“AXC-nin proqramına radikal islam elementlərini salmaq istəyirdilər” -Tofiq Qasımov
Azərbaycan Xalq Cəbhəsi (AXC) 1989-cu ilin iyulun 16-da təsis edilib. Bu siyasi təşkilat Azərbaycanın yaxın tarixində ictimai-siyasi proseslərin axarını dəyişməyə nail olub, milli azadlıq hərəkatında mühüm rol oynayıb.
Yenixeber.org: Modern.az saytı kiçik araşdırma apararaq AXC-nin ilk İdarə Heyətinin üzvlərindən biri, hazırda İsveçrədə mühacirətdə yaşayan Tofiq Qasımovun maraqlı bir açıqlamasını tapıb.
Sən demə, o zamankı Azərbaycan rəhbərliyi proseslərin həm də dini xarakter almasını istəyirmiş. Hər halda Tofiq Qasımovun dediklərindən belə anlamaq olar.
Belə ki, o zamanlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində işləyən Viktor Polyaniçko AXC-nin liberal qanadının nümayəndələri olan Tofiq Qasımovu və Zərdüşt Əlizadəni öz yanına dəvət edib.
Və onlara təklif edib ki, AXC islam amilini də nəzərə almalıdır. Polyaniçko onlara məsləhət görüb ki, radikal islam elementlərini AXC-nin proqramına əlavə etməlidirlər.
"New York Times" qəzetinin əməkdaşı Bill Keller Tofiq Qasımovdan sitat gətirir və bildirir ki, Zərdüşt Əlizadə ilə Tofiq Qasımov Polyaniçkonun otağında Quran kitabını görüblər.
“Onun kabinetində Quran var idi. Polyaniçko onu vərəqlədi və “Quran yaxşı kitabdır” dedi”-deyə Tofiq Qasımov qeyd edib.
Onun sözlərinə görə, Polyaniçko daha sonra əlavə edib ki, Bakı üçün Avropa dünyagörüşü vacib sayılsa da, əyalətlərdə islam çox güclənib.
“Polyaniçko “siz islam faktorunu nəzərə almalısınız” deyə bizə bildirdi”.
Təbii ki, o vaxtkı Azərbaycan rəhbərliyinin ikinci şəxsinin ağzından çıxan bu kəlmələr və “ağıllı” təklif AXC nümayəndələrinə çox şübhəli görünüb.
Tofiq Məsim oğlu Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmir yol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna işə göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir.
1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989-1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub.
Azərbaycan SSRİ xalq deputatı seçilmiş, Azərbaycan Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak etmişdir. Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib.
Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar, rus qaçqınları və s. hadisələrin mahiyyətini açıqlayıb.
May 1992-ci ildə Azərbaycan Respublikasının xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.
Azərbaycan Respublikasının Xarici siyasətinin inkişafında öz dövrünə görə müəyyən rolu olub. Bir çox dövlətlərdə keçirilən beynəlxalq konfranslarda, beynəlxalq təşkilatların toplantılarında Azərbaycanı təmsil edib. İngilis, türk və rus dillərini bilir.
Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib.
2 qızı var. Hazırda həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayır.