“Hafka”nın “qohum biznesi” və ixtisarlar...
"Xeberinfo.com": “Bahar Energy Ltd”-nin müflis olduğuna dair iddialar səsləndirilir. Şirkətin sahibi H.Məmmədovun biznesinin çətin günlər yaşadığı da məlumdur. Oliqarxın borclarını ödəyə bilməməsi barədə hətta Avropa nəşrləri də yazır.
“Bahar Energy Ltd” şirkəti bir çox işçilərini yanvar ayında ixtisara salmışdı. Buna səbəb isə Kompleks Qazma İşləri Trestində idarələrin ləğvi idi. Yanvarın 7-də “Bahar Energy Ltd” şirkətinin önündə işdən çıxarılan neftçilərin etiraz aksiyası keçirdi. Bundan sonra şirkət rəhbərliyi məcbur qalaraq bir neçə işçini yenidən işə qaytardı.
“Bahar Energy Ltd” şirkətinin əməkdaşları Rasim Bayramov və Minayə Məmmədova iş adamına qarşı qanunsuz ixtisarlar və işə bərpa ilə bağlı iddia qaldırıblar. İddia ərizəsinə Nərimanov Rayon Məhkəməsində baxılır.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı musavat.com-a açıqlamasında bildirib ki, “Bahar Enerji Əməliyyat Şirkəti” ailə şirkətidir: “Bahar Enerji Əməliyyat Şirkəti” yaranan zaman Əmək Məcəlləsinin 63-cü maddəsini kobud şəkildə pozdu. Təəssüflər olsun ki, dövlət qurumlarına etdiyimiz müraciətlər, verdiyimiz bəyanatlar cavabsız və nəticəsiz qaldı. Bu qanunsuzluğun nəticəsi olaraq, bu gün yüzlərlə insan işsiz qalıb. 2011-ci ildə 700 nəfər insan işdən çıxarıldı, 2012-ci ildə daha 500-600 nəfər işsiz qaldı. 2013-cü ilin oktyabr ayında işçilərin əmək müqaviləsini 3 ay uzatdılar ki, onları seçkidən sonra çıxartsınlar. Mən bu şirkəti “qohum şirkəti” adlandırardım. Əsas vəzifələrdə öz qohumlarını yerləşdiriblər və onlar adi vətəndaşlardan qat-qat daha çox maaş alırlar”.
“İşçilərin çıxarılmasında böyük rol olmuş şəxs, Hafiz Məmmədovun qohumu Nazim İsmixanovdur”
Mirvari Qəhrəmanlı daha sonra dedi: “Köhnə işçilərin böyük hissəsi işdən çıxarılıb. Xaricdən işçilər gətirilir. İşçilərlə müvəqqəti əmək müqaviləsi bağlanır. Üstəlik bu müqavilələri imzalayarkən də qanunları kobud şəkildə pozurlar. Deyirlər ki, “İstəyirsən imzala, istəmirsənsə imzalama... Fərq etməz”. Əmək qanunvericiliyini bu qədər pozmalarına baxmayaraq, bir nəfər Hafiz Məmmədova bir kəlimə söz demir və ya deyə bilmir. İşdən çıxarılarkən heç bir izahat vermirlər. İşçilərin çıxarılmasında böyük rol olmuş şəxs, Hafiz Məmmədovun qohumu Nazim İsmixanovdur. O, öz yaxın qohumlarını, tanışlarını vəzifəyə gətirərək, yüksək maaşlar verir. Əgər orada araşdırılma aparılsa, görünəcək ki, mənim dediklərimin hamısı təsdiqlənək”.
“Sadəcə burada Hafiz Məmmədov faktoru olduğu üçün bütün bu qanunsuzluqlara göz yumulur”
M.Qəhrəmanlı bildirdi ki, burada Hafiz Məmmədov faktoru olduğu üçün bütün bu qanunsuzluqlara göz yumulur: “Bu məsələ yaranan zaman dedilər ki, guya hasilatı 2008-ci ildəki səviyyəyə qaldıracaqlar. Amma köhnə yataqlarda bağlanan müqavilələrin heç birinin effekti olmayıb, heç birində hasilat qalxmayıb. Əksinə, harada əməliyyat şirkətləri yaradılıbsa, həmin yerlərdə işçilər ixtisar edilib, onların yerinə öz qohumları, yaxınları gətirilib. İşçiləri işdən azad edərək, öz gəlirlərini artırırlar. Məndə olan məlumata görə, qazma işlərini də dayandırıblar. Əslində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) bu şirkətin yaradılması heç də sərf etmir. Çünki əvvəllər hasilatdan gələn gəlirlər bütünlüklə ARDNŞ-nə qalırdısa, bu şirkət yarandıqdan sonra bu gəlirlər 50 faizə düşdü. Və bundan əlavə, həmin dövrdə 2 mindən çox işçi burada çalışırdısa, şirkət yarandıqdan sonra onların böyük hissəsi işsiz qaldı. Sadəcə burada Hafiz Məmmədov faktoru olduğu üçün bütün bu qanunsuzluqlara göz yumulur”.
Vəkil A.Quliyev ölkə mətbuatına açıqlamasında bildirib ki, hazırda şirkətdə ixtisarlar davam edir. Amma şirkət etiraz aksiyalarının qarşısını almaq üçün daha ehtiyatlı hərəkət edir: “Yanvarda kütləvi ixtisarlar aparıldı. Buna görə də işçilər yanvarın 7-də etiraz aksiyası keçirdilər. Şirkət rəhbərliyi isə məcburiyyət qarşısında bir neçə işçini yenidən işə qaytardı. İndi ixtisarları səssiz-səmirsiz, müxtəlif yollarla aparırlar ki, kütləvi narazılıq baş verməsin. Bir çoxlarının vəzifəsi aşağı salınıb, işçilər əməkhaqlarının azaldıldığını deyirlər. Bundan əlavə, əmək müqaviləsinin müddəti bitən əməkdaşlarla təkrar müqavilələr bağlanmır. Bəziləri kompensasiya, bir çoxları isə “öz ərizələri” ilə yola salınır”.