Azərbaycan nümayəndə heyəti Moskvada "Parlamentarizmin inkişafı" beynəlxalq forumunda iştirak edir
Azərbaycan nümayəndə heyəti Moskvada 96 ölkənin iştirak etdiyi "Parlamentarizmin inkişafı" beynəlxalq forumunda iştirak edir
Yenixeber.org: Nümayəndə heyətinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynlibaşçılıq edir. Nümayəndə heyətinin tərkibində deputat Malik Həsənov, Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi İlqar Nəbiyev də çıxış edir.
Forumda Ermənistan Parlamentinin spikeri Ara Babloyan Dağlıq Qarabağ məsələsini qaldırıb və həqiqətə uyğun olmayan iddialar səsləndirib. Çıxış edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin və onunla üst-üstə düşən Azərbaycanın mövqeyini açıqlayıb. O bildirib ki, xalqların öz müqəddəratının həll etmək prinsipi ancaq suveren dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. O, separatizmin və miqrasiya probleminin dünyada təhlükəsizlik üçün ciddi təhdid olduğunu da bildirib.
Çıxış edən Əli Hüseynli isə bildirib ki, müsir dövrdə parlamentlərin xarici siyasi fəaliyyəti mühüm əhəmiyyət kəsb edir: “Beynəlxalq parlament təşkilatlarında Azərbaycan və Rusiya deputatları səmərəli əməkdaşlıq edir. Bu gün Rusiya-Türkiyə-Azərbaycan və Rusiya-Azərbaycan-İran əməkdaşlığına ölkə parlamentləri önəmli dəstək verir. Bu əməkdaşlıq məhz sülhə və təhlükəsizliyə xidmət edir”.
O qeyd edib ki, Azərbaycanda Milli Məclisin qəbul edilən qanunların icrası kimi beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar da icra olunur. O, BMT Baş Asambleyasının rezalusiyalarını, Avropa parlament assambleyalarının qərarlarını xatırladaraq bildirib ki, qərarlarda Ermənistan aqressor və işğalçı dövlət kimi tanınır: “Yəni, Ermənistan Dağlıq Qarabağ da daxil ətraf 7 rayonu Azərbaycandan işğal edib”. Ə.Hüseynli eyni zamanda Xocalı soyqırımını xatırladaraq bununla bağlı qərarlar qəbul etmiş və soyqırım kimi tanımış Meksika, Kolumbiya, Serbiya, Pakistan, Peru və digər ölkələrin parlamentlərinə təşəkkürünü bildirib. O, həmçinin bildirib ki, Rusiya böyük dövlət kimi beynəlxalq təhlükəsizliyin təmini istiqamətində səylərini daha da artırmalıdır”.
Qeyd edək ki, forumda 96 ölkənin nümayəndələri iştirak edir. Onların arasında 58 nəfər rəsmi parlament nümayəndə heyəti, 19 nəfər parlament sədri, 15 nəfər sədr müavini var. İştirakçılar arasında 11 nəfər beynəlxalq parlament təşkilatının təmsilçisi də yer alır.