Çurbanovun “xüsusi” səlahiyyətləri-Andropovla Şelokovun çəkişməsi- külə dönən sənədlər...
Yenixeber.org: 1981-ci ilin fevral ayında Moskva vilayətinin Kaşirski rayonunda yerləşən ərzaq bazasında baş verən yanğın SSRİ-də daha bir korrupsiya faktının açılmasına səbəb olub. Əslində bazada qəsdən yanğın törətməklə milyonlarla rubl dəyərində yeyinti faktını ört-basdır etmək istəyiblər. Amma məsələyə yuxarıların müdaxiləsi düşünülmüş planları alt-üst edib. Daha dəqiq ifadə etsək, SSRİ daxili işlər naziri Nikolay Şelokov ilə DTK sədri Yuri Andropov arasındakı kəskin konflikt bəzi mətləblərə aydınlıq gətirib.
Qeyd edək ki, sözügedən baza SSRİ-nin müxtəlif bölgələrindən un və un məmulatları, ət, süd və digər kənd təsərrüfatı məhsulları və s. ərzaqları qəbul edib. Sonra bu ərzaqların bölgüsü aparılıb. Baza Moskva vilayətinin ən böyük ərzaq anbarlarından biri sayılıb. Baza həmçinin Moskva vilayətində dislokasiya olunan SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin ərzaq təminatını da həyata keçirib.
Həmin dövrdə Brejnevin kürəkəni Yuri Çurbanov SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyib. Elə həmin dövrdən də onun zəngin həyat tərzi heç kim üçün sirr olmayıb. Təbii ki, Çurbanov aldığı nazir müavini maaşı ilə özünə şahlara məxsus həyat qura bilməzdi və sözsüz ki, ölkənin birinci şəxsinin kürəkəni olmaq ona xüsusi səlahiyyətlər verib.
Yuri Çurbanovun gəlir mənbəyinin biri də işlədiyi nazirliyin tabeliyində olan Daxili Qoşunların təminat və təchizatı olub. Çoxsaylı şəxsi heyəti olan Daxili Qoşunların ərzaq və əşya təminatı məhz Çurbanovun başçılığı və istədiyi kimi həyata keçirilib. Bu məsələnin bir tərəfi də Kaşirski rayonunda da yerləşən ərzaq bazası ilə bağlanıb. Sənədlərdə hər şey qaydasında görünsə də, reallıqda tam fərqli mənzərə olub.
Brejnevin kürəkəni kimi Çurbanovun sözü hər yerdə keçib. O, Stavropol və Krasnodar diyar Partiya Komitələrinin birinci katibləri ilə “işgüzar” əlaqələr yaradaraq Daxili Qoşunların ərzaq təminatı məsələsini öz istədiyi kimi həll etməyə nail olub. Beləliklə, həmin bölgələrdən gələn 3-cü növ ərzaq məhsulları bazada 1-ci növ ərzaq məhsulları kimi qəbul edilib. Baza istehsalçılara 3-növün qiymətləri ilə ödəniş edib. Ayrıca büdcəsi olan Daxili Qoşunlar Baş İdarəsi isə həmin məhsulları bazadan 1-ci növün qiymətləri ilə alıb. Arada qalan pul fərqi isə Çurbanovun şəxsi büdcəsinə gedib.
Daxili Qoşunların hərbi hissələrindəki şəxsi heyətin gündəlik üç dəfə qidalanmasını nəzərə alsaq, arada qalan pul fərqinin nə qədər böyük məbləğ olduğunu təsəvvür etmək bir o qədər də çətin deyil.
Ancaq Çurbanovun tamahı təkcə bununla bitməyib. General heç kimdən çəkinməyərək şəxsi heyətin qida rasionunda istədiyi dəyişiklikləri də edib. Həm çəki baxımından, həm də qidaların tərkibində. Bununla da bazadan çıxan məhsullarla hərbi hissələrin qəbul etdiyi məhsulların arasında böyük fərq yaranıb. Bu fərq Çurbanovu daha zənginləşdirib.
