Təhsil Şurası Qarabağ mövzusunda konfrans keçirəcək
Seminar: “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının metodoloji əsasları”
"Xeberinfo.com": Məlumata görə, Azərbaycan Respublikası Təhsil Şurası və ABŞ-ın Qarabağ Fondu Dağlıq Qarabağ Münaqişəsinin 25 illiyi ərəfəsində innovativ mövqedən yanaşaraq, “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının metodoloji əsasları” mövzusunda beynəlxalq elmi-təcrübi konfrans təşkil etməyi planlaşdırır.
Elmi-təcrübi konfransın məqsədi Dağlıq Qarabağın tarixi, mədəniyyəti, incəsənəti, maddi-mədəni irs nümunələri və s. haqqında həqiqətə söykənən gerçəkliyi beynəlxalq ictimaiyyətə çatdırılmasının metodoloji əsaslarının müəllimlərə öyrədilməsidir. Konfransı Qarabağ Fondunun icraçı direktoru Diana Kohen Altman aparacaq, eyni zamanda, Azərbaycan müəllimlərinin Qarabağ həqiqətləri ilə bağlı mühazirələri dinləniləcəkdir.
Konfrans materialları ABŞ-da və Azərbaycanda yayılması nəzərdə tutulan nəfis tərtibatlı “Realities of Karabakh” adlı kitabda yer alacaq. Kitabın yayımı Azərbaycan Təhsil Şurası və ABŞ Qarabağ Fondu tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Təhsil Şurası tərəfindən müəyyənləşdirilmiş bu metodoloji yanaşma Azərbaycanda ilk olacaq.
Elmi-təcrübi konfransın sonunda iştirakçı müəllimlərdən bir və ya iki nəfər seçilərək Qarabağ həqiqətləri mövzusunda fikir mübadiləsi aparmaq üçün ABŞ-ın Vaşinqton şəhərinə-Qarabağ Fonduna ezam olunacaq.
Konfrans iştirakçılarına bir neçə nominasiyada beynəlxalq sertifikatlar təqdim ediləcək.
Beynəlxalq konfrans ödənişlidir. Tədbir “ISRA Şirkətlər Qrupu”nun ofisində keçiriləcəkdir. İştirakçılar xidməti nəqliyyat vasitələri ilə “Gənclik” metro stansiyasından ofisə gətiriləcəklər. Konfransın vaxtı haqqında məlumat veriləcək.
İştirak üçün əlaqə saxlaya bilərsiniz: 050 344 96 76; tehsil.zaman@mail.ru.