetirmişdilər. Beləliklə də İspaniya torpaqlarından birinci sürgün edilən yahudilər olmuşdular. Daha sonra isə növbə müsəlmanlara, yəni müdəccənlərə gələcəkdi. Növbə müdəccənlərə çatanda isə onlar xristian missionerliyinin, zorla xristianlaşdırma çarxının dişləri arasında əziləcəkdilər. 1492-ci ildə Qranada şəhəri təslim olanda imzalanan müqavilənin şərtlərinə isə xristian karallıqlar cəmi 3 il əməl etmişdilər.
Daha böyük fəlakətin xəbərçisi olan bu ilk yəhudi köçündə 25 min yəhudi sürgün edilmişdi. 1492-ci ildə imzalanan fərmanla bütün yəhudilər ölkəni tərk etməli idilər. Bu qərardan sonra yüz min yəhudi Osmanlıya sığınmış, geridə qalanlar isə bir müddət xristian kimi yaşamağa davam etmişdi. O dövrdə İspaniyadan Osmanlıya sığınan yəhudilər günümüzdə Səfərad yəhudiləri olaraq adlanır.
Nazim Mustafayev
Mövzuda davam edəcəyik…

 

Qeyd: Yazının hazırlanmasında, Əskişəhər Osmangazi Universitetində Şükran Bektaş Konuk tərəfindən qələmə alınan “Batılı Kaybatılı Kaynaklara Göre Endülüs’te Moriskolara Yönelik Engizisyon Uygulamaları (1492-1614)” başlıqlı elmi işindən istifadə edilmişdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam