GÖZLƏNİLƏN HİNDİSTAN – PAKİSTAN MÜHARİBƏSİ: “Çin neytral qala bilməyəcək...”

Son günlərdə Hindistan və Pakistan arasında gərginlik yeni mərhələyə qədəm qoyur. Qarşıdurma sürətlə dərinləşir və bu proses yalnız iki ölkə üçün deyil, həm də regionda və onun kənarında yerləşən geosiyasi aktorlar üçün mühüm nəticələr doğura bilər.
Yenixeber.org: Politoloq Fərhad Məmmədov hesab edir ki, bu kontekstdə Cənubi Qafqaz regionunun, xüsusilə də Azərbaycanın mövqeyi və maraqları diqqət mərkəzinə çevrilir.
Münaqişənin coğrafiyası və təhlükə faktorunu qeyd edən ekspert xatırladır ki, Hindistan və Pakistan arasındakı sərhəd 3000 km-dən artıqdır və əsas gərginlik bölgəsi şimal hissədə — Hindistan, Pakistan, Çin və bir qədər də Əfqanıstanın maraq dairələrinin kəsişdiyi mürəkkəb coğrafiyada yerləşir. Onun sözlərinə görə, ən narahatedici məqam isə bu ərazilərin Pakistanın paytaxtına yaxın olmasıdır, bu isə mümkün hərbi əməliyyatların strateji əhəmiyyətini artırır.

Politoloq vurğulayır ki, daha ciddi təhlükə isə hər iki ölkənin nüvə silahına malik olmasıdır. Nüvə komponenti bu münaqişəni lokal qarşıdurmadan qlobal təhlükəyə çevirə bilər.
Çin faktorunun əhəmiyyətinə diqqət çəkən ekspert qeyd edir ki, Pakistanın şimalı Çinlə 500 km-dən çox sərhədə malikdir: “Bu bölgə Çin üçün "Bir kəmər – bir yol" layihəsinin mühüm hissəsidir. Pakistanın Çinlə nəqliyyat və ticarət əlaqələri Pekin üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Çin, bölgədəki hərbi münaqişə bu layihələrə təhdid yaratsa, neytral qala bilməz”.
F.Məmmədov vurğulayır ki, son illərdə Hindistan həm iqtisadi, həm də hərbi baxımdan sürətlə inkişaf edir. Onun sözlərinə görə, xaricdəki Hindistan diasporası qlobal siyasətə və transmilli korporasiyalara ciddi təsir göstərir: “Baş nazir Modinin rəhbərlik etdiyi avtoritar və milliyyətçi hökumət ölkədə siyasi gücü mərkəzləşdirib və bu yüksəliş prosesində müharibə böyük güclər arasında yer almaq üçün bir vasitəyə çevrilə bilər”.
Pakistanın vəziyyəti və hərbi gücü barədə danışan təhlilçi bildirir ki, Pakistan eyni vaxtda həm siyasi, həm də iqtisadi böhranlarla üzləşib. “Buna baxmayaraq, Hindistanla qarşıdurma ölkədə ictimai həmrəyliyi və milli konsolidasiyanı gücləndirir. Üstəlik, Pakistan peşəkar orduya malikdir və quru qoşunları ölkənin hərbi sistemində əsas gücdür”, - o vurğulayıb.
Cənubi Qafqazda Hindistan - Pakistan rəqabəti barədə fikirlərini bölüşən F.Məmmədov bildirib ki, son illərdə hər iki ölkə Cənubi Qafqazda strateji tərəfdaşlıq əlaqələri qurub. Pakistan Azərbaycanla, Hindistan isə Ermənistanla yaxın münasibətlər formalaşdırıb: “Bu tərəfdaşlıqların mərkəzində hərbi əməkdaşlıq dayanır. Hazırkı münaqişə fonunda Bakı və İrəvan öz müttəfiqlərinə dəstək bəyanatları ilə kifayətlənəcəklər, lakin qarşıdurmanın regionda birbaşa hərbi nəticələr doğurması ehtimalı azdır”.
Politoloq qeyd edir ki, bu mərhələdə diqqət çəkən başqa bir məsələ isə Azərbaycanın iki strateji tərəfdaşı olan Türkiyə və İsrail arasında dolaylı rəqabətdir: “Türkiyə ənənəvi olaraq Pakistana dəstək verir və hərbi sahədə dərin əlaqələrə malikdir. Hazırda türkiyəli hərbi müşavirlər artıq İslamabaddadır. İsrail isə Hindistanla genişmiqyaslı hərbi-texniki əməkdaşlıq aparır. Bu qarşıdurma hər iki ölkə üçün ekzistensial xarakter daşımır, lakin geosiyasi rəqabət başqa regionlarda, o cümlədən Cənubi Qafqazda özünü göstərə bilər”.
Fərhad Məmmədovun fikrincə, Hindistan və Pakistan arasında hərbi münaqişə geniş vüsət alsa, Azərbaycan üçün önəmli olan Pakistana dəstəyin davam etməsi və onun uğurlu nəticə əldə etməsidir. Bununla belə, ekspert vurğulayır ki, XXI əsrdə ən qanlı müharibələr Avropada baş verir, Asiya və Azərbaycana yaxın ölkələr belə ssenarilərdən uzaq qalmalıdır.(azpolitika)
Rasim Əliyev