Baş verən maxinasiyalar diqqətdən kənar qalmayıb. DTK agenturası mütəmadi olaraq hərbi hissələrdəki korrupsiya faktlarını Yuri Andropova məruzə ediblər. Bu cür faktlar Andropova konflikdə olduğu daxili işlər naziri Şelokovu “vurmaq” üçün yeni imkanlar açıb və hadisə ilə bağlı rəhbərlik etdiyi qurumun xətti ilə məxfi əməliyyat keçirməyi qərara alıb. Bununla bağlı DTK-da qapalı müşavirə keçirilib. Qərara alınıb ki, korrupsiya faktının sübutu üçün ilk növbədə ərzaq bazasında araşdırmalar aparılmalıdır.
Geniş əlaqələrə malik olan Yuri Çurbanov Andropovun planlarından xəbərdar olub. Bəzi versiyalara görə məlumatı ona Brejnevin yaxın dostu, Andropovun birinci müavini Semyon Sviqun çatdırıb.
Çurbanov Andropovun planını Şelekovla müzakirə edib. Nazir DTK sədrinin əməllərini iyrənc oyunlar adlandırıb: “Andropov artıq bütün sərhədləri aşır. Amma o, bununla heç nəyə nail olmayacaq. Hadisələrin böyüməməsi üçün Kaşirskidəki bazanın inzibati binasında yanğın təşkil etmək lazımdır. Biz yandıraq, Andropov isə sənədlərin külləri ilə oynasın...”
Beləliklə, bazanın inzibati binasında qəsdən yanğın törədilib. Dövlət Yanğın Təhlükəsizliyi Xidməti Daxili İşlər Nazirliyinin strukturunda olduğundan yanğının səbəbləri haqqında yazılmış rəy Şelokovun diktəsi ilə yazılıb: “Qısaqapanma...”
Sözsüz ki, Andropov yanğının qəsdən törədilməsini yaxşı bilib və qəzəbini cilovlaya bilməyən DTK sədri Brejnevlə görüşməyə qərar verib. Brejnev isə kiçik nitqi ilə məsələyə son qoyub:
“Yuri Vladimiroviç, siz təcrübəli bir dövlət məmuru kimi vəzifə funksiyalarınızı yaxşı bilirsiniz. Orada nə baş verdiyini mən hələ tam dəqiq bilmirəm. Amma bu işlərə cavabdeh olan şəxslər var, qoy onlar da araşdırma aparsınlar. Siz isə öz sahənizlə məşğul olun. Mən Şelokova göstəriş vermişəm ki, baş verən hadisələrlə bağlı xüsusi komissiya yaratsın və komissiyanın çıxardığı nəticələri mənə məruzə etsin...”
Bu hadisələrə xatirələrində geniş yer ayıran Moskva şəhər Partiya Komitəsinin uzun illər birinci katibi olmuş Viktor Qrişin daha sonra qeyd edib ki, Andropovun bu addımı Brejnevi hədsiz dərəcədə qəzəbləndirib.
Baş katib hətta Siyasi Büroda Andropovun vəzifədə qalma məsələsini müzakirəyə çıxarmaq istəyib. Kremldə söz sahiblərindən biri sayılan müdafiə naziri marşal Dmitri Ustinovun müdaxiləsindən sonra Brejnevlə Andropovun arasında yenidən sülh yaranıb. Baş katibin kürəkəni Yuri Çurbanov isə hadisələri kənardan böyük həvəs və maraqla müşahidə edib.
Qeyd edək ki, bəzilərinin hələ bu gün də ideal saydığı sovet cəmiyyətində bu kimi hallar, qəsdən yanğın törətməklə cinayətlərin izinin itirilməsi halları tez-tez baş verib.(musavat)
İlham Cəmiloğlu