“Ölü doğulmuş layihənin” uğursuz əks-sədası -Uduzanlar və təşəbbüsü itirənlər nəyi diriltmək istəyirlər?

Ermənistan baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian İrəvanda keçirdikləri görüş zamanı “3+3” regional formatının inkişafına töhfə verməyə hazır olduqlarını təsdiqləyən birgə bəyanat imzalayıblar.
Yenixeber.org: Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən “3+3” regional məsləhətləşmə platformasının inkişaf etdirilməsini dəstəkləyiblər”, – məlumatda deyilir.
Cənubi Qafqazla bağlı altı ölkənin iştirak edəcəyi əməkdaşlıq formatı təşəbbüsü ilə 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan çıxış etmişdilər. Sonradan bu təşəbbüs “3+3” adı aldı. Rusiya və İran dərhal bu ideyanı alqışladı, öz növbəsində Ermənistan da formata qoşuldu. Amma Gürcüstan bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını bəyan etdi.
Rusiya–Azərbaycan münasibətlərinin mövcud səviyyəsini nəzərə alsaq, “3+3” formatının perspektivlərinin ciddi şəkildə nəzərdən keçirilməsi az inandırıcıdır. Çünki Rusiyanın Azərbaycanın Dövlət Neft Şirkətinin Ukraynadakı obyektlərinə zərbələr endirdiyini nəzərə alsaq, bu münasibətlər artıq hibrid müharibə müstəvisinə keçib. Aydındır ki, prezident Pezeşkian və baş nazir Paşinyan 2024-cü ilin sonundan bəri davam edən bu gərginlikdən xəbərdardırlar.
Üstəlik, Vaşinqton görüşündə Zəngəzur dəhlizinin ABŞ-ın idarəçiliyinə verilməsi barədə əldə olunan razılaşma da “3+3” formatının gələcəyini sual altına alır.
Eyni zamanda, Gürcüstan dəfələrlə bəyan edib ki, Rusiya Abxaziya və Cənubi Osetiyadan qoşunlarını çıxarmasa və bu “dövlətlərin” müstəqilliyini tanımaqdan imtina etməsə, Moskva ilə hər hansı əməkdaşlıq formatında iştirak etməyəcək.
Bəs, Paşinyan və Pezeşkian niyə bu mövzuya toxunublar? Məqsəd nədir? Onlar bu formatı sadəcə “yaddan çıxara” bilməzdilərmi?
Bununla bağlı pressklub.az-a danışan Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq Radiosu”nun jurnalisti Vadim Dubnov (Praqa) liderlərin görüşündə verilən bütün bəyanatları ciddiyə almamağı tövsiyə edir:
“Məncə, “3+3” formatının ideallarına və prinsiplərinə sadiqlik barədə bəyanat kifayət qədər formal xarakter daşıyır və bu kommünikenin əsas hissəsi deyil, ümumilikdə görüşün də əsas mövzusu deyildi. Bu, ilk növbədə Rusiya ilə həmrəylik jestidir və hazırkı halda uduzanların və təşəbbüsü itirənlərin ittifaqıdır. Fikrimcə, danışıqların əsas mövzusu regiona xaricdən istənilən mümkün müdaxiləyə qarşı hansısa müqavimət formalarının mövcud olması barədə olub. Bu məsələ İranda ciddi narahatlıq doğurur və Ermənistan da hər hansı şəkildə Tehranla həmrəyliyini nümayiş etdirməli idi.
Mən onu da güman edirəm ki, əslində Zəngəzur dəhlizi layihəsi hazırda o qədər qeyri-yetkindir layihədir ki, ciddi narahatlıq üçün elə də əsas vermir. Məncə, Pezeşkian da bu görüşdə buna əmin olmağa çalışırdı.
Onların “3+3” formatı barədə bəyanatına gəlincə, mən bunu ölü doğulmuş layihə hesab edirəm. Hamıya məlumdur ki, bu, tamamilə simvolik bir birlikdir. Azərbaycan orada iştirak edəcəkmi – bu, ayrıca sualdır, əslində formatın özünün mahiyyəti kimi kifayət qədər ikinci dərəcəli məsələdir. Amma İran və Ermənistan bu format çərçivəsində təşəbbüsü itirənlərin həmrəyliyini nümayiş etdirməyə çalışdılar”, – Dubnov hesab edir.
Rauf Orucov