Zelenski: Çernobıl AES-in enerji blokunun sığınacağına dron düşüb
Rusiyanın partlayıcı döyüş başlığına malik zərbə dronu Çernobıl Atom Elektrik Stansiyasının (AES) 4-cü enerji blokunun sığınacağına düşüb, hücum nəticəsində sarkofaq zədələnib.
Yenixeber.org xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.
"Bu gecə Rusiyanın zərbə dronu Çernobıl AES-in dağıdılmış 4-cü enerji blokunun radiasiyasından qoruyan sığınacağa düşüb", - o bildirib və qeyd edib ki, hücum nəticəsində başlayan yanğın artıq söndürülüb.
V.Zelenski xatırladıb ki, bu sığınacağı Ukrayna digər Avropa və dünya ölkələri, ABŞ ilə birlikdə inşa edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu gün saat 01:50 radələrində Çernobıl AES-də partlayış baş verdiyini təsdiqləyib.