Andropovun xahişi, Brejnevin rizası, Şelokovun cığallığı –1980-ci ildə Moskva sakinlərindən 2345 silah götürülüb
Hakim dairədə yaranan qruplaşmalar, yüksək vəzifəli dövlət məmurlarının arasındakı intriqalar, tərəflərin bir-birinə qarşı ittihamları bəzən böyük cinayətlərin üstünün açılmasına səbəb olur. SSRİ dövründə də Kreml daxilindəki çəkişmələr bir çox qaranlıq mətləblərə aydınlıq gətirib.
Yenixeber.org: 1970-1980-ci illərdə SSRİ-də də yüksək vəzifə tutan məmurlar arasında kifayət qədər ciddi qarşıdurmalar olub. Brejnev komandasının ən səs-küylü rəqibləri isə daxili işlər naziri Nikolay Şelokov və DTK sədri Yuri Andropov olub. Qeyd edək ki, Nikolay Şelokov SSRİ daxili işlər naziri vəzifəsinə 1968-ci ildə, Yuri Andropov DTK sədri vəzifəsinə 1967-ci ildə təyin edilib.
İki mühüm qurumun rəhbərləri arasında soyuq münasibətlər daha çox səlahiyyətə sahib olmaq iddiasından başlayıb.
Xidməti məsələlərlə bağlı tez-tez üz-üzə gələn Andropovla Şelokovun arasındakı soyuq müharibənin başlanmasında Brejnevin də “günah”ı az olmayıb. Belə ki, Brejnev bəzi hallarda Dövlət Təhlükəsizlik Komitəsinə aid olan məsələləri Daxili İşlər Nazirliyinə həvalə edib, yaxud da əksinə, daxili işlər orqanlarının səlahiyyətinə aid bəzi tapşırıqlar Dövlət Təhlükəsizlik Komitəsinin icraatına verilib. Xüsusilə ölkədə böyük səs-küyə səbəb olan korrupsiya hadisələri ilə bağlı araşdırmalarda güc strukturlarının başçıları bir-birinin ayağını tapdalayıb. Brejnev bütün bunları məqsədli şəkildə edib. Güc strukturları rəhbərlərinin “mehriban” olması baş katib üçün arzuolunmaz sayılıb.
Andropovla Şelokovun münasibətlərinin gərginliyi hər addımda hiss olunub. Mərkəzi Komitədə keçirilən müşavirə və iclaslarda tərəflərin bir-birinə ittihamları adi hala çevrilib. Hətta bəzən Siyasi Büronun iclaslarında təmkinli Andropov çılğın Şelokovun fəaliyyəti ilə bağlı ciddi iradlar söyləməkdən çəkinməyib.
Bu cür qalmaqallı iclasların biri də 1980-ci ilin əvvəllərində baş verib. Siyasi Büroda ölkədəki kriminogen durum müzakirə olunub. 1979-cu ildə baş verən cinayət hadisələrinin əvvəlki illərlə müqayisədə sayının artması Andropov üçün daxili işlər orqanlarının fəaliyyətini tənqid etməyə əsas yaradıb. O, büro üzvlərinə cinayət hadisələrinin sayının artmasının səbəbini əhalidə qanunsuz silahların olması ilə izah edib, qeyd edib ki, Daxili İşlər Nazirliyi heç bir araşdırma aparmadan istənilən şəxsə təmənna qarşılığında ov silahları əldə etməyə icazə verir. Şelokov Andropovun ittihamlarını qətiyyətlə rədd edib, DTK sədrinin fikirlərini əsassız sayaraq qərəzli olduğunu bildirib. Brejnev tərəflərin mübahisəsini kəsdikdən sonra 1980-ci ildə Yay Olimpiya Oyunlarının SSRİ-də keçiriləcəyini büro üzvlərinə, xüsusilə də güc strukturlarının rəhbərlərinə bir daha xatırladaraq cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini vacib sayıb.
Həmin müşavirənin səhərisi günü DTK sədrinin təşəbbüsü ilə Brejnevlə Andropovun görüşü olub. Andropov baş katibdən Moskvada və Moskva vilayətində qanunsuz silah gəzdirənlərin aşkar edilməsi ilə bağlı DTK tərəfindən xüsusi əməliyyatın keçirilməsinə razılıq istəyib. Breynev əvvəlcə Andropovun təklifinə razılıq verməyib, belə təyinatlı əməliyyatların keçirilməsinin daxili işlər orqanlarının səlahiyyətində olduğunu bildirib. Ancaq Andropov baş katibi bu əməliyyatı keçirməklə cinayətkarlığın qarşısının alınmasında böyük effekt verəcəyinə əmin edə bilib.
Beləliklə, 1980-ci ilin mart ayında DTK-da xüsusi əməliyyat qrupu yaradılıb. “Arsenal” adı altında keçiriləcək əməliyyata prokurorluq orqanlarının əməkdaşları da cəlb edilib. Bir ay ərzində keçirilən əməliyyat nəticəsində Moskva sakinlərindən 2345 ədəd odlu silah götürülüb. Bununla yanaşı, əməliyyat nəticəsində 39 ədəd qeyri-zavod şəraitində düzəldilmiş partlayıcı qurğu və 3 tona yaxın partlayıcı vasitələr aşkar edilib. “Arsenal” əməliyyatı nəticəsində 1825 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Əməliyyat sona çatdıqdan sonra Yuri Andropov öz imzası ilə Brejnevə və Siyasi Büroya nəticələr haqqında geniş arayış təqdim edib. Bu arayış Kremlə təqdim olunduqdan sonra güc strukturlarının rəhbərlərinin də dəvət olunduğu Siyasi Büronun iclasında növbəti qalmaqal yanaşıb. Həmin iclasda Andropovun yazdığı arayışla tanış olmaq üçün sənədi Şelokova Konstantin Çernenko təqdim edib. Rəqəmlər daxili işlər nazirini şoka salsa da, o, özünü itirməyib və üzünü Brejnevə tutub:
- Belə başa düşürəm ki, DTK əməkdaşları öz silah arsenallarını “Arsenal” əməliyyatına “xərcləyiblər”.
Bu məqamda Andropov qovluğundan daha bir sənəd çıxarıb və Şelokova uzadıb:
- Bəs bu sənədə sözünüz nədir? Rəhbərlik etdiyiniz qurum bir il ərzində 56 min nəfərə ov məqsədilə silah əldə etməyə icazə verib. Bu icazələr zamanı onların kimliyi müəyyənləşibmi? Əlbəttə ki, yox. Əgər sizə maraqlıdırsa kiçik izah verə bilərəm. Həmin 56 min nəfərdən 11987 nəfəri əvvəllər məhkum olunmuş, 5737 nəfəri isə əvvəllər iki dəfə məhkum olunmuş şəxslərdir. Bu statistika ilə siz ölkədə cinayətkarlığın qarşını ala bilmərsiniz, əksinə, yeni cinayət hadisələrinin baş verməsinə şərait yaratmış olursunuz.
Şelokov faktların qarşısında heç nə deyə bilməyib. “Biz bu məsələləri araşdırarıq” deyərək mübahisədən çəkilib.
Andropovun Brejnevə dediyi kimi “Arsenal” əməliyyatı cinayətkarlığa qarşı mübarizədə öz töhfəsini verib. 1980-ci ildə ölkədə cinayət hadisələrinin sayı 43 faiz aşağı düşüb. O cümlədən Yay Olimpiya Oyunları günlərində də heç bir insident qeydə alınmayıb. Andropovla Şelokovun mübarizəsi isə davam edib.(musavat)
İlham Cəmiloğlu