İki gümüş səkkizguşəli ulduz: "İstiqlal” ordeni kimlərə verilir? -SİYAHI
Prezident İlham Əliyevin sərəncamı ilə Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. Xalq artisti sabah 80 yaşını qeyd edəcək. Bir çox film və tamaşada rol alan Şəfiqə Məmmədov bu gün dövlət başçısının qəbulunda olub və Prezident İlham Əliyev ona "İstiqlal” ordenini təqdim edib.
Yenixeber.org-un məlumatına görə, Şəfiqə Məmmədov "İstiqlal” ordeni ilə təltif edilən 73-cü şəxsdir.
Milli Məclisin 1992-ci ildə qəbul etdiyi qanunla təsdiqlənən və 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən təsis edilən "İstiqlal" ordeni 1992–2005-ci illərdə Azərbaycanın ən ali dövlət təltifi hesab olunub.
"İstiqlal" ordeni ilə təltif edilən 73 nəfərdən 64-ü Azərbaycan vətəndaşı, 9 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. 2 nəfər — Xəlil Rza Ulutürk və Ziya Bünyadov ölümündən sonra ordenlə təltif edilib.
Bu odenlə təltif edilən ilk şəxslər Xəlil Rza Ulutürk, Məmməd Araz və Bəxtiyar Vahabzadə olub.
Təltif edilən xarici ölkələrin vətəndaşları isə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, türk professor İhsan Doğramacı, SSRİ Xalq artisti Mstislav Rostropoviç, Rumıniyanın sabiq Prezidenti İon İliyesko, Səudiyyə Ərəbistanının mərhum Kralı Fəhd bin Əbdüləziz Əl Səud, mərhum vəliəhdi Abdullah bin Əbdüləziz Əl Səud, rus dövlət xadimi Nikolay Baybakovdur.
Ordenlə təltif edilən 72 nəfərdən cəmi 9 nəfəri qadındır — Mirvarid Dilbazi, Leyla Bədirbəyli, Vera Şirye, Əminə Dilbazi, Zeynəb Xanlarova, Fidan Qasımova, Xuraman Qasımova, Fatma Səttarova və Şəfiqə Məmmədova.
Orden milli-azadlıq hərakatında müstəsna xidmətlərə, dövlət və xalq qarşısında xüsusilə görkəmli xidmətlərə, milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.
“İstiqlal” ordenin təsviri iki dəfə dəyişdirilib. Hazırkı təsvirdə orden bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamar şüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunub.
Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca "İstiqlal" sözü yazılıb. Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilib. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunub.
Orden bundan əvvəl Xalq artisti Rasim Balayevə verilib. "İstiqlal" ordeni ilə təltif edilənlərdən ən gənci Şeyxülislam Hacı Allahşükür Paşazadə (50 yaşında), ən yaşlısı isə Lətif Hüseynzadə (99 yaşında) olub.
"İstiqlal" ordeni ilə təltif edilənlərdən 34 nəfəri Heydər Əliyev tərəfindən, 39 nəfəri isə İlham Əliyev tərəfindən təltif olunub.