"Hökumət mənə siyahı verdi" -Eldar Namazovdan AXC liderlərinə ittiham
Yenixeber.org: Azərbaycan yaxın siyasi tarixinin mürəkkəb vaxtlarında və qanlı ssenarilərin həyata keçirilməsi üçün yaradılan teatral səhnədə qəfildən bir ulduz parladı - Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycanın siyasi üfüqlərində zühur etdi.
QISA ARAYIŞ:
AXC 1989-cu il iyulun 16-da Bakıda gizli konfransda təsis olunub. AXC-nin sədri milli azadlıq hərəkatının liderlərindən biri olan Əbülfəz Elçibəy idi.
AXC-nin yaranması Azərbaycanın müstəqil olma yolunda dönüş nöqtəsi sayıla bilər, kimlər nə qədər təkidlə bu təşkilatın adına qara yaxmağı özünə fəxr bilsə də.
Lakin AXC-nin siyasi fəaliyyətinin və liderlərinin sonrakı fəaliyyəti ağıllarda cavablandırılması çətin olan xeyli suallar yaradır: Bunu AXC liderlərinin özlərinin bir-birinə zidd verdiyi açıqlamalarda da görmək olar.
Kimlərsə iddia edə bilər ki, AXC SSRİ epoxasının sona çatdığı ərəfələrdə nəhəng imperiyanı diz çökdürmək üçün Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) daxilində kök salmış xain qüvvələrin planının tərkib hissəsi idi. Bu cür iddiaları səsləndirənlər az deyil, lakin onun hamısına fikir vermək vaxt itkisidir.
Bununla belə, ictimai çəkili bəzi insanların dilindən AXC liderləri haqqında hər hansı ittihamı eşitmək və bunun üzərindən sükutla keçmək mümkün deyil.
Tanınmış ictimai-siyasi xadim, mərhum prezident Heydər Əliyevin köməkçisi işləmiş, politoloq Eldar Namazovun da fikirləri birmənalı qarşılana bilməz.
Modern.az saytının məlumatına görə, Eldar Namazov AXC liderlərinin çoxunun KQB-yə işlədiyinə eyham vurub.
“Alimlər Klubu”nun yaradıcılarından biri, 1988-ci ildə kütləvi yürüşlərdə iştirak etməyən Eldar Namazov britaniyalı jurnalist, analitik Tomas De Vaala deyib ki, hakimiyyət orqanları onu ələ almağa çalışsa da, bu cəhdləri uğursuz nəticələnib (Tomas De Vaalın müəllifi olduğu “Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabında yazılıb).
“Onlar məni köhnə Lenin meydanında (indiki Azadlıq meydanı) yerləşən Hökumət Evinə dəvət etdilər”-deyən Eldar Namazov qeyd edib ki, ona Lenin meydanındakı hökumət evinin arxa qapısından keçərək natiqlərin çıxış etdiyi tribunaya çıxıb hökumətə lazım olan sözləri demək təklif olunmuşdu.
“Onlar mənə, həmin mitinqlərə göndərəcəkləri tanınmış ictimai fiqurların adlarını dedilər. “Yox, sağ olun, mən belə oyunlarda yoxam” dedim. Mən kütləvi mitinq olan yerə getdim və kütlənin içinə çıxdım. Onların siyahısında olan adamlar həqiqətən də tribunaya çıxdılar və çıxış etməyə başladılar. Onların çoxu tarixə AXC liderləri kimi düşüblər”-deyə Eldar Namazov hərəkat illərini belə xatırlayır.
Kifayət qədər ehtiyatlı adam kimi tanınan Eldar Namazov diplomatik gediş edərək, həmin AXC liderlərinin kim olduğunu isə demək istəmir: Məşhur məsəldəki kimi - oxu atıb yayı gizlədir.
“Mən onların adlarını çəkməyəcəyəm”-deyə Eldar Namazov təkidlə bildirir.
Təbii ki, bu cür ittihamların doğruluğunu və ya yanlışlığını yoxlamaq mümkün deyil. Yeganə alternativ yol - onları təsdiq və ya təkzib etməyin yeganə yolu Azərbaycan DTK-nın arxivi ilə tanış olmaqdır.
“Lakin bu arxivlər hətta Əbülfəz Elçibəy hökumətinin dövründə ictimaiyyət üçün açıqlanmadı. Bəlkə də, heç DTK arxivləri bu suallara tam cavab verə bilməz, çünki DTK-nın özü hakimiyyət uğrunda kəskin daxili mübarizə aparan hissələrə parçalanmışdı” bu fikirlər isə kitabın müəllifi Tomas De Vaala məxsusdur.