Azərbaycan Çin zirvəsindən nə gözləyir?-Sammit ölkəmiz üçün mühüm görüşlərlə əlamətdar ola bilər

Avqustun 31-dən sentyabrın 1-dək Pekinin yaxınlığındakı Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (SCO) 25-ci zirvəsi dünya siyasətində mühüm hadisədir.
Yenixeber.org: Çin Prezidenti Si Cinpin bu zirvədə Rusiya Prezidenti Vladimir Putini, Hindistan Baş naziri Narendra Modini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Pakistanın Baş naziri Şahbaz Şərifi, Belarus Prezidenti Aleksandr Lukaşenkonu, İran Prezidenti Məsud Pezeşkianı, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.
Rəsmi Pekin bildirib ki, Çin beşinci dəfədir ŞƏT sammitinə ev sahibliyi edir və bu, təşkilatın yaranmasından bəri ən böyük tədbir olacaq.
Beynəlxalq media bu sammiti Qlobal Cənubun ABŞ-yə qarşı həmrəyliyinin nümayişi kimi qiymətləndirir. Beynəlxalq medianın yazdığına görə, zirvə çərçivəsində təqdim ediləcək Tianjin Bəyannaməsi təhlükəsizlik, rəqəmsal iqtisadiyyat və yenilənə bilən enerji sahələrində yeni əməkdaşlıq təşəbbüslərini əhatə edəcək.
İran Xarici İşlər Nazirliyi də açıqlayıb ki, Tehran rəsmiləri sammitdə Çin və Rusiya ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırırlar. Bu, İsrail və ABŞ-nin İrana qarşı 12 günlük müharibəsindən sonra Tehranın regionda mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirilir.
Qeyd olunur ki, Cənubi Qafqaz liderləri, Rusiya və Türkiyə prezidentlərinin bir masa arxasında olması da zirvəyə beynəlxalq diqqəti daha da artırır. Çin zirvəsində avqustun 8-də Vaşinqtonda baş tutan Azərbaycan-ABŞ-Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra Putin və Ərdoğanın iştirakı ilə dördlü görüşünün keçirilib-keçirilməyəcəyi də maraq doğurur. Lakin hələlik rəsmi mənbələrdən bu görüşün planlandığı barədə məlumat yoxdur.
Daha bir maraqlı gözlənti hazırda gərgin münasibətlərə malik olan Azərbaycan və Rusiya liderlərinin ikitərəfli görüş keçirib-keçirməyəcəyi ilə bağlıdır. Ötən il dekabrın 25-də Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra V.Putin və İ.Əliyev iki dəfə telefon danışığı aparıb, daha sonra yüksək səviyyəli təmaslar olmayıb, ikitərəfli gündəmi qarşılıqlı ittihamlar, təhdid dolu hadisələr tutub.
Amma ötən həftə 8 aydan çoxdur davam edən “buz dövrünün” sona çatdığını ehtimal etməyə əsas verən görüş gerçəkləşdirildi. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasında iştirak etmək üçün Həştərxan vilayətində səfərdə olub.
İclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri Şahin Mustafayev və Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib.
Daha sonra hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası baş tutub.
İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.
Politoloq Fərhad Məmmədov pressklub.az-a şərhində bildirib ki, Çin zirvəsinə bir neçə aspektdən baxmaq lazımdır. “İlk növbədə, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın münasibətlərinin yeni mərhələyə qədəm qoyması gözlənilir ki, bu da Asiya siyasətinin ən vacib məqamlarından biridir”, - o əlavə edib.
Ekspert vurğulayıb ki, ikincisi, Azərbaycan Prezidenti həm ŞƏT sammitində, həm də Çin üçün mühüm olan Qələbə Bayramı tədbirlərində iştirak edəcək. Onun sözlərinə görə, bu, Çin-Azərbaycan münasibətlərinin müzakirəsi və yeni qərarların qəbul olunması üçün əlavə imkanlar yaradır.
“Üçüncü aspekt isə Azərbaycan və Rusiya prezidentlərinin eyni tədbirdə iştirakı ilə bağlıdır. Bu, hazırkı Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyə görə maraqla izlənilən məsələdir” – politoloq qeyd edib.
F.Məmmədov dördüncü məqam kimi Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin eyni tədbirdə olmasına diqqət çəkir: “Bu, Vaşinqton sammitindən sonra ilk görüşdür və yeni danışıqların, müzakirələrin aparılması üçün şərait yarada bilər”.
Beləliklə, Tianjin sammiti həm qlobal, həm də bizim üçün regional siyasi-iqtisadi münasibətlərdə bəzi məqamlara aydınlıq gətirə bilər.