İcra başçısı haqda ilginc iddialar
İradə Gülməmmədovanın Abşerona icra başçısı təyinatı heç nəyi dəyişmədi.
Xeberinfo.com: Məlumata görə sosial problemlər girdabında boğulan sakinlər dövlət başçısına müraciət ünvanlayıb. Xanım icra başçısının laqeydliyindən narazılıq edən Abşeron sakinləri onun müavin olduğu dövrdə də belə davrandığını xatırladırlar. Hazırda qaz, su, işıq problemləri həllini gözləyir. Problemlər içində çabalayan insanlar istəyirlər ki, İradə xanım onları dinləsin. Elə Masazır qəsəbəsinin sakinlərinin elektrik enerjisi problemindən, yolsuzluqdan şikayətçidirlər. Onlar arzu edirlər ki, bu qəsəbənin dərdlərinə şərik olacaq, dövlət qurumlarına lazımi göstərişləri verib işlərini gördürəcək bir icra başçısı olsun.
İradə Gülməmmədova icra başçısı təyin ediləndən bəri sakinlərlə maraqlanmayıb. TİA.AZ-a daxil olan məlumata görə, eləcə də sahibkarlar onunla görüşmək istəyir. Son hadisələr və iş adamlarına yaradılan problemlərlə bağlı yeni icra başçısına müraciət etməyə hazırlaşırlar. Xanım icra başçısı isə hələlik özünü elə müavin statusunda göstərməkdədir. Məlumata əsasən İradə Gülməmmədova icra başçısı təyin edildikdən sonra çox qısa zamanda Zakir Fərəcovun bütün kadrlarını işdən uzaqlaşdırıb. Xüsusilə də rayon ərazisində Z.Fərəcovun adamları olaraq mülkiyyət üzrə sahibkarlardan «haqq» toplayan 10 nəfərlik qrupun üzünə İcra Hakimiyyətinin qapıları bağlanıb. İradə Gülməmmədova həmin adamların yerinə öz doğma qardaşını köməkçi vəzifəsinə təyin etməklə, yaxın qohumlarını yerləşdirib. Və hazırda Abşeron rayonunda bütün obyektlərə nəzarəti də şəxsən öz əlində cəmləşdirib.
Tibb Universitetini bitirən İradə Gülməmmədova Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir müddətdən sonra isə Abşeron Rayonu Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. İradə Gülməmmədova 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışır. O, öncə icra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsində işləyib. Daha sonra həmin şöbə üzrə başçının müavini vəzifəsinə qədər yüksəlib.
Qarşı tərəfi dinləməyə hazırıq.