Pandemiya ilə mübarizə -birbaşa vətəndaşların davranışından asılıdır
“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, karantin rejimi başa çatdıqdan sonra belə, həm sahibkarların, həm də istehlakçıların müvafiq qaydalara əməl etməsi çox vacibdir. Çünki müəyyən edilmiş yeni qaydalara, xüsusilə standartlara əməl olunması məhz yoluxma sayının azalmasına xidmət edə bilər. Cəmiyyət yeni həyat tərzinə uyğunlaşmalıdır”.
Yenixeber.org: Millət vəkili Vüqar Bayramov xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən belə deyib.
O, bu məsələlərdə xarici ölkələrin təcrübəsindən yararlanmağın faydalı olacağını qeyd edib: “Eyni zamanda kafe və restoranlardan, ticarət mərkəzlərindən istifadə edən vətəndaşların davranışları çox vacibdir. Həm ictimai iaşə, həm də xidmət sektorunda sosial məsafənin qorunması ilə bağlı standartların müəyyənləşdirilməsi zəruridir. Artıq Mərkəzi və Şərqi Avropa ölkələrində kafe və restoranlarda istehlakçıların sayı ilə bağlı standartlar müəyyən edilib, masalar arasındakı məsafə təyin olunub. Elektron menyudan istifadə edilməsi isə xidmət personalı ilə istehlakçı arasında təmasın minimuma endirilməsi baxımından xüsusi önəm daşıyır”.
Oxşar təcrübənin Azərbayanda da tətbiq olunmasını məqsədəuyğun hesab edən V.Bayramov COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün eyni vaxtda xidmət alan istehlakçıların sayının limitləşdirilməsinə, eləcə də sosial məsafənin gözlənilməsinə ciddi ehtiyac duyulduğunu vurğulayıb.
Onun sözlərinə görə, artıq istehlakçıların, vətəndaşların bütün sahələrdə yeni davranış qaydalarına əməl etməsi zərurətə çevrilib: “Xüsusən bütün qapalı məkanlarda, eləcə də insanların sıx toplaşdığı yerlərdə tibbi maskalardan istifadə edilməsi və sosial məsafənin gözlənilməsinə ehtiyac var. Kafe və restoranlarda istehlakçıların davranışları fərqli olmalıdır. Pandemiyaya qarşı mübarizə birbaşa vətəndaşların davranışından asılıdır”.
Xatırladaq ki, müvafiq dövlət qurumları ticarət mərkəzlərində, ictimai iaşə müəssisələrində həm sahibkarların, işçilərin, həm də istehlakçıların yeni davranış qaydalarını hazırlayıblar. Eyni zamanda, metodiki göstərişlər verilib, qaydaların pozulmasına görə qanunvericiliyə uyğun cərimələr tətbiq olunur. Qaydalara əsasən, xidmət sahəsi müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər bu cür sıralanıb:
• müəssisələrdə sanitar-məişət otaqlarının (sanitar-qovşaq, soyunub-geyinmə otağı və s.) gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması;
• müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
• bütün ərazilərin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunması;
• birdəfəlik istifadə üçün salfetlərlə təminat;
• əməkdaşların yetərli sayda tibbi maska və əlcəklərlə (zəruri sahələrdə) təmin olunması;
• xidmət sahəsi müəssisələrində çalışan işçilərin gün ərzində bir çox insanla yaxın təmasda olduğunu nəzərə alaraq, birdəfəlik istifadə edilən maska, həmçinin dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin olunması;
• istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;
• müəssisədə növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələrinin təmin olunması;
• qida qəbulu zallarında oturacaqların ara məsafəsinin 1 metrdən, yemək masaları arasındakı məsafənin isə 2 metrdən az olmamasının təmin edilməsi;
• zalların və otaqların mütəmadi havalandırılması.
Sanitar-gigiyenik normalara əməl edilməsi, sosial məsafənin gözlənilməsi və tibbi maskadan istifadə edilməsi ticarət mərkəzlərinin işində də çox vacib amillərdir. Burada dövlət orqanlarının nəzarət tədbirləri ilə yanaşı, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Yeni həyat tərzinin qəbul edilməsi, yeni davranışlara vərdişlərin yaranması hökumətin gələcək addımlarına ciddi təsir edə bilər.
Millət vəkili V.Bayramov da pandemiyanın qarşısının alınması və karantin rejiminin yumşaldılmasında vətəndaşların rolunu vurğulayıb: “Təbii ki, bu məsələlərdə dövlətin rolu böyükdür. Karantin rejiminin yumşaldılmasında dövlət qurumları ilə yanaşı, hər bir vətəndaşın, istehlakçının mövqeyi və davranışı çox önəmlidir. İstehlakçıların yeni davranışları, xüsusilə sosial məsafənin qorunması, qapalı məkanlarda daha çox zaman keçirməmək kimi qaydalara əməl edilməsi nəticədə yoluxma sayının azalmasına gətirib çıxara bilər. Bu baxımdan, sərt karantin rejiminin yumşaldılmasından sonra bütövlükdə karantin müddətinin qısa olması vətəndaşların və sahibkarların davranışlarından birbaşa asılı olacaq”.
Onu da qeyd edək ki, qapalı məkanlarda – ticarət müəssislərində, kafe və restoranlarda, istirahət zonalarında insanların virusa yoluxma ehtimalı daha yüksəkdir. Buna baxmayaraq, hökumət vətəndaşların yeni davranış qaydalarına və tövsiyələrə əməl etmələrinə güvənərək iş yerlərinin bərpa olunması barədə düşünür. Əgər qaydalara əməl olunmayacaqsa, pandemiyanın yayılması arta bilər və nəticədə yenidən sərt karantin tədbirlərinin tətbiq edilməsinə gətirib çıxara bilər. Burada cərimələrin artırılması da istisna edilmir. Odur ki, hər birimiz qaydalara və meyarlara əməl etməklə karantin müddətinin qısaldılmasına və yoluxma saylarının azalmasına nail ola bilərik